Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Var-dövlət: Cəhənnəmə Göndəriş, Yoxsa Cənnət Azuqə

Bütün nemətlər, ruzilər Allahdandır. Amma daha üstün şərafətə, dəyərə malik olan şeyləri Allah özünə aid bildirir. Məsələn, yer üzündə olan bütün evlər (məscidlər) Allahındır. Amma Kəbə evi xüsusilə ona aid edilir.



Bu xüsusiyyət "izafeyi-təşrifi", yəni "şərafət əlavəsi" adlanır. Başqa bir misal: bütün canlıların malik olduqları ruh Allahın ətasıdır. Amma Allah-təala yalnız insandakı ruhu öz ruhu adlandırır: "Mən ona surət verib ruhumdan üfürdüyüm zaman, siz ona səcdə edin" ("Hicr", 29).

Bütün dünya nemətləri insanın imtahanı üçün bir vasitədir. Allah yalnız axirət nemətlərini nəzərdə tutduğundan, dünya nemətlərini Allah ruzisi adlandıra bilmərik. "Ənfal" surəsinin 67-ci ayəsində buyurulur: "Siz puç dünya malını istəyirsiniz. Allah isə axirəti qazanmağınızı istəyir". "Tövbə" surəsinin 55-ci ayəsində oxuyuruq: "Münafiqlərin nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünya əzabı vermək, kafir olduqları halda canlarını almaq istər". Allah-təala həzrət Peyğəmbərə (s) buyurur ki, dünyapərəstlər üçün birinci əzab var-dövlət toplamaq, sonra isə onu qorumaqdır. Buna görə də həyatın şirinliyini dadmazlar. Öləndə də min bir zəhmətlə toplanmış var-dövlətin əldən çıxdığını görüb iztirab çəkərlər!

Dünyapərəstlər bir ömür zəhmətlə, başqalarına zülm-sitəmlə, insanların haqqına təcavüz etməklə qəpik-qəpik yığdıqları pulu bir dəfəlik əldən verərlər. Allah-təala onların dözülməz narahatçılıqla kafir olaraq öləcəklərini bəyan edir. Belə bir ölüm həmin imtahanın dəhşətli nəticəsidir. Allah bu təbirlərlə insanı dünyaya vurğunluqdan çəkindirmək istəyir.

Aydın oldu ki, ayə və rəvayətlər insanı dünya bər-bəzəyinə göz dikməməyə çağırır.

Amma dünya malı təkcə kafirlər üçün nəzərdə tutulmayıb. Bəzi övliyaların da böyük var-dövləti olub ki, bu səviyyə başqaları üçün əlçatmazdır. Cinlər və insanlar, heyvanlar və quşlar da onun ixtiyarında olub. Demək varlı olmaq pis adam olmaq üçün dəlil deyil. Əslində, dünya neməti imtahan vasitəsidir. Bu imtahandan bəziləri alnıaçıq, bəziləri isə başıaşağı çıxır. Allahı unutmayıb var-dövlətdən Onun razılığı üçün istifadə edənlər nicat tapır, nəfsinə uyub şəri çərçivədən çıxanlar isə zəlalətə düşürlər. Ona görə də axirət yolunda istifadə etmək üçün Allahdan var-dövlət istəməyin heç bir eybi yoxdur.

Allah-təala Qurani-Kərimdə zalım varlıların aqibətini işıqlandırır. «Qəsəs» surəsinin 76-cı ayəsində buyurulur: "Həqiqətən Qarun Musa qövmündən idi. O, İsrail oğullarına qarşı həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik". Həmin surənin 79-82-ci ayələrində oxuyuruq: «Qarun öz zinət və ehtişamı içində öz qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: Kaş Qaruna verilən bizə də veriləydi…». Elm verilmiş kəslər isə belə dedilər: «…İman gətirib yaxşı əməl edənlər üçün Allahın mükafatı daha yaxşıdır…». Nəhayət, Qarunu sarayı ilə birlikdə yerə batırdıq… Dünən Qarunun yerində olmaq istəyənlər səhəri gün belə deyirdilər: «...Sən demə, kafirlər nicat tapmayacaqlarmış».

Allah-təala bunları buyurmaqla var-dövlətə vurulmağın mənfi nəticələrini biz insanların nəzərinə çatdırır. Bəli, halal yolla qazanıb Allah yolunda sərf etmək yaxşı işdir. Amma dünya malına könül verməyə heç bir əsas yoxdur. Dünya malı imtahan səhnəsindəki imtahan vərəqindən başqa heç bir şey deyildir. Əsas məsələ bu vərəqin necəliyi yox, bu vərəqdəki suallara necə cavab verilməkdir.



(Misbah Yəzdi. "Sadiq yol axtaranlar üçün İmam Sadiqin (ə) nəsihətləri" kitabından)


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 119 Bölmə: Maraqlı melumatlar
loading...