Qüdrətli və Uca Allah buyurur:
“Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərən Odur!” [əs-Saff 61:9]
Allah Təala bu ayədə gələcəyin islama məxsus olacağını bildirərək bizə xoş müjdələr verir. İslam dini bütün digər dinlər üzərində üstünlük qazanaraq hakim olacaq. Bəzi insanlar düşünə bilər ki, bu vəd Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) və Raşidi Xəlifələrin və saleh rəhbərlərin dövründə artıq gerçəkləşib. Lakin məsələ heç də güman edildiyi kimi deyil. Daha doğrusu bu haqq vədin yalnız bir hissəsi gerçəkləşib. Belə ki, buna Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) aşağıdakı kəliməsi dəlalət edir:
“Lat və Uzzaya ibadət edilənə qədər gecə və gündüz davam edəcəkdir (və yaxud Lat və Uzzaya ibadət edilmədikcə gecə və gündüz ötüb keçməyəcək)”. Aişə (Allah ondan razı olsun) dedi: “Ey Allahın Rəsulu, mən düşünürdüm ki, Allah Təala “Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərən Odur!” ayəsini nazil etdikdə artıq məsələ tamamlanmışdır. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Allah nə diləyirsə o olacaq.”
İslamın çatacağı guşələr, hakim olacağı və islam dəvətinin yayılacağına dəlalət edən çoxsaylı digər hədislər var. Belə ki, bütün bunlar gələcəyin islama aid olacağına Allahın izni və lütfü ilə heç bir şübhə yeri qoymur. Burada bacardığım qədər bu hədislərdən iqtibaslar gətirəcəm və ümidvaram ki, islam yolunda zəhmətə qatlaşanların, çalışanların əzmini, qətiyyətini bu hədislərdə verilən xəbərlər gücləndirəcək, laqeyd, etinasız olanlar və ümidsizliyə düşənlərə qarşı isə dəlil-hüccət olacaqdır!
Birinci: Hədisdə deyilir: “Həqiqətən də Allah yer üzünün şərqini və qərbini görəcəyim qədər mənim üçün bir araya topladı; həqiqətən də ümmətimin hökmranlığı mənim üçün toplanan yerə qədər çatacaqdır.”
Bundan daha aydın və daha ümumi olan hədisdə isə belə deyilir:
İkinci: “Bu iş (din) gecə və gündüzün düşdüyü hər bir yerə varacaqdır. Kərpicdən, xəzdən elə bir məskən olmayacaqdır ki, Allah Təalanın dini ora daxil olmasın-ya izzətli etsin, ya da zəlil etsin. Burada izzət Allah təalanın islama verdiyi, zəlillik isə küfrə verdiyi addır.
Odur ki, müsəlmanlara vacibdir ki, Rəbblərinə dönməklə, Rəbbinin Kitabından tutmaqla, Peyğəmbərinin (Ona Allahın salavatı və salamı olsun) sünnəsinə tabe olmaqla, Allah Təalanın qadağalarından çəkinməklə və Uca Allahın razı qaldıqları ətrafında birləşməklə bu məqsəd üçün hazırlaşsınlar. Həqiqətən, sözsüz ki, yer üzündə bu üstün, hakim olmaq vədi müsəlmanların mənəvi, maddi və (silah) baxımından güc-qüdrətinə qayıdışını zəruri edir ki, bununla onlar küfr və zülmün gücünə qalib gələ bilsinlər. Bu xoş müjdə növbəti hədisdə bizə bildirilir:
Üçüncü: Əbu Qabil deyir: Biz Abdullah ibn Amr ibn əl-As ilə birlikdə idik və ondan iki şəhərdən-Konstantinopol və Roma-hansının öncə fəth olunacağı barədə soruşdular? Beləliklə Abdullah ağzı bağlı bir sandıq gətirmələrini istədi və dedi: “(İçərisindən) bir kitab götürün. Sonra Abdullah davam etdi: “Biz Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) ilə birlikdə idik və ona belə bir sual verdilər: “Birinci hansı şəhər fəth olunacaqdır, Konstantinopol və yoxsa Roma? Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) dedi: “Öncə Nəcaşinin (Heraklın) şəhəri fəth ediləcəkdir”, yəni Konstantinopol.
Məlum olduğu kimi qeyd olunan birinci fəth Muhəmməd əl-Fəttah əl-Osmaninin əli ilə baş vermişdir. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) fəth barədə öncədən xəbər verməsindən səkkiz yüz il sonra gerçəkləşmişdir. Odur ki, ikinci fəth də inşallah Uca Allahın izni ilə baş verəcək və bunda heç bir şübhə ola bilməz və bir müddət sonra özünüz də bunu duyacaqsınız. Eləcə də, sözsüz ki, ikinci fəthin həyata keçməsi müsəlman ümmətinə hidayət yolunda olan xəlifənin qayıdışını zəruri edir ki, bu barədə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) növbəti hədisdə öncədən xəbər verib:
Dördüncü: “Peyğəmbərlik (Nübuvvət) Allah Təalanın dilədiyi müddət qədər aranızda davam edəcək, sonra Allah bunu götürmək istədikdə götürəcəkdir. Sonra Peyğəmbərlik mənhəci (metodu) üzərində Xilafət olacaq və Allah istədiyi qədər aranızda davam edəcək, sonra Allah bunu götürmək istədikdə götürəcəkdir. Sonra sərt sultanlıq (zalım idarəçilər) dövrü gələcək və Allah istədiyi qədər davam edəcək, sonra Allah bunu götürmək istədikdə götürəcək. Sonra zalım sultanlıq (zorba idarəçilər) dövrü gələcək və Allah istədiyi qədər davam edəcək, sonra Allah bunu götürmək istədikdə götürəcəkdir. Sonra Peyğəmbərlik mənhəci əsasında Xilafət olacaqdır.” Sonra o susdu.
Müsəlmanların əvvəlki güc-qüdrətinə qayıdışı və öz amallarına nail olmaq üçün yer üzündən faydalanmaq imkanlarına sahib olması və hətta iqtisadi və kənd təsərrüfatı sahələrində parlaq gələcəyə sahib olması barədə gözəl müjdələrdən biri Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) aşağıdakı kəlamında verilir:
Beşinci: “Ərəb torpağı vahəyə (yaşıllığa) və çaylara dönmədikcə qiyamət qopan deyil.” Bu hədisdə xəbər verilən vədin gerçəkləşməsi istiqamətində ilk əlamətlər ərəb ölkələrinin bəzi yerlərində özünü göstərməyə başlayıb. Belə ki, Allah təala bu torpaqlara öz nemət və böyük lütfündən bol-bol yağdırıb-səhradan bol-bol su çıxır və Sabahı gözləyən üçün sabah heç də uzaq deyil.
Həmçinin, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) bu kəlamını da unutmaq lazım deyil: “Rəbbiniz ilə görüşənədək hər gələn vaxt digərindən daha pis olmadıqca qiyamət qopan deyil”. Elə isə bu hədis bundan öncə qeyd olunan hədislərin, eləcə də Mehdi barədə və İsanın (Ona Allahın salamı olsun) enməsindən bəhs edən digər hədislərin kontekstində başa düşülməlidir. Bu dəlalət edir ki, hədisi heç bir istisnasız başa düşmək doğru yanaşma deyil. Daha doğrusu hədis ümumidir və istisnaları var. Nəticə etibarilə, insanların bu hədisləri mütləq şəkildə başa düşməsinə səbəb olmaq caiz deyil, əks halda ümidsizliyə düşə bilərlər. Bu isə heç bir möminə yaraşan davranış deyil.
“Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” [Yusif 12:87]
Allahdan diləyim budur ki, hamımızı Ona sadiq iman gətirənlərdən etsin.
Şeyx Əlbani, Mənbə: Səhih Hədislər Silsiləsi (səh.6-8)
Əl-İstiqamə dərgisi, 2-ci Sayı-Səfər ayı 1417-ci il,
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 134 Bölmə: Maraqlı melumatlar