Allah-Təala onu bütün aləmlərə rəhmət olaraq göndərdi və bütün bəşəriyyəti o iki Cahan Günəşinin (s.ə.s) sevgisi hörmətinə xəlq etdi. Quranın qəlbi olan Yasin surəsindəki Yasin kəlməsi Rəsulallahın (s.ə.s) adlarından biridir və "Ey mənim məhəbbət dəryamın dalğıcı olan Həbibim!" deməkdir. Bəli, Haqq- Təala bütün peyğəmbərlərinə adları ilə müraciət etdiyi halda Rəsuli-Əkrəmə "Həbibim!" dedi.
Sevginin böyüklüyü sevilən üçün edilən fədakarlıqlarla ölçülər. İnsan şüuru Allahın Rəsulullaha olan ölçüsüz sevgisinin böyüklüyünü bütünlüklə dərk etməkdən acizdir. Elə bir sevgi ki, o sevginin hörmətinə bütün bəşəriyyət, aləmlər xəlq oldu... Elə bir sevgi ki, "Məhəmməd hörmətinə" deyərək, bağışlanmaq diləyənlərin günahı bağışlandı... Elə bir sevgi ki, "Məhəmməd hörmətinə" deyilərək, edilən dualar, arzular geri çevrilmədi... Əlbəttə ki, biz bu fövqəladə sevgini dərk etməkdən acizik!
Hələ əshabın Rəsulullaha olan sevgisi... Bu sevginin ucalığı ən yüksək zirvələrdir. Onun üçün hər şeyi qurban verməyə hazır olan səhabələr sinələrini döyüşlərdə ona qalxan edərdilər. "Anam, atam, malım və canım sənə fəda olsun, ya Rəsulallah!" deyərdilər. Peyğəmbər (s.ə.s) onlara ailələrindən, bütün yaxınlarından daha yaxın, daha əziz və doğma idi. Onun uğrunda ölmək, canlarını ona fəda etmək əshabi-kiram üçün böyük bir şərəf idi və onlar bu şərəf uğrunda yarışırdılar. Onların qəlbi Rəsulallah sevgisinin yanğılı tərənnümlərinin təcəllisi idi. Dastanlaşan bu sevgilərdən bir neçə missal:
Hicrət zamanı girdikləri mağaradakı ilan dəliklərini Rəsulullaha zərər gəlməsindən qorxduğu üçün paltarından cıraraq qapayan və bir dəliyi də başqa bir şey olmadığı üçün ayağı ilə tutan, Rəsulullahdan hədis nəql edəcəyi zaman ağlayaraq danışmağa çətinlik çəkən, vəfatı zamanı çox sevdiyi Peyğəmbərinə qovuşmaq həyəcanı ilə qızı Aişəyə (r.a) "Bu gün bazar ertəsi günüdür. Əgər ölsəm məni sabaha saxlamayın, çünki mənə günlərin ən sevimlisi Rəsulullaha ən yaxın olanı, ona bir an əvvəl qovuşacağım andır" deyən Əbu Bəkr Siddiq (r.a) həsrətli sevgisini dilə gətirmişdir.
Uhud döyüşündə iki oğlunu, atasını, ərini və qardaşını şəhid vermiş xanım səhabə onlara fikir belə vermədən "Rəsululahdan xəbər verin! O sağdırsa demək salamatçılıqdır" deyərək qəlbindəki sevginin, təlaşın yalnız Rəsulullah sarıdan olduğunu ifadə etmişdir.
Allahın Rəsulunu bir gün də olsa görmədən dözə bilməyən aşiqlərdən biri Abdullah bin Zeyd (r.a) onun vəfatından sonra böyük bir kədərlə "Ya Rəbbi! Gözlərimi kor eylə! Rəsulullahdan sonra başqa bir şey görməyim!" deyə dua etmiş və elə oradaca kor olmuşdu.
Hədis rəvayət edərkən əqrəbin onu sancmasına baxmayaraq, Rəsulallaha olan təzim və hörməti səbəbiylə hədisi bitirməmiş ayağa qalxmayan İmam Malik həzrətləri Mədinədə Peyğəmbərimizin gəzdiyi torpağa hörmət məqsədilə ata minməmiş və ayaqqabı geyinməmişdi.
Fəxri-Kainat (s.ə.s)-ə sonsuz eşqlə bağlı olanlardan Seyid Əhməd Yəsəvi həzrətləri Rəsulallah 63 yaşında vəfat etdiyi üçün 63 yaşından sonra yer üzündə gəzmək istəməyib, ömrünün sonuna- 73 yaşına qədər torpağın altındakı bir otaqda irşad həyatına davam etmişdir.
İmam-ı Nəvəvi həzrətləri Varlıq Nuruna duymuş olduğu misilsiz hörmət səbəbilə onun necə qarpız yediyini görmədiyi üçün, onun qarpız yemık tərzinə zidd hərəkət etmək qorxusuyla ömrünün sonuna qədər qarpız yeməmişdir.
Hələ Bilal Həbəşi (r.a)... Onun Rəsulullaha olan yanğılı həsrəti bir başqa idi. Elə bir həsrət ki, Rəsulullahın vəfatından sonra onun xatirələriylə dolu Mədinədə qala bilmədi, Şama getdi. Bir daha azan oxuya bilmədi. Səhabələrin israrlı yalvarışlarından sonra minarəyə çıxsa da hıçqırıqlar boğazına tıxandı. Bütün ömrü boyu onun həsrəti ilə yanıb-qovruldu.
Səhabələr ölüm yatağında olan xəstələrə Rəsulullaha qovuşacaqları üçün qibtə ilə baxırdılar. Hətta bəziləri Rəsulullahın əlləri dəydiyi üçün saçlarını belə kəsdirməmişdilər.
Yalnız Əshabi-kirammı? Yalnız ümmətimi Varlıq Nurunun?.. Yox!.. Üstündə xütbə oxuduğu xurma kötüyü belə onun ayrılığına dözə bilməmiş, hicranı ilə yanaraq inləmişdi.
Allahın həddi-hüdudu olmayan məhəbbətindən var olmuş və olçüsüz məhəbbətlə sevilmişdi Peyğəmbərimiz (s.ə.s)... O Rəsulus-səqəleyn (insanların və cinlərin Peyğəmbəri) bütün varlıqların iftixar qaynağı, dünyada və axirətdə bütün bəşəriyyətin varlıq nuru olaraq qalacaqdır!
Allah-Təaladan qəlblərimizi daim onun sevgisi ilə bəzəməsi bizi şəfaətinə nail etməsi ümidi ilə ...
Tarix: 27.11.2014 / 14:20 Müəllif: Aziza Baxılıb: 180 Bölmə: Maraqlı melumatlar