Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölümdən sonra İlk Hadisələr Barədə

“Müsnəd”də əl-Bər bin Əzibin hədisi rəvayət edilir ki, bir dəfə onlar Peyğəmbərlə (sav) , birgə ənsarların birini dəfn etməyə getdilər. Qəbrə çatdıqda onun aşağı hissəsi hələ hazır deyildi. Allahın Rəsulu , oturdu və sahabələr hətta tərpənməkdən belə qorxaraq onun yanında əyləşdilər. Onun əlində budaq var idi və o torpağı qazıyırdı. Birdən o başını qaldırdı və dedi: “Qəbir əzabından Allaha sığınıram!” O bunu üç dəfə təkrar etdi və sonra dedi: “Saleh qul bu dünyadan köçüb axirətə qovuşduqda, onun yanına səmadan ağ üzlü mələklər gəlirlər. Onların üzü günəş kimi parıldayır, əllərində Cənnət kəfənləri, xoş ətirli Cənnət hanutu (balzam) olur.

Gözün son görmə həddi məsafəsində ölən adamdan aralı otururlar”. Bundan sonra ölüm mələyi gəlib onun başı üzərində oturaraq deyir: “Ey gözəl nəfs! (ruh) Çıx! Allahın bağışlanmasına və razılığına çıx”. Möminin ruhu tuluğun ağzından damçının axdığı kimi bədəndən rahatlıqla çıxar. Ölüm mələyi ruhu çıxartdıqdan bir an belə keçməmiş, onu o biri mələklər qəbul edir və ruhu kəfənə bürüyürlər, ona hanut vururlar. Bundan sonra ruh yer üzündə tapmaq mümkün olan ən gözəl ətir kimi qoxulanır. Sonra mələklər ruhu səmaya qaldırırlar. Mələklərin yanından ötüb keçərkən deyirlər: “Bu gözəl nəfs kimindir?” Deyirlər: “Filankəs oğlu filankəsindir”. Onlar mömini dünyada daşıdığı ən gözəl adlarla sadalayırlar. Onlar səma qapısının açılmasını xahiş edirlər və qapılar açılır. Hər bir səmada olan mələklər onunla vidalaşır və onu növbəti səmaya yola salırlar. Nəhayət yeddinci səmaya gəlib çatırlar. Uca və Böyük olan Allah buyurur: “Mənim qulum haqqında yazın! Cənnətin ən yüksək yerinə – İlliyyuna!. Onu torpağa qaytarın. Həqiqətən mən onlara vəd vermişəm ki, onları (torpaqdan) yaratmışam, (torpağa) da qaytaracağam və (torpaqdan) da dirildəcəyəm”. Ruh torpağa qaytarıldıqdan sonra yanına iki mələk gəlib onu ayıldaraq soruşurlar: “Sənin Rəbbin kimdir?” O deyir: “Rəbbim – Allahdır” – “Dinin nədir?” O, deyir: “Dinim İslamdır” – “Sizə göndərilən o adam kimdir?” O, deyir: ”O, Allahın Rəsulu Məhəmməd idi” – “Bəs sən nə etdin?” O, deyir: “Allahın kitabını oxudum, ona iman gətirdim və onu təsdiqlədim”. Səmadan səs gəlir: «Mənim qulum haqqı dedi. Onu Cənnət libasları ilə geyindirin, Cənnət yatağı sərin və Cənnətin qapısını onun üzünə açın. Onun üzərinə Cənnət küləyi əsir və o Cənnət qoxularından ləzzət alır və məzarı göz görən məsafə qədər genişlənir. Onun yanına xoşsifətli, gözəl geyimli, gözəl ətirli bir nəfər gəlib deyir: “Mən səni sevindirəcək bir xəbərlə gəlmişəm. Bu gün sənə vəd olunmuş gündür”. Mömin təəccüblü halda soruşur: “Sən kimsən? Sənin sifətin xeyirdən xəbər verir”. O, deyir: “Mən sənin saleh əməllərinəm. Mömin deyir: «Ya Rəbbim! Qiyamət gününü yaxınlaşdır ki, mən öz ailəmin yanına qayıdım və yenidən əmlakıma sahib olum».
Kafir bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına səmadan qara sifətli mələklər gəlirlər. Əllərində Cəhənnəmdən gətirilmiş parça olur. Ölmüş adamdan gözün son görmə həddi qədər aralı otururlar”. Bundan sonra Ölüm Mələyi gəlib onun başı üzərində oturaraq deyir: “Ey xəbis ruh! Allahın qəzəb və nifrətinə çıx!” O kafirin bədəninə girir ruhu bədənindən əyri uclu dəmir əsanın yaş yundan çıxdığı kimi çıxarır. Ölüm mələyi ruhu çıxartdıqdan sonra bir an belə keçmir ki, onu o biri mələklər pis qoxulu kəfənə bürüyürlər. Kafirin ruhu yer üzündə olan ən pis üfünət iyi verir. Bundan sonra mələklər ruhu səmaya qaldırırlar. Mələklərin yanından ötüb keçərkən deyirlər: “Bu xəbis ruh kimindir?” deyirlər: “Filankəs oğlu filankəsindir”. Onu, dünyada daşıdığı ən pis adlarla sadalayırlar. Sonra onlar səma qapısının açılmasını xahiş edirlər. Lakin qapılar açılmır”. Peyğəmbər , bu ayəni oxudu: “Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara belə cəza veririk”. (əl-Əraf 40).
Bundan sonra Uca və Böyük olan Allah buyurur: “Onun haqqında yazın! Yerin ən aşağı hissəsinə – Siccinə!”. Bundan sonra onun ruhunu aşağı atırlar”.
Sonra Peyğəmbər , bu ayəni oxudu: «Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara apardığı bir şeyə bənzər». (əl-Həcc, 31).
Sonra o dedi: “Onun ruhu bədəninə qaytarılır, bundan sonra onun yanına iki mələk gəlib onu ayıldaraq soruşurlar: “Sənin Rəbbin kimdir?” O, deyir: “Mmmm… bilmirəm?!”- “Dinin nədir?” O, deyir: “Mmmm …. Bilmirəm?!” Səmadan səs gəlir: “O, yalan deyir! Onu Cəhənnəm libası ilə geyindirin və Cəhənnəmin qapısını üzünə açın!”. Cəhənnəmin isti havası onun üzünə vurur, onun qəbri o qədər daralır ki, qabırğaları bir-birinə keçir. Onun yanına murdar sifətli, murdar libaslı və çox pis qoxulu biri gəlib deyir: “Mən sənin yanına elə bir xəbər ilə gəlmişəm ki, bu gün sən çox qəmgin və məyus olacaqsan. Bu gün sənə vəd olunmuş gündür”. Kafir təəccüblü halda soruşur: “Sən kimsən? Sənin sifətindən zəhrimar yağır. Sifətin xeyirdən xəbər vermir?!”. O, deyir: “Mən sənin pis əməllərinəm. Kafir qışqıraraq deyir: “Ya Rəbbim! Qoy qiyamət gəlməsin”.
Əhmədin rəvayətlərinin birində deyilir: “Sonra onu əlində toppuz olan kor, kar və lal kişi qapır. Toppuzla dağa vursa dağ toza dönər. Lakin Qudrətli və İzzətli Allah kafiri olduğu kimi yenidən yaradır. O onu dəfələrlə vurur və kafir elə bağırır ki, səsini insanlarla cinlərdən başqa hamı eşidir”.
Əl-Bara deyib: “Sonra onun üçün Cəhənnəmə qapı açılır və oddan yataq sərilir”.

Ölüm – dünya ləzzətlərinin sonudur

“Müsnəd”də əl-Baranın aşağıdakı hədisi rəvayət edilir: “Bir dəfə biz Allahın Rəsulunun (sav), yanında idik və o bir qrup insanları gördü. O soruşdu: “Onlar nə üçün toplaşıblar?” Ona cavab verdilər: “Orada qəbir qazırlar”. Allahın Rəsulu , diksindi və sahabələrinin önündə gedərək ora tələsdi. Qəbirə çatdıqda diz çökdü, mən isə onun nə etməsinə baxmaq üçün qarşısında dayandım. O ağlayırdı və torpaq onun göz yaşlarından yaş oldu. Sonra o bizə dönərək dedi: “Qardaşlarım! Bu günə hazırlaşın”.

“Müsnəd”də Bureydin hədisi rəvayət edilir: “Bir dəfə Allahın Rəsulu (sav) , yanımıza çıxdı və üç dəfə ucadan dedi: “Ey insanlar, bilirsinizmi biz sizinlə kimə oxşayırıq?” İnsanlar cavab verdi: “Allah və Rəsulu daha yaxşı bilir”. O dedi: “Biz sizinlə düşmənin hücumundan ehtiyat etdiyi üçün bir nəfəri kəşfiyyata göndərən insanlara oxşayırıq. O düşməni görüb onlara xəbərdarlıq etmək üçün qayıdır. O qorxur ki, düşmən onu camaatına xəbərdarlıq etməmişdən qabaq tutar”. Sonra o libasını aşağı salaraq üç dəfə dedi: “Ey insanlar budur mən sizə gəlmişəm”.

Müslimin “Səhih”ində Cabirdən rəvayət edilir ki, Allahın Rəsulu(sav) , buyurub: “Həqiqətən sərxoş edən içkilərə həris olanı Allah “tina haballa” doyuzdurmağa söz verib”. Ondan soruşdular: ”Ey Allahın Rəsulu “tina habal” nədir?” O cavab verdi: “Cəhənnəm əhlinin təri və ya ifrazı,bədənlərindən gələn irin”.

“Müsnəd”də Əbu Zarın hədisi rəvayət edilir ki, Allahın Rəsulu(sav) , buyurub: “Həqiqətən mən sizin görmədiyinizi görürəm və sizin eşitmədiyinizi eşidirəm. Səma cırıldayır və o cırıldamalıdır, çünki orada səcdə edən mələklərin çoxluğundan dörd barmaq boyda boş yer yoxdur. Mən biləni siz bilsəydiniz az gülüb çox ağlayardınız və zövcələrinizdən yataqda ləzzət almazdınız və təpəyə dırmaşıb Uca və Böyük Allaha dua edərdiniz”. Əbu Zarr dedi: “Vallahi mən kəsilib qopardılmış ağac olmaq istəyərdim”.

Həmçinin “müsnəd”də Cabirin hədisi rəvayət edilir: “Sad bin Muaz vəfat etdikdə biz Allahın Rəsulu(sav) , ilə birgə onu dəfn etmək üçün yola düşdük. Allahın Rəsulu , cənazə namazını qıldı sonra mərhumu qəbrə qoydular. Onun üzərində torpağı bərabər etdikdən sonra Allahın Rəsulu , Allaha həmd səna etdi, biz də uzun həmd etdik. Sonra o Allaha tərif etdi, biz də Allaha tərif etdik. Ondan soruşdular: “Ey Allahın Rəsulu , nə üçün sən əvvəl Allaha həmd etdin sonra isə tərif etdin? O dedi: “Qəbir saleh qulu Allah onu azad etməyənədək sıxar"

Əl-Buxarinin “Səhih”ində Əbu Səidin hədisi rəvayət edilir ki, Allahın Rəsulu (sav) , buyurub: “Vəfat edənin cəsədi xərəyə qoyulub kişilərin çiyinlərində aparıldıqda saleh ruh deyir: ”İrəli, İrəli!” Kafir isə deyir: “Vay olsun ona! Siz onu haraya aparırsınız?” Onun səsini insandan başqa bütün mövcud olanlar eşidir və insan eşitsəydi huşunu itirərdi”.

İmam Əhmədin “Müsnəd”ində Əbu Umamın hədisi rəvayət edilir ki, Allahın Rəsulu (sav) , buyurub: “Qiyamət günü günəş bir mil məsafəsinə qədər yaxınlaşacaq, onun istisi o qədər güclənəcək ki, başlar qazanda (su) qaynadığı kimi qaynayacaq. Insanları etdikləri günahlara görə tanımaq olacaq. Onların bəziləri topuğa kimi tərdə olacaqlar, digərləri – dizə kimi, üçüncüləri bellərinə qədər, bəziləri isə tərdə boğulacaqlar”.

Həmçinin “Müsnəd”də ibn Ömərin hədisi rəvayət edilir ki, Allahın Rəsulu (sav) , buyurub: “Kim qəlbində məğrurlanarsa və ya təkəbbürnən gəzərsə o, Uca Allahla onunla qəzəblənmiş şəkildə görüşər”.

Hər iki “Səhih”də həmçinin onun rəvayəti gətirilir ki, Allahın Rəsulu(sav) , buyurub: “Həqiqətən surətlər yaradanlar qiyamət günu əzab çəkəcəklər və onlara deyiləcək: “Yaratdığınızı dirildin”. Həmin toplularda ibn Ömərin hədisi rəvayət edilir ki, Allahın Rəsulu (sav) , buyurub: “Sizdən biriniz vəfat etdikdə hər səhər və günortadan sonra ona yerini göstərirlər. Cənnət əhlindən biridirsə onda yeri də cənnət əhlinin yanındadır; Od əhlinin sırasındandırsa onda yeri də Od əhlinin arasındadır. Ona deyirlər: “Uca və Böyük Allah səni qiyamət günü həşr etdikdə bu sənin yerin olacaq”.

Onlarda habelə onun digər hədisi rəvayət edilir ki, Allahın Rəsulu (sav) , buyurub: “Cənnət əhli Cənnətə, Cəhənnəm əhli Cəhənnəmə girəndən sonra ölümü gətirib Cənnətlə Cəhənnəm arasında yerləşdirəcəklər, sonra carçı çağıraçaq: “Ey Cənnət əhli əbədilik olacaq –ölüm olmayacaq! Ey Cəhənnəm əhli əbədilik olacaq – ölüm olmayacaq!” Onda Cənnət əhlinin kefinin üstünə kef və cəhənnəm əhlinin kədərinin üstünə kədər gələcək”.


Tarix: 12.04.2013 / 20:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 505 Bölmə: Maraqlı melumatlar
loading...