Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanım Səkinə Müsibəti: Hicrətdən 117 Il 4 Gün Sonr

Mədinə şəhəri. Hicri-qəməri ilə 117-cı il, rəbiül-əvvəl ayının 5-i.
117-cı il.
Yəni, əziz İslam Peyğəmbərinin (ə) Məkkədən Yəsribə hicrət etdiyindən 117 il keçib.
Yəni, Yəsribin Mədineyi-Münəvvərəyə çevrilməsindən 117 il keçib.

Rəbiül-əvvəl ayı.

Bu ayın hilalının hansı nurani düşüncələrə qərq olmasından, hicrət edən Rəsulun (s) yatağında ölümü qarşılamağa hazır olaraq uzanan Mövla Əlinin (ə) səhnəsindən necə vəcd tapdığını dillər söyləməyə və qələmlər yazmağa imkansızdır.


***

Bəqi qəbiristanlığı. Camaat nədənsə buraya yığışıb, saatlarla gözləyir. Yığılanlardan bəlli olur ki, dünyasını dəyişmiş sıradan bir insan deyil. Mədinənin nurani insanları hamısı bu gün buradadır. Alimlərin, ədiblərin də olması bəlli edir ki, fani dünyaya vida demiş Xanım – təqva və inanclılıq nümunəsi olmaqla yanaşı, elm və zövq əhlidir.

Amma nədən onu dəfnini yubadırlar ki?!


***

Rəbiül-əvvəl ayının 5-i - Həzrət İmam Hüseyn (ə) əziz-girami qızı Xanım Səkinənin (s.ə.) vəfat günüdür. Xanımın əsl adı Aminədir, anası Rübab tərəfindən Səkinə adlandırılmışdır. Əziz ata və anasının nurani tərbiyəsilə yanaşı, bibisi Həzrət Zeynəbin (s) tərbiyəsindən bəhrələnmişdir. Əziz qardaşı Həzrət İmam Səccadın (ə) nurani hüzurundan da öz növbəsində yetərincə bəhrələnmişdir.

Xanım Səkinə (s.ə.) kamillik zirvələrinin bütün istiqamətlərini fəth etmişdir. Təqva və tədəyyünü ilə yanaşı, yüksək elm, fəsahət və bəlağət sahibi idi.

Atası İmam Hüseyn (ə) onun haqqında buyurmuşdur: “Səkinə (s.ə.) Allah Təalada məhv və fənadır”.

Digər yerdə İmam (ə) buyurmuşdur: “O evi sevirəm ki, orada Səkinə (s.ə.) və Rübab ola”.

Xanım Səkinə (s.ə.) İmam Həsənin (ə) oğlu Abdullah ilə ailə qurmuşdur. Abdullah ibni Həsən Aşura günü Həzrət İmam Hüseynin (ə) rikabında şəhadət məqamına yetişmişdir.

Mərhum Nəmazinin hədis və rical sahəsində apardığı tədqiqatda Xanım Səkinə (s.ə.) ilə bağlı aşağıdakı təqdimat gəlmişdir:

“Səkinə (s.ə.) xanım - bəni-Haşimin əqiləsi idi və gözəl sirəyə (həyat yoluna) malik idi. O, fəzl və elm sahibi, zəngin hikmət və kəramət sahibi, kamil ağla, yüksək əxlaq keyfiyyətlərinə, ali və fəxr olunmalı məziyyətlərə malik idi. O, öz əsrinin sərvəri, ən gözəli, ən zərifi və ən əxlaqlısı idi. Səkinə (s.ə.) xanımın Kərbəla vaqiəsində 15 və ya 12 yaşı var idi ki, Kərbəlada şəhadətə yetişən əmisi oğlu Abdullah bin Həsənlə (ə) ailə qurmuşdu.”

Xanım Səkinə (s.ə.) quranşünas, fiqh üzrə mütəxəssis, hədis ravisi kimi öz elmi töfhəsini verməklə yanaşı, şeriyyat və ədiblikdə də yüksək bacarığa malik idi.


***

Xanım Səkinə (s.ə.), əcdadı Rəsulullahın (ə): “Quran daşıyıcıları Qiyamət günü behişt əhlinin sərvərləridirlər (başçılarıdırlar)” buyuruşunu atası İmam Hüseyndən (ə), o da öz növbəsində atası Əmirəl-möminin İmam Əlidən (ə) nəql etmişdir.

Xanım Səkinə (s.ə.) hicri ilə 117-ci ildə rəbiül-əvvəl ayının 5-də Mədinədə dünyasını dəyişmişdir.


***

Amma burada bir zikri-müsibət etməsək, bəhsin haqqını əda etməmiş olarıq. Görəsən nədən Hüseyncanımızın gül balası Həzrət Səkinənin (s.ə.) mübarək bədənini Bəqidə torpağa tapşırmağı yubadırlar?!

Görəsən niyə yeniyetmə yaşlarında Kərbəlada atasının şəhadətinə şahidlik edən bu nurani Xanımın torpağa tapşırılmasını günün əvvəlindən işa (xüftən) namazından sonraya qədər saxlayırlar?!

Vaqiə belə idi ki, Xanım Səkinə (s.ə.) dünyasını dəyişəndə, Mədinənin hakimi olan lənətlik bəni-Üməyyə nökəri olan vali xəbər göndərir ki, dəfni saxlayın, cənazə namazını özüm qılacağam. Amma bunu deyibən, özü zöhrdən öncə şəhərdən kənara çıxır, orada-burada gəzib-dolaşır və yalnız işa namazından sonra qayıdır. Bütün bu vaxtı hamı Bəqidə gözlənti halında və nigaran halda intizarda qalır. Axşam düşəndən sonra qayıdan hakim, yalnız bu vaxt cənazə namazını qılmağa icazə verir.

Beləcə bu lənətlik hakim, Xanım Səkinənin (s.ə.) dünya həyatındakı sərgilədiyi mövqenin “əvəzini çıxır”. Xanımın (s.ə.) Peyğəmbər (s) yolunun, vilayət xəttinin müdafiəsində göstərdiyi əzmkarlığın intiqamını öz aləmində beləcə alır. Amma Əhli-beyt (ə) yolçularını belə şeylərlə təəccübləndirməkmi olar...

Allahım, Səni and veririik Öz izzəti-cəlalına, bizləri bu Xanımı (s.ə.) tanıyanlardan və onun atasının yolunu gedib onunla məşhur olanlardan qərar ver!

Salam olsun sənə, ey İmam Hüseynin (ə) gül balası, Xanım Səkinə (s.ə.)!

Salam olsun sənə, ey Rübabın Səkinə adlandırdığı Aminə (s.ə.) xanım!

Salam olsun sənə, ey bibisi Zeynəbin (s.ə.) tərbiyəsini görmüş, gözəllik duyumu olan zərif xanım!

Salam olsun sənə, ey Kərbəla Şahidi, atası və həyat yoldaşı, əzizləri şəhid olan, əsirlər karvanın ulduzu Həzrət Səccadın (ə) bacısı (s.ə.)!

Salam olsun sənə, ey biz qəlbi qırıq Zəhra (s.ə.) yetimlərinin güvənəcəyi, Rüqəyyənin (s.ə.) bacısı!

Salam olsun sənə!

Hacı İlqar İbrahimoğlu


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 132 Bölmə: Maraqlı melumatlar
loading...