İslam dinində ən çox təkid edilən məsələlərdən biri də ailə qurmaqdır. Sağlamlığı (yəni cinsi baxımdan vəziyyəti) imkan verən hər kəs ailə sahibi olmalıdır.
Hətta Qurani-kərimdə və İslam müqəddəslərinin hədislərində buyurulur ki, maddi imkanı olmayan və ailəsini saxlamaq üçün pul sarıdan əziyyət çəkəcəyindən qorxan adam da gərək bu düşüncələrə əhmiyyət verməsin. Çünki ruzi verən Allahdır və Allah evlənən şəxsin ruzisini yetirəcəyini vəd edib.
Əlbəttə, evlənən zaman tərəf müqabilini düzgün seçmək də çox mühüm məsələdir. Davud Kərxi adlı ravi İmam Cəfər Sadiqə (ə) buyurdu ki, həyat yoldaşım vəfat edib, istəyirəm bir daha evlənim. İmam buyurdu: «Diqqət yetir ki, özünü hara aparırsan, öz malına kimi şərik edirsən, öz dinindən, sirrindən və əmanətindən kimi xəbərdar edirsən. Əgər fikrində qətisənsə, onda yaxşı və xoş əxlaqlı qadınla evlən».
Xasiyyətinə, əxlaqına, dininə, eləcə də bəzi başqa mənəvi və fiziki keyfiyyətlərinə görə hansı qadınlarla evlənməyin məsləhət olduğu barədə saytımızdakı ötən məqalələrdə məlumat vermişdik. Burada qadınlara məxsus daha bir sıra müsbət və mənfi keyfiyyətlərdən bəhs edəcəyik. Diqqətinizə çatdırırıq ki, bu məqalə daha çox ailə qurmaq ərəfəsində olan oğlanlar üçün maraqlı ola bilər.
İmam Zeynül-abidin (ə) buyurub ki, «qadınların ən yaxşısı xoş qoxulu, təmiz yeməklər bişirməyi bacaran qadındır. Elə bir qadın ki, əgər infaq etsə (yəni malından ehtiyaclılara versə), bunu doğru-düzgün şəkildə edər (israfa yol verməz), əgər imsak etsə (yəni ehtiyaclılara kömək etməkdən çəkinsə), yenə bunu doğru-düzgün şəkildə edər (yəni simiclik və qəddarlıq etməz). Bu cür qadınlar sanki Allahın məmurları kimidir; Allahın məmurları isə etdiklərindən peşman olmazlar». Göründüyü kimi, burada Imam imanlı və əməlisaleh qadınları Allahın əmrlərini yerinə yetirən məmurlara bənzədir ki, öz-özlüyündə bu, çox yüksək bir dərəcədən xəbər verir.
Bir nəfər Peyğəmbərin hüzuruna gəlib söylədi: «Mən evə gələndə arvadım məni qarşılayır, mən gedəndə isə yola salır. Məni fikirli görəndə deyir ki, qəm yemə. Əgər ruzi dərdi çəkirsənsə, bil ki, Allah bunu (yəni ruzi yetirməyi) öz öhdəsinə götürüb. Əgər axirətdən ötrü fikir edirsənsə, Allah bu fikrini bir az da artırsın (yəni səni axirət barədə çox düşünənlərdən, günahdan qorxanlardan və öz əməllərinə məsuliyyətlə yanaşanlardan etsin)». Peyğəmbər həmin adama üz tutub buyurdu: «Həyat yoldaşına cənnət müjdəsi ver və ona de ki, sən Allahın məmurlarından birisən və Allah hər gün sənə yetmiş şəhidin savabını verir».
Həzrət Mühəmməd Peyğəmbərə (s) aid olan başqa bir hədisdə qadınların digər müsbət xüsusiyyətlərindən bəziləri sadalanır. Rəvayət edirlər ki, bir gün Peyğəmbər səhabələrdən soruşdu: «İstəyirsinizmi sizə ən yaxşı qadınların xüsusiyyətlərini xəbər verim?». Səhabələr dedilər: «Bəli, ey Allahın Rəsulu, istəyirik». Peyğəmbər buyurdu: «Qadınların ən yaxşısı odur ki, çox sayda və rahat şəkildə övlad dünyaya gətirsin, mehriban, iffətli və örtülü (həyalı, hicablı) olsun. Öz ailəsinin içində (ata evində) izzətli (başuca), əri ilə münasibətdə isə təvazökar olsun. Əri ilə zarafatcıl, səmimi, yad adamlardan isə uzaq və örtülü olsun. Ərinin sözünə qulaq assın, tapşırıqlarına tabe olsun, xəlvətdə (məhrəm şəraitlərdə) özünü əri üçün ərinin istədiyi şəkildə bəzəsin, kişilər kimi bəzək-düzəkdən uzaq qaçmasın».
Məşhur səhabə Cabir ibn Abdullahın Peyğəmbərdən rəvayət etdiyi hədisdə isə ən üstün qadının xüsusiyyətləri və qazandığı savab belə təsvir edilir: «Əgər qadın gündəlik beş namazı qılsa, ildə bir ay (Ramazan ayında) oruc tutsa, cinsiyyət üzvünü günahdan (zinadan) qorusa, ərinə itaət etsə, qiyamət günündə cənnətin hansı qapısından istəsə daxil olar».
(Hədislər Şeyx Təbrisinin «Məkarimül-əxlaq» kitabındandır).
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 125 Bölmə: Maraqlı melumatlar