Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəflətdən Oyanışa Dogru Aparan Qədr Gecəsi

Bismilləhir-Rahmənir-Rahim!


Günü-gündən zülmətləşən dünyanın içində mübarək Ramazan ayı gerçəkdə behiştin bir parçasıdır. Belə ki, maddi dünyanın ədalətsizliklərlə, hərc-mərclik və haqqpozmalarla səciyyələnən ağrıdıcı mahiyyətinidən, yandırıcı cəhənnəmindən sanki bir mənəvi dinclik məqamıdır bu mübarək ay. Nə yaxşı ki, mübarək Ramazan ayı var…

Tükənməz nemətlərlə zəngin bir İlahi ziyafətdir bu nurani ay. Və bu ziyafətin ən şərəfli, ən məzmunlu nöqtəsi, ən şah zirvəsi – Qədr gecəsi və bununla bağlı keçirilən əhyalardır. Nəhayət ki, vücudumuzun əhyasına, oyanışına səbəb ola bilən Qədr gecələri yetişdi.

Qədr gecəsi görülən bütün əməllər digər vaxta edilənlərin 1000 ay misli qədərdir. Misal üçün, insan 1000 ay tövbə edə, bağışlanmaq istəyə, «Allah qapısı»nı döyə. Və bir Qədr gecəsində həmin əməlləri səmimi yerinə yetirə. Təsir və nəticə baxımından bu 1 gecə 1000 aydan daha üstündür! Zatən Rəbbimiz özü bu gecənin qiymətini “Qədr gecəsi min aydan yaxşıdır”(“Qədr” surəsi, 3) olaraq verir.

Allahım, bizlərə bu gecələrdə gerçək özünütanımanı və bu gecələrin nuraniyyətindən bəhrələnmə səadətini nəsib elə! Bizlərin min aylarla qəflət içində sürünməmizi bu günlərin gerçək vücudi oyanışı ilə şərəfləndir!

Mübarək Qurani-Kərimin «Duxan» surəsinin 4-cü ayəsində, Rəbbimiz Qədr gecəsində baş verən bir məsələni də açıqlayır: «Bu gecədə hər bir iş hikmət əsasında ayrılar». Yəni, Qədr gecəsi – bir gecədir ki, Allahın hikməti əsasında hər bir iş digərindən ayrılar, yerbəyer olar. Yaxşının və pisin, çalışqanın və tənbəlin, tanıyanın, mərifətlinin və qəflətdə olanın, alimin və cahilin, ədalətlinin və zülmkarın – hər bir kəsin işi öz müvafiq yerinə gedər, özünə aid «rəflər»ə qoyular.

Və nəticədə Zəmanə Sahibinə (ə.f.) təhvil verilər. Ayədən bəlli olur ki, bu işdə bir davamlılıq var. Peyğəmbərimizin (s) vaxtında da ayrılırdı işlər, növlərə bölünürdü, Həzrət Əlinin (ə) də vaxtında, sonrakı dövrlərdə də bu proses gedirdi. O zaman da hər şey müəyyənləşərək, yiyəsinə təhvil verilirdi, indi də hər il bu iş gedir. Və bu mənəvi-ruhani proses Allahın əmri ilə Qiyamət gününədək davam edəcəkdir.

Allahım, bizlərə bu həqiqi ayrılma zamanı ləyaqət tutumu nəsib et! Doğrularla, düzlərlə, yaxşılarla ayrılmanı nəsib et! Tutumlarımızı bu gecənin hikmət və bərəkəti ilə artır!


*****


Mübarək Ramazan ayının 19-cu gününün duasındakı nurani çalarlara diqqət edək:

- Bizlərə bu ayda olan bərəkətlərdən bəhrələnməni artıq et, ey ilahi ziyafətin sahibi Rəbbim!

- Bu ayda xeyir əməllərin yolunu bizim ücün asanlaşdır, ey xeyirlərin mənbəyi olan Rəbbim!

- Yaxşı əməllər etmədən bizi məhrum etmə, ey açıq-aşkar haqqın tərəfinə yol göstərən Rəbbim! Amin!


Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
İçərişəhər “Cümə” məscidinin imam-camaatı


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 96 Bölmə: Maraqlı melumatlar
loading...