11 ayın sultanı Ramazan ayı müsəlmanların nəfsinə qalib gəlib Tanrıya daha yaxın olmaq üçün üzərlərinə düşən mükəlləfiyyətləri yerinə yetirdikləri aydır. “Qurani Kərim”də adı açıq olaraq keçən tək ay Ramazan ayıdır. Müqəddəs kitabımız məhz bu ayda nazil olub. Digər tərəfdən “min aydan daha xeyirli” deyə “Quran”da barəsində bəhs edilən Qədr gecəsi də məhz Ramazan ayına təsadüf edir. “Qurani-Kərim”in “Əl-Bəqərə” surəsində buyurulur: “Sizdən kim bu aya çatdırsa oruc tutsun”.
Orucluya iftar vermək savabdır
İslam dininə görə, Ramazan ayı ən fəzilətli və müqəddəs ay hesab olunur. Məhəmməd Peyğəmbər (s.a.s) “Ramazan ayı girincə Cənnətin qapıları açılar, Cəhənnəmin qapıları bağlanar, şeytanlar zəncirə vurular” deyə buyurması bu ayın müsəlmanlar üçün önəminə dəlalət edir. Ramazan ayı insanın nəfsinə qalib gəlib səbr, təmkin nümayiş etdirdiyi aydır. Səbrin qarşılığı isə Cənnətdir. Ramazan yardımlaşma, ruzinin bollaşdığı, günahları Tanrı dərgahında bağışlatmaq üçün müsəlmanlara verilən fürsət ayıdır. Oruc tutan birinə iftar vermək oruc tutmaq qədər savabdır. Peyğəmbərimiz buyururdu : “Allah bu savabı oruclunu quru bir xurma ilə və ya bir qurtum su ilə ya da bir qurtum süd ilə iftar etdirənə də verər”.
Başqa dinlərdə orucluq
Oruc İslamın 5 əsasından biri olub, dan yerinin ağardığı vaxtdan günəşin batmasına qədər keçən vaxt ərzində yemək, içmək və cinsi əlaqədən uzaq durmaq deməkdir. Oruc tutmağın vacibliyi haqqında “Quran”nın “Əl-Bəqərə” surəsində belə buyurulub: “Ey iman gətirənlər, oruc sizdən əvvəlki ümmətlərdən istənildiyi kimi, sizdən də istənildi. Ola bilsin ki, (bunun vasitəsi ilə) təqva sahibi olasınız”. Bu isə onu göstərir ki, dəgər dinlərdə də oruc tutmaq vacib əməllər sırasında olub. Yaxud Məhəmməd Peyğəmbərin (s.a.s.) bir hədisində buyurduğu kimi: “Oruc insanı qoruyan qalxandır”. İslam dini ilə yanaşı hinduizm, buddizm, iudaizm, xristianlıq və başqa dinlərə sitayiş edənlər arasında da oruc tutma adəti var. Hinduizm dininə sitayiş edənlər onların məşhur bayram günləri sayılan şivratri, durga puca, sarfrati puca günlərində oruc tuturlar. Bu dinə sitayiş edənlər ya ümumiyyətlə ac qalır, ya da şirniyyat və bəzi yeməklərdən özlərini məhrum edirlər. Oruc onlar üçün günahları bağışlatmaq, sağlamlıq və digər niyyətlər daşıyır. Buddizimə sitayiş edənlər müqəddəs hesab etdikləri günlər – hər ayın 14-cü gününü sadəcə maye qəbul etməklə yeməkdən çəkinirlər. Yəhudilər payız fəslinə təsadüf edən “yon kippr” tarixində və aprel ayında 6 gün oruc tuturlar. “Tövrat”da da orucluqdan “gözəl əməl” deyə bəhs olunur. Xristian dinində oruc tarixləri katolik, ortodoks, protestantlar üçün dəyişir.
Orucu nə batil edir?
Ramazan ayı hər il o öncəki ilə nisbətən 10 və ya 11 gün əvvəl gəlir. Oruc tutumaq təkcə yemək-içməkdən çəkinmək deyil, həm də yalan danışmaqdan, başqalarına qarşı kobudluqdan çəkinmək deməkdir: “Yalan danışmaq və yalanla iş görməyi tərk etməyənlərin yemək-içməyi tərk etməyinə və ac qalmağına ehtiyacı yoxdur”. Ramazan ayında oruc tutmaq üçün müsəlman olmaq, ağlı başında insan olmaq və həddi-buluğa çatmaq vacibdir. Xəstə insanlara, səfərə gedənlərə oruc vacib olsa da, onlar sonradan qəza orucu tutmaqla bu vacib əməli yerinə yetirə bilərlər: “Sayılı günlərdə (Orucu sayılı günlərdə tutun)… Sizin aranızdan xəstə və ya səfər üstə olan(lar) tuta bilmədiyi günlər qədər başqa günlərdə oruc tutsun. Onu tuta bilənlər bir yoxsulu doyduracaq qədər fidyə də verməlidirlər. Kim bu xeyir işi səmimi şəkildə görsə, onun üçün daha xeyirli olar. Oruc tutmağınız sizin üçün daha yaxşıdır. Bunu kaş ki, biləydiniz”. İmsakdan əvvəl, yəni sahur yeməyi oruclular üçün vaciddir: ”Sahur yeməyi yeyin. Çünki sahurda bərəkət var. Bizim orucumuzla əhli-kitabın (yəhudi və xristianların) orucları arasında fərq bizim sahur yeməyi üçün qalxmağımızdır”. Ağız yolu ilə qəbul edilən dərmanlar, burun damcısı və siqaret çəkmək orucu batil edir. İynə vurdurmaq və göz damcısı istifadə etmək isə yemək-içmək hesab edilmədiyinə görə orucu batil etmir. Yuxuda qüsl etmək lazım gələn bir halla qarşılaşmaq, qan vermək, göz və qulaq damcısından istifadə etməyin də orucu batil etmədiyi bildirilir. Oruc tutduğunu unudaraq nəsə yemək və ya içmək orucu batil etmir. Məhəmməd Peyğəmbər (s.a.s) buyurub: “Kim oruc ola-ola oruc tutduğunu unudub nəsə yesə və yaxud içsə, öz orucunu tamamlasın. Çünki onu Allah yedirdib içirtmişdir”. Ümumiyyətlə, orucu batil edən əməllər aşağıdakılardır: yemək, içmək; cinsi yaxınlıq, istimna (onanizm), Allahın, Peyğəmbərin (s.a.a) və imamların (s) adından yalan demək, qatı tozu boğaza çatdırmaq, başı tamamilə suya batırmaq, sübh azanınadək cənabət, heyz, nifas halında qalmaq, axıcı və ya maye şeylərlə imalə etmək, qəsdən qusmaq. Orucu batil etməməklə bərabər haram olan bəzi şeylər var ki, bura yalan, qeybət və s. daxildir. Qışqırıb bağırmaq, dava etmək, nalayiq sözlər danışmaq və bu qəbildən olan davranışlar orucu pozmasa da, qadağandır. Oruc tutan qadınların bəzənməsinə, kosmetik vasitələrdən istifadəsinə gəlincə isə, qadınların bundan da oruc tutması vacibdir. Çünki Ramazan ayı həm də insanın nəfsinə, şəhvətinə qalib gəldiyi aydır.
Tarix: 06.06.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 228 Bölmə: Maraqlı melumatlar