Hər şeyi Allah yaratdı, bəs (haşa) Onu kim yaratdı? – deyə sual verənlər olur. Bu xüsusu necə izah etmək olar?
Bu da tez-tez verilən suallardan biridir. Mən bu sualı Rəsulullahın (s.ə.s.) Peyğəmbərliyinin bir əlaməti kimi görür və qeyb haqda verdiyi xəbərlərin gerçəkləşməsi qarşısında boynumu büküb «Əşhədu ənnə Muhammədər-Rasulullah» deyib şəhadət edirəm. Bəli, Rəsuli-Əkrəm (s.ə.s.) Allahın şərəfli elçisidir. Qiyamətə qədər baş verəcək hər şeyi sanki, bir televizor ekranından seyr etmiş, görmüş və nə buyurmuşsa, doğru buyurmuşdur. Gələcəkdə baş verəcək hadisələr haqqında verdiyi hökmlər, söylədiyi şeylər o qədər yerli-yerindədir ki, vaxt-vədə çatdıqca hamısı hərfinə qədər doğru çıxır. Elə bu məsələ də onlardan biridir. Buyurur: (əslində, səhabənin ağlından belə bir şey keçməz) “Bir gün gələcək, ayağını ayağının üstünə aşıraraq – qürurlu, lovğa və təkəbbürlü halda və bütün məsələləri həll etmiş kimi – «Bunu Allah yaratdı, onu Allah yaratdı, bəs Allahın özünü kimi yaratdı?” deyəcəklər.
Mən bu sual veriləndə öz-özümə düşünüb «Əşhədu ənnə Muhamməd-ər Rasulullah» dedim. Bütün bunları necə də əvvəlcədən görmüsən və nə qədər doğru söyləmisən!... Nəfsi və qüruru fironlaşan, səbəbləri Allahın yerinə qoymaqda israr edən və hər şeyi səbəblərlə izah etmək istəyən insanların idraksızlığını, düşüncə səfalətini bundan daha gözəl ifadə etmək mümkün deyildi...
Əsl məsələyə gəlincə, bu da, inkarçılann ortaya atdığı suallardan biridir. Çox vaxt sadəlövh və inancda bərkiməmiş insanlar bu cür sualların altında qalıb əzilir. Bəli, onlar sonsuzluq anlayışını başa düşə bilməz; səbəblərin zəncir şəklində uzanıb getməsini və belə bir aldanışın bir şey ifadə edib-etməməsini əsla anlaya bilməzlər.
Buna görə də tərəddüd keçirər və Allahı da digər səbəblərdən biri sanarlar. Və sanki, Allahı bir səbəb meydana gətirir və Allah o səbəbin nəticəsidir. Bu, yanlış bir qənaətin nəticəsidir və onun da kökündə Yaradanın dərk edilməməsi dayanır. Allah Müsəbbibül-Əsbabdır, yəni səbəbləri yaradandır, səbəblərin səbəbkarıdır və Onun varlığının əvvəli yoxdur.
Bu günə qədər kəlam alimləri səbəblərin belə zəncir şəklində davam edib gedə bilməyəcəyini müəyyən üsullarla izah edərək Müsəbbibül-Əsbab olan Allahın varlığını isbat etməyə çalışmışlar. Onların bu mövzuda irəli sürdüyü fikirlərin xülasəsini bir-iki misalla izah etməyi faydalı hesab edirik. Kəlam alimlərinə görə, səbəblərin zəncir şəklində davam edib getdiyini düşünmək o səbəblərin mahiyyətini bilməmək və Yaradanı dərk etməməkdən qaynaqlanır. Bəli, əşyanın sonsuzdan bəri davam edən müəyyən səbəblər zəncirindən ibarət olduğunu ehtimal etmək doğru deyildir. Belə bir şeyi mümkün görmək açıq-aydın aldanmaqdır. Məsələn, deyək ki, yer üzündə bitkilərin cücərməsi hava, su və günəşdən asılıdır, hava, su və günəş də oksigen, hidrogen, karbon, azot və s. kimi bəzi maddə hissəciklərindən, bu maddə hissəcikləri də daha kiçiklərdən və onlar da onlardan kiçiklərdən ibarətdir. Bunun beləcə uzanıb getməsini güman etmək və əşyanın bu yolla izah ediləcəyinə inanmaq bir aldanış və xətadır. Üstəlik də, onların qarşısına antimaddə, antiatomlar çıxır və metafizika fizikaya qələbə çalırsa və bundan əlavə, bütün ilk və son səbəblər fövqəladə dərəcədə ahənglə və bir qanun, bir məmur, bir işçi kimi hərəkət edirsə, bu zaman çıxılmaz vəziyyət yaranır.
Bəli, «Bu bundan, o ondan, o da bundan... « demək, hər hansı bir məsələni həll etmək deyil, əksinə, hər şeyi çıxılmaz vəziyyətə salmaqdır. Çünki belə bir məsələni mümkün hesab etmək «Yumurta toyuqdan, toyuq yumurtadan...» düşüncəsinin həmişəlik davam edəcəyinə ehtimal vermə kimi bir həzəyana bənzəyir. Bu toyuq və ya yumurtanı Qüdrəti Sonsuz olan Əzəli bir Zatın əsəri hesab edəcəyimiz ana qədər iddialar həmişə istinadsız olacaqdır. Əksinə, bunlar varlığı özündən olan Uca Yaradana istinad edilincə, məsələ öz-özünə aydınlaşır. Bundan sonra isə, yumurtanın bir hüceyrə kimi yaradılması və ya toyuğun öz nəslini davam etdirmək üçün yaradılması və yumurtanın ondan çıxması məsələləri arasında heç bir fərq olmayacaq.
Bunu belə qəbul etməyib, “o ondan, o da ondan..” deməklə bir məsələni aydınlaşdırmaq mümkün deyil, əksinə hər sual cavabında bir neçə sual doğur. Məsələn, yağış buludla, bulud müsbət-mənfi hissəciklərlə, onlar buxarlanma ilə, o da suların mövcudluğu ilə və nəhayət, suyu əmələ gətirən ünsürlərlə... Beləcə səbəblər zənciri, bəlkə də, bir neçə addımdan sonra dayanar; Amma insan onun dayandığı yerdə yenə «belə də ola bilər, elə də» deyib özünü fərziyyələrin qoynunda hiss edər və bununla qane olmağa çalışar. Bu isə, hikmət əlinin fövqəladə nizam, ahəng çərçivəsində və bir-biri ilə münasibətdə yaratdığı bütün varlığı uşaq həzəyanları ilə izah etməyə çalışmaqla yanaşı, elmlərin üfüqünü və hədəfini qaraltmaq deməkdir. Halbuki, hər bir nəticə üçün mütləq məntiqli və ağlabatan bir səbəbə ehtiyac vardır. Məntiqsiz və ağlabatmaz səbəblərin uzanıb getməsini, bu uzanmanın bir “kəraməti” sayəsində məntiqli hala gələcəyini düşünmək qeyri-mümkünü mümkün görmə həzəyanından başqa bir şey deyildir.
İndi isə bu məqamı bir misalla izah etməyə çalışaq. Məsələn, mən arxa ayaqları olmayan bir stulda oturmuşam. Stul aşmasın deyə onu başqa bir stula söykəyirlər, onu da digər stula... beləcə davam edə-edə gedir. Bu hal zaman və məkanlara sığmayan rəqəmlərlə uzanıb getsə də, heç olmasa ən axırda arxa ayaqlı və yerə normal təmas edən bir şeyə söykənməlidir. Yoxsa məsələnin zəncirvari şəkildə uzadılması stula arxa ayaq ola bilməz.
Başqa bir nümunə: məsələn, bir «sıfır» rəqəmi təsəvvür edək. Bu sıfırın solunda bir rəqəm olmadan yanına istənilən qədər mücərrəd sıfır düzsək də, heç bir dəyər əldə etməyəcək, «sıfır» elə «sıfır» olaraq qalacaq. Trilyonlarla sıfır bir-birinin arxasınca sıralansa da, qiyməti yenə də «sıfır» olacaq. Amma elə ki, onun soluna bir rəqəm qoyulur, o zaman həmin sıfır solundakı rəqəmdən asılı olaraq dəyər kəsb edir. Yəni: bir şeyin müstəqil varlığı yoxdursa və öz-özünə mövcud (qaim) ola bilmirsə, özü kimi möhtacların ona varlıq bəxş etməsi və onun yaranmasında bir əsas, bünövrə olması mümkün deyil. Həmişə eyni şeyə möhtac və eyni məsələ qarşısında aciz olanların bir yerə toplanması sadəcə ehtiyacı və acizliyi artırır. Qaldı ki, məsələn, fərz edək ki, səbəblər yaradılışa müdaxilə edir. O zaman fizikanın sarsılmaz qanunlarından birinə görə, səbəblə nəticə arasında məntiqi və məqbul əlaqənin olması şərtdır. Buna görə də, məsələn, yer kürəsinin həyat üçün əlverişli hala gəlməsindən tutmuş ta insanın düşünən varlıq olmasına qədər – hər şeyə bir səbəb tapmaq, həm də məntiqi, uyğun, məqbul və həmin nəticəni verə bilən bir səbəb tapmaq lazım gəlir.
Halbuki, Yer kürəsinin hazırkı vəziyyətindən, yəni sürəti, günəşlə məsafəsi, atmosfer təbəqəsi, dövr etmə periodu, hikmətli mailliyi; atmosferi təşkil edən hər bir qazın əhəmiyyətliliyi və s. kimi xüsusiyyətlərdən tutmuş onun torpaq və bitki örtüyünə, dənizlərə və onlarda hökm edən sirli qanunlara, küləklər və onların yerinə yetirdiyi vəzifələrə qədər minlərlə, yüz minlərlə hadisə elə bir ahəng içində baş verir ki, bütün bunları kar və kor səbəblərə, sərsəri təsadüflərə həvalə etmək ağlın özünü inkar və ifşa etməsi deməkdir.
Bu məsələdə kəlam alimləri “dövr və təsəlsül” metodu ilə bütün səbəbləri təcrid edəndən sonra, bütün yaradılışı Müsəbbibül Əsbab olan Allaha həvalə edib, ardınca da hər şeyi «mümkinül-vücud» (yaradıla bilən) hesab etmiş, bütün səbəblərin istinadgahı olan Zata «Vacibül-Vücud» (varlığı mütləq vacib olan, olmaması mümkün olmayan, var olması üçün başqa bir şeyə möhtac olmayan) deyərək Tövhidə mənfəzlər açmışlar. Amma onların əldə etdiyi nəticəni daha rahat və asan yolla əldə etmək də mümkündür. Bəli, O İlahi möhürün, əlamətlərin Uca Yaradanın hər əsərində olması Onun varlığına bir deyil, minlərlə dəlildir. Elmlərin kainat sirlərinə işıq salmağa başladığı dövrümüzdə hər elm sahəsi öz dili ilə Onun varlığını elan edir və Onun mövcudiyyətini hayqırır.
Bu barədə bir çoxlarının qiymətli əsərləri ilə kifayətlənib mövzuya qayıdıram.
Bəli, Allahdan qeyri hər şey sonradan var olmuşdur. Var edən isə Allahdır. Allah Allah olduğu üçün yaradılmamışdır. Bütün yaradılanlar məxluq və möhtacdır. O isə, varlığı özündən olan və heç kimə möhtac olmayan Ğaniyyi-aləl-itlaqdır(Mütəq mənada ehtiyacsız). Hər şey Ona istinad etməkdə, bütün qaranlıqlar, izahsız görünən şeylər Onunla aydınlığa qovuşmaqdadır. Var edən O, varlığı davam etdirən O, verən O, alan O və məqsədə çatdıran da Odur. Ondan o yana bir şey yoxdur ki, Ona da bir səbəb axtarılsın!..
Bunu da yenə bir-iki bəsit örnəklə izah etməyə çalışaq: Məsələn, bədənimi ayaqlarım aparır, ayaqlarımı da yer. Artıq belə məntiqli və məqbul bir aparan, daşıyan tapandan sonra yeni səbəblər axtarmağa heç bir lüzum yoxdur. Həm də, məsələn, deyək ki, qatarın sonuncu vaqonunu önündəki hərəkət etdirir; onu da qabağındakı, onu da başqası, nəhayət, gəlib lokomotivə çatır. Bu yerdə lokomotivin özünəxas gücü, qüvvəti, qabiliyyəti, quruluşu və iş prinsipinə baxıb onun haqda «öz-özünə hərəkət edir» deyirik. Bu örnəklər Allahın yaratdığı əşyalardandır. Və ağlı aldanmış insanların yeni-yeni səbəblər uyduraraq lokomotivi dəyişdirməsi mümkündür. Daim lokomotiv dəyişdirsələr də ilişib qaldıqları nöqtəyə «Bu səbəblərin sonu» deyib sifətlərinə çırpacağıq.
Burada ağlı bulandıran digər bir məsələ də məhdud düşünən insanın «əzəl» məfhumunu qavraya bilməyib maddəni əzəli sanması, daha sonra da rəqəmlərə sığmayan bir keçmişdə mümkün görünməyən bəzi şeylərin olmasını ehtimal etməsidir.
Bir dəfəlik başa düşməliyik ki, «əzəl» zamanın sonu deyil, bir zamansızlıqdır, riyaziyyatdakı mənfi sonsuzluq kimi bir anlayışdır. Bütün trilyonlarla illik zaman əzəllə müqayisədə zərrəyə dəyməz. Halbuki, “səbəblər silsiləsində əsas olan maddənin bir başlanğıcı olmalıdır” məsələsi bu gün, demək olar, hər kəsə məlumdur və qəbul edilir. Elektronların hərəkəti, nüvə fizikasının sirləri, fasiləsiz radiasiya yayan günəşdə sirli proseslər və termodinamika qanununun kainat miqyasında cərəyan etməsi kimi minlərlə hadisə hər şeyin sonlu olmasına dair ulduzlar qədər böyük, günəşlər qədər parlaq dəlillərdır. Bu da həqiqətdir ki, bir şeyin sonu varsa, bir başlanğıcı da mütləq olmalıdır.
Demək ki, hər şeyin başlanğıcda var edilməsi Yaradanı göstərdiyi kimi, ölüb getməsi də Onun, yəni Yaradanın əvvəl və sonunun olmamasına dəlalət edir. Çünki başlanğıcı olanın bir gün son çatacağı təbii olduğu kimi, əvvəli olmayanın da sonunun olmamasıı zəruridir. Onun üçün də bizlər maddi olan və maddədən əmələ gələn hər şeyin bu gün var olsa da, sabah yox olacağını düşünürük. Ancaq kainatların tədricən əriyib getməsi, maddənin yavaş-yavaş tükənməsi zahirən çoxlarını aldadır və olduqca ləng və ahəstə cərəyan edir. Halbuki, yavaş-yavaş da olsa, qədimdən inkişaf edib genişlənən dünyalar bir gün yığılacaq, kiçiləcək və silinib gedəcəkdir. Bəli, maddə bu gün var olsa da, müəyyən pozitiv nəticələrdən də anlayırıq ki, getdikcə başqalaşır. İndi bunu yenə bir qatar misalı ilə izah etməyə çalışacağam:
Fərz edək ki, İzmirdən hərəkətə başlayan bir qatar 50-55 km. uzaqda olan Turqutlu istiqamətinə doğru gedir. Hərəkət zamanı qatarın sürəti saatda 55 km-dir. Buna görə də qatarımız bu məsafəni ancaq bir saata gedə biləcək. Tutaq ki, bu sürətlə yarım saat irəliləyən qatar yolun qalan hissəsində sürətini tam yarıya endirir. Deməli, yolun hələlik qət edilməmiş 27,5 km-lik məsafəsi qalmışdır ki, sürəti yarı-yarıya azaldan qatar bu 27.5 km-in ancaq yarısını yarım saatda qət edə biləcək. Bu sürətlə hərəkət edən qatarın yarım saat getdikdən sonra yenə sürətini yarıya endirdiyini düşünək: Geriyə qalan qismin yarısını da yarım saatda qət edə biləcək. Beləcə, hər yarım saatda bir sürətini yarıya qədər azaldan qatar, sanki, heç vaxt Turqutluya çatmayacaq. Amma bu düşüncə yanlışdır. Əslində məsafələr qət ediləcək və qatar stansiyaya mütləq çatacaqdır. Ancaq bu sürətlə hərəkət edilərkən insan elə düşünür ki, ora heç vaxt çata bilməyəcək.
Bunun kimi, maddə də parçalanmağa və dağılmağa doğru gedir. Bu bir neçə milyon il sonra da olsa, mütləq baş verəcək. Və Varlığı Özündən Olandan qeyri hər şey yox olacaq və hər şeyin sonu çatacaq, sadəcə, O qalacaq.
Nəticə olaraq deyə bilərik ki, Allah mütləq var və hər şeyin Yaradanıdır. Onun yaradıldığını düşünmək Yaradanı yaradılandan fərqləndirə bilməmə kimi bir düşüncə səfalətidir. Zavallı inkarçılar bu cür ürpərdici təsəvvürü ortaya atmaqla ağıllı görünməyə cəhd etsələr də, heç fərqinə də varmırlar ki, əslində ağla zidd hərəkət edirlər. Bəli, artıq bu gün bir nəfərin durub maddəyə əzəlilik donu geyindirməsi və Yaradanı inkar etməsi olduqca qəribə və düşüncəsiz iddiadır.
Belə ki, əşya və hadisələrə lazımınca nüfuz edə bilməyən bəzi materialistlər maddənin məruz qaldığı parçalanma və dağılmanın, atomun üzləşdiyi tükənmənin məna və nəticəsini də sezib dərk edə bilmir. Və düşüncələrində haqsız, ifadələrində yalançı olsalar da, bunu dərk edənə qədər bəzi saf düşüncəli insanları aldadatmaqda davam etməyə çalışacaqlar.
Məsələnin əsl həqiqətini bütün əşyanı elmi ilə əhatə edən Allah (c.c.) bilir.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 220 Bölmə: Maraqlı melumatlar