İslam, insanların həm dünya və həm də axirət məsələlərini qoruyan bir dindir. Elə buna görə də insanın fitrətinə, bəşər xüsusiyyətinə və təbiətinə uyğun olan qanunlar müəyyənləşdirmişdir. İslamın ailə haqqında qanunları barədə dediklərimiz daha asanlıqla aşkar ediləcəkdir.
Birinci: Evlənmək:
Ərəb dilində evlənməyin mənası bağlanmaq və birləşmək mənasındadır. Şəriət termini olaraq onun mənası: "Şəriətin qanunlarına uyğun olaraq ər ilə arvadın qanuni nikah bağlılığı" – deməkdir.
Şəriətin bir çox dəlilləri nikahlanmanın bir qanun olmasını isbat edir.
Allah taala buyurur:
"Halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın!..." (ən-Nisa: 3)
"(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin...." (ən-Nur: 32)
Peyğəmbər (sav) buyurmuşdur:
"Nikah mənim Sünnəmdəndir (yolumdandır). Kim mənim Sünnəmə (yoluma) əməl etməsə məndən deyildir. Evlənin! Mən qiyamət günü sizinlə digər ümmətlərdən çox olacağam. Kimin imkanı varsa evlənsin. İmkanı olmayan isə oruc tutsun. Həqiqətən oruc tutmaq onun dərmanıdır"(İbn Macə: 1\ 592\ ? 1846. Albani "Səhihul Cami" kitabında hədisin səhihliyini qeyd etmişdir ? 6807.)
Evlənmək Allahın bəndələrinə bəxş etdiyi böyük nemətdir. O, bütün peyğəmbərlərin və elçilərin sünnəsidir. İslam dini evlənməyin əzəmətinə və şərəfinə çox böyük əhəmiyyət vermişdir. Quranın bir çox ayələrində və hədislərdə onun gözəl səmərəsi və faydasını təkidlə qeyd etmişdir. Evlənməyin fərdə, cəmiyyətə və millətə kütləvi şəkildə faydaları vardır və onlardan:
1.Evlilik insan nəfsinə rahatlıq verir. İnsanın öz cinsindən ər arvad edilməsi, onların arasında mehribançılıq və ülfət olması Allah taalanın insanlara bəxş etdiyi ən əzəmətli nemətlərdən biridir.
Bu haqda Allah taala buyurur:
"Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!" (ər-Rum: 21).
2. Evlilik, namus qeyrəti qorumağın və fahişəlikdən uzaq olmağın ən gözəl yoludur. Beləliklə, evlənən insan öz ehtirasını söndürmək üçün səhv yol tutmaz. Abdullah İbn Məsud (r) Peyğəmbərin (sav) belə buyurduğunu rəvayət edir:
"Ey cavanlar toplusu! Evlənməyə imkanı olanlar evlənsin. Çünki evlilik (yad qadınlara) gözlə baxmağın qarşısını alır və cinsiyyət orqanlarını mühafizə edir. Evlənməyə imkanı olmayan oruc tutsun. Həqiqətən oruc tutmaq onun dərmanıdır"(Buxari: 9\ 106\ ? 5065. Müslim: 2\ 1018\ ? 1400.)
Kişi şərəfli üsulla, evlənməklə öz ehtirasını təmin edir. Evlilik insanın abrını qoruyur və cinsiyyət orqanlarını natəmizlikdən mühafizə edir. Həmçinin o, hər bir sağlam insanın fitrətinə yazılmış ehtiras hisslərinin qarşılığını ödəyir.
İslam dini fitrəti və şəriəti ilə ehtiras hisslərini nə tam həbs etməmiş, nə də onu özbaşına tərk etməmişdir. Əksinə İslam şəriəti bu hissiyyatları iqrar edir və onu düzgün istiqamətləndirir. Həmin hissiyyatları halal və gözəl yolla, evlənməklə ödəməyi təkid edir. Elə bu baxımdan İslam şəriəti insanı heyvandan fərqləndirməklə onu alicənab edir.
3.Evlənmək nəsil törətmək üçün vasitədir. Övlad dünya həyatının gözəl nemətlərindəndir. Övladı sevmək və onları artırmaq insanın təbiətindədir. Həmçinin insan öz nəslinin yaşamasını və daimi qalmasını istəyir. Deyilənlərə nail olmaq üçün ən gözəl və təmiz vasitə evlənməkdir.
Bu haqda Allah taala buyurur:
"(Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (oğullar) bu dünyanın bər-bəzəyidir..." (əl-Kəhf: 46).
"Allah sizin üçün özünüzdən (Adəm və Həvvadan, yaxud öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr əmələ gətirdi, pak (halal) nemətlərindən sizə ruzi verdi...." (ən-Nəhl: 72).
4.Evlənmək ailələr arasında bağlılığa və cəmiyyətdə mehribançılığa səbəb olur. Bir ailə digər ailə ilə kürə¬kənlik qohumluğu bağlayır və beləcə bütün ailələr qohum olur və nəticədə həmin cəmiyyət bir ailəyə çevrilir.
Bu haqda Allah taala buyurur:
"İnsanları sudan (nütfədən) yaradan, onları (bir-biri ilə) əsl qohum (qan qohumu) və sonradan qohum edən Odur..." (əl-Furqan: 54).
5.Qanuni evlənmək insanın nəsl-nəcabətini və cəmiyyətin əsası sayılın ailəni qoruyur. Həmçinin evlilik cəmiyyətdəki insanları bir-birlərinə dayaq edir.
Bu haqda Allah taala buyurur:
"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!" (ən-Nisa: 1).
"Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır." (əl-Hucurat: 13).
Əgər kişi ilə qadının evlənməsi qeyri qanuni (qeyri şəri) edilsə onda insanla heyvanın doğmasında və nəsil törəməsində heç bir fərq olmaz. Uşaq doğular atasının və ya anasının kim olduğunu tanımaz. Ata anasını itirən uşaq deməli öz qardaşını, bacısını, dayısını, əmisini, bibisini, xalasını və s. i.a. da itirmişdir. Belə halda həmin uşaq insana təsəlli verən və onu sevindirən adlardan məhrum qalır.
6.Şəriətə uyğun qanuni evlilik insanın nəsli-nəcabətini qoruyur və hər bir fərdi digərinə qarşı məsuliyyətli edir. Demək, hər bir kəs şəriətə uyğun evlilik nəticəsində öz atasını, anasını, qardaşını, bacısını, əmisini, dayısını, bibisini və xalasını tanıyır. Onların hər birinin hüquqları olduğu üçün həmin adam boynuna düşən məsuliyyətini dərk edir.
Abdullah İbn Ömər (r0 Peyğəmbərin (sav) belə buyurduğunu rəvayət edir:
"Sizin hər biriniz məsuliyyətlisiniz. Və tabeçiliyinizdə olanlara görə də məsuliyyət daşıyırsınız. İnsanlar üzərində rəhbərlik edən adam məsuliyyətlidir və onlara görə də məsuliyyət daşıyır. Kişi öz ailə üzvləri üzərində məsuliyyətlidir və onlara görə də məsuliyyət daşıyır. Qadın öz ərinin evi və uşaqları üzərində məsuliyyətlidir və onlara görə də məsuliyyət daşıyır. Kölə öz ağasının malı üzərində məsuliyyətlidir və ona görə də məsuliyyət daşıyır. Həqiqətən sizin hər biriniz məsuliyyətlisiniz"(Buxari: 9\ 299\ ? 5200. Müslim: 3\ 1459\ ? 1829.)
Hər bir insanın ona məxsus hüquq və məsuliyyəti vardır. Bu hüquqları sahiblərinə çatdırmaq və məsuliyyəti dərk etmək üçün mütləq iki şəxs arasında sıx rabitə olmalıdır. Bunu bilməyin yeganə yolu isə öz nəslini tanımaq və qorumaqdır. Nəslin qorunması isə yalnız şəriətə uyğun (qanuni) evlilik vasitəsi ilə mümkündür.
7.Düzgün nikah dinin və İslam ümmətinin qorunmasında çox böyük əhəmiyyət daşıyır. Çünki evlənmək, Allaha ibadət edən bəndələrin yaradılması üçün halal vasitədir. Ona görə də evlənmək üçün seçim etdikdə din xüsusiyyətinə daha çox üstünlük vermək lazımdır.
Peyğəmbər (sav)evlənmək üçün seçim etmək istəyənlərə nəsihət olaraq buyurmuşdur:
"Dini xüsusiyyətə üstünlük ver! Xeyrə çatarsan"(Buxari: 9\ 132\ ? 5090. Müslim: 2\ 1086\ ? 1466.)
Əgər nikah dini xüsusiyyət əsasında bağlanarsa, dünyaya gələcək yeni nəsil çox gözəl bir nəsil olar. Öz nəfsində Allahın dinini qoruyar, ailəsində yaxşılıqları əmr etmək və pisliklərdən çəkindirməklə dinini mühafizə edər. Həmçinin dinini qorumaq üçün düşmənlərinə qarşı Allah yolunda cihad edər. İslam cəmiyyətində mömin nəsil artdıqca ümmət özünü daha da arxayın hiss edər.
8. Evlənmək, ərdə kişilik, arvadda isə qadınlıq xüsusiyyətlərini təkmilləşdirir. Çox xüsusiyyətlər ailə həyatı qurduqdan sonra təkmilləşir. Məsələn, ər ilə arvadın bir-birlərinə qarşı hiss etdikləri ülfət, atalıq və analıq hissləri, nəvaziş və nəzakət hissləri, ərlə arvad arasında olan əlaqələrin təkmilləşməsi. Hər iki tərəfin ailə çərçivəsində öz boynuna düşən məsuliyyəti dərk etməsi. Kişi ailənin ehtiyaclarını ödəmək üçün özünü ciddi işə vurur, qadın isə evində səliqə-səhman yaratmaq və övladları düzgün, cəmiyyət üçün yararlı şəkildə tərbiyə etmək üçün əlindən gələni edir... bütün bunlar insan həyatını əks etdirən gözəl və qiymətli ailə həyatının nəticələridir.
9.Evlənmək cəmiyyətin təkmilləşməsi və inkişafına bir səbəbdir. Ona görə ki, o, insanın yer üzərində ən gözəl şəkildə çoxalmasına və qalmasına bir vasitədir.
Bu haqda Allah taala buyurur:
"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!..." (ən-Nisa: 1).
"Allah sizin üçün özünüzdən (Adəm və Həvvadan, yaxud öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr əmələ gətirdi,..." (ən-Nəhl: 72).
Bütün insanların evlənməkdən imtina etdiklərini fərz etsək, yer üzündən insaniyyətin silindiyini və əvəzində heyvaniliyin yayılmasının şahidi olarıq. Bu isə, dünyanın korlanması və xaraba qalması deməkdir.
10.Evlənmək, ruzinin bərəkətlənməsi üçün bir səbəbdir. Uca Allah bu haqda Öz kitabında belə buyurur:
"(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!" (ən-Nur: 32).
Allah taala bol ruzi və bərəkət sahibidir. Onun lütfü çox genişdir. O, insanları evlənməyə və evləndirməyə təşviq etmiş, əməlisaleh evlənənlərə kasıblıqdan sonra bol ruzi vəd etmişdir. Allahdan daha doğru danışan varmı!
11.Evlənmək, insanı bir çox bədən və əxlaq xəstəliklərindən mühafizə edir. Ona görə Allah taala Öz kitabında evli adamı qorunan adlandıraraq buyurur:
"Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi...." (ən-Nisa: 24).
"İffətini qoruyub saxlayan, zinakarlıq etməyən ..." (ən-Nisa: 25).
Ərəb dilində İffətli qadına "Muhsan" deyilir. Bu sözün lüğəti mənası: qala divarları arxasında qorunan - deməkdir. Həmçinin evlənən adam da, bu işlə sanki özünə belə bir qala inşa edir və onunla əxlaqını, bədənini və s. qoruyur.
Həmçinin Allah taalanın həm kişiyə və həm də qadınlara verdiyi cinsi şəhvət uzun müddət həbs edilərsə, bunun bədəndə və s. çox pis fəsadları ortaya çıxar. Millət qəzetinin 1959\ 06\ 06 tarixində yaydığı məlumatda BMT-ın qərarı haqqında belə deyilir: "Kişi və qadınlar arasında subay, evlənib boşanmış və ya dul olmasından asılı olmayaraq, evli adamlar subay adamlardan daha çox yaşayırlar... Evli olmayanlara nisbətən, evlilər arasında olan, müxtəlif yaşları əhatə edən ölüm fərqləri daha azdır". Buna əsasən demək olar ki, evlənmək həm kişi, həm də qadınların sağlamlıqlarına eyni səviyyədə xeyirdir.
12. Evliliyin faydaları yalnız dünya həyatını əhatə etmir, hətta ölümdən sonrakı həyata da şamil olunur. İnsan öldükdə özündən sonra onun üçün dua edən əməlisaleh zürriyyət qoyub gedərsə bu Allahın rəhmətinə nail olmaq, axirətdə savab qazanmaq üçün bir səbəb olar. Əbu Hureyrə (r) Peyğəmbərin (sav) belə buyurduğunu xəbər verir:
"İnsan vəfat etdikdən sonra yalnız üç əməldən: daimi qalan sədəqə (xeyirxah iş), öyrətdiyi faydalı elm və ya onun üçün dua edən əməlisaleh övladdan başqa, onun bütün əməlləri kəsilir"(Müslim: 3\ 1255\ ? 1631.)
13. İslam şəriəti evlənməyi qanuniləşdirmiş və müsəlmanlar üçün evlənməyin hökmlərini, şərtlərini, əsaslarını açıq-aşkar göstərən bir qayda yaratmışdır. Müsəlmana daimi və ya müvəqqəti evlənməsi qadağan olan qadınları təyin etmiş, evlənməsi halal olan qadınları açıqlamışdır. Onlara, həqiqi evliliyi batil evlilikdən ayırd etmək üçün qiyamət gününə qədər qalan və heç bir ölkədə dəyişməyən ümumi qayda-qanunlar buyurmuşdur. Bu, Allah taalanın İslama və müsəlmanlara verdiyi xüsusi özəllik və nemətdir. İslamda gördüyün bu qanunları, başqa dinlərdə belə açıqlama və təfsilatla görməzsən.
Xülasə: İslam şəriəti evlənməyi qanun etməklə insana çox böyük bir xeyirxahlıq və yaxşılıq etmişdir. Çünki bu işdə insanın dünyası və axirəti üçün çoxlu məsləhət və xeyir vardır. Allah taala evlənməyin faydalarını çox qısa və mənalı cümlədə bəyan etmiş və buyurmuşdur:
"Onlar (qadınlarınız) sizin, siz də onların libasısınız. ..." (əl-Bəqərə: 187).
Paltar insanın bədənini qoruduğu və onu isitdiyi kimi, evlilik də hər iki tərəfin bir-birlərini onların əxlaqına, namuslarına, şərəflərinə, bədənlərinə pis təsir edən bütün naqisliklərdən uzaqlaşdırır və qoruyur.
Tarix: 08.05.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 475 Bölmə: Maraqlı melumatlar