Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Son məktub

Gözlənən məktub
İnsan dünyada sosial bir varlıq kimi yaşayır. Həmişə özünə dayaq axtarır. Bu, bəzən bir təbəssüm, bəzən bir söz, bəzən bir nəsihət, bəzən də bir həyat yoldaşlığında əksini tapır.

Sözsüz ki, hamı həyatda şad xəbər eşitmək və xoşbəxt olmaq istəyir. Ona görə də kimdənsə daim bir məktub gözləyir. Onu tanıdığını, saydığını, qoruduğunu ən mühümü də sevdiyini söyləyən bir məktub...

Vətənin keşiyində duran əsgər üçün həsrət qoxulu iki sətir məktubun nə demək olduğunu bilirsənmi?...

Çörək dalınca qaçaraq illərini qürbətə vermiş bir atanın, övlad-əyalından aldığı məmləkət qoxulu məktubun nə qədər mənalı olduğunu hiss edə bilirsənmi?

Öz ev-eşiyindən uzaq düşüb elm dalınca gedən balanın, ata-ana qoxulu bir məktubu necə gözlədiyinə heç şahid oldunmu?

Bəli, gözlənən məktub, özlənənlərdən daşıdığı xəbər nisbətində dəyərlidir.

Hər məktub bir ümid, bir yar, bir diyar deməkdir.

Sevgililərin sevgisi onların məktubunda əks edər.

Biz, əslində elə xoşbəxt insanlarıq ki, məktubumuz sevimlilərin ən sevimlisindən, bizi bizdən yaxşı biləndən gəlib. Bizi ən çox sevən, bizə ən çox dayaq duran, daim pənahında saxlayan, bütün nemətləri bəxş edən... Baxmasaq da baxan, saymasaq da sayan, getməsək də gələn, verməsək də verən... Bizi bizdən çox sevən, bizə qarşı sevgisini hər zərrədə bəlli edən... Yoldan azsaq da, qaydanı pozsaq da istədiyimizi verən; alçalsaq da, yüksəlsək də arzumuzu yerinə yetirən; varlıqda da, darlıqda da dadımıza çatan; bizi, bizə, ata-anamıza, cəmiyyətə sevdirən, ağlımızı, sifətimizi, xasiyyətimizi bizə sevdirən, bir sözlə bizi əvəzsiz və təmənnasız sevən!...

Bəli, bir məktub gəldi, elə bir məktub ki, göndərən Allah (Cəllə Cəlaluh), göndərilən Qurani-Kərim, çatacağı ünvan isə Həzrəti Mühəmməd (səs) və Ümməti-Mühəmməddir.

Son məktub

Hər şeyin bir ərsəyə gəlmə şəraiti olmalıdir, o cümlədən məktubun da. Hər şeyin bir səbəbi var, o cümlədən iki sətir yazının da. Hər şeyin bir göndərəni var, o cümlədən sevginin də.

Məktubların hamısı qiymətlidir. Ancaq son məktub bambaşqadır; son duyğular, düşüncələr, hisslər və sevgilər onda saxlanır. Son halın əhval və xatirələri öz əksini onda tapır.

Sizə gələn son məktubu yada salın. Ondan sonra gələn olmadığı üçün, onu, daim oxuyarsınız. Sizin üçün o, həmişə təzədir. Çünki yaranıza məlhəm olacaq axırıncı duyğular ondadır. Bir yenisi gələnə qədər o, öz təzəliyini qoruyub saxlayır. Yenisi gəlməsə onu daim saxlayar, təkrar-təkrar oxuyar və qoxlayarsınız. Çünki onda sizin üçün çox əziz olan xəbərlər vardır. O, sizin yaralı ürəyinizə dərman olur. Sağalmaz həsrətinizə onda vüsal və ümid çırağı vardır.

Məktubun qiyməti onu göndərəndən və göndərilmə məqsədindən asılıdır. Elə məktub var ki, kədərləndirir; elə məktub var ki, sevindirir, elə məktub da var ki, düşündürür.

Qurani-Kərim

O, yer üzündə ən çox oxunan, ən çox əzbərlənən, ən çox yazılan və ən çox çap edilən kitabdır.

Hər bir müsəlmanın evində olması və oxunması vacib olan Qurani-Kərim elə bir kitabdır ki:

Hafizlər onu əzbərləyir, müfəssirlər onu izah edir, fiqhçilər ondan halal-haramı açıqlayır, vaizlər ondan gözəl misallar çəkir, xəttatlar onu yazaraq sənətdəki hünərlərini ortaya qoyur, ədəbiyyatçılar onun bəlağətindən faydalanırlar. Ariflər və Allahın saleh qulları onun yolu ilə gedib xoşbəxtliyə qovuşurlar…

Maddi sərvətin əsiri olanlar, Quranın səsinə qulaq verib ona tabe olsalar, bir-birləri ilə münaqişədən uzaqlaşar; xoşbəxtliyə qoşularlar.

Həyatı zəhərləyən məkrli istəklər, xain əməllər, çirkin arzular, pis niyyətlər, Quranın şirin səsi önündə yox olub gedər.

Həzrət Əli (ra) deyir ki, mən Rəsulullahın (səs) belə buyurduğunu eşitdim:

"İrəlidə qaranlıq gecə parçaları kimi fitnə olacaq.

Ya Rəsulallah! Ondan qurtuluş nə ilədir?-dedim.

Buyurdu ki:

Allahın kitabı ilədir.

Onda Sizdən əvvəlkilərin qissələri var,

Sizdən sonrakıların xəbərləri var,

aranızdakının hökmü var.

O, ara düzəldəndir, hakimdir.

Kim mərhəmətsizlik və qəddarlıq göstərərək onu tərk edərsə, Allah onun belini qırar.

Kim, Ondan başqa yerdə hidayət axtararsa, Allah onu çaşdırar.

O, Allahın sağlam və güclü ipidir.

O, açıq bir nurdur.

O, zikri-hakimdir, doğru yoldur.

Onunla arzular çaşmaz,

dillər dolaşmaz,

qarışıqlığa məruz qalmaz,

görüşlər parçalanıb dağılmaz.

Alimlər Ondan doymaz,

müttəqilər Ondan usanmaz, bezməz.

.....

Onun elmini bilən, irəli gedər,

Onunla söyləyən doğru söyləyər,

Onun yoluna əməl edən mükafat görər.

Onunla hökm verən ədalətli olar.

Ona dəvət edən doğru yoldadır. (Tirmizi)

İçində yaş, quru hər şeyin mövcud olduğu Qurani-Kərimin qoyduğu bu əsaslar hər bir insan üçün nə qədər də vacibdir:

1. Əqidələri zəlalətdən xilas edir.

2. Vicdanları təzyiqdən qurtarır.

3. Allah ilə qulu arasına başqalarını girməyə qoymur.

4. Çox mükəmməl ibadət şəklini təlim edir.

5. Haqqı batildən ayırır.

6. İnsanlar arasında tam bərabərlik qurur.

7. Qul haqqını qoruyur.

8. İrq fərqlərini aradan qaldırır.

9. Bütün insanlığın birliyini elan edir.

10. Təfəkkür yolu ilə Allahın qüdrət və birliyini anladır.

11. Dünya nemətlərindən insancasına faydalanmağı öyüdləyir.

12. Daha yaxşı bir həyat yaşamağın yolunu göstərir.

Məktubumuzu oxuyaq

İnsanın Allah qatındakı yerini bilmək üçün dünyadakı məşğələsinə baxmaq kifayətdir.

Ən müqəddəs arzu və ən ulu istəyimiz ki, Rəbbimizin razılığını qazanmaqdır, onda gəlin bu həmişə təzə, əzizdən əziz məktubumuzu tez-tez oxuyaq.

Uca kitabımız Rəbbimizin bizə ən gözəl məktubudur. Heç vaxt köhnəlməyən, dəyərdən düşməyən bu ilahi məktubla maraqlanmaq-öyrənmək, öyrətmək, ya da bu barədə köməkçi olmaq bizim əsl məşğələmiz olmalıdır.

Heç vaxt yaddan çıxarmayaq ki, “Ona əməl edən ucalır...”


Tarix: 07.06.2013 / 20:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 372 Bölmə: Maraqlı melumatlar
loading...