Ayişə deyir: ““Nur” surəsi nazil olandan sonra mühacir qadınları yun geyimlərini yenidən biçərək, başlarını və boğazlarını örtdülər”.
Ummi Sələmə də nəql edir ki, “Əhzab” surəsində geyim haqqında ayə nazil olandan sonra ənsar qadınları evlərindən qara geyimlərlə çıxırdılar.
Hədislərdə görürük ki, Həzrət Peyğəmbər (s) geyimin həddini müəyən etmişdir. İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “O qadın ki, həddi-büluğa çatmışdır, rəva deyildir ki, başını və saçlarını açıqda qoysun”.
Hədilsərin birində Peyğəmbərimiz (s) səhabələrindən birinə tövsiyə edir ki, həyat yoldaşı hicab üçün astardan istifadə etsin ki, görünməsin.
Hədilsərin birində oxuyuruq ki, Peyğəmbər (s) nazik hicab taxan Əbubəkrin qızı Əsmaya xitab edərək, buyurur: “Ey Əsma! Qadın həddi-büluğ çağına çatanda, üzü və əllərindən başqa qalan yerlərinin açıqda olması caiz deyildir”.
İsmət və iffət elə xüsusiyyətlərdir ki, insanın batininə aiddir. İffət deyən zaman qadın yada düşür, kişi deyil. Çünki kişilər daha çox zahiri xüsusiyyətlərlə rabitədədir, qadın isə batini. Həmin bu şərəfli iffət məqamı da qadın üçün hicab kimi tərənnüm olunmuşdur. Bu hicab həqiqətdə qadının Allahın sifətinə malik olmasıdır. Çünki Allah da hicablıdır. Belə ki, Özü buyurur: “Yeddi min hicab arxasından Məni görərlər”. Əgər bu ədədlərin sayını artırsaq, yenə də haqlı olarıq. Din əgər qadına deyirsə ki, hicabına riayət et, bu qadına qoyulan bir ehtiramdır. Bəli, bu hicab Haqqın hicabından götürülmüşdür. Hicab qadının qalasıdır. Allah buyurur ki, Mən o qədər hicablıyam ki, nə qədər səy etsəniz də Mənim qeyb zatımın həqiqətini görə bilməzsiniz. Nə qədər bu hicabları dağıtmaq və xarab etmək istəsəniz belə yenə də Məni gərək hicab arxasından görəsiniz. Mən heç bir zaman tamamilə kəşf edilmirəm. Hətta Quran belə Zatımı tam kəşf etməmişdir.
Quran Allahı bizə sözlərlə, mənalarla təsvir etmişdir. Həm sözlər hicablıdır, həm də mənaları. Allah özünü həmişə hicab arxasından tanıtmışdır.
İsmət və iffətin ən ali məqamı Fatimeyi-Zəhrada (s.ə) təcəlli etmişdir. O qədər hicabına riayət edərdi ki, onu ancaq Əmirəl-möminin (ə) görə bilirdi. Ona deyirdilər: “Ey Zəhra! Əgər Əli ibni Əbitalib (ə) olmasaydı, bu aləmdə sənə tay tapılmazdı. Çünki qadınla kişi bir-birinə tay olmalıdır”.
Allahın xanımlar üçün vacib buyurduğu bu əmri layiqincə yerinə yetirək ki, Qiyamət günü anamız Fatimə (s.ə) bizə görə xəcalət çəkməsin.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 125 Bölmə: Maraqlı melumatlar