Oruc hər bir insana fərdi olaraq faydalar verdiyi kimi, həm də ümumilikdə cəmiyyətə müsbət təsir göstərir. Oruc tutan cəmiyyətlərdə bir çox sosial bəlalara rast gəlinmir, insanlar arasında mehribanlıq, şəfqət, bir-birini anlamaq əhval-ruhiyyəsi hökm sürür.
Həzrət Məhəmməd Peyğəmbər (s) insanları Ramazan ayında kasıblara əl tutmağa, qocalara ehtiram göstərməyə, uşaqları əzizləməyə çağırırdı. Peyğəmbər buyururdu: "Hər kim Ramazanda camaata pislik etməkdən çəkinsə, Allah öz qəzəbini ondan uzaqlaşdırar. Hər kim öz qohumları ilə sıx rabitə saxlasa, Allahın mərhəmətini qazanar. Kim qohumlarla əlaqəni kəssə, Allah da ondan öz mərhəmətini kəsər".
Ramazan ayında bütün müsəlmanlar Allahın qonağı sayılırlar. Hər kəs Allahın ziyafətinə dəvət alırsa, bu ziyafətin bərabərhüquqlu üzvü hesab edilir. Allah qarşısında zahiri gözəlliyin, irqin, milliyyətin, sərvətin, vəzifənin və əsil-nəsəbin fərqi yoxdur.
Orucun ictimai faydası bundadır ki, o, insanları bir-birinə yaxınlaşdırır, doğmalaşdırır, siniflər və təbəqələr arasında ayrı-seçkiliyi aradan qaldırır. Varlılar bir ay ac qalmaqla kasıbların halını yaxından duyur, onların daimi aclıq və məhrumiyyət içində keçən günlərini müvəqqəti də olsa yaşayırlar. Bu isə onların kasıblarla daha mehriban və şəfqətli davranmalarına, xeyriyyəçilik tədbirlərini genişləndirmələrinə səbəb olur. Nəticədə orucluqdan sonra da zəngin adam harada bir ac və susuz adam görsə, öz ac qaldığı günləri xatırlayır, ürəyi yumşalır və həmin ehtiyaclı şəxsin çətinliyini həll edir. İmam Cəfər Sadiq (ə) məhz bu həqiqətə işarə edərək buyurmuşdur: "Allah insanlara oruc tutmağı ona görə vacib buyurdu ki, kasıbla sərvətli eyni vəziyyətdə olsunlar. Sərvətli şəxs adi vaxtlarda tox olduğu üçün kasıbın halını başa düşmür ki, ona kömək etsin. Allah-təala orucluqda hamı üçün bərabər qanunlar qoydu ki, sərvətlilər aclığın əziyyətini özləri hiss edib, möhtacların əlindən tutsunlar".
Oruc tutmaq istəməyən, yaxud qəsdən orucu pozan şəxslər üçün Allah-təala maddi cərimələr təyin edib. Belə adamlar oruc tutmadıqları hər günün əvəzində 60 nəfər yoxsul şəxsin qarnını doyurmalıdırlar. Bu da Allahın mərhəmətindəndir ki, Ramazan ayında kasıbların ruzisini sərvətlilərin öhdəsinə qoyur.
Ramazanda iftar vaxtı başqasını qonaq etmək ən böyük savablardandır. Bir gün Peyğəmbərimiz səhabələrinə buyurdu: "Hər kim Ramazan ayında oruc tutan şəxsə iftar versə, günahları bağışlanar. Allah onu cəhənnəm alovundan xilas edər və bu adam da oruc tutan şəxs qədər savab qazanar". Səhabələr dedilər: "Ey Allahın elçisi, axı biz hər axşam oruc tutanları doyuracaq qədər sərvətli deyilik". Peyğəmbər onlara belə cavab verdi: "Oruc tutan şəxsə bircə xurma, bir qurtum su, yaxud bir kasa süd verən də bu savabı qazanar. Hər kim bu ayda iftar vaxtı bir möminə içmək üçün su versə, məhşər günündə özü susuz qalmaz".
Müqəddəs hədislərdə buyurulub: "Hər kim öz halal qazancı hesabına bir oruc tutan şəxsi yedirib-içirsə, bütün Ramazan ayı boyunca mələklər ona salam və xeyir-dua göndərərlər". Peyğəmbərimizdən soruşdular ki, başqasına iftar vermək istəsək, amma evdə kifayət qədər yemək olmasa nə edək? Peyğəmbər cavab verdi: "Heç olmazsa, bir tikə çörək ehsan edin. O da olmasa, bircə qurtum su verin. Hər kim oruc tutan şəxsə günün sonunda su versə, yeni doğulmuş körpə kimi günahsız olar. Hətta suyu çay sahilində (yəni suyun bol olduğu yerdə) də versə, eyni savabı qazanar".
Tarix: 03.01.2013 / 14:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 652 Bölmə: Maraqlı melumatlar