Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseyn Ibn Əli Ibn əbu Talib

Həyatı

Həzrət Hüseyn hicrətin dördüncü ili Şaban ayının üçü (ya dördü) Mədinə şəhərində dünyaya gəlmişdir. O, Həzrət Əli və Peyğəmbər qızı xanım Zəhranın ikinci övladı idi.

Hüseyn ibn Əli öz həyatı boyu zülm və haqsızlığa qarşı mübarizədə şücaət və azadlıqsevərliyi ilə məşhur olmuşdur.

Hüseyn ibn Əli uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (s) yanında keçirmişdir. Peyğəmbərin (s) vəfatından sonra otuz il atası Əli ilə birgə yaşamış və Əlinin hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. Əlinin şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı Həsən ibn Əli ilə çiyin-çiyinə çalışmışdır.Həsənin şəhadətindən sonra (hicrətin əllinci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründəki İslami vəzifələr Hüseynin boynuna düşmüşdür. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət, hicrətin 61-ci ili məhərrəm ayının onunda Kərbəla çölündə şəhid olmuşdur.

Hüseynin mübarizələri

Hüseyn ibn Əli gənclik dövründən başlayaraq İslam hökumətinin əsl yolundan döndüyünü müşahidə etdiyi vaxtdan atasının siyasi mövqeyini himayə etmiş və ona tabe olmuşdur. Bir gün İmam Hüseyn (ə) Ömər ibn Xəttabın hakimiyyəti dövründə məscidə girib gördü ki, Ömər minbərdə oturmuşdur. Bunu görcək, tez minbərin başına qalxıb Ömərə dedi: «Mənim atamın minbərindən aşağı düş və get öz atanın minbərində otur.» Ömər özünü itirmiş halda dedi: «Mənim atamın minbəri olmayıb.» Sonra Ömər onu yanında əyləşdirdi. Minbərdən düşdükdən sonra Hüseyni öz evinə aparıb ondan soruşdu: «Bu sözü sənə kim öyrədib?» Hüseyn : «Heç kim» –deyə cavab verdi.

Hüseyn Cəməl və Siffeyn döyüşlərində

Hüseyn atasının hakimiyyəti dövründə siyasi və nizami səhnələrdə atası ilə çiyin-çiyinə çalışmışdır. O, atasının hakimiyyəti dövründə baş vermiş hər üç döyüşdə fəal iştirak etmişdir.

Cəməl döyüşündə ordunun sol cinahının başçılığı Hüseynin öhdəsində idi. Siffeyn döyüşündə istər ordunu döyüşə həvəsləndirmək məqsədilə etdiyi çıxışlarda, istərsə də düşmənlə mübarizədə əsas rol oynamışdır. Əbu Musa Əşəri ilə Əmr ibn As arasında gedən danışıqlarda da Hüseyn Əli tərəfindən seçilmiş əsas şahidlərdən biri idi.

Hüseyn atasının şəhadətindən sonra Həsən ilə birgə olmuşdur.Həsənin ordusu Şama tərəf hərəkət edəndə, mübarizə meydanında Hüseyn Həsən ilə çiyin-çiyinə olmuşdur. Müaviyə Həsənə sülh təklif etdikdə, Həsən Hüseyn və Abdullah ibn Cəfəri çağırıb bu təklif barədə onlarla məsləhət etdi.Nəhayət sülh müqaviləsi bağlanandan sonra qardaşı ilə birlikdə Mədinəyə qayıtdı və elə orada da yaşamağa başladı.

Hüseynin dövründəki siyasi-ictimai vəziyyət

O dövrlərdə Müaviyə ikinci və üçüncü xəlifə tərəfindən Şama vali seçilmişdi. Müaviyə vali olduğu bu müddətdə öz mövqeyini daha da möhkəmlətmiş və İslam ölkəsinin taleyini həll edərək xəlifə kimi hakimiyyəti ələ keçirmişdi.

Hüseynin Müaviyənin hökumətinə qarşı mübarizələri

Hüseyn heç kəsin etiraz etməyə cürəti olmadığı bir dövrdə ayağa qalxıb bacardığı qədər Müaviyəyə qarşı mübarizə aparırdı. İndi Hüseynin Müaviyə ilə apardığı mübarizələrdən üçünü araşdırmağa başlayırıq.

1) Etirazlı məktublar və çıxışlar Hüseynin Müaviyə ilə arasında bir çox məktublaşmalar olmuşdur. Bu da Hüseynin Müaviyənin müqabilində tutduğu inqilabi və möhkəm mövqeyinin nişanəsidir.Hüsey Müaviyənin İslam dininə zidd olan hər hansı bir hərəkətindən sonra onu möhkəm danlayır, tənqid edir və həmən işə öz etirazını bildirirdi. Bu işlərin ən əsasından biri Yezidin vəliəhdliyi idi.

Yezidin vəliəhdliyinə qarşı mübarizə

Müaviyə Yezidi vəliəhd təyin etmək məqsədi ilə irəli sürdüyü siyasəti davam etdirərək Mədinə şəhərinin camaatından, xüsusən də, başda Hüseyn olmaqla şəhərin adlı-sanlı şəxsiyyətlərindən Yezid üçün beyət almaq məqsədi ilə Mədinə şəhərinə gəldi. Müaviyə Mədinəyə gəldikdən sonra Hüseyn və Abdullah ibn Abbasla görüşüb söhbət əsnasında Yezidin vəliəhdliyi məsələsini ortaya atdı. O, çalışırdı ki, onları bu işə razı salsın.Hüseyn Müaviyənin bu sözü qarşısında bir müqəddimə (ön söz) qeyd etdikdən sonra sözə belə başladı:

«Sən özünü üstün tutmaqla ifrata düçar olmusan. Camaatın ümumi malını qəsb etməklə zülm etmisən! Sən camaatın malını onların özlərinə qaytarmaqdan çəkindin və bu işdə xəsislik etdin. Açıq-aşkar o qədər qarətlər etdin ki, öz həddini aşdın. Haqq sahiblərinin haqqını özlərinə qaytarmadığın üçün Şeytan (səni yoldan çıxarmaqda) öz arzusuna çatdı. Yezid üçün saydığın fəzilətləri və İslam ümmətini idarə etmək üçün qeyd etdiyin ləyaqətləri başa düşdüm. Sən camaata elə adamı tanıtdırmaq istəyirsən ki, elə bil camaat onun həyat sabiqəsini tanımır. Sanki, burada olmayan bir nəfərdən xəbər verirsən ki, camaat onu görməyib. Elə bil ki, onu ancaq sən tanıyırsan. Xeyr, Yezid öz batinini açıb aşkar etmişdir. Yezidi olduğu kimi tanıtdır. Yezid itbaz, quşbaz və keyf adamıdır. O, ömrünü çalmaq, oxumaq və əyyaşlıqla keçirir. Yezidi bu cür tanıtdır. Bu boş təbliğlərini kənara qoy! Bu ümmətin müqabilində boynuna yığdığın öz günahların bəsdir. Elə bir iş görmə ki, Allah qarşısında günahların bundan da ağır olsun. Sən o qədər öz batil və zülm yoluna davam edib ağılsızlıq, düşüncəsizlik üzündən zülmlər etdin ki, artıq camaatın səbr kasasını doldurmusan. İndi səninlə ölüm arasında bir göz qırpımından artıq vaxt qalmayıb. Bunu bil ki, sənin bütün əməllərin Allah yanında qorunub saxlanır və sən onlardan ötrü cavab verməli olacaqsan.»

Müaviyənin Hüseynin qiyamından nigarançılığı

Elə həmən günlərdə Müaviyə tərəfindən bir il Mədinəyə vali seçilmiş Mərvan ibn Həkəm Müaviyəyə yazır: «Əmr ibn Osman xəbər verib ki, İraq və Hicazın nüfuzlu şəxsiyyətləri İmam Hüseynin (ə) yanına get-gəl edirlər.» Daha sonra bildirmişdi: «Mən inanmıram ki, o, qiyam etməsin.» Mərvan məktubda əlavə edib demişdi: «Bu haqda axtarış aparmışam. Əldə olan məlumata görə hələ onun qiyam etmək fikri yoxdur. Ancaq inanmıram ki, gələcəkdə də bu cür olsun. İndi bu barədə öz fikrini bildir.»

Müaviyə bu xəbəri eşitdikdən sonra Mərvanın məktubuna cavabından əlavə aşağıdakı məzmunda Hüseyn ibn Əliyə da bir məktub yazdı:

«Sənin gördüyün bəzi işlər barədə mənə xəbər çatmışdır. Əgər bunlar doğrudursa, mən səni bu işlərə layiq görmürəm. (Bu işlər sənə yaraşmaz.) And olsun Allaha, kim bir nəfərlə əhd bağlasa, gərək əhdinə vəfa etsin. Əgər mənə gəlib çatan xəbərlər yalan olarsa, sən bu işə (əhdə vəfalı olmağa) ən layiq adamsan. Özündən muğayat ol və əhdinə vəfa et. Əgər mənimlə müxalifətçilik etsən, müxalifətçiliklə, əgər pislik etsən, pisliklə üzləşərsən. Ümmətin arasında ixtilaf salmaqdan çəkin.»

Hüseynin Müaviyəyə yazdığı cavab

«Sənin məktubunu aldım. Yazmısan ki, mənim barəmdə sənə bəzi xəbərlər çatır və sən məni o işlərə layiq görmürsən. Bunu deyim ki, insanı yaxşı işlərə tərəf cəlb edən və yaxşı işlər görməyə kömək edən yalnız Allahdır. Mənim barəmdə sənin qulağına çatmış xəbərlərin hamısı boş və əsassız sözlərdir. Bu sözləri sənin yalan danışan yaltaqların özlərindən deyirlər. Bu dinsiz yalançılar yalan demişlər. Mən sənə qarşı nə döyüş tədarükü görmüşəm, nə də sənə qarşı qiyam etmək məqsədim var. Sənin özünün və dinsiz, zalım və Şeytanın qardaşları olan dostlarının əleyhinə qiyam etməməyimin səbəbi də Allahdan olan qorxumdur.

Hicr ibn Ədiyy və dostlarının qatili sən deyilsən? Onların hamısı namaz qılan, Allaha itaət edən insanlar idi. Onlar bidətlərə qarşı mübarizə aparan şəxslər idi. Onların işi yalnız əmr be-məruf və nəhy əz-münkər idi. Sən onlara aman verdikdən, keçmiş işlərinə görə onlara heç bir əziyyət verməyəcəyinə and içdikdən sonra andını pozaraq onları vəhşicəsinə qətlə yetirdin. Bu işinlə Allaha hörmətsizlik edib öz əhdini pozdun.

Təqvalı müsəlman, ibadətin çoxluğundan bədəni zəifləmiş Əmr ibn Həmiqi sən öldürmədinmi? Sən onlara əziyyət verməyəcəyin barədə söz verib əhd bağladıqdan sonra onları öldürdün. Əgər o əhd-peymanı çöl ceyranlarına da versəydin, dağlardan aşağı enərdilər.

(Süməyyənin oğlu) Ziyadı özünə qardaş edən və onu Əbu Süfyanın oğlu qələmə verən sən deyilsənmi? Halbuki Peyğəmbər (s) buyurmuşdur: «Uşaq ataya bağlıdır, zinakar isə daşqalaq edilməlidir.» (Ziyad da zinadan olmuş bir insan idi.) Kaş iş bununla sona yetəydi. Ancaq belə olmadı. Hələ bu azmış kimi Süməyyənin oğlunu özünə qardaş elan etdikdən sonra müsəlmanların başı üstünə gətirdin. O da sənin gücünə arxalanaraq müsəlmanları öldürdü. Əl-ayaqlarını kəsdi, onları xurma ağaclarından asdı.

Ey Müaviyə! Sən müsəlmanların vəziyyətini elə çətinləşdirdin ki, elə bil heç sən bu ümmətin adamı və bu ümmət də sənin camaatın deyil.

Həzrəmini öldürən sən deyilsənmi? Onun günahı bu idi ki, Ziyad sənə xəbər vermişdi ki, o, Əlinin şiələrindəndir. Əlinin dini elə əmisi oğlu Məhəmmədin (s) dinidir. İndi sən həmən din adı ilə camaata başçılıq edirsən. Əgər bu din olmasaydı, sən və əcdadın indi də cahiliyyət içində yaşayardınız. Sizin ən şərəfli işiniz ildə iki dəfə - yayda və qışda Yəmən və Şama getmək idi. Ancaq Allah biz Əhli-beytin sayəsində sizi bu acınacaqlı yaşayışdan qurtardı.

Ey Müaviyə! Sənin sözlərindən biri də bu idi ki, deyirsən mən camaat arasında ixtilaf və fitnə yaratmayım. Mən bu ümmət üçün sənin hökumətindən böyük fitnə tanımıram.

Sözlərindən bir başqası bu idi ki, deyirsən rəftarımdan muğayat olum və öz dinimi və Məhəmməd (s) ümmətinin dinini qoruyum. (Mən öz vəzifəmi düşünüb özümün və Məhəmməd (s) ümmətinin dininə fikir verəndə) səninlə vuruşmaqdan böyük vəzifə görmürəm. Bu vuruş Allah yolunda cihad olacaq. Əgər (bəzi səbəblər üzündən) sənə qarşı qiyam etməkdən çəkinirəmsə, bunun üçün Allahdan üzr istəyirəm. (Çünki ola bilər mənim bu səbəblərim Allah dərgahında üzürlü sayılmaya.) Allahdan istəyirəm ki, məni Özü razı olan işə yönəltsin.

Ey Müaviyə! Sənin sözlərindən biri də bu idi ki, əgər sənə pislik etsəm, sən də mənə pislik edəcəksən, səninlə düşmənçilik etsəm, sən də mənimlə düşmənçilik edəcəksən. Qoy bunu deyim ki, bu dünyada yaxşı insanlar daima pis insanların düşmənçiliyi ilə üzləşiblər. Mən ümid edirəm ki, sənin düşmənçiliyin mənə bir ziyan vurmayacaq, pis fikirlərinin ziyanı hamı özünə deyəcək və öz əməllərini məhv edəcək. Elə isə nə qədər bacarırsansa, düşmənçilik et.

Ey Müaviyə! Allahdan qorx, bil ki, bütün günahların, istər böyük, istərsə də kiçik Allah yanında qorunub saxlanır. Bunu da bil ki, Allah sənin törətdiyin cinayətləri, sırf güman nəticəsində camaatı qətlə yetirməyini, ittiham edərək onları tutub həbs etməyini, şərabxor və itbaz bir uşağı hökumət başına gətirməyini heç vaxt unutmayacaq. Sən bu işinlə özünü fəlakətə saldın (öz başına iş açdın), öz dinini əlindən verdin və millətin hüququnu tapdaladın.»

Hüseynin böyük həcc mərasimində sərt çıxışı Müaviyənin ölümündən bir (ya da iki) il qabaq Hüseyn həcc ziyarətinə getdi. Abdullah ibn Abbas və Abdullah ibn Cəfər də o Həzrətlə idilər. O vaxt camaat arasında təqva, xeyir və paklıqla tanınan Peyğəmbərin (s) səhabələri, tabein və bütün Bəni Haşim nümayəndələri Hüseynin Minadakı çadırına yığışmaq istədilər. İki yüz nəfər Peyğəmbər səhabəsi və yeddi yüz nəfər tabein Hüseynin çadırının yanına toplaşdı. Hüseyn ayağa qalxıb aşağıdakı məzmunda bir çıxış etdi:

«Gördünüzmü bu zalım və qəddar kişi bizə necə rəftar etdi? Mən indi bəzi məsələlərə toxunmaq istəyirəm. Əgər (dediklərim) düz olarsa, təsdiq edin, yox əgər yalan olarsa, təkzib edin. Mənim sözlərimi eşidin və danışığımı yazın. Elə ki, öz şəhərlərinizə qayıtdınız, mənim sözlərimi etibarlı və inanılmış şəxslərə çatdırın və onları bizə tabe olmağa dəvət edin. Mən bundan qorxuram ki, bu məsələ (camaatın biz Əhli-beyt tərəfindən idarə olunması) tamamilə unudula və haqq məğlub olub aradan gedə.»

Sonra Hüseyn atasının və Əhli-beytin parlaq sabiqəsini, onların fəzilətlərini sadaladı və Müaviyənin hökumətinin bidətlərini, cinayətlərini və İslama zidd olan hərəkətlərini açıqladı. Beləliklə də, Müaviyənin pozğun hökumətinə qarşı böyük bir təbliğ edərək qiyam üçün zəminə yaratdı.

Dördüncü əsrin (hicri tarixi ilə) görkəmli alimi Həsən ibn Əli ibn Şübə «Tühəfül-üqul» kitabında Hüseyndən tarixi və harada söylənildiyi məlum olmayan bir xütbə qeyd etmişdir. Ancaq bəzi nişanələrdən və xütbənin məzmunundan məlum olur ki, bu xütbə elə Hüseynin Minada (həcc mərasimində) buyurduğu xütbədir. İndi həmən xütbəni mövzumuza münasib bilib bəzi hissələrinin tərcüməsini oxucuların nəzərinə çatdırırıq:

«...Ey qüdrətli kişilər! Siz camaat arasında elmlə, xeyirxahlıqla tanınmış adamlarsınız. Siz Allahın dini sayəsində camaatın qəlbində yer tapmısınız. Şərəfli insanlar sizlərdən ad aparır, zəiflər sizə hörmət edirlər. Sizinlə bərabər olan insanlar onlara heç bir minnətiniz olmadığı halda, sizi özlərindən üstün hesab edirlər...


Allahın qayda-qanunlarının, əhdinin pozulmasını siz öz gözlərinizlə görürsünüz. Ancaq bundan heç qorxmursunuz. Öz atalarınızın əhd-peymanının pozulmasından təşvişə düşürsünüz, ancaq peyğəmbərin əhdinin pozulmasından, ona qarşı hörmətsizlik olmasından heç narahat olmursunuz. Kor, lal, çolaq insanlar İslam ölkəsində başsız qalmış və onlara heç bir rəhm olunmur. Siz öz məqam və mövqeyinizin müqabilində heç bir iş görmür, bu yolda öz vəzifəsini yerinə yetirən adama da kömək etmirsiniz. Zalımlarla saziş bağlayıb özünüzü rahat edirsiniz. Allah, pis işlərdən çəkinməyi və camaatı pisliklərdən qorumağı əmr etmişdir, ancaq siz bundan qafilsiniz. Siz - ümmət alimlərinin müsibəti hamıdan çoxdur. Çünki din alimlərinin məqamı qəsb olunmuşdur. Kaş ki, bunu başa düşəydiniz.

Hökuməti Allahın ehkamından xəbərdar olan, halal-haramı tanıyan adam ələ almalıdır. Bu məqama siz layiq olduğunuz halda, onu sizin əlinizdən alıblar. Bu məqamı o vaxt sizin əlinizdən aldılar ki, siz haqqın ətrafından uzaqlaşdınız. Açıq-aşkar sübutlar ola-ola Peyğəmbər sünnəsində ixtilaf yaratdınız. Əgər Allah yolunda müşkülata qatlaşıb əzab-əziyyətə dözsəydiniz, indi hökumət sizin əlinizdə olar və bütün işlərə siz nəzarət edərdiniz. Ancaq siz zalımları öz işlərinizə rəhbər tutdunuz və Allahın əmanətini (hökuməti) onlara verdiniz. Onlar da halalı harama qatıb öz həvayi-həvəslərinə məşğul oldular. Onları hökumətə gətirən ancaq sizin ölümdən qaçıb bir-iki günlük həyata bel bağlamağınız oldu. Siz vəzifənizdə bu cür tənbəllik etməklə məzlumları onlara əlaltı etdiniz. Onlar da bunun nəticəsində bir dəstəni özlərinə nökər, xidmətçi, bir dəstəni isə daima acınacaqlı həyat sürməyə məcbur etdilər. Onlar zalımlara itaət edərək Allah qarşısında süstlük etmək nəticəsində hökuməti öz meylləri əsasında idarə edib həvayi-həvəsə tabe oldular. Onlar bütün şəhərlərdə (öz məqsədlərinə nail olmaq üçün) minbər başına təbliğatçılar göndərirlər. İslam ölkəsi tamamilə onların ixtiyarındadır. Əlləri hər yerdə açıqdır və camaat onların nökərinə çevrilmişdir. Bu çarəsiz camaata hər hansı istədikləri zülmü edirlər, camaat isə özünü müdafiə edə bilmir. Onların bəziləri elə zalımdırlar ki, hər bir məzluma əziyyət verir, bəziləri elə hakimlərdir ki, heç insanı dirildən və öldürən Allaha da etiqadı yoxdur.

Bu vəziyyət çox təəccüblüdür! Necə təəccüb etməyim, halbuki ölkə zalım və dılğır bir şəxsin ixtiyarındadır və o möminlərə ürəyi yanmadan və rəhmsizcəsinə başçılıq edir. Aramızdakı bəzi ixtilaflara Allah Özü hakimdir və Öz hökmü ilə qəzavət edir.

İlahi! Bizim hərəkətimiz (qiyamımız) nə hökumət başına gəlmək üçündür, nə də mal-dövlətə yiyələnmək üçün. Məqsədimiz yalnız budur ki, Sənin dininin nişanələrini camaata göstərək və islahatı İslam ölkəsində həyata keçirək. Qoy bunun nəticəsində məzlum bəndələr zalımlar əlindən amanda olsunlar və Sənin ehkamın və peyğəmbərin sünnəsi həyata keçsin.

İndi (ey ümmətin qabaqcılları) əgər siz mənə kömək etməsəniz, zalımlar sizə qalib gələcək və peyğəmbərimizin nurunu söndürmək üçün çalışacaqlar...»

Dövlət əmlakının müsadirə edilməsi Elə həmən günlərdə bir qədər beytül-mal daşıyan bir karvan Yəməndən çıxıb Mədinəni keçərək Şama tərəf gedirdi. Bundan xəbər tutan Hüseyn karvanın qarşısını kəsib malları müsadirə edərək onu Bəni–Haşim yoxsulları və digər yoxsullar arasında bölüşdürdü. Sonra aşağıdakı məzmunda Müaviyəyə bir məktub yazdı:

«Yəməndən gələn karvan buradan keçirdi. Onlar sənin üçün pul, müxtəlif parçalar və ətriyyat gətirirdilər ki, sən onları alıb Dəməşq xəzinəsinə tökəsən və sonra onları qarın və cibləri indiyədək beytül-mal yeməkdən dolan qohumların arasında bölüşdürəsən. Mənim o mallara ehtiyacım var idi, ona görə də, onları müsadirə etdim. Vəssəlam!»

Müaviyə Hüseynın bu hərəkətindən bərk narahat olub Hüseynə qəzəbli bir məktub yazdı.

Şübhəsiz ki, İmamın bu hərəkəti Müaviyənin hökumətinin qanunsuz və qeyri-şəri tanıtdırması yolunda atılmış aşkar addım hesab olunur. Elə bir zamanda da belə bir hərəkəti görməyə İmam Hüseyndən (ə) başqa heç kim cürət etməzdi.

Aşura inqilabının mahiyyəti və səbəbləri Hüseynin inqilabı barədə bir sıra suallar vardır ki, o Həzrətin inqilabının səbəblərinin aydın olması məhz o sualların cavabından asılıdır. Suallar belədir:

1.Əgər Yezid Hüseyndən beyət almaq üçün onu sıxışdırmasaydı, Hüseyn yenə qiyam edəcəkdi?

2.Kufə camaatı Hüseyni Kufəyə dəvət etməsəydi, yenə bu qiyam baş verəcəkdi?

3. Bu qiyam və çevriliş bu günkü zəmanədə materialistlərin irəli sürdüyü kor-korana və hesabsız ictimai partlayışdır, yoxsa hesab-kitablı və əvvəlcədən hazırlıqlı bir qiyam?

Bu sualların cavablarının aydın olması üçün əvvəlcə bunu qeyd etməliyik ki, adətən təkmahiyyətli olan təbii şeylərdən fərqli olaraq ictimai hadisələr ola bilsin bir neçə mahiyyətə malik olsun. Məsələn, bir filiz eyni zamanda həm qızıl, həm də mis mahiyyətini daşıya bilməz. Ancaq ictimai hadisələrin eyni zamanda həm bir neçə cəhəti ola bilər və həm də onun meydana çıxmasında bir neçə vasitə təsir göstərə bilər. Məsələn, bir inqilab ola bilər bir işə qarşı reaksiya olsun, yəni, onun mahiyyəti bir işə qarşı reaksiyadan ibarət olur. Lakin eyni zamanda həmin inqilabın hücum mahiyyəti də ola bilər. Üstəlik reaksiya mahiyyəti daşıdığı anda ola bilər bir hadisəyə qarşı mənfi reaksiya versin, digər bir hadisəyə isə müsbət reaksiya. Hüseynin inqilabı da bu cür hadisələrdən idi və bu cəhətlərin hamısı onda mövcud olmuşdur. Çünki həmən inqilabın müxtəlif səbəbləri olmuşdur. İndi həmən səbəbləri sizin nəzərinizə çatdırırıq. Hüseynin inqilabının səbəbləri Aşağıda qeyd edəcəyimiz üç səbəbin Hüseynin inqilabında böyük təsiri olmuşdur:

1. Hüseyndən Yezid üçün beyət almaq və bu məqsədlə Hüseynə təzyiqlər göstərmək;

2.Kufə camaatının Hüseyni İraqa (Kufəyə) dəvət etməsi;

3.Əmr be-məruf və nəhy əz-münkər amili. Hüseynin Mədinədən çıxdığı andan şüarı da məhz bu olmuşdur.

İndi bu səbəblərin hər birini ayrı-ayrılıqda izah edəcəyik. Bununla da, Hüseynin inqilabının bu səbəblərini nəzərə alaraq hansı mahiyyət daşıdığını və bu səbəblərin inqilabın yaranmasında nə qədər təsir göstərdiyini biləcəyik.

1. Yezidə beyət etməyə qarşı müxalifət

Zaman nöqteyi-nəzərindən Hüseynin inqilabının ilk səbəbi, Yezidin hökuməti tərəfindən Hüseyndən beyət istəmək və o Həzrətin bununla müxalifəti olmuşdur. Tarixçilərin dediyi kimi hicrətin altımışıncı ili rəcəb ayının on beşində Müaviyə öldükdən sonra Yezid Mədinənin valisi Vəlid ibn Ütbə ibn Əbu Süfyana məktub yazdı ki, Hüseyndən onun üçün beyət alsın və bu işi əsla yubatmasın. Məktub çatan kimi Mədinənin valisi İmam Hüseyni çağırtdırıb onu məsələdən agah etdi. Hələ Müaviyənin sağlığında Yezidin vəliəhdliyi ilə müxalif olan Hüseyn bu dəfə də beyətdən boyun qaçırtdı. Çünki Yezidə beyət etmək təkcə Yezid kimi alçaq bir şəxsin hakimiyyətini təsdiqləmək deyil, həm də əsasını Müaviyə qoymuş diktatura rejimi kimi böyük bir bidəti təsdiqləmək demək idi.

Mədinənin hakimi tərəfindən bir neçə gün təzyiqlər davam etdi. Ancaq bu təzyiqlər Hüseyn ibn Əlinin müqavimətini qıra bilmədi. Təzyiqlərin artması nəticəsində Hüseyn rəcəb ayının iyirmi səkkizində ailəsi və Bəni–Haşimdən olan bir dəstə ilə birlikdə Mədinəni Məkkə məqsədi ilə tərk etdi və şəban ayının üçü Məkkəyə çatdı. Şəhərlər arasından məhz Məkkəni seçməyin səbəbi oranın əmin-amanlıq yeri olması idi. Bundan da əlavə, qarşıdan həcc mərasimi gəlirdi. Hacıların tez bir zamanda Məkkəyə yığılacağını nəzərə aldıqda, bu şəhər Hüseynin öz məqsədini müsəlmanlara çatdırması üçün ən münasib yer idi. Hüseynin inqilabı bura qədər reaksiya mahiyyəti daşıyırdı. Özü də qeyri-şəri bir istəyə qarşı mənfi reaksiya. Çünki Yezid hökuməti ondan zor gücünə beyət almaq istəyir, amma Hüseyn da buna razı olmurdu. Hər necə olur-olsun, bu məsələ məlumdur ki, Hüseyni Kufə əhalisi dəvət etməzdən qabaq o Həzrət Yezid hökumətinin təzyiqlərinə qarşı müxalifət edirdi. Əgər Kufə əhalisinin dəvəti olmasaydı da, Hüseyn Yezidə beyət etməyəcəkdi.

2. Kufəlilərin dəvəti

Hüseyn şəban ayının üçündə Məkkəyə çatıb orada düşərgə saldı və hökumətin əsl mahiyyətini açıb söyləməyə məşğul oldu.Hüseynin Yezidin hökumətinə qarşı müxalifəti və onun Məkkədə düşərgə salması xəbəri İraqa çatdı. Təxminən iyirmi il qabaq Həzrət Əlinin ədalətli hakimiyyəti yadında qalmış, o Həzrətin təlim-tərbiyəsi hələ tamamilə yadlarından çıxmamış Kufə əhalisi, o Həzrətin böyütdüyü yetimlər və himayəsinə aldığı dul qadınlar bir yerə toplaşaraq vəziyyəti yoxladıqdan sonra qərara gəldilər ki, Yezidin hakimiyyətinə qarşı çıxaraq İmam Hüseyni Kufəyə dəvət edib ona itaət etsinlər.

Bu müzakirədən sonra Kufə şiələrinin başçıları, o cümlədən, Süleyman ibn Sürəd, Müsəyyib ibn Nəcəbə, Rüfaə ibn Şəddadi Bəcəli və Həbib ibn Məzahir Hüseynə məktub yazıb onu dəvət etdilər ki, İraqa gəlib onlara rəhbərlik etsin. İlk məktub hicrətin altımışıncı ili ramazan ayının onunda Hüseynə çatdı.

Hər gün Kufənin müxtəlif şəxsiyyət və dəstələri tərəfindən məktublar gəlməkdə davam edirdi. Belə ki, Hüseynə təkcə bir gündə altı yüz məktub gəlib çatdı. Məktubların ümumi sayı təxminən on iki minə çatırdı. Hüseyn camaatın müsbət reaksiya göstərməsini, məktubların axınını və istəkləri nəzərə alaraq iraqlıların dəvətinə müsbət cavab verməyi qərara aldı. Buna görə də, əmisi oğlu Müslim ibn Əqili oranın vəziyyətini araşdırıb nəticəni ona xəbər vermək üçün İraqa göndərdi. Əgər (İraq) Kufə camaatı əməldə, yazdıqlarına vəfalı qalacaqdılarsa, Hüseyn özü də ora yola düşəcəkdi.

Göründüyü kimi Hüseynin kufəlilərin dəvətinə qarşı münasibəti və münasibətin mahiyyəti müsbət olmuş və iraqlılarla bir növ həmkarlıq xüsusiyyəti daşımışdır. Tarixi faktlardan məlum olur ki, İmam Hüseynin Məkkədə Yezidin hökumətinə beyət etməməkdən başqa vəzifəsi yox idi. Onu da yerinə yetirmişdi. (Yəni, beyət etməkdən imtina etmişdi.) Ancaq Kufə camaatının dəvəti hadisəyə təzə bir cəhət verdi və Hüseyn üçün yeni bir məsuliyyət ortaya çıxdı. Elə bil Hüseyn belə bir nəticəyə gəldi ki, əgər Kufə camaatı bu cür həvəslə məni dəvət edirsə, onda mən də İraqa getməliyəm. Əgər vədələrinə vəfa etsələr, çox yaxşı, əgər vəfa etməsələr, onda yenə də Məkkəyə qayıdaram, ya da başqa bir İslami məntəqəyə gedərəm.

Buna əsasən, zaman nöqteyi-nəzərindən Hüseynin Yezidə beyət etməkdən imtina etməsi kufəlilərin dəvətindən qabaq olmuşdur. Kufədən gəlmiş ilk məktub Hüseyn Məkkəyə çatdıqdan qırx gün sonra yetişmişdir. Məsələ belə deyil ki, Kufə camaatı İmamı dəvət etdiyi üçün Hüseyn Yezidə beyət etməkdən imtina etmişdi və Kufə olmasaydı, camaat məktub göndərməsəydi, İmam Yezidə beyət edəcəkdi. Xeyr, hətta yer üzünü darısqal etsəydilər də, yenə Hüseyn Yezidə beyət etməyəcəkdi.

3. Əmr be-məruf və nəhy əz-münkər amili Hüseyn ilk gündən Mədinədən əmr be-məruf və nəhy əz-münkər şüarı ilə hərəkət etmişdi. Bu cəhətdən məsələ belə deyildi ki, Hüseyndən beyət tələb olunduğuna görə o inqilab etmişdi. Xeyr, İmamdan beyət istəməsəydilər belə, yenə İmam inqilab edəcəkdi. Həmçinin, məsələ belə deyildi ki, Kufə camaatı İmamı dəvət etdiyinə görə İmam inqilab etmişdi. Bundan əvvəl qeyd edildiyi kimi İmamın beyətdən imtina etməsindən bir ay yarım sonra Kufə camaatının məktubları gəlməyə başlamışdı. Bu baxımdan Hüseynin məntiqi İslama zidd olan hökumətə qarşı yönəlmiş etiraz və hücum məntiqidir.Hüseynin məntiqi bu idi ki, İslam aləmini fəsad bürüdüyü və hakimiyyət fəsadın mənbəyinə çevrildiyi üçün o, öz şəri və Allah qarşısında olan borcunu yerinə yetirməkdən ötrü inqilab edir.
* *

Öncə də qeyd etdiyimiz kimi bu üç səbəbin hər birinin Hüseynin inqilabında rolu olmuş, onların hər biri Hüsey üçün yeni bir təklif və vəzifə irəli çıxartmışdı. Hüseynin bu üç amilə nisbət mövqeyi bir-birindən fərqli olmuşdur.

Birinci amil baxımından Hüseyn müdafiə rolunu oynayırdı. Çünki ondan zorla beyət istəyirdilər, o da bundan imtina edirdi.

İkinci amil baxımından Hüseyn köməkçi rolunu ifa edirdi. Çünki onu (Kufə camaatı) həmkarlığa dəvət etmiş, o da bu dəvətə müsbət cavab vermişdi.

Üçüncü amil baxımından isə Hüseyn etiraz edərək hücuma keçmişdi. Çünki Hüseyndən heç beyət istəməsəydilər də o, hökumətə qarşı inqilab edib onu qeyri-İslami hökumət adlandıracaqdı.

Hər üç amilin öz dəyəri İndi gəlin görək bu üç amildən hansı biri daha çox əhəmiyyət daşıyır?

Şübhəsiz ki, Kufə camaatının dəvətini qəbul etmək amilinin əhəmiyyəti vardır. Çünki Hüseyn Yezidin qanunsuz hakimiyyətinə etiraz edib Hüseyı rəhbər olmağa dəvət edən camaata öz hazırlığını bildirdi. Əgər şərait yaxşı olsaydı, şübhəsiz, İmam İslami hökumət quracaqdı. Lakin Hüseynin Yezidə beyət etməkdən imtina etməsi amili bundan daha çox əhəmiyyət daşıyır. Çünki Hüseyn dəfələrlə elan etmişdi ki, nəyin bahasına olursa olsun, bütün təzyiqlərə dözüb Yezidə beyət etməyəcək. Bu, Hüseynin təzyiqə və zorakılığa qarşı dözüm və müqavimətini göstərir.


Sünnənin məhv olması, bidətlərin yayılması Hüseyn Məkkəyə gəldikdən sonra Bəsrə şəhərindəki qəbilələrin başçılarına məktub yazdı. O, məktubda belə yazır:

«...Mən öz qasidimi bu məktubla sizə tərəf göndərirəm. Sizi Allahın kitabı və peyğəmbərin sünnəsinə dəvət edirəm. İndi elə bir vəziyyətdəyik ki, peyğəmbərin sünnəsi tamamilə itib batmış, aradan getmiş və onun yerini bidətlər tutmuşdur. Əgər mənim sözümə qulaq assanız, sizi düz yola hidayət edərəm. Allahın salamı, rəhməti və bərəkəti sizə olsun!»

Çirkin təbliğlər

Müaviyə uzunmüddətli hakimiyyəti dövründə Şam əhalisini elə “tərbiyələndirmişdi” ki, onlar din barədə az da olsa, xəbərdar deyildilər. Onlar Müaviyənin sözünə can-başla boyun əyib tabe olurdular. Müaviyə bu müddətdə Şam əhalisini təkcə nizami və siyasi cəhətdən öz əmri altına almamış, üstəlik öz dediklərini onlara İslam təlim-tərbiyəsi kimi qəbul etdirmək üçün onları, fikri və məzhəbi cəhətdən də kor-koranə yetişdirmişdi. O,özünəməxsus hiyləsi ilə bu sahədə öz istəklərinə nail oldu. Bunlar hamısı nəzəri cəlb edən məsələlərdir. Onun Həzrət Əli kimi bir şəxsiyyətin (camaatın fikrində) əsl simasını dəyişdirmək üçün işlətdiyi hiylələri, o Həzrəti söyməyi bir bidət kimi cəmiyyətdə yaydığını hamı bilir. Peyğəmbər (s) (İslamın qocaman, pak və doxsan yaşlı mücahidi) Əmmar Yasirin zalımların əli ilə şəhadətə yetişməsi barədə qabaqcadan xəbər verdiyi halda, Əmmar Yasir Siffeyn döyüşündə Həzrət Əlinin ordusunda şəhid olduqdan sonra Müaviyə adam aldadan hiyləsi ilə Şam ordusu arasında xəbər yaydı ki, Əmmarın qatili Əlidir. Çünki onu döyüş meydanına Əli göndərmişdir.

Müaviyənin adamlarının erkək dəvəni dişi dəvədən seçə bilməmələri, Müaviyənin rəhbərliyi ilə həftənin üçüncü günü biabırçı şəkildə cümə namazının qılınması da bir daha bu mənanı təsdiqləyir. Bunlar o qədər aydın məsələlərdir ki, daha əlavə izahata heç ehtiyac da yoxdur.

Bəni–Üməyyənin çirkin hökuməti əks təbliğlər və şəxsiqərəzlər nəticəsində Peyğəmbərin (s) pak ailəsini Şam əhalisinin fikrində pis, pozğun, bunun müqabilində isə Bəni–Üməyyəni Peyğəmbərin (s) ailəsi kimi qələmə verirdi. Belə ki, tarixçilər yazırlar: «Abbasilərin qiyamının qələbəsindən sonra Əbül Abbas Səffah hakimiyyətə gələndə, Şam əmirlərindən on nəfəri onun yanına gedib hamılıqla and içərək bildirdilər ki, biz (sonuncu Əməvi xəlifəsi) Mərvanın ölümünə qədər peyğəmbərin Bəni–Üməyyədən başqa qohumu olduğunu bilmirdik. Nəhayət siz hakimiyyətə gəldikdən sonra biz bunu bildik.»

Buna əsasən, tarix kitablarında yazılmış aşağıdakı ibarələri oxuduqda heç də təəccüblənməməliyik:

«Kərbəla əsirləri Şama daxil olduqda bir kişi Zeynülabidinin qarşısında durub dedi: «Həmd olsun o Allaha ki, sizi öldürməklə camaatı sizin şərrinizdən qurtardı və Əmirəl-möminini (Yezidi) sizin üzərinizdə qalib etdi.»

Səccad sakit qalıb gözlədi. Şamlı kişi bütün ürəyində olanları dedi. Sonra Səccad ) ondan soruşdu:

— Quran oxumusan?

— Bəli!

— Bu ayəni oxumusanmı? «De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində Əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm.»

— Bəli!

— Bəs bu ayəni necə? «Qohum-əqrəbanın haqqını ödə.»

— Bəli!

— Bu ayəni də oxumusan? «Ey peyğəmbərin Əhli-beyti, Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz [pak] etmək istəyir.»

— Bəli!

— Ey qoca, bu ayələr bizim haqqımızda nazil olmuşdur. Bizik Peyğəmbərin qohum-əqrəbası, hər cür çirkinlikdən uzaq olanlar bizik.

Qoca bildi ki, bu əsirlər barədə eşitdikləri doğru deyil. Onlar heç də xarici deyillər, əksinə, Peyğəmbər övladlarıdırlar. Buna görə də, dediyindən peşman olub dedi: «İlahi, mən bunlara qarşı ürəyimdə olan kin-küdurətdən Sənə pənah aparıram! Mən Məhəmməd (s) və Ali-Məhəmmədin (s) düşmənlərinə nifrət edirəm!»

Əsirlərin səfər sovqatı Peyğəmbər ailəsinin ziddinə yayılmış bu geniş təbliğatı nəzərə aldıqda, Kərbəla əsirlərinin Şama səfərinin mahiyyəti çox yaxşı şəkildə aydın olur. Çünki onlar bu səfərdə qırx illik əks təbliğatı aradan apararaq Əməvilər sülaləsinin əsl mahiyyətini aşkar etdilər. Həmçinin, Şam camaatının yatmış fikirlərini oyadıb məsələyə diqqətlə baxmalarına səbəb oldular. Bu əsirlər barədə qətiyyətlə demək olar ki, onlar Mədinəyə qayıdanda öz borcunu lazımıncasına yerinə yetirmiş fateh bir ordu rolunu oynayırdılar.

Hüseynin əxlaqı

Bir gün Hüseyn süfrə açmış bir dəstə yoxsul fəqirə rast gəldi. Onlar dedilər: “Ey Peyğəmbər(s.) övladı, buyurun, biz fəqirlərlə bir süfrə başında əyləşin!”. Hüseyn buyurdu: ”Allah lovğaları sevmir. Mən sizin dəvəti qəbul etdim, siz də mənim dəvətimi qəbul edin.” Dedilər: “Məmuniyyətlə, ey Peyğəmbər(s.) balası!”. onunla birgə onun mənzilinə gəldilər. Hüseyn ev əhlinə buyurdu: “Evdə nə varsa, qonaqlar üçün gətirin”.

Həzrət Hüseyn(ə.) Üsamə ibn Zeydin (xəstəliklə bağlı) görüşünə getdi. Üsamə Hüseynı görən kimi dedi: “Ah, bu qəm qüssə əlindən!”. Hüseyn buyurdu: Qardaşım, nədən qəmlisən?”. Dedi: “60000 dirhəmlik ağır bir borc var öhdəmdə”. Hüseyn: “Nigaran olma mən ödəyərəm – dedi. Üsamə: “Qorxuram əcəlim möhlət verməyə”. Hüseyn: “Arxayın ol, nə qədər ki, dirisən mən sənin borcunu verəcəyəm”. Ravi deyir: “Hüseyn Üsamənin ölümündən qabaq bütün borclarını ödədi”.

Ərəb köçərilərindən biri Mədinəyə gəldi. Səxavətlə, kəramətlə ən yaxşı adamı soraqladı. Dedilər: “Axtardığın Həzrət Hüseyndir.” Ərəb məscidə daxil olub Gördü ki, Həzrət namaz qılır. İmamın yanına gələrək, şerlə ehtiyacını dilə gətirdi. Hüseyn evə gəlib, Qənbərə buyurdu: “Hicaz malından bir şey qalıbmı?”. Dedi: “Bəli qırx min dinar.” “Hamısını gətir, bizdən daha layiqli biri var, pula möhtacdır.” Hüseyn evin qapısını yarımçıq aralayıb, pulları ərəbə verdi. Şübhəsiz, İmamın belə etməkdən məqsədi bu idi ki, ərəblə göz-gözə gəlməsin və o, xəcalət çəkməsin. Ərəb pulları götürüb ağlaya-ağlaya dedi: “Məgər az bağışlamısan ki, belə edirsən? Ilahi, bu bərəkətli və səxavətli əllər necə torpağa gömüləcək?!”.

Səccad buyurur: “Atam Həzrət Hüseyndən eşitmişəm ki, əgər kimsə məni təhqir edib sonradan üzr istəsə, onun üzrünü qəbul edər, bağışlayaram. Çünki Əli ibn Əbu Talib mənə babam Peyğəmbərin(s.) sözlərini çatdırmışdır: “Üzr istəyənin üzrünü qəbul etməyən kəs, Kövsər hovuzundan su içməz.”

Hüseyn yoxsullar və əlsiz-ayaqsızlarla birgə oturaraq deyərdi: “Allah lovğa və özünü çəkən insanları sevmir.” Bir gün yavan çörək yeyən bir dəstə uşaqla rastlaşdı. Uşaqlar Hüseyndan xahiş etdilər ki, onlarla birgə yesin. Hüseyn son dərəcə mehribanlıq və səmimiyyətlə uşaqların xahişini qəbul edib, onlarla süfrə başına əyləşdi. Sonra uşaqları öz evinə apardı. Yedizdirəndən və geyindirəndən sonra buyurdu: “Bu uşaqlar məndən səxavətlidirlər. Çünki nələri vardısa bağışladılar, mən isə onlara malımın bir hissəsini bağışladım.

Hüseynin xidmətçilirəndindən biri günah işlətmişdişdi. O, tənbeh olunmalıydı. Hüseyn cəzalandırılmasını rədd etdi. Xidmətçi dedi: “Ey mənim ağam, Allah-təala buyurur: ”O mütləqdir ki bolluqda da, qıtlıqda da (malları yoxsullara) xərcləyər, qəzəblərini udarlar.” Hüseyn buyurdu: “Onu bağışlayın. Qəzəbimi uddum.” Xidmətçi dedi: “İnsanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.” Hüseyn buyurdu: “Səni Allaha xatir azad etdim.” Sonra göstəriş verdi ki, ona layiqli ənam versinlər.

Hürr ibn Yəzid Riyahi Kərbəlada (Allah ona rəhmət etsin) min nəfər döyüşçü ilə Hüseynin qoşununa yaxınlaşdı. O. Qızmar havada İmam və səhabəsinin yolunu kəsib mane oldu. Hüseyn və silahdaşları da qılınc çəkib onların qarşısında dayandılar. Bu vaxt, Hüseyn gördü ki, düşmən qoşunu susuzluqdan çox əzab çəkir. Dərhal ətrafındakı gənclərə buyurdu: “Adamlara və miniklərə doyunca su verin”. İmamın göstərişi ilə su qablarını doldurub, Hürrün qoşununa və miniklərə su verdilər. Əli ibn Məharibi deyir: “Mən Hürrün qoşunundan ora axırıncı yetışən şəxs idim. Susuzluq məni və dəvəmi taqətdən salmışdı. Həzrət Hüseyn mənim və dəvənin nə qədər susuz olduğunu görüb buyurdu ki, dəvəmi yatırım. Əvvəlcə dəvəni suvardım. Hüseyn mübarək əli ilə su məşkini tutub mənə içirdi.

Bir kişi Hüseynin hüzuruna gəlib salam verdi. Dərdini açıb söylədi: “Hüseyn can, alicənab babanın belə buyurduğunu eşitmişdim: “Ehtiyacın olsa, dörd şəxsdən istə; şərəfli ərəbdən, kəramətli mövladan, Quran hafizindən, xoşsifət insandan.” Baban Rəsulallahın (s.ə.s) şərəfilə şərəflənibsiniz., kəramət rəftarınızda və vücudunuzdadır. Quran sizin evə nazil olub, gülərüzlükdə sənə məxsusdur. Rəsulallah buyurub: “Nə vaxt çöhrəmi görmək arzusunda olsanız, Həsən və Hüseynin çöhrəsinə baxın.

Hüseyn kişini dinlədikdən sonra buyurdu: “İstədiyini de”. Kişi İstədiyini barmağı ilə torpaq üstdə yazdı.Hüseyn dedi: “Atam Əlidən eşitmişəm: “Hər kəsin qiymətli saydığı şeyin dəyəri qədərdir.” Babam Peyğəmbə(s.) Buyurub: “Hər kəsin dərrakəsi və mərifəti qədər ona yaxşılıq və məhəbbət olunmalıdır.” Sənə üç sualım var. Düzgün cavabların hər birinə mal-dövlətimin üçdə bir hissəsini verəcəyəm. Əgər hamısına düz cavab versən bütün var- dövlətimi bağışlayacağam.” Kişi dedi: “Soruşun, bilsəm, cavab verərəm, bilməsəm, sizdən öyrənərəm. Axı elm və şərəf sahibisiniz.” Hüseyn dedi: “Ən yaxşı iş hansıdır?” Kişi: “Allaha inanmaq və Peyğəmbəri(s) təsdiq etmək.” Hüseyn buyurdu: “Bəndəni məhvdən xilas edən yol hansıdır?” Kişi: “Allaha arxalanmaq, Ona təvəkkül etmək.” Hüseyn : “İnsanın bəzəyi nədir?”. Kişi dedi: “Həlimlik (helm) ilə yanaşı birgə olan bilik (elm).” Soruşdu: “Əgər elmi olmasa necə?”. Cavab verdi: “Kəramət və səxavətlə birgə sərvət”. Soruşdu: “Əgər sərvəti olmasa necə?”. Cavab cerdi: “Səbr ilə birgə olan yoxsulluq”. Soruşdu: “Əgər səbri və dözümü olmasa necə?”. Cavab verdi: “Göydən od gəlib onu yandırar”. Hüseyn güldü və içində min qızıl dinar olan pul kisəsini ona bağışladı. Sonra iki dirhəm dəyərində üzüyünüdə verib buyurdu: “Min qızıl dinarla borcunu ödə, üzüyü də ailənə sərf et”. Kişi Hüzeynin bəxşişlərini alıb dedi: “Allah rəhbərliyi kimə tapşırdıəını yaxşı bilir.”

Aşura günü Hüseynin çiynində iz görüb Səccaddan soruşdular: “Həzrətin çiynindəki bu iz nədir?”. Səccadd buyurdu: “Bu iz atam Hüseynin dul qadınlara, yetimlərə, əlsiz-ayaqsızlara ərzaq daşıdığı qabın izidir.”

Əbdürrəhim Silmi Hüseynin övladına mübarək “Həmd” surəni öyrətdi. Həzrətin övladı surəni atası üçün oxuduqda, Hüseyn müəllimə min libas və min dinar pul bağışladı. Üstəlik, müəllimin ovcunu dürr ilə doldurdu. İmamdan “niyə bu qədər hörmət edirsən?” ¬–deyə, soruşduqda, o buyurdu: “Bu hədiyyələr onun tədrisinin əvəzini necə ödəyə bilər?”.

Üsam ibn Müstələq Şami deyir: “Mədinəyə gələndə Hüseyn İbn Əlinin gözəl çöhrəsini gördüm. Onun məsum görkəmi, şövkəti və cah-calalı məndə paxıllıq hissi yaratdı. Atasına qarşı qəlbimdəki nifrət və düşmənçiliyi aşkarlamaq istədim. Yaxınlaşıb nifrətlə dedim: “Ey Əbu Turabın oğlu?!”. İmam(ə.) dedi: “Bəli.” Üsam: “Bacardığım qədər o Həzrətin atasına təhqiramiz sözlər söylədim.” mehriban mülayim tərzdə mənə buyurdu: “Qovulmuş Şeytandan Allaha pənah aparıram. Rəhman və Rəhim Allahın adı ilə başlayıram. Bağışlamaq yolunu tut, yaxşılığa əmr et və nadanlardan uzaq ol.”

Bu ayə Peyğəmbərin(s) gözəl əxlaqına işarədir. Sonra buyurdu: “Mənimlə mülayim və sakitcəsinə rəftar et ki, həm öz işini, həm də mənim işimi asanlaşdırasan. Allah-təaladan əfv dilə.” Dedi: “Bizdən kömək istəyirsənsə, əsirgəmərik. Başqa bir şeyə ehtiyacın varsa istədiyini verərik. Nəsihətə və düz yolu tanımağa ehtiyacın varsa, doğru yolu göstərərik.” Üsam deyir: “Yanlış və təhqiramiz sözlərimə görə peşman oldum. Həzrət duydu ki, peşmanam, buyurdu: “Yusifin xətakar qardaşlarına dediyi sözü məndə deyirəm: “Bu gün sizə məzəmmət və danlaq yoxdur. Allah bağışlasın sizi, O, rəhm edənlərin ən yaxşısıdır.” Üsam deyir: “O qədər təhqir və ədəbsizliyimin qarşısında Həzrətin belə gözəl rəftarı mənə elə təsir etdi ki, utandığımdan lap yerə girmək istədim. Çarəsiz qalıb Həzrətin məclisi tərk etdim.” Bu hadisədən sonra mənim üçün Həzrət Hüseyn və atası Əli ibn Əbu Talibdən sevimli və əziz adam yox idi.

Aşura inqilabının nəticələri

Hüseynin inqilabı İslam cəmiyyətinə böyük təsir və nəticələr bağışladı. İndi həmin nəticələrin bir neçəsini nümunə üçün qeyd edib araşdıracağıq.

Bəni-Üməyyə sülaləsi öz hakimiyyətinə din adı verib İslam hökuməti adlandırdığı, həmçinin, Peyğəmbər canişini adı ilə camaata hakim olduqları və öz dini mövqelərini cəmiyyətdə qoruyub saxlamaq, cürbəcür üsullardan (məsələn, yalançı hədis düzəltməklə, şair və tarixçiləri özlərinə cəlb etməklə, Cəbriyyə kimi məzhəbləri yaymaqla) istifadə etdikləri üçün Hüseynin inqilabı onların hökumətinə ağır zərbə vuraraq onları rüsvay etdi. Xüsusilə qeyd etmək lazımdır ki, Yezidin qoşunu Aşura hadisəsində su yolunu bağlamaq, uşaqları öldürmək, Peyğəmbər ailəsini, arvad-uşaqları əsir etmək kimi insanlıqdan uzaq olan bir sıra işlər onların rüsvayçılığında böyük rol oynadı və bununla da, Yezid özünə camaatın nifrətini qazandı. Belə ki, həmən dövrün şəxsiyyətlərindən biri deyir: “Camaat hamı bir nəfər kimi Yezidi lənətləyib söydü və ona eyb tutub ondan üz döndərdi.”

Yezid qələbəsinin əvvəlində şad və qürurlu görünməsinə baxmayaraq camaatın etirazı nəticəsində bu şadlığı itirib. Yezid Hüseyni öldürməkdən peşiman oldu. Yezid dedi: «mən Hüseynin öldürülməsinə razı deyildim...».O deyirdi: “Kaş əziyyətə qatlaşıb Hüseyni öz evimə gətirəydim, İslam Peyğəmbərinə xatir və Hüseynin ona olan qohumluğu hörmətinə hökuməti ona təhvil verəydim. Yezid əvvəl Əhli-beyt əsirləri ilə kobud rəftar etmiş və onların xaraba bir evdə saxlanılmasına əmr vermişdi. Ancaq camaatın etirazı nəticəsində çox çəkmədi ki, onlarla mülayim davranmağa başladı, yerlərini dəyişərək dedi: “İstəyirsinizsə, sizi Mədinəyə göndərim.”Yezid Aşura hadisəsindən sonra cəmi 4 il yaşadı.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 474 Bölmə: Maraqlı melumatlar
loading...