Azanla iqamə arasında, namaz üçün hazırlıq görmək və namaza gəlmək üçün kifayət edəcək qədər ara vermək lazımdır. Çünki azan elə buna görə buyurulmuşdur. Əks halda onun faydası itmiş sayılar.
İbn Battal deyir:[1] bunun üçün vaxt məhdudiyyəti yoxdur. Əsas odur ki, namazın vaxtı daxil olsun və camaat namaz üçün toplaşsın.
Azan veriləndən sonra məsciddən çıxmağın qadağan olunması:
Əbuş Şəsa deyir ki, «biz Əbu Hureyrə ilə məsciddə oturmuşduq. Müəzzin azan verdi. Bu zaman bir kişi qalxıb məsciddən çıxdı. Kişi məsciddən çıxana qədər Əbu Hureyrə onun ardınca baxdı və dedi: Bu kişi Əbul Qasimə (Peyğəmbərə) asilik etdi»[2].
Gecikdirilmiş namaz üçün azan və iqamə vermək:
Kim namaza yatıb qalıb və ya namazı unudubsa həmin namazı qıldıqda azan və iqamə verə bilər. Belə ki, Əbu Davudun əsərində Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) və səhabələrinin səfər zamanı Sübh namazına yatıb qalmaları haqqında qeyd olunan rəvayət buna dəlildir. Həmin hadisə zamanı Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Bilala azan və iqamə verməyi əmr etmişdi[3].
Əgər kimsə bir neçə namazı qılmayıbsa onda bir dəfə azan verir, sonra hər namaz üçün ayrı-ayrı iqamə verir. Belə ki, İbn Məsud deyir: «Xəndək döyüşü olan gün müşriklər Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) gecədən xeyli keçənə qədər dörd namazdan yayındırdılar. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Bilala azan verməyi əmr etdi. Sonra iqamə verib zöhr namazını qıldı. Sonra yenə iqamə verib əsr namazını qıldı. Sonra iqamə verib məğrib namazını qıldı. Sonra iqamə verib işa namazını qıldı»[4].
____________________________________________________
[1] Bunu Hafiz İbn Həcər “Fəthul Bari” əsərində (2/ 106) qeyd etmişdir.
[2] Rəvayət səhihdir. Müxtəsər Səhih Müslim: ? 249. Müslim: 1/ 453/ ? 655. Nəsai: 2/ 29. Əbu Davud: 2/ 240/ ? 532. Tirmizi: 1/ 131/ ? 204. Sonuncu iki alimin rəvayətində hadisənin Əsr namazında baş verildiyi qeyd olunur.
[3] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 420. Əbu Davud: 2/ 106/ ? 432.
[4] Hədis səhihdir. Səhih Sünən Nəsai: ? 638. Tirmizi: 1/ 115/ ? 179. Nəsai: 1/ 279.
Tarix: 01.05.2013 / 18:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Maraqlı melumatlar