Yaşadığı dövrün böyük hədis hafizlərindən olan Əbu Əmr Səid Bərdəi Türküstanın Taraz (Taraz-indiki Qazaxıstanın cənubi-şərqində yerləşən şəhər. Qədim adı Taraz (Talas) olun bu şəhər 1997-ci ilə qədər Cambul adlanmışdı. ) şəhərində məskunlaşmışdı. H. 350-ci ildə (961) həcc ziyarətinə getmiş və qayıdarkən Bağdada gəlmişdi. Bağdadda Muhəmməd ibn Hibban əl-Bəsri, İsfahanda Muhəmməd ibn Yəhya ibn Mundəh (1) , Abdullah ibn Hüseyn ibn Bəhr əş-Şamati Nişapuri, Muhəmməd ibn Cə’fər əl-Kərabisi Bəlxidən hədis nəql etmişdi. Əbü’l-Həsən Əli ibn Ömər Darəqutni (918-995), Əbu Əli ibn Fudalə ər-Razi, Əhməd ibn Əbdurrəhman əş-Şirazi, Əbu Əli Hüseyn ibn Əli Bərdəi və başqaları ondan hədis dinləmiş və nəql etmişdilər. Həmçinin Muhəmməd ibn İsmayıl əl-Vərraq da Bağdadda ondan hədis nəql etmişdi. Ondan hədis dinləyib nəql etmiş başqa bir tanınmış ravi Əbu Əbdürrəhman Muhəmməd ibn Hüseyn ibn Muhəmməd ibn Musa əl-Əzdi əs-Süləmidir(2) (öl. 1021). Əbu Əmr Səid Bərdəi h. 362-ci ildə (973) Tarazda vəfat etmişdi (3) İbnü’l-İmad alimin Tarazda, lakin h. 363-cü ildə (974) vəfat etdiyini qeyd etmişdi(4) Nəql silsiləsində Əbu Əmr Səid Bərdəinin də olduğu hədislərdən biri aşağıdakıdır:
Ayşə (r/a) dedi: “Allah Rəsulu (s.a.v) ölüləri söyməyi nəhy (qadağan) etdi” . (5)
(1) Əbu Nueym Əhməd ibn Abdullah İSBƏHANİ, Zikr Əxbaru-İsbəhan, C. I, s. 300, Leiden 1934.
(2) Əbu Bəkr Əhməd ibn Hüseyn ibn Əli əl-BEYHƏQİ, Məvsusətu-Ricali’s-Sünəni’l-Kübra, s. 75, Qahirə (trz).
(3) Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ZƏHƏBİ, Kitab Təzkərətü’l-Hüffaz, s. 936-937, Beyrut (trz); SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 215-216; XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. IX, s. 110; İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. II, s. 311. İbn Kəsir alimin adını “Əbu Əmr Səid ibn Qasım ibn Xalid Bərdəi” olaraq qeyd etmişdir.
(4) İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. III, s. 222.
(5) XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. IX, s. 110. Bu hədis üçün bax: BUXARİ, Səhih, Cənaiz 97, Riqaq 42; NƏSAİ, Sünən, Cənaiz Nr. 52/1910; ƏBU DAVUD, Sünən, Ədəb 42/4899. Hədisin “Kütubi-Sittə”dəki mətni belədir: Ayşə (ل) dedi: Allah Rəsulu (ق) buyurdular ki; “Ölüləri söyməyin. Çünki onlar bu dünyada etdikləri əməllərlə birlikdə artıq keçib getmişdirlər”. (لا تَسُبُّوا الأَمْوَاتَ فَإِنَّهُمْ قَدْ أَفْضَوْا إِلَى مَا قَدَّمُوا).
Tarix: 02.05.2013 / 22:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 98 Bölmə: Maraqlı melumatlar