Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QİYAMƏT GÜNÜNÜN KİÇİK ƏLAMƏTLƏRİ (51-56)

51-ci əlamət: yağışların çoxalması və bitkilərin azalması.

Əbu Hüreyrə danışır ki, Peyğəmbər (sav) belə deyib: «İnsanların, gildən düzəldilmiş evlərdə qoruna bilmədiyi leysan yağışlar yağmayana qədər Qiyamət saatı qopmayacaq» (Əhməd. əl-Heysəmiyə görə səhihdir).
Ənəs danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Hər yerdə bitkilərin yox olmasına səbəb olan yağışlar yağmayana qədər Qiyamət saatı qopmayacaq» (Əhməd).

52-cü əlamət: qızıl dağın əmələ gəlməsi.

Əbu Hüreyrə, həmçinin Peyğəmbərin (sav) belə dediyini danışır: «Fərat aralanmayana qədər və bu yerdə qızıldan dağ əmələ gəlməyənə qədər Qiyamət saatı qopmayacaq. İnsanlar bu qızıla görə bir-biri ilə vuruşacaq və hər yüz adamdan doxsan doqquzu öləcək. Bu zaman onlardan hər biri belə deyəcək: «Bəlkə elə sağ qalan mən olacağam» (Buxari, Müslüm).
Bəzi ilahiyyatçılar hesab edirlər ki, söhbət «qara qızıldan» – yəni neftdən gedir. Bu təfsir heç bir tənqidə dözmür, ona görə ki, a) neft qızıl deyil; b) neftdən dağ əmələ gələ bilməz; v) qızıl dağ yalnız Fərat çayında əmələ gələcək; q) dağ əmələ gəldikdən sonra insanlar biri-birləriylə vuruşacaqlar, amma Ərəb ölkələrində neft olan yerlər aşkar edilərkən belə müharibələr olmamışdı.
Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Fəratın aralanacağı və onun yerində qızıl xəzinəsinin əmələ gələcəyi saata az qalıb. Qoy orada olan hər kəs, özünə heç nə götürməsin» (Buxari).
İbn Həcər yazır ki, Allahın Rəsulu (sav) bu qızılı məhz orada olan zorakılığa və qətillərə görə götürməyə icazə verməmişdi («Fəth əl-Bari», c. 13, səh. 81).

53-cü əlamət: özü üçün ölüm istəyənlərin artması.

Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) deyib: «Məzarların yanından keçən insanlar – «Kaş onun yerində mən olaydım!» – deməyincə Qiyamət saatı qopmayacaq» (Buxari, Müslüm).
Əbu Hüreyrə həmçinin, Peyğəmbərin (sav) belə dediyini danışır: «Ruhum Ovucunda olana and içirəm! İnsan, məzarların yanından keçərkən özünü yerə çırpıb – «Kaş ki, bu qəbrdə mən olaydım!» – deməyincə, Dünyanın sonu gəlməyəcək. Bu zaman, ona üz verən bədbəxtçilikdən başqa onun heç bir borcu olmayacaq» (Müslüm).
Hüzeyfə danışır ki, Allahın Rəsulu (sav) belə deyib: «Elə zaman gələcək ki, insanlar yalançı peyğəmbər gözləyəcəklər». Ondan soruşurlar: «Ey Allahın Rəsulu! Lütfən de, bu nəyə görə belə olacaq?». O cavab verir: «Onların üzərinə düşən əzab-əziyyətlərə görə» (ət-Təbərani, əl-Bəzzar. əl-Heysəmiyə görə səhihdir).

54-cı əlamət: Qahtandan gələn adamın meydana çıxması.

Əbu Hüreyrə danışır ki, Allahın Rəsulu (sav) deyib: «Qahtandan gələn adam meydana çıxıb insanları öz əsası ilə arxasınca aparmayana qədər Qiyamət saatı qopmayacaq» (Buxari, Müslüm, Əhməd).
Peyğəmbərin əsa haqqında dedikləri məcazi məna kəsb edib onu bildirir ki, Qahtandan olan adam insanları öz ətrafına toplaya biləcək və onlar onun sözlərinə əməl edib, əmrlərinə tabe olacaqlar. O, mömin adam olacaq və ədalətli qərarlar verəcək. İbn Həcər yazır ki, Abdullah bin Amr mömin əmirləri sadalayarkən Qahtandan olan adamın da adını çəkib. Ola bilər ki, bu deyim də Abdullah bin Amra məxsusdur.
(«Fəth əl-Bari», c. 6, səh. 535 )
Qahtandan gələn adamı Caxcax adlı adamla səhv salmaq lazım deyil. Əbu Hüreyrə deyib: «Caxcax ləqəbli qul hakimiyyətə gəlməyənə qədər gecə və gündüz yox olmayacaq» (Əhməd, Müslüm).
Caxcaxdan fərqli olaraq Qahtandan olan adam azad insan olacaq və onun nəsli güman ki, qədim Yəmən tayfalarından (Humeyr, Kinda, Hamdan) olacaq.

55-cı əlamət: heyvanların və cansız əşyaların danışa bilməsi.

Əbu Hüreyrə danışır: «Bir dəfə canavar gizlicə çobana yaxınlaşıb qoyunların birini qapır. Çoban onun üstünə cumub qoyunu onun ağızından qoparır. Canavar təpəyə çıxıb oturur və quyruğunu özünə qısaraq deyir: «Mən yalnız Uca və Qüdrətli Allahın mənim üçün yaratdığı ruzini istəyirdim, sən isə onu məndən aldın» Çoban dedi: «Allaha and olsun ki, bu vaxta qədər mən danışan canavar görməmişəm!». Canavar dedi: «Mən isə iki Hirra arasında, həmişəyaşıl ağacların içində yaşayan və keçmişdə olanları və sizdən sonra olacaqları danışan adama təəccüblənirəm». Bu çoban yəhudi idi. O, Peyğəmbərin (sav) yanına gəlib olanları ona danışır. Peyğəmbər (sav) onun sözlərinin doğruluğunu təsdiq edib deyir: «Bu– Qiyamət gününün əlamətlərindən biridir. İnsan evinə qayıdarkən ayaqqabılarının və qamçısının, onun evdə olmadığı zaman evdəkilərin nə etdiklərini deyəcəyi Saata az qalıb» (Əhməd).
Gərək bu hədis insanları təəccübləndirməsin, ona görə ki, Uca Allah deyib:
«Allahın düşmənləri Cəhənnəmə toplanacaqları gün onlar saxlanacaqlar. Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. Onlar öz dərilərinə: «Nə üçün əleyhimizə şəhadət verirsiniz?» –deyəcəklər. (Dəriləri də) belə cavab verəcəkdir: «Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzüruna qaytarılırsınız!» (Fussilət, 19-21).

56-ci əlamət: müsəlmanların ekonomik mühasirəsi.

Cabir ibn Abdullah deyib: "Tezliklə İraq sakinlərinə nə kafiz (kafiz – İraqda yayılmış dənəvər cismlərinin ölçüsü) , nə dirhəm gətirməyəcəklər". Onlar soruşdular: "Niyə?" O cavab verdi: "Farslar buna mane olacaqlar". Sonra o dedi: "Tezliklə Şam sakinlərinə nə dinar, nə müdiy(müdiy – Şamda yayılmış dənəvər cismlərinin ölçüsü) gətirməyəcəklər". Ondan soruşdular: "Niyə?" O cavab verdi: "Rumlular buna mane olacaq". O, bir az susduqdan sonra Peyğəmbərin (sav) belə dediyini danışdı: "Mənim ümmətimin sonuncu nəsillərinin arasında var-dövlət saymadan belə iki əllərilə götürən xəlifə peyda olacaq" (Əhməd və Müslüm).
Əbu Hüreyrə danışır ki, Allahın rəsulu (sav) deyib: "İraq öz dirhəm və kafizlərindən, Şam – öz müdiy və dinarlarından, Misir isə – öz ərdəb (ərdəb – Misirdə yayılmış dənəvər cismlərinin ölçüsü) və dinarlarından olacaqlar. Siz başladığınız yerə qayıdacaqsınız! Siz başladığınız yerə qayıdacaqsınız! Siz başladığınız yerə qayıdacaqsınız! Buna Əbu Hüreyranın qanı və əti şəhadət edir» (Əhməd, Müslüm və Əbu Davud).


Tarix: 04.05.2013 / 13:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 154 Bölmə: Maraqlı melumatlar
loading...