Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamın Gözəllikləri (Ailə qanunları -Valideyn haqları)

İslam ailəyə tam qayğı göstərərək ailəni hər cəhətdən mühafizə etmişdir. İslamın ailəni qoruması həmin ailənin tərkibində olan ata, ana və uşaqları da mühafizə etməsi deməkdir. Ata və ana ailənin əsası olduğuna, bütün məşəqqətləri, uşaqların tərbiyəsini öz üzərlərinə götürdüklərinə görə İslam onların böyük və əzəmətli məqamlarını açıqlamışdır. Övladlar üzərində ata və ananın hüquqlarını təyin etmişdir. Övladlardan onlara yaxşılıq, mülayim davranış, himayə, sevgi, rəhmət, gözəl ədəb, əxlaq tələb etmişdir. Bütün bu hüquqları bir neçə üslub və vasitələrlə təsdiq etmişdir.

Allah taala, ata-anaya edilən yaxşılığı Ona edilən ibadət və Ona heç bir məxluqu ortaq qoşmamaq müddəası ilə birgə buyurmuşdur.
Allah taala buyurur:
"Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə ehsan (yaxşılıq, kömək) edin..." (2: 83).
"Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya yaxşılıq edin!..." (4: 36).
"(Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin;..." (6: 151).
"(Biz insana buyurduq:) “Mənə və ata-anana şükür et..." (31: 14).
Müsəlmana, öz valideynlərinə, hətta müşrik olduqları halda da, yaxşılıq etməyi əmr etmişdir. Yalnız bir halda, Allah taalaya asilik etməyi əmr etdikdə, onlara itaət etməməyə icazə vermişdir. Allah taala buyurur:
"Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə. Hamınız (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi sizə bir-bir xəbər verəcəyəm!" (29: 8).
"Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (İslamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (31: 14-15).
Həmçinin qocaldıqda da onlara yaxşılıq etməyi övladlara əmr etmişdir. Bu haqda Allah taala buyurur:
"Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de." (17: 23-24).
Peyğəmbər (sav) də valideynlərin üzünə ağ olmağı qadağan etmişdir. Belə əməli, Allaha şərik qoşmaqdan sonra, ən böyük günahlardan hesab etmişdir. Əbu Bəkrə Peyğəmbərin onlara belə buyurduğunu deyir:
"Sizə ən böyük günahları çatdırımmı?" Biz dedik: Bəli, ey Allahın Elçisi. O buyurdu: "Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaq, - bu zaman Peyğəmbər (sav) dirsəklənmişdi. O, oturub buyurdu: yalan danışmaq, yalandan şahidlik etmək, yalan danışmaq, yalandan şahidlik etmək." Peyğəmbər (sav) bu sözləri təkrarlayırdı və mən öz-özlüyümdə dedim ki, o susan deyil"(Buxari: 10\ 405\ ? 5976. Müslim: 1\ 91\ ? 87.)
Muğirə ibn Şöbə (r)Peyğəmbərdən (sav) rəvayət edərək deyir:
"Allah taala sizə valideynlərinizin üzünə ağ olmağı, kiminsə haqqını verməməyi, kimdənsə lazım olmayanı istəməyi və qız uşaqlarını diri-diri basdırmağı haram etmişdir. Həmçinin sizin üçün, dedi-qodu etməyi, çoxlu sual verməyi və malı tələf etməyi məkruh etmişdir (bəyənməmişdir)"(Buxari: 10\ 405\ ? 5975. Müslim: 3\ 1341\ ? 593.)
Peyğəmbər (sav) buyurmuşdur ki, yaxşı yoldaşlıq üçün daha haqlı olan ilk növbədə ana, sonra isə atadır. Əbu Hureyrə (r) deyir ki, bir kişi Peyğəmbərin yanına gəlib dedi:
“Ey Allahın Elçisi! Yaxşı yoldaşlıq etməm üçün, kim daha haqlıdır? Peyğəmbər  buyurdu: "Anan" həmin adam dedi: Bəs sonra? Peyğəmbər  buyurdu: "Anan" o, yenə də dedi: Bəs sonra? Peyğəmbər (sav)yenə də: "Anan" deyərək cavab verdi. Həmin adam dedi: Bəs sonra? Peyğəmbər (sav) buyurdu: "Sonra atan"(Buxari: 10\ 401\ ? 5971. Müslim: 4\ 1974\ ? 2548.)
İslam şəriəti valideynlərə qulluq göstərməyi vacib (fərdul ayn) olmayan cihaddan üstün etmişdir. Abdullah Ibn Amr Ibn əl-As  deyir: bir kişi Peyğəmbərin yanına gəlib dedi:
"Mən səninlə birgə hicrət və cihad etmək üçün əlimi uzadıb razılıq verirəm. Bununla Allah taaladan savabımı diləyirəm. Peyğəmbər (sav) buyurdu: sənin valideynlərindən sağ olanı varmı? O dedi: Bəli, hər ikisi sağdır. Peyğəmbər (sav) buyurdu: Sən Allah taaladan savab istəyirsən? Həmin adam dedi: Bəli. Peyğəmbər (sav) buyurdu: valideynlərinin yanına qayıt və onlarla xoş rəftar edərək onlara xidmət et"(Müslim: 4\ 1975\ ? 2549)
Peyğəmbər (sav) bir nəfərin digərinin atasını, başqası da onun atasını söyməyi qadağan etmişdir. Abdullah İbn Amr (r) Peyğəmbərdən rəvayət edərək deyir:
"Günahların ən böyüyü bir adamın öz valideynlərini lənətləməsidir". Orada əyləşənlər dedilər: “Ey Allahın Elçisi, bir nəfər öz valideynlərini necə lənətləyə bilər? Peyğəmbər  buyurdu: "Biri digərinin atasını söyür. Söyülən adam da cavab olaraq onun atasını söyür. Biri digərinin anasını söyür. Söyülən adam da cavab olaraq onun anasını söyür"(Buxari: 10\ 403\ ? 5973. Müslim: 1\ 92\ ? 90.)
Ona görə də demək olar ki, valideynlərə hörmət etməyin əmr olunması aşağıdakı əsaslara görə İslamın gözəlliklərindəndir.
1. Valideynlərin övladları üzərində, Allah taalanın haqqından sonra, birbaşa haqları vardır. Övladlar onlara xidmət etməli, qulluğunda durmalıdırlar. Çünki bu, onların boyunlarına düşən borcdur. Ana övladını bətnində daşımış, ona süd vermiş, nəvazişlə böyütmüşdür. Ata isə övladına qarşı mülayim, qayğıkeş olub onun üçün malını əsirgəməmişdir. Onun üçün bütün xeyirxahlıqları etmişdir. Ona görə də övladın valideynlərə xidmət etməsi, onların borclarının bir hissəsini ödəməsidir.
2. Valideynlərə yaxşılıq etmək onların xoş əməllərinə edilən təşəkkürün təzahürüdür. Əgər Allah taalanın, sonra isə valideynlərin nəzarəti və köməyi olmasaydı onda həmin övlad çatdığı məqama yetişə bilməzdi. Valideynlər lazımlı vaxtlarda onun keşiyində dayanmış, ehtiyaclarını ödəmişlər. Valideynlər onun üçün heç nə əsirgəməmişlər. Ona görə də nemət verənin nemətinə, yaxşılıq edənin yaxşılığına görə təşəkkür etmək, gözəl əxlaq nümunəsidir. İslam hər kəsin haqlarını qorumağa, gözəl əxlaqa nail olmağa səsləyir. İslam dini valideynlərin çəkdikləri əziyyətlərin və çətinliklərin əvəzində, övlada onlara xidmət etməyi əmr etməklə, öz gözəlliyini nümayiş etdirir. Bu, valideynlərə verilən ən gözəl qiymətdir!
3. İslamın gözəlliklərindən biri də, yaşa dolmuş qoca valideynlərə xidmət etməyi və onların keşiyində durmağı əmr etməsidir. Artıq valideynlərin vəziyyətləri dəyişmiş, onların nəvazişli xidmətlərə ehtiyacları vardır. Bu yaşda onlara övlad qayğısı gərəkdir. Ona görə də övladın onlara bu yaşda xidmət etməsi onun boynuna düşən borcdur. Bu borcdan yalnız, gözəllikləri inkar edən, nəfsi xəstə və təbiəti pis olan insan imtina edər.
4.İslamın daha bir gözəlliyi, valideynlərə edilən yaxşılıq və itaət üçün sərhəd qoymamağıdır. Yalnız bir halda, Allah taalanın əmr etdiyinə zidd olan bir əməli yerinə yetirməyi əmr etdikdə, valideynlərə itaətsizlik etməyə icazə vermişdir. Bu Allah taalanın lütf və mərhəmət sahibi olduğunun açıq-aşkar dəlilidir. Çünki O, valideynlərin əziyyətlərini dəyərləndirmiş və çəkdikləri əzab-əziyyətin əvəzini onlara bəxş etmişdir. Yəni, övladlara valideynlərinə xidmət etmələrini, inilti və ya hərəkətlə də olsa onlara pislik etməməyi əmr etmişdir.
Bu haqda Allah taala buyurur:
"...Onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!" (17: 23).
5.İslam şəriətinin daha bir gözəlliyi, valideynlərə olan yaxşılığı yalnız sağlıqlarında deyil, hətta öldükdən sonra da onlar üçün yaxşılıq yeri qoymasıdır. Bir kişi Peyğəmbərin yanına gələrək dedi:
Ey Allahın Elçisi! Mənim boynumda valideynlərim üçün, onlar vəfat etdikdən sonra edəcəyim yaxşılıq qalmışdırmı? Peyğəmbər  buyurdu: "Bəli, onlar üçün dua etmək, dediklərini həyata keçirmək və onların saxladıqları qohumluq əlaqələrini davam etdirmək"(Əbu Davud: 5\ 352\ ? 5142. )
Digər hədisdə Peyğəmbər (sav) buyurur:
"Ən gözəl yaxşılıq, övladın atası öldükdən sonra, onun sevdiyi dost-tanışlarla əlaqə saxlamasıdır"(Müslim: 4\ 1979\ ? 2552.)
Çünki övladın bu səviyyəyə gəlməsində, əməlisaleh bəndələrdən olmasında valideynlərin hədsiz əməyi vardır. Ona görə də övladın etdiklərindən onlara da savab gedir. Çünki, insanın haqq yolda olmasına səbəb, Allah taaladan sonra, birbaşa valideynlərdir. Bu haqda Peyğəmbər (sav) buyurmuşdur:
"Hər insan (İslam) fitrəti üzərində doğulur. Sonradan valideynləri onu yəhudi, xaçpərəst və ya atəşpərəst edirlər"(Buxari: 3\ 219\ ? 1358. Müslim: 4\ 2047\ ? 2658.)
Valideynlər müsəlman olub, övladlarını müsəlman kimi böyütdüklərinə görə uşaq öz fitrətində qalmışdır. Buna görə də valideynlərin uşağı belə böyütməkdə Allah taaladan sonra çox böyük dəyərləri vardır. Bu səbəbdən də övladların öz valideynləri üçün onlar öldükdən sonra dua etmək, dediklərini həyata keçirmək, onların qohumluq əlaqələrini qoruyub saxlamaq, sevdikləri dost-tanışlarla daima ünsiyyətdə olmaq bir borcdur. Buradan görünür ki, İslam şəriəti övladların öz valideynlərinə yaxşılıq etmələrini əmr etməklə, valideynlərə verdiyi qiyməti dəyərləndirmişdir.
6.İslam şəriəti, övladların valideynlərə yaxşılıq etmələrini əmr etməklə, valideynlər tərəfdən övladlara olan qayğının, gözəl tərbiyənin, məqsədyönlü göstərişlərin daha da artmasına səbəb olmuşdur. Həyatda görünən həqiqətlər də bunu təsdiqləyir. Çünki, valideynlərinə xidmət edənlər, adətən ata-anadan gözəl tərbiyə almış insanlardır. Valideynlərin övladlarına öyrətdikləri bu gözəl xüsusiyyətlər və verdikləri tərbiyə onların qarşısına çıxır. Övlad həmin ədəb-ərkanla öz valideynlərinə qulluq edir. Hansı valideyn öz övladının ona xidmət etməsini arzulayırsa, onda kiçik yaşlarından öz övladlarına gözəl tərbiyə versin.
Bu qısa da olsa İslamın, valideynlərin hüquqlarını təyin etməklə bağlı görünən gözəllikləridir. İslam dini belə əməllər üçün axirətdə Allah taala tərəfindən böyük bir mükafat vəd edir.
Peyğəmbər (sav)buyurur:
"Allahın qəzəbi valideynin qəzəbindədir. Allahın razılığı valideynin razılığındadır"(Tirmizi: 4\ 274\ ? 1899. Albaninin Sahihul Cami kitabı: ? 3507. )
Digər bir hədisdə isə buyurmuşdur:
"Valideynlərinin hər ikisini, yaxud birini qoca vaxtlarında sağ görüb, bununla cənnətə daxil olmayanın burnu yer ilə sürünər"(Müslim: 4\ 1978\ ? 2551.)
Bütün bunlara nail olmaq arzu və istəkləri övladları həmin əmələ sövq etdirir və onları şücaətləndirir.


Tarix: 08.05.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 319 Bölmə: Maraqlı melumatlar
loading...