Nədənsə dini məsələlər barəsində söhbət düşdükdə xanımların böyük əksəriyyətində dinimizin onlara hicab geyinməsini fərz buyurmasına çox vaxt düzgün münasibət olmaması faktı ortaya çıxır. Elə bunu nəzərə alaraq bu məsələnin üzərində bir qədər dayanmağı məsləhət bildik.
İlk öncə onu qeyd etməliyik ki, hicab islamaqədərki dinlərdə və svilizasiyalarda da mövcud olmuşdur. Tarixə nəzər salsaq görərik ki, islamdan öncə Avropa ölkələrinin bir çoxunda qadının hicab geyinməsi onun yüksək zümrəyə, zadəgan nəslinə mənsub olması və kölə qadınlardan seçilməsilə xarakterizə olunub. Zaman keçdikcə tarixi hadisələrin təsiri nəticəsində hicab tədricən unudulmaga başlanmışdır. İslam dini öz gəlişi ilə bu məsələyə yeni bir həyat verdi. Dinimiz qadına yüksək qiymət verərək onu yad nəzərlərdən qorumaq, cəmiyyətdə əxlaq balansının pozulmaması üçün hicabı bütün qadınlara vacib buyurdu. Bu barədə Uca Allah belə buyrur:
«Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mömünlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan ayağa gizlədən) çarşablarını örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan və rəhm edəndir! » («əl- Əzhab» surəsi, 59)
Göründüyü kimi yenilməz güc və qüvvət sahibi olan Allah bu ayə vasitəsilə qadına nə üçün hicab geyinməsini əmr etməsini izah edir. Bu auə özündə bir cox hikmətləri daşıyır ki, onların da bir neçəsini nəzərdən keçirmək yerinə düşərdi.
Elə ayənin əvəlindən açıq aydın görünür ki, hicab geyinmək nəinki peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - zövcələri və qızlarına o cümlədən, bütün xanımlara vacibdir. Sonra isə Rəbbimiz bu əmrin hikmətini açıqlayaraq « onlara əziyyət verilməməsi ücün…» deməsi, qadının hicabdan imtina edəcəyi təqdirdə özünü əzaba və zülmə düçar edəcyinə bir dəlildir. Və ayənin sonunda Allah Özünün Bağışlayan və Rəhimli olmasını xatırlamaqla, tövbə edəcək, Allahın əmrinə tabe olacağı və hicab geyinəcəyi təqdirdə, qadının günahını bağışlayacağına əmin edir. Əmrlərinin kamilliyinə görə Rəbbimizə həmd olsun!
Uca Allah nə cür geyinmək, bədənin hansı nahiyəsini örtmək barəsində belə buyurur:
«Mömün qadınlara da de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri gorünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını yerə və ya bir-birinə vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız! (Mətləbinizə çatasınız!) » («ən-Nur» surəsi, 31)
Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - fəcr namazını (sübh namazı) qılarkən, hicablarına bürünmüş mömin qadınlar da ona qoşulardı. (Namazlarını qıldıqdan) sonra isə evlərinə qayıdar və qaranlıq olduğundan heç kəs onları tanımazdı» (Səhihu-l-Buxari, 578; Səhih Müslim, 1456)
Ummu Atiyyə (Adı: Nuseybətu bint Kəb əl-Ənsariyyə) (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - bakirə qızların, heyzli qadınların bayram namazlarına gəlməsini bizə əmr edərdi. Heyzli qadınlar namaz qılınan yerdən kənarda dayanar və o günün xeyir-bərəkətinə nail olmaq üçün camaatın arxasında (namaz qılınan yerdən aralı) oturar, təkbir və dua edərdilər. Mən dedim: "Ey Allahın elçisi! Bizdən birinin hicabı olmadıqda nə etsin?" O dedi: " Bacısı (Burada istənilən müsəlman qadın qəsd olunur) hicablarından birini ona versin!"» (Səhihu-l-Buxari, 980; Səhih Müslim, 2053) (Səhihu-l-Buxari, 980; Səhih Müslim, 2053)
Ayə və hədislərdən görünür ki, əl və üz istisna olmaqla bədənin bütün nahiyəsi örtülməlidir. Göründüyü kimi dinimizdə qaranlıq galan heç bir məsələ yoxdur. Ümumiyyətlə bu məsələyə Quranda bu cür yer ayrılması məsələnin ciddiliyindən xəbər verir. Allahın bu əmrinin əksinə hərəkət etməklə isə həm qadınlar həm də cəmiyyət müxtəlif problemlərlə qarşılaşır. Məsələyə psixoloci aspektdən yanaşdıqda görərik ki, hicab hər şeydən öncə elə məhz qadının özü üçün faydalıdır. Hər hansısa bir qadına məxsus görkəm, bədən quruluşu heç də hamıda eyni cür təsürat oyatmır. Digər tərəfdən də əgər qadının bədən quruluşunda hər hansı bir çatışmamazlıq varsa və bu qüsurlar qadının heç özünün xoşuna gəlmirsə o bunu ətrafdakılara nümayiş etdirməklə diqqəti özündə olan gözəl keyfiyyətlərdən, onun xasiyyətindən daha çox məhz bu qüsurların üzərinə yönəldir ki, bu da ailə qurmaq məqsədilə qadınla ünsiyət yaratmaq istəyən kişinin diqqətindən yayınmaz və kişi həmin qadının şəxsiyyətini, qabilliyətini bilmədən belə onunla ailə qurmaq fikrindən vaz keçir. Gəlin görək ən çox ziyanı kim çəkəcək? Əlbəttə ki, qadın. Elə bu səbəbdəndir ki, bir çox qadınlar uzun müddət bəzən də sonunacan ailə qura bilmir, belə olduqda da vəziyyətdən çıxmaq üçün müxtəlif yollara baş vurur və arzuolunmaz zərbələr alır ki, bu da cəmiyyətdə tarazlığı pozur, muxtəlif əxlaqımıza zidd halların yayılması çoxalır.
Hicabsız gəzmək gözəl qadınlar üçün də, məqbul deyil. Hər şeydən öncə həmin qadın öz keyfiyyətlərini adiləşdirir və son nəticədə tamamilə diqqətdən kənarda qalır. Digər bir tərəfdən də həmin qadınlar bir çoxlarının həsədinə, paxıllığına, nəzərinə səbəb olur, nəticədə də onlara göz dəyir və bu gözdəymə nəticəsində hər cür bəlalara düçar olurlar. Bundan başqa onların gözəlliyinə həsəd aparan digər paxıl qadınlar bu gözəlliyinə xələl gətirmək üçün hər cür şər əməllərə (cadu və s.) əl atırlar.
Məhşur islam alimi İbn Teymiyyənin dediyi kimi: "Həsədsiz insan olmur, lakin alicənab və əxlaqlı olan onu gizlədir, alçaq və əxlaqsız isə onu büruzə verir." («Fətvalar toplusu», 10/124-125)
Hər bir qadın anlamalıdır ki,onun malik olduğu keyfiyyətlər yalnız onun əri üçündür və onlar başqalarına nümayiş etdirilməməlidirlər. Bu barədə mövzunu daha da genişləndirmək olar lakin hesab edirik ki, düşünən qadın üçün elə bunlar da kifayət edər.
Gəlin Allahın əmrlərinə biganə qalaraq, oyun-oyuncaqdan başqa bir şey olmayan, bizim üçün imtahan olaraq yaradılan bu dünyanın fitnəsinə uymayaq. Gəlin «deyəcəklər ki, filankəsin qızı molla olub», «bircə mollamız əskikdi», «camaat nə deyər», «sən özünə iş tapa bilməyəcəksən», «indi biz hansı dövrdə yaşayırıq», «qəlbin təmiz və düz olsun», «bizim nəsildə başını bağlayan olmayıb» və sairə bu kimi sözlər soyləməklə hicab geyinmək istəyən qadınlara və qızlarımıza mane olmayaq. Gəlin bacardıqca Allahın əmirlərinə tabe olub sözün həqiqi mənasında ürəyimizi Allahla düz edək. Əsl təmizlik və düzlük Allaha itaət və Onun əmirlərini yerinə yetirməklə olur.
Hesab edirik ki, Allaha və Onunla qarşılaşağı günə inananlar bu mövzudan müəyyən nəticələr çıxaracaqlar. Allah köməyiniz olsun!
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 245 Bölmə: Maraqlı melumatlar