Mübarək Rəcəb ayı - Allah qonaqlığı üçün səfərə hazırlıq aylarından birincisidir. Bu ay - tövbə diləmə, bağışlanma istəmə, ləyaqət və şərafət əldə etmə, yalandan, qeybətdən, böhtandan, qorxaqlıqdan, yaltaqlıqdan, hər bir eybəcərlikdən müalicə olunma ayıdır.
Rəcəb ayı haqqında İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: «Qiyamət günü carçı ərşin bətnindən bir fəryad çəkər: «Eynər-racəbiyyun? (haradadır rəcəb ayının əhli?)». Və insanlardan bir qrup ayağa qalxar və onların simasının nuru topluma işıqlıq və nuraniyyət verər. Bu insanların başlarının üzərinə dürr və yaqutla zinətlənmiş sultanlıq tacları qoyular. Onların hər birinin sağ tərəfində min mələk və sol tərəfində min mələk olar. Və (mələklər) söyləyərlər: “Ey Allahın bəndəsi! Xoş gəlmisən! Allahın sənə əta etdiyi sənin üzərinə mübarək olsun!”. Bu zaman Allah (cəllə-cəlaluh) tərəfindən nida gələr: «Ey mənim qadın və kişi bəndələrim! İzzət və cəlalıma and olsun ki, sizin mübarək məqamınızı əziz tutacağam və sizə çoxlu sayda ətalar bəxş edəcəyəm və sizə behiştdə saraylar verəcəyəm ki, orada çaylar axır. Və orada əbədi qalacaqsınız. Və nə gözəl mükafatdır o kəslər üçün ki, çalışmışdırlar. Siz könüllü surətdə - Mənim xatirimə, bir ayda ki, onun hörmətini uca tutdum və haqqınin riayət olunmasını vacib bildim - oruc tutdunuz. Ey mənim mələklərim! Bu kişi və qadın bəndələrimi behiştə aparınız!». Bu mükafat o kəs üçündür ki, bu ayın bir miqdarında oruc tuta. Və hətta 1 gün olsa da belə: əvvəlində, ortasında və ya axırında».
Rəcəb ayının əməllərindən
Rəcəb ayının ilk gecəsi (yəni, cəmaduyəs-sani ayının axırıncı günündən rəcəb ayının ilk gününə keçən gecə) bu duanı oxumaq tövsiyə edilmişdir: «Əllahummə bərik lənə fi racəbin və şəbənə və bəlliğnə şəhra-Raməzan» (Duada Allah Təaladan 3 mübarək ayın - Rəcəb, Şəban və Ramazan aylarının fəzilətlərinin əta edilməsi istənilir)
Rəcab ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) “leylətul-rəğayib” adlanır. Bu gecəni ibadət və dualarla keçirmək tövsiyə olunub.
Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar.
Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs də qismət olan miqdarda bu günlərdən bəhrələnə bilər.
Rəcəb ayında ən azı 3 gün oruc tutmağın çox böyük fəziləti vardır. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur, onun yerinə sədəqə versinlər (imkanları çərçivəsində). Oruc tutmağa və sədəqə verməyə imkanı olmayan insanlar, əvəzində zikrlər deyə bilərlər.
Rəcəb ayında Məsumların (ə) mübarək hərəmlərini ziyarət etməyin böyük fəziləti vardır.
Rəcəb ayında tövbə və istiğfar etməyin və təhlil (lə iləhə illəllah) deməyin böyük fəziləti vardır.
Həzrət Rəsulullahdan (s) nəql edilir: «Hər kim rəcəb ayında 100 dəfə söyləyə: “əstəğfirullahəl - ləzi lə iləhə illə huvə vəhdəhu lə şərikə ləhu və ətubu iləyh” və oxuduğu duanı sədəqə ilə xətm edə (başa çatdırsa), Allah Təala da onun durumunu rəhmət və bağışlama ilə xətm edər. Və hər kim (bu zikri) 400 dəfə desə, onun üçün 100 şəhidin savabı yazılar».
Rəcəbin 15-nin gecəsində (14-dən 15-nə keçən gecə) 12 rükət namaz ricaən (qəbul olma ümidi) niyyəti ilə qılmaq bəyənilmişdir;
Rəcəb ayının 15-də qüsl almaq, oruc tutmaq, İmam Hüseyni (ə) ziyarət etmək - bəyənilmiş əməllərdəndir.
Rəcəb ayında çox deyilməsi tövsiyə edilən zikrlərdən: «Əstəğfirullahə və əs-əluhut-təvbə»
Tarix
Rəcəb ayının 1-i hicri 57-ci il - 5-ci imam - İmam Muhəmməd Baqirin (ə) mübarək mövludu günüdür.
Rəcəb ayının 3-ü hicri 254-cü il - 10-cu imam - İmam Hadi (ə) (Əliyyən-Nəqi (ə)) şəhadətə yetişmişdir.
Rəcəb ayının 8-i hicri 20-ci il - İslam dininin Misirə gəldiyi gündür.
Rəcəb ayının 10-u hicri 195-ci il - İmam Muhəmməd Təqinin (ə) (müsəlmanlar bu mübarək şəxsi, İmam Cavad (ə) adı ilə də tanıyırlar) mübarək mövludu günüdür.
Rəcəb ayının 12-i hicri 36-cı il - Həzrət Əli (ə) Kufə şəhərinə daxil olmuş və buranı xilafətin paytaxtı kimi müəyyənləşdirmişdir.
Rəcəb ayının 13-ü hicrətdən 23 il öncə Məkkə şəhərində, Kəbə evində Əmirəlmöminin Həzrət Əli (ə) dünyaya gəlmişdir.
Rəcəb ayının 15-i, hicri 62-ci ildə Kərbəla həqiqətlərini dünyaya çatdıran, zalım yezid istibdadını öz qəhrəman çıxışları ilə lərzəyə gətirən Həzrət Zeynəbın (s.ə.) vəfatı günüdür.
Rəcəb ayının 19-u, 9-cu hicri ilində, Təbuk qəzvəsi baş vermişdir. Gənc İslam qoşunu, Rum imperiyasının təcavüzünün qarşısını almaq üçün, Rəsuli-Əkrəmin (s) başçılığı altında, Mədinə şəhərindən Ərəbistan yarımadasının şimalınadək yürüş etmiş, İslamın qüdrət və əzəmətini bütün ərəb tayfalarına nümayiş etmişdi.
Rəcəb ayının 20-si, 13-cü hicri ilində müsəlman mücahidlərilə Rum imperiyası arasında Yərmuk döyüşü baş vermişdir.
Rəcəb ayının 24-ü, 7-ci hicri ilində, mühüm strateji əhəmiyyətə malik olan Xeybər qalası müsəlmanlar tərəfindən fəth edilmişdir.
Rəcəb ayının 25-i, hicri 183-cü ildə, müsəlmanların 7-ci İmamı – Həzrət Museyi-Kazım (ə), dövrün xəlifəsi qəsbkar Harun-ər-Rəşid tərfindən zəhərlənərək, şəhadətə yetişmişdir. Mübarək hərəmi Kazimeyn şəhərindədir. İmamı (ə) ziyarət etməyə əli çatmayanlar, onun qızlarının Vətənimizdə - Nardaranda və Bibi-Heybətdə olan məqbərələrini ziyarət edə bilərlər.
Rəcəb ayının 27-də, hicrətdən 13 il öncə - Həzrət Muhəmməd ibn Abdullaha(s) peyğəmbərliyin verilməsi günü - Məbəs günüdür. Bu gündə oruc tutmaq çox müstəhəbdir.
Rəcəbin 28-i, hicrətin 60-cı ilində İmam Hüseyn (ə) Mədinədən Məkkəyə doğru hərəkət etmişdir. Bu - Aşura salnaməsi ilə sonlanan, xilafəti qəsb etmiş zalım Yezid istibdadına qarşı mübarizə hərəkatının başlanğıcı idi. Azsaylı tərəfdarları ilə İslamı yaşadan, zülmə, rəzilliyə «yox!» deyən İmam Hüseyn (ə), bu yenilməz mübarizəsilə misilsiz qəhrəmanlıq məktəbinin əsasını qoymuşdur.
Tarix: 07.06.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 236 Bölmə: Maraqlı melumatlar