Belə nəql edirlər ki, günlərin bir günü Süleyman peybəmbər öz sarayında, taxtda oturmuşdu. Xəbər gətirdilər ki, bir kişi təcili onu görmək istəyir. Süleyman peyğəmbər görüşə izn verir. Bir kişi içəri daxil olub özünü Süleyman peyğəmbərin ayaqlarına atır, yalvarıb-yaxarır: «Ya Süleyman! Dadıma yetiş, mənə kömək ol!» Həzrəti Süleyman heyrətlə kişinin üzünə baxıb ürəyində deyir: «Bu kişi kimdir belə? Səhərin gözü açılmamış mənimlə nə işi var? Ola bilsin, ona zülm olunmuşdur, kiminsə əlindən şikayətçidir. Bəlkə də, yurdsuz, pənahsız bir insandır, gəlib mənə sığınsın!» Gələn kişinin rəngi qaçmış, gözlrəri qorxudan böyüyüb, bərəlmişdi. Həzrəti Süleyman ondan soruşdu: « De görüm sən kimsən? Nə istəyirsən? Rəngin niyə saralmış, gözlərin niyə bərəlmişdir?»
İztirab çəkən kişi deyir: «Ey Allahın peyğəmbəri! Mənə kömək et, canım xətərdədir! Özün görürsən ki, nə hala düşmüşəm. Mən az qala sinəmdəki dərddən, qəm-qüssədən öləm! Nə dərdimə qalan var, nə halıma yanan.» Süleyman peyğəmbər kişini bir də diqqətlə süzdü. Gördü ki, qorxu içindədir, az qalır ürəyi yerindən qopub düşsün. « Niyə bu qədər pərişansan? Nədən qorxursan?» – deyə Süleyman peyğəmbər soruşdu. Kişi ağlamağa başlayıb dedi: « Ey Süleyman nəbi! Əzrayılı gördüm. Mənə qəzəb və kinlə baxdı. O baxışlar canıma lərzə saldı. Əzrayılın odlu baxışlarını görəndən sonra bu cür xəstə və pərişan olmuşam.» Süleyman bu sözlərdən təəccüblənib dedi: « Çox gözəl, başa düşdüm. Amma, bir az aydın danış görüm, Əzrayıl səni necə qorxutdu? Əzrayılı harda gördün? O sənə bir söz də dedimi?».
Kişi dedi: « Yox! Bir söz demədi. Mən yol ilə gedirdim. Birdən gözüm Əzrayıla sataşdı. Olduqca qəzəbli idi. Gözlərini bərəldib məni süzdü. Canıma elə bir qorxu saldı ki, dayanmayıb qaçmağa başladım. Birbaş bura – sizin yanınıza gəldim. Mənə kömək edin! Bir çarə düşünün!». Həzrəti Süleyman dedi:«Yaxşı, de görüm məndən nə istəyirsən? Mən sənə necə kömək edə bilərəm?» Kişi dedi: « Ey Süleyman nəbi! Mənim həyatım sizin əlinizdədir. Mən bilirəm ki, bütün heyvanlar, quşlar, cinlər, küləklər sizin ixtiyarınızdadır. Xahiş edirəm, küləyə fərman verəsiniz, məni burdan götürüb Hindistana aparsın.» Həzrəti Süleyman bir anlıq fikrə getdi. Sonra başını qaldırıb dedi: « Olsun! Xahişini qəbul edirəm. Mən küləyi sənin ixtiyarında qoyuram.» Süleyman peyğəmbər küləyə göstəriş verdi ki, kişini götürüb tez Hindistana aparsın. Səhəri gün Süleyman peyğəmbər Əzrayılı görüb ona dedi: «Cənab Əzrayıl, bu nə işdir ki, sən Allah bəndələri ilə edirsən? Niyə onlara qəzəbli baxışlarla baxırsan?»
Əzrayıl təəccüblə soruşdu:«Mən? Mən insanlara acıqlı baxıram? Ey peyğəmbər, məni başa sal görüm söhbət nədən gedir?» Həzrəti Süleyman dedi: «Dünən bir nəfər fağır kişini qorxutmusan. O mənim yanıma gəlmişdi. Özü də yaman qorxmuşdu. Rəngi qaçmış, bənizi saralmış, tir-tir əsirdi. Dedi ki, Əzrayılla rastlaşdım, mənə qəzəb və kinlə baxdı. Onun baxışları məni bu günə saldı.» Əzrayıl başını tərpədib dedi:«Hımm!..İndi bildim hansı kişini deyirsən. Bəli, mən dünən o kişi ilə yolda rastlaşdım…» Süleyman dedi:«Bəli, həmin adamdır! O da söylədi ki, səni yolda görüb və sən ona dönüb qəzəblə baxmısan!» Əzrayıl bir anlığa duruxdu, sonra dedi: «Mən ona qəzəblə baxmadım. Sadəcə o kişini görəndə təəccübləndim.» «Təəccübləndin? Niyə təəccübləndin?» – deyə Süleyman peyğəmbər soruşdu. « Bəli, mən ona qəzəblə yox , təəccüblə baxmışam. Özü də, cəmi bircə dəfə baxdım.» Həzrəti Süleyman təəccüblə soruşdu: «Axı niyə ona təəccüblə baxdın ki, o da qorxdu?»
Əzrayıl dedi:«Düzü, Allahdan əmr gəldi ki, o kişinin canını həmin günün axırında, Hindistanda alım. Mən də onu yolda görəndə buna görə təəccüb etdim. Təəccüb etdim ki, günün axırına bir saat qalır, amma bu kişi buradadır. Belə olan halda onun canını Hindistanda necə alacaqdım? O ki, bir saatın içində Hindistana gedə bilməzdi!» Həzrəti Süleyman mənalı şəkildə başını tərpədib dedi:«Ona təəccüblə baxmaqda sən haqlı imişsən. O səni görəndən sonra Hindistana getdi və sən də aydın məsələdir ki, Allahın əmri ilə onun canını Hindistanda aldın!» Əzrayıl sakitcə cavab verdi: « Bəli, siz deyən kimidir.» Süleyman bir daha Allahın böyüklüyünə və qüdrətinə həmd-səna deyib astadan bu sözləri zümzümə edirdi…
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 154 Bölmə: Maraqlı melumatlar