- Hazırsanmı?
- Nəyə?
- Nəyə olacaq, “Sevgililər gününə”. İnanmıram, sevgilinə hələ hədiyyə almamısan?
- Çox sağ ol. Yaxşı ki, xatırlatdın. Tamam yadımdan çıxmışdı.
Bu günlərdə gənclər arasında bu cür dialoqların şahidi oluruq.
Artıq fevral ayındayıq. Ayın ortalarına doğru gəldikcə bu günlərdə çevrəmizdə bir canlanma hakim olur - “Sevgililər günü” yaxınlaşır. Hamı bayramı qeyd etməyə hazırdır. Vitrinlər, küçələr, mahnılar, ürək şəkilli şarlar. Bu gün kim daha çox sevdiyini göstərəckdir. Əllər ciblərə girir. Kimi daha çox pul verir, kimisi hədiyyə... Əslində kimlər qazanacaq? Təbii ki, ən başda gülsatanlar, kosmetika sektoru, şirniyyat dükanları, geyim dükanları, restoranlar... Zavallı insanlar da bir-birindən geri qalmamaq üçün pullarını israf edərək “sevgilərini” sevdiklərinə göstərməyə çalışır.
Bir az keçmişə dönək. Bu gün haradan gəlib?
Sevgilər gününün başlanğıc tarixi qədim Roma imperatorluğuna qədər uzanır. Qədim Romada 14 fevral günü bütün Roma xalqı üçün önəmli bir gün idi. Çünki bu gündə Roma “tanrı”larının kraliçası olan Junoya duyulan hörmətdən dolayı tətil olardı. Juno həm də Roma xalqı tərəfindən qadınlıq və evlilik “tanrı”sı olaraq da bilinirdi. 15 mart tarixində isə Luperkalia bayramı başlayırdı.
Bu bayram, xalqın gəncləri üçün böyük önəm daşıyırdı. Hansı gənc oğlanın hansısa bir qızla bir yerdə olacağı Luperkalia bayramında bəlli olurdu.
Romalı gənc qızlar adlarını kiçik bir kağıza yazıb bir qabın içərisinə atırdılar. Oğlanlar isə oradan adlardan birini götürərdilər. Beləliklə də, bu bayramı adı kağızda yazılan həmin qızla bir yerdə keçirərdilər. Bir yerdə olan gənclərdən bir çoxları bayramdan sonra ailə qurardılar.
Roma imperatoru 2-ci Kladius Romanı öz qanunları ilə idarə edən zalım bir hökmdar idi. Ordusu üçün savaşan əsgər tapmaq onun üçün ən böyük bir problem idi. İmperatora görə, buna səbəb romalı kişilərin sevdiklərini və ailələrini tərk etməmək istəkləri idi.
Buna görə də, o, Romadakı bütün evlilikləri ortadan qaldırdı. Valentin də o zaman Romada yaşayan bir rahib idi. Özü kimi bir rahib olan Marius ilə birlikdə, imperatorun qadağasına baxmayaraq, gəncləri evləndirməyə gizlicə davam edirdilər. Bir müddət sonra imperatora bu xəbər gəlib çatır. Gəncləri evləndirdiyinə görə Valentin həbs edilir və sonra öldürülür. Miladdan sonra 269-cu il 14 fevralında Valentinin dəfni olur. Bu ərəfədə bütpərəstlər Romada fevral ayında öz “tanrı”ları üçün qeyd edilən Luperkalia bayramını keçirirdilər.
Xristian kilsəsinin ilk qurulduğu dövrlərdə xidmət edən rahiblər, bu mərasimlərdən, xüsusilə də evlənməmiş gənclərin bütpərəstlərlə birlikdə xatırlanmasından rahatsız olduqları üçün bir çıxış yolu tapdılar. Luperkalianın başladığı günü “Valentin günü” olaraq bayram etməyə başladılar.
Necə idi, hekayə xoşunuza gəldimi? Ölkəmizdə bu günün qeyd olunmasının dini baxımdan heç bir əsası yoxdur. Bu, sadəcə ticarət xatirinə edilən bir oyundur. Önəmli olan nə siz, nə sizin sevginiz, nə “Müqəddəs Valentindir”. Önəmli olan sizin bu gün nə qədər çox pul xərcləməyinizdir. Kapitalist sistemi çarxının bu günlərdə nə qədər coşqulu firlanmasına bir baxın. Bütün alış-veriş mərkəzləri hədiyyə seçmək üçün əlləşib vuruşan insanlarla dolu olur. Bilərəkdən bu günü insanların düşüncələrinə elə yeridiblər ki, artıq insanlar bu günün vazkeçilməz olduğunu düşünürlər. Fırlanan bu çarxda sizin sevginizin yeri haradır görəsən? Çarxda yer alan sevginizdir, yoxsa sevginizi göstərmək üçün cibinizdən çıxan pul?
Bu günü qeyd edən insanların çox hissəsi bu bayramdan xəbərsizdilər. Təəssüflər olsun ki, hazırda bu bayrama qarşı olmaları gözlənilən müsəlmanların da fərqli davranmadıqlarının şahidi oluruq.
Müasir dünyanın oyunlarına aldanan, əllərində qırmızı güllərlə yoldaşlarını təbrik etməyə tələsən müsəlman kişilər!
Bu gün xatırlanmalarını istəyən ancaq təbrik edilmədikdə yoldaşına qarşı kobud davranan müsəlmanlar xanımlar!
Bir müsəlmanın bu bayramda mövqeyi bəlli olmasına baxmayaraq, təəssüflər olsun ki, bu düşünülmüş oyun qarşısında dinimizə qətiyyən aid olmayan bu bayramı müvəffəqiyyətlə keçirməyə davam edirsiniz. Bunun da əsas səbəbi dinimizi lazımi səviyyədə biliməməkdir. Gəlin bu günlərdə qarşımıza çıxan, bilərəkdən bu gün üçün hazırlanmış, oyunun bir parçası olan, gözəl sevgi sözlərinə, qiymətləri iki qat qaldıran gül satıcılarına aldanmayaq.
Peyğəmbər (s.a.s) müsəlmanlara kafirlərin adət-ənənələrinə əməl etməyi qadağan etmişdir. Ona görə ki, onlara zahirən oxşamaq - onların mənəvi dəyərlərini qəbul etmək və onların batil əməllərinə razılıq etmək deməkdir.
Əbu Davud ibn Ömərdən rəvayət etmişdir ki, Peyğəmbər (s.a.s) belə buyurmuşdur: “Kim özünü başqa bir qövmə bənzədirsə həmin insan onlardan sayılır”. (Albani bu hədisi səhih saymışdır)
“Biz (keçmişdən bəri) hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edərlər. Elə isə (müşriklər) bu işdə (din, şəriət işində, yaxud qurbanlıqlar barəsində) səninlə mübahisə etməsinlər. (Ya Rəsulum!) Sən onları öz Rəbbinə (ibadət etməyə, Onun hökmlərini yerinə yetirməyə) dəvət et. Şübhəsiz ki, sən doğru yoldasan (dindəsən)”. (əl-Həcc 22:67)
“Allah yanında (haqq olan) din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa (ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir”. (Ali-İmran 3:19)
“Bunu unutmayın. və Allah qatında heç bir din məqbul deyildir. Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” (Ali-İmran 3:85)
Bu üzdən haqq dinə inanan müsəlmanların başqa bir dinə aid olan adət-ənənələrini qəbul etmələri heç bir məntiqə sığmır. Peyğəmbər (s.a.s) biz müsəlmanlara digər din mənsublarına aid olan inanc, ibadət ya da adət və davranışlarımızda onlara oxşamağımızı bildirmişdir. Xristianların dini bayramı olan bu bayramın biz müsəlmanların dinimizə, adət-ənənəmizə nə qədər uyğun gəldiyini bir düşünün.
Bundan sonrası sizlərə qalıb. İndi istəyirsiniz özünüzə sual verin.
Mən müsəlmanam, bu bayramı niyə qeyd etməliyəm?
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 229 Bölmə: Maraqlı melumatlar