Hökmü:
Evlənmək üçün hansı qadın daha yaxşıdır?
Evlənmək üçün hansı kişi daha yaxşıdır?
Evlənəcəyi qadına baxmaq
Nişan
Nikah bağlamaq
Qadını ərə vermədən öncə bu haqda ondan icazə almaq vacibdir:
Nikah zamanı oxunan xütbə
Nikaha görə təbrik etmək müstəhəbdir
Mehr
Hökmü:
Nikah, Peyğəmbərlərin ən çox təkidlə vurğuladıqları bir sünnədir. Uca Allah buyurur: «(Ya Rəsulum!) Biz səndən əvvəl də Peyğəmbərlər göndərdik, onlara zövcələr, övladlar verdik...»[1].
Nikahı üzürsüz yerə tərk etmək məkruhdur. Demək Ənəs ibn Malik deyir ki, bir gün, «üç nəfər Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcələrinin evinə gəlib onun ibadəti haqqında soruşdular. Onlara bu haqda xəbər verildi və sanki onlar Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bundan daha az ibadət etdiyini düşürdülər. Lakin onlar işin həqiqətini bildikdə, “biz hara Peyğəmbər hara!? Onun bütün keçmiş və gələcək günahları bağışlanıb!” – deyərək özlərinə sual verdilər.
Onlardan biri dedi: Bundan sonra mən daima gecələri namaz qılacağam.
O biri dedi: Mən il boyu oruc tutacam, bir gündə olsun iftar etməyəcəm.
Digəri isə dedi: Mən isə qadınlardan uzaq durub heç vaxt evlənməyəcəyəm.
Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) gəldi və dedi: Belə-belə sözləri deyən siz idiniz!? Allaha and olsun, mən sizin aranızda Allahdan daha çox qorxan, təqvalı olanam. Amma mən həm oruc tutur, həm də iftar edirəm. Həm namaz qılır, həm də yatıram. Qadınlarla da evlənirəm. Kim mənim sünnəmdən imtina edərsə məndən deyildir[2].
Nikah, zina edəcəyindən qorxan kimsəyə vacibdir. Çünki zina və zinaya aparan vasitələr, yollar haramdır. Kim buna düçar olacağından qorxarsa tezliklə bunu özündən uzaqlaşdırmalıdır. Əgər bunu nikahdan başqa bir yolla uzaqlaşdırmaq mümükün deyilsə, o zaman nikah etmək vacibdir[3].
Nikah etmək istəyib, buna imkanı çatmayan şəxs oruc tutsun. Demək İbn Məsud (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə belə dedi: «Ey cavanlar, kim evlənə bilirsə evlənsin. Çünki evlənmək, gözü naməhrəmlərə baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyar. Kim evlənə bilmirsə oruc tutsun. Həqiqətən oruc tutmaq onun çarəsidir»[4].
Evlənmək üçün hansı qadın daha yaxşıdır?
Evlənmək istəyən şəxs qadın seçərkən deyiləcək bu sifətlərə malik qadın seçsin:
1. Dindar olsun. Demək Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Dörd xüsusiyyətə, var-dövlətə, nəsil-nəcabətə, gözəlliyə və dinə - görə qadınla nikah bağlanar. Din xüsusiyyətinə üstünlük versən əlin xeyirə çatar»[5].
2. Bakirə olsun. Əgər dul qadınla evlənmək daha məsləhət olarsa bunu edə bilər. Demək Cabir ibn Abdullah (Allah ondan razı olsun) deyir:
«Mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında bir qadınla evləndim. Bir dəfə onunla qarşılaşanda o mənə dedi: Ey Cabir, evlənmisən?
Mən: Bəli.
O: Bakirə, yoxsa dul qadınla?
Mən: Dul qadınla.
O: Səninlə əylənsin deyə bakirə qadınla evlənərdin də?
Mən: Ey Allahın elçisi, mənim bacılarım var. Mən qorxdum ki, bakirə qadınla evlənsəm o məni bacılarımdan yayındırar.
O: «Qoy sən istəyən olsun. Həqiqətən qadınla dininə, var-dövlətinə və gözəlliyinə görə nikah bağlanır. Sən din xüsusiyyətinə üstünlük ver, əlin xeyirə çatar»[6].
3. Qısır olmasın. Demək, Ənəs (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Həyat yoldaşını sevən və qısır olmayan qadınlarla evlənin. Mən sizin çoxluğunuzla başqa ümmətlər qarşısında öyünəcəyəm»[7].
Evlənmək üçün hansı kişi daha yaxşıdır?
Əgər kişi yuxarıda dediyimiz qadınları seçməlidirsə, qadının qəyyumu da onun üçün əməlisaleh bir kişi seçməyə çalışmalıdır. Demək Əbu Hatim əl-Muzəni (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Dinindən və əxlaqından razı qaldığınız kimsə sizə evlənmək üçün müraciət edərsə onunla nikah bağlayın. Əgər siz bunu etməsəniz yer üzündə böyük fitnə-fəsad olar»[8].
Kimsə, əməlisaleh insana öz qızı və ya bacısı ilə evlənməyi təklif edə bilər. Demək İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «Ömərin qızı Həfsa əri Xuneys ibn Huzafə əs-Səhmidən dul qalmışdı. O, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrindən idi və Mədinədə vəfat etmişdi. Ömər ibn əl-Xəttab deyir ki, mən Osman ibn Əffanın yanına gəldim və ona Həfsa ilə evlənməyi təklif etdim. O isə, mən bu haqda fikirləşərəm – dedi. Mən bir neçə gün gözlədim, sonra o məni görüb dedi: Mən bu gün evlənməyi düşünmürəm. Ömər deyir: Mən Əbu Bəkr əs-Siddiqlə qarşılaşdım və dedim: İstəyirsənsə qızım Həfsanı sənə verərəm. Əbu Bəkr isə susdu və heç bir cavab vermədi. Mən buna görə Osmandan çox, ona hirslənirdim. Mən bir neçə gün gözlədim və sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Həfsa ilə nişanlandı və mən də onların nikahını bağladım. Sonra Əbu Bəkr mənimlə qarşılaşdı və dedi: Hər halda sən mənə Həfsa ilə evlənməyi təklif etdikdə və mən sənə heç bir cavab vermədikdə mənə çox hirslənmisən? Ömər deyir ki, mən: Bəli – deyərək cavab verdim. Əbu Bəkr dedi: Mənim sənə bir cavab deməyimə mane olan amil, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Həfsa ilə evlənmək istəyi olduğunu bilməyim idi. Amma mən Peyğəmbərin sirrini açan deyildim. Əgər Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onunla evlənməsəydi o zaman mən evlənərdim»[9].
Evlənəcəyi qadına baxmaq
Müəyyən bir qadınla evlənmək qərarına gələn insan onunla nişan etmədən öncə ona baxa bilər. Demək Məhəmməd ibn Məsləmə deyir ki, mən bir qadınla evlənmək istəyirdim. Mən ona baxmaq üçün onu güdürdüm. Nəhayət onu xurma ağacının yanında gördüm. Bu hərəkətimə görə mənə irad tutaraq dedilər: Sən özün Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabəsi olduğun halda belə iş tutursan? Mən isə dedim ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: «Əgər Allah bir kişinin qəlbinə hansısa qadınla nişanlanmaq niyyəti salarsa, kişinin ona baxması eyb etməz»[10].
Muğirə ibn Şöbə (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldim və ona bir qadınla evlənmək istədiyimi çatdırdım. O isə dedi: Get ona bax. Çünki bu sizin bir-birinizə daha çox bağlanmanız üçün əlverişlidir[11].
Nişan
Nişan, el arasında məlum yolla qadına edilən evlilik təklifidir. Əldə olunan razılıq sadəcə olaraq evlilik vəd etmək anlamına gəlir. Bu razılıqla nişanlı qız, nişanlı oğlana heç bir vəchlə halal sayılmır, nikah bağlanana qədər oğlan qız üçün yad (naməhrəm) sayılır.
Bir qardaşın nişanı üzərinə nişan aparmaq müsəlmana halal deyildir. Demək İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir kimsənin digərinin alış-verişinə qarışmasını, bir kimsənin digərinin nişanı üzərinə nişan etməsini qadağan etmişdir. Yalnız birinci nişanlı kişi imtina etdikdə və ya ona icazə verdikdə bunu edə bilər»[12].
Rici talaq[13] edilib (boşanılıb) müddət (iddə) gözləyən qadını nişanlamaq da haramdır. Çünki o hələ kiminsə arvadı sayılır. Həmçinin birdəfəlik boşanıb və ya yoldaşı ölüb, müddət gözləyən qadını bu vaxt ərzində nişan etmək də haramdır. Amma dolayı yolla eşitdirmək isə günah deyil. Uca Allah buyurur: «(Bu müddəti gözləyən) qadınlara elçi göndərmək (onlarla evlənmək) istədiyinizi (rəmz və) işarə ilə bildirməkdən və ya belə bir istəyi ürəyinizdə gizlətməkdən sizə heç bir günah gəlməz...»[14].
Nikah bağlamaq
Nikahın iki ərkanı var, (qızı) vermək və qəbul etmək. Bunun doğru olması üçün aşağıdakı şərtlər olmaldır:
1. Himayədarın (vəlinin) icazəsi: Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Himayədar tərəfindən nikahı bağlanmayan qadının nikahı batildir, nikahı batildir, nikahı batildir. Əgər belə nikahla qadına yaxınlıq edərsə verilən mehr qadına qalır. Əgər himayədarlar (qızı ərə verməkdən imtina edərək) mübahisə edərlərsə (himayədar yox sayılır). Himayədarı olmayana isə rəhbər himayədarlıq edər»[15].
2. Şahidlərin mövcudluğu: Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Himayədar (vəli) və iki ədalətli şahid olmadan bağlanan nikah düzgün deyil»[16].
Qadını ərə vermədən öncə bu haqda ondan icazə almaq vacibdir:
Himayədarsız nikah bağlanmadığı bir şərtdirsə, himayədarın ərə verdiyi qadından bu haqda icazə alması da vacibdir. Əgər qadın razı deyilsə himayədarın onu məcbur etməsi qadağandır. Əgər o, qadını məcburi olaraq ərə verərsə qadının həmin nikahı ləğv etməyə hüququ vardır.
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Dul qadının əmri, bakirə qadının isə icazəsi olmadan onlar üçün nikah bağlanmaz. Orada olanlar dedilər: Ey Allahın elçisi, bakirə qadının icazəsi necə olur? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Onun susması icazəsi deməkdir»[17].
Xənsa bint Xəddam əl-Ənsariyyə (Allah ondan razı olsun) deyir ki, «o, dul qadın ikən atası onu məcburi ərə vermişdi. O isə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlmiş və o da onun nikahını ləğv etmişdi»[18].
İbn Abbas (Allah ondan razı olsun) deyir ki, «bir nəfər bakirə qız Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib, atasının onu məcburi ərə verməsi haqda şikayətləndi və Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadına seçim etməyi təklif etdi»[19].
Nikah zamanı oxunan xütbə
Nikah bağlamadan öncə xütbə oxumaq müstəhəbdir. Bu, “Xütbətul Hacə” adlanır və mətni belədir:
إِنَّ الْحَمْدَ لِلَّهِ نَحْمَدُهُ وَنَسْتَعِينُهُ وَنَسْتَغْفِرُهُ وَنَعُوذُ بِاللَّهِ مِنْ شُرُورِ أَنْفُسِنَا وَمِنْ سَيِّئَاتِ أَعْمَالِنَا مَنْ يَهْدِهِ اللَّهُ فَلاَ مُضِلَّ لَهُ وَمَنْ يُضْلِلْ فَلاَ هَادِىَ لَهُ وَأَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ
{يَا أَيُّهَا النَّاسُ اتَّقُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالاً كَثِيراً وَنِسَاء وَاتَّقُواْ اللّهَ الَّذِي تَسَاءلُونَ بِهِ وَالأَرْحَامَ إِنَّ اللّهَ كَانَ عَلَيْكُمْ رَقِيباً }النساء1
{يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ حَقَّ تُقَاتِهِ وَلاَ تَمُوتُنَّ إِلاَّ وَأَنتُم مُّسْلِمُونَ }آل عمران102
{يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَقُولُوا قَوْلاً سَدِيداً يُصْلِحْ لَكُمْ أَعْمَالَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَمَن يُطِعْ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَوْزاً عَظِيماً }الأحزاب-70 -71
أما بعد فإِنَّ أَصْدَقَ الْحَدِيثِ كِتَابُ اللَّهِ، وَخَيْرَ الْهَدْيِ هَدْيُ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، وَشَرَّ الأُمُورِ مُحْدَثَاتُهَا, وَكُلَّ مُحْدَثَةٍ بِدْعَةٌ وَكُلَّ بِدْعَةٍ ضَلالَةٌ، و كُلُّ ضَلَالَةٍ فِي النَّار.
Həqiqətən həmd Allaha məxsusdur. Biz Ona həmd edir, Ondan yardım və günahlarımızın bağışlamasını diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq.
Allahın doğru yola yönəltdiyi kimsəni azdıran, azdırdığı kimsəni isə doğru yola yönəldən tapılmaz.
Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur. Mən şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.
"Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!"[20]
"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!"[21]
"Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar."[22]
Həqiqətən ən doğru kəlam Allahın kitabı, ən doğru yol isə Məhəmmədin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yoludur. Ən şər işlər dinə əlavə olunan yeniliklərdir. Hər bir yenilik isə bidət, hər bidət də zəlalətdir. Zəlalətin sonu isə oddur[23].
Nikaha görə təbrik etmək müstəhəbdir
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) evlənənləri təbrik edərkən bu duanı oxuyardı:
"بَارَكَ اللهُ لَكم وَ بَارَكَ عَلَيْكم وَ جَمَعَ بَيْنَكُمَا فِي خَيْرٍ".
«Allah sizi bərəkətləndirsin, bərəkətə qovuşdursun və hər ikinizi xeyirli işlərdə qoşa etsin»[24].
Mehr
Uca Allah buyurur: «Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!»[25]
Mehr, qadının kişi üzərində olan borcu və onun şəxsi mülküdür. Heç kəsin, istər ata, istərsə də başqasının qadının icazəsi olmadan onun mehrindən götürməyə haqqı yoxdur.
Şəriət mehrin nə azına, nə çoxuna məhdudiyyət qoymamışdır. Bununla belə cavanlar çətinlik qarşısında qalıb evlənməkdən iştina etməsinlər deyə evlənməyi asanlaşdırmaq məqsədi ilə mehrlərin az miqdarda təyin edilməsinə təşviq etmişdir. Uca Allah buyurur: «Əgər bir arvadın yerinə başqa bir arvad almaq itəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın!»[26] Ənəs ibn Malik (Allah ondan razı olsun) deyir ki, «Əbdürrəhman ibn Ovf (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldi. Onun üzərində ətir izi qalmışdı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu haqda ondan soruşdu və o, ənsarlı bir qadınla evləndiyini bildirdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Ona nə qədər mehr vermisən? O dedi: Xurda dənəsi ağırlıqda qızıl vermişəm. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Elə isə heç olmasa bir qoyun kəs və ziyafət ver»[27].
Səhl ibn Səəd (Allah ondan razı olsun) deyir ki, mən, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanında olan toplumun arasındayım. Bu zaman bir qadın qalxıb dedi: Ey Allahın elçisi, mən özümü sənə hədiyyə edirəm. Bu haqda öz fikrini söylə. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona cavab vermədi. Qadın yenə, “Ey Allahın elçisi, mən özümü sənə hədiyyə edirəm. Bu haqda öz fikrini söylə” – deyərək səsləndi. Sonra üçüncü dəfə yenə, “Ey Allahın elçisi, mən özümü sənə hədiyyə edirəm. Bu haqda öz fikrini söylə” – deyərək səsləndi.
Bu zaman bir kişi qalxıb: Ey Allahın elçisi, onu mənə ərə ver – deyərək səsləndi.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Sənin ona verməyə bir şeyin (mehrin) varmı?
Kişi: xeyr – deyərək cavab verdi.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Get axtar, heş olmazsa dəmir üzük də olsa tap.
Kişi getdi və az sonra qayıtdı və dedi: Heç nə tapmadım, hətta dəmir üzük də.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Qurandan nəsə bilirsən?
Kişi: mən filan və filan surələri bilirəm – deyərək cavab verdi.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Get, bildiyin Quranla onu sənə verdim»[28].
Evlənmədən öncə, yaxud sonra mehri tam vermək olar. Həmçinin bir hissəsini əvvəl, qalanını isə sonra vermək olar. Hətta qadının mehrini verməmiş onunla yaxınlıq edərsə buna da icazə vardır. Əgər kişi qadına verəcəyi mehri təyin etməyibsə o zaman adətən digər qadınlara verilən miqdarda mehr verməlidir. Yox əgər mehri təyin edibsə təyin etdiyi mehri verməlidir. Vəd edilən mehri ödəməkdən boyun qaçırmaq olmaz. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Sizin vəfa göstərməli olduğunuz vəd, qadınları halal etdiyiniz mehrə sadiq çıxmağınızdır»[29].
Əgər ər, nikahdan sonra və qadına yaxınlıq etmədən öncə vəfat edərsə qadının mehri tam verilir. Demək, Alqəmə deyir ki, «Abdullah ibn Məsudun (Allah ondan razı olsun) yanına gəlib, bir qadınla evlənib arvadı üçün mehr təyin etmədən və yaxınlıq olmadan vəfat edən kişi haqqında soruşdular, məsələnin həllini istədilər. Abdullah dedi: Mən o qadına digər qadınlara verilən miqdarda mehr verilməsini, varis olmasını və müddət (iddə) gözləməsini deyirəm. Sonra Məqəl ibn Sinan əl-Əşcəi (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Buru bint Vaşiq barəsində də belə qərar verdiyini təsdiqlədi»[30].
Tarix: 02.05.2013 / 22:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 551 Bölmə: Maraqlı melumatlar