Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həmraul-Əsəd Döyüşü

İslam ordusunun Mədinəyə qayıtmasının elə ertəsi günündə, sübh namazından sonra Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in dəllalları çox təcili bir şəkildə düşmənlə qarşılaşmaq üçün müsəlmanların dərhal yığışmaları çağırışını etdilər. Ayrıca, sadəcə Uhudda iştirak edənlərin hazırlanmasını, onlardan başqa heç kimin gəlməməsini xəbər verdilər. Yorğun və yaralı olmalarına baxmayaraq, bir gün əvvəl o çətin Uhud döyüşündə iştirak edən əskərlər dərhal Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in çağırışına tabe olaraq yığışdılar. İslam ordusu yığışaraq Mədinədən səkkiz mil məsafədəki Həmraul-Əsədə çatıb orada qərargah qurdu.

Müşriklər isə Mədinədən 36 mil məsafədəki Rəvha bölgəsində yerləşmişdilər. Burada geri qayıdıb Mədinəyə hücum edib etməmək barəsində mübahisə edirdilər. Daha əvvəl Mədinəyə hücum etmək üçün əllərinə keçən çox uyğun fürsətdən istifadə etmədiklərinə görə indi çox peşman idilər.

Huzaə qəbiləsinin başçısı Mabəd ibni Mabəd hələ müsəlman olmamaqla bərabər İslama maraq hissi duyurdu. Həmraul-Əsəd ətrafına gələrək Uhud hadisəsindən dolayı Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) kədər və təziyəsini bildirdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ona Əbu Süfyanın yanına gedərək onu aldatmağı təlimatını verdi. Mabəd, Rəvhaya gəldikdə müşrik ordusu yenidən Rəsulullah və əshabına hücum etməyə hazırlanırdılar. Mabəd, Əbu Süfyana xitabən :

"Məhəmməd sizinlə qarşılaşmaqda israr edir, yanlarına daha əvvəl görülməmiş bir qüvvət var. Qureyşlilər üçün ən yaxşısı dərhal qalxıb Mədinəyə çəkilməkdir." deyərək qorxutdu. Qureyşli komandirlər onun bu sözlərini eşitdikdə qorxuya düşdülər. Əzm və mənəviyyatları sarsıldı. Əbu Süfyan müsəlmanlarla sərhəd döyüşünə girməklə kifayətləndi, sürətlə Məkkəyə yönəldilər. Əbu Süfyanın adamları müsəlmanları qorxutmaq üçün belə deyirdilər :

"İnsanlar sizin üçün yığışdılar. Onlardan qorxun!" Halbuki, bu xəbərdarlıq müsəlmanları qorxutmadı və : Allah bizə kifayət edər, o nə gözəl vəkildir. dedilər.

Müsəlmanlar çərşəmbə gününə qədər Həmraul-Əsəddə qaldıqdan sonra Mədinəyə geri qayıtdılar.

«Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir.» (Ali-İmran / 174)

Hadisələr və Döyüşlər

Uhud döyüşündən sonra Adal və Qarə qəbilələri Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`ə adamlar göndərərək müsəlmanlığı qəbul etdiklərini və bu səbəbdən özlərinə dini və quranı öyrədəcək İslam təbliğçilərinə ehtiyacları olduğunu bildirdilər. Buna görə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Asım ibni Sabit rəhbərliyindəki on nəfərlik müəllimlər heyətini onlarla birlikdə göndərdi. Raci suyuna çatdıqları əsnada qəbilə təmsilçiləri onlara xainlik edərək Huzaə qəbiləsindən Ləhyan oğullarını çağıraraq yüz nəfərlə onları mühasirəyə aldılar. Müsəlman müəllimlər hündür bir yerdə dayanmışdılar. Dəstədəkilər onlara əgər təslim olsalar, canlarına qıymayacaqlarına dair söz verdilər. Ancaq, Asım təslim olmağı rədd etdi və yeddi dostuyla birgə şəhid düşənə qədər vuruşdu. Digər üç səhabə müşriklərin toxunmamaq sözündən sonra təslim oldular. Ancaq, müşriklər yenə sözlərinə xilaf çıxaraq, onları bağlayaraq əsir götürdülər. Yolda onlara qarşı çıxan bağlı səhabələrdən bir başqasını da şəhid etdikdən sonra digər iki səhabəni Məkkəyə apardılar. Bu iki səhabə Hubeyb ibni Adiy və Zeyd ibni Dəsərədir. Dəstədəkilər onları Məkkədəki müşriklərə satdılar. Hubeyb Bədrdə Haris ibni Amiri öldürmüşdü. Bu səbəbdən, onu Haris ibni Amirin qızı və qardaşı alaraq bir müddət həbs etdikdən sonra öldürmək üçün Tənim mövqeyinə apardılar. Hübeyb iki rükət namaz qıldıqdan sonra müşriklərin əleyhinə dua etdi. Dediyi beytlər arasında bu misralar da vardı : "Müsəlman olaraq və müsəlmanlıq uğrunda öldürüldükdən sonra, nə şəkildə öləcəyəmsə ölüm, əhəmiyyət vermərəm. Bunlar Allah üçündür. O istəyərsə, bu parçalanmış vücudumu mübarək edər."

Öldürülməmişdən əvvəl Əbu Süfyan ona :

"Allah eşqinə! Bu anda sənin yerinə Məhəmmədin boynunun vurulumağını, özünün də xilas olaraq ailənə qovuşmağını istəyərdinmi?" deyə soruşdu. Hübeyb ona bu cavabı verdi :

"Əsla! Allaha and içirəm ki, Məhəmmədin həyatı yanında mənim həyatım bir heçdir. Bu səbəbdən də canımın qurtulacağını bilsəm belə, Rəsulullahın burada deyil, sizin əlinizdə öldürülməsinə, hətta, Mədinədə ayağına bir tikan batmasına belə razı ola bilmərəm!"

Sonra Ukbə ibni Haris ibni Amir onu atasına bədəl olaraq şəhid etdi.

Zeyd ibni Rəsənə isə Bədrdə Ümeyyə ibni Mahrəri öldürmüşdü. Bu səbəbdən, onu da Ümeyyənin oğlu Safvan alaraq atasınına bədəl olaraq öldürdü. Yuxarıda keçən sözlərin Zeyd tərəfindən deyildiyini rəvayət edənlər də olmuşdur.

Qureyş müşrikləri Asımın cəsədindən bir parça almağa gəldikdə, Allah onun cəsədini çöl arıları göndərərək qorudu. Asım daha əvvəl Allaha heç bir müşrikə toxunmamaq və heç bir müşrikin də ona toxunmamağını söz vermişdi. Allah onu öldükdən sonra da müşriklərin toxunmağından qorudu.


Bi`ri Mauna Faciəsi

Raci hadiəsinin yaşandığı eyni günlərdə ondan daha böyük başqa bir faciə yenə yaşandı. Bu faciənin xülasəsi belədir; Məlaibəl-Əsnə olaraq çağırılan Əbu Bəra Amir ibni Malik adlı Nəcdli bir fəal Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`i ziyarətə gəlmişdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onu İslama dəvət etdi. Əbu Bəra bu dəvətə yaxın gəlmədi, amma çox uzaq da durmadı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a :

Ey Məhəmməd! Səhabələrindən bir qrup təbliğçi göndər ki, bu Nəcd xalqına sənin bu iddianı izah etsələr yaxşı olar. Ümid edirəm ki, dəvətini qəbul edərlər." deyərək hiyləgərcəsinə bir təklif etdi. Ayrıca, göndəriləcək şəxslərin təhlükəsizliklərini təmin etmək təlimatını verməyi də unutmadı. Sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) səhabələrdən yetmiş nəfərlik qurra (hafizlər) heyətini Münzir ibni Amr əl-Ənsari rəhbərliyində göndərdi. Heyət Mauna quyusu mövqeyinə çatdıqda Haram ibni Məlhan adındakı dostlarından birinə Peyğəmbərin məktubunu verərək onu Amir oğulları qəbiləsinin başçısı, Allahın düşməni Amir ibni Tufalın yanına göndərdilər. Bu şəxs heç Peyğəmbərin məktubuna açıb baxmamışdan elçini vuraraq öldürdü. Ondan sonra da qəbiləsinin xalqına bu İslam təbliğçilərini qılıncdan keçirmək üçün çağırış etdi. Ancaq, xalq bu çağırışa tabe olmadı. Bundan sonra Səlim oğulları, Usayyə, Raal və Zəvkan qəbilələrini razı salaraq ayağa qaldırdı. Bu qəbilələr müsəlmanlara xəyanət edərək onları çevrəyə alıb mühasirə etdilər. Müsəlmanlar da özlərini müdafiəyə keçərək qılınclarını çıxardaraq hamısı şəhid olana qədər qəhrəmanca vuruşdular. İçlərindən Kəb ibni Zeyd xaricində heç biri xilas ola bilmədi. Kəb isə, yaralanmış və şəhidlərin içində özündən getmişdi. Ayıldıqdan sonra Mədinəyə sağ qayıtmağı bacardı və yaşadı. Daha sonra Xəndək döyüşündə şəhid oldu. Bu təbliğçilərlə birlikdə gedən, ancaq, onları qorumaq məqsədiylə uzaqdan nəzarətçilik edən iki nəfər yenə var idi. Bu hadisənin xaricində qalaraq xilas olmuşdular. Onlardan biri Amr ibni Ümeyyə əd-Dəmiri, digəri də Münzir ibni Məhəmməd idi. Yoldaşlarının harada harada öldürüldüklərini ancaq qırğıları görərək aşkarlaya bildilər. Onlar ora getdikdə qorxunc mənzərə ilə qarşılaşdılar. Yoldaşlarının hamısı şəhid edilmişdi. Düşmənlər isə, hələ orada gözləyirdilər. Yoldaşlarının vəziyyətini görəndə hər ikisi də qılınclarını çəkərək böyük düşman ordusuna hücum etdilər. Münzir şəhid edildi. Amr isə, əsir alındı. Qısa bir müddət sonra da Amir oğulları qəbiləsinin başçısı Amr ibni Tufeyl tərəfindən azadlığa bıraxıldı.

Azadlığına qovuşan Amr Mədinəyə qayıdarkən yolda Amir oğulları qəbiləsinə mənsub iki şəxsə rast gəldi. Amr, onların şəhid edilən yoldaşlarının intiqamını almaq niyyətiylə qılıncını çıxardaraq ikisini də öldürdü. Böyük bir xəta etdi. Çünki, bu iki şəxsə Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) tərəfindən təminat verilmişdi. Mədinəyə çatıb hadisəni Rəsulullaha danışdıqda Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) kədərləndi və adamların can bədəli olan təzminatı qəbilələrinə göndərdi.

Rəsulullah Raci və Mauna quyusu hadisələrinə çox kədərləndi. Hər iki hadisə də hicrətin 4-cü ilinin səfər ayında meydana gəlmişdi. İki hadisənin də xəbərinin Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a eyni gecədə gəldiyi rəvayət edilməkdədir. Rəsulullah şiddətli kədəriylə yoldaşlarını qətl edənlərin əleyhinə sübh namazlarında otuz gün ərzində bəddua etdi. Allahın onlar haqqında «Qövmünüz bilsin ki, biz Rəbbimizə qovuşduq, bizdən razı oldu, biz də ondan razı olduq.» xəbərini çatdırmağından sonra bir ay ərzində davam etdiyi qunutu dayandırdı.

Nadir Oğulları Döyüşü

Nadir oğulları yəhudiləri, müsəlmanlara Mauna quyusu hadisəsindən daha çirkin bir sui-qəsd hazırladılar. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`dan bir meydanda yığışaraq onlara quran oxumağını və İslam dinini izah etməyini istəyib, dini məsələlərdə mübahisə etmək istədiklərini bildirdilər. Əgər razı qalarlarsa, iman edəcəklərinə dair söz də verdilər. Aralarında isə, hər bir nəfərin öz yanına gizlicə bir xəncər alaraq, qəflətən Peyğəmbər `in üstünə tökülüşərək onu qətl etməyi qərarlaşdırdılar. Allah gəldikləri bu qərarı Rəsuluna bildirdikdə, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onları Mədinədən sürgün etməyə qərar verdi.

Bir başqa rəvayətə görə isə, hadisə belə inkişaf etmişdir; Amr gəlib yolda iki nəfəri öldürdüyünü Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a xəbər verəndə, Rəsulullah o iki nəfərin qan bədəlini ödəməkdə andlaşmaya əsasən, özlərinə köməkçi olmaları üçün bəzi dostlarını götürərək Nadir oğullarının yanına getdi. Yəhudilər ona :

"Qəbuldur, ya Əbul-Qasım. Gücümüz nisbətində istədiyin məsələdə sənə köməkçi olmağa çalışacağıq." Deyərək təklifini qəbul etmiş kimi görünüb onun baçını qatmağa çalışdılar. Peyğəmbər o əsnada evin divarına yaxın bir yerdə oturmuşdu. Bax, elə o əsnada bir hiylə planlaşdırıb, aralarında :

Bu evin terrasına çıxıb bu qayanı Məhəmmədin üstünə kim atacaq? deyə bir-birindən soruşur, məsləhətləşib dayanırdılar. İçlərindən ən çox şikayətçi olan Amr ibni Cəhhaş adlı bir yəhudi bu işi öz üzərinə götürüb terrasa çıxarkən, Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`ə səmadan vəziyyəti bildirən xəbər gəldi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) yerindən qalxıb tələsərək Mədinəyə yönəldi. Yolda dostlarıyla qarşılaşdı. Onlara yəhudilərin hiylələrini bildirdi. Nadir oğulları yəhudilərini sürgün etməyə qərar verdi. Rəsulullah Məhəmməd ibni Məsləməni göndərərək onlara belə deməyini əmr etdi :

«Bir daha qayıtmamaq şərtilə Mədinədən çıxın. Sizə on gün müddət verirəm. Bundan sonra sizdən kim ələ keçirilsə, boynu vurulacaqdır.» - Yəhudilər bu ultimatumu ciddi qəbul edərək köç üçün hazırlıqlara başladılar. Ancaq, daha sonra münafiqlərin başçısı Abdullah ibni Übey adamlarını göndərərək : "Yerinizi bıraxıb getməyin. Mənim iki min adamım sizin qalanıza girəcək və sizin üçün canlarını verəcəklər." – dedi. «Əgər siz yurdunuzdan qovulsanız, biz də sizinlə birlikdə çıxıb gedəcək və sizə qarşı heç vaxt heç kəsə tabe olmayacağıq. Əgər müsəlmanlar sizə qarşı vuruşsalar, mütləq sizə kömək edəcəyik!» (Həşr / 11)

Abdullah ibni Übey həmçinin, onlara : "Qureyzə və Qafatan da sizin köməyinizə gələcəkdir. deyərək zəmanət verdi. Münafiqlərinin başçılarının özlərinə yarım edəcəyinə inanan Nadir oğulları yəhudiləri cəsarətləndilər və çıxmaq fikrindən daşındılar. - Biz çıxmayacağıq. İstədiyini et! – deyə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a xəbər də göndərdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onların bu cavabını alan kimi "Allahu Əkbər" dedi. Səhabələr də onunla birlikdə "təkbir" gətirdilər. Rəsulullah daha sonra Ümmü Məktumu yerinə naib olaraq bıraxaraq, Nadir oğulları yəhudilərinə tərəf hərəkətə keçdi. Müsəlmçanların bayraqdarlığını Əli (r.a) edirdi. İslam ordusu gedib qalalarının içinə sığınan yəhudiəri mühasirə altına aldı. Yəhudilər qalalarının içindən daş və bənzəri şeylərlə müsəlmanlara hücum edirdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onlara aid xurma ağaclarının kəsilməsini və bağçalarının dağıdılmasını əmr etdi. Müsəlmanlar Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın əmrini yerinə yetirdilər. Bu hadisə Yəhudilərin əzm və şücaətlərini qırıb, əhvallarını pozdu. Allah qəlblərinə qorxu saldı və altı gecədən sonra Mədinədən çıxmağı qəbul edərək təslim oldular. On beş gecədən sonra təslim olduqları da rəvayət edilmişdir.

Qureyzə yəhudilərinin onları köməksiz bıraxdıqları kimi, münafiqlərin başçı və dostları da onları tək qoydular.

«Münafiqlər şeytana bənzəyirlər. Şeytan insana: "Kafir ol!"– deyir. İnsan kafir olan kimi: "Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!"– deyir.» (Həşr / 16)

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onlara silah xaric, yanlarında istədikləri qədər mal və əşya aparmalarına icazə verdi. Yəhudilər özləriylə götürə bildikləri qədər mal aldılar. Hətta, evlərinin qapılarını, pəncərələrini, dirəklərini və damlarını da sökərək özləriylə apardılar. Apara bilmədikləri şeyləri isə korladılar. «Onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə dağıdırdılar. İbrət götürün, ey ağıl sahibləri!» (Həşr / 2) Buradan çıxarılan yəhudilərin böyük əksəriyyəti Xeybərə, bir qismi də Şam tərəflərinə getdilər.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onlardan qalan yer və malları, xüsusilə də, ilk mühacirlər arasında bölüşdürdü. Ənsardan sadəcə çox kasıb olan Əbu Dücanə və Səhl ibni Hənifə hissə verdi. Oradan əldə edilən mallardan öz ailəsinin payını aldıqdan sonra, geridə qalanlarla Allah yolunda işlətmək üçün at və silah almışdır. Yəhudilərdən qalan yüz zireh və üç yüz qırx qılınc ələ keçirildi.

İkinci Bədr Döyüşü

Uhud döyüşündə Əbu Süfyan ertəısi il Bədrdə görüşmək barədə müsəlmanlarla sözləşmişdi. Hicrətin 4-cü ilinin Şaban ayı girdikdə, Rəsulullah Mədinəyə Abdullah ibni Rəvahanı naib təyin edərək 1500 nəfərlik bir ordu ilə sözləşmə yeri olan Bədrə gəldi. Müsəlmanların bayraqdarlığını Əli ibni Əbu Talib (r.a) edirdi. Ayrıca, İslam ordusunda on nəfərlik bir süvari birliyi də mövcud idi. Burada qərargah qurub səkkiz gün ərzində Qureyş ordusunu gözlədilər.

Əbu Süfyan rəhbərliyindəki Qureyş ordusu isə iki min döyüşçü və beş yüz süvari ilə hərəkətə keçdilər. Zahran bölgəsindəki məşhur Məcnə quyusunun başında yerləşdilər. Əslində Əbu Süfyan başlanğıcdan bəri istəksiz idi və qorxurdu. Burada Qureyş ordusuna xitabən : "Ey Qureyş birliyi, bolluq olan bir ildə gələk. Heyvanlarınızı otladıb südlərindən içmiş olarsınız. Halbuki, bu il quraqlıq var, mən qayıdıram, haydı siz də qayıdın." dedi. Qureyşlilər heç bir etiraz etmədən geri qayıtdılar.

Müsəlmanlar Bədrdə olduqları müddət içində yanlarında gətirdikləri ticarət mallarını sataraq bir dirhəmə iki dirhəm qazandılar. Sonra əminamanlıq içində geri qayıtdılar. Onların bu güc nümayişi bütün düşmənlərinə göz dağı oldu. Bir il ərzində Mədinə və ətrafı əminamanlıq və sakitlik içində yaşadı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bu əminamanlıq sayəsində Mədinə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün yürüş etdi və hicrətin 5-ci ilinin Rəbiül-Əvvəl ayında, Dəvmətul-Cəndəl bölgəsinə bir səfər təşkil edərək bəzi yol kəsən dəstələri xəttə gətirdi. Beləcə Mədinə və ətrafının təhlükəsizliyi və sükunəti tamamilə təmin olunmuş oldu.


Tarix: 02.05.2013 / 22:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 421 Bölmə: Maraqlı melumatlar
loading...