Həmd səbri tükənməz, şükür edənlərə öz neməti ilə əvəzini verən, ən uca, ən böyük, hər şeyi haqqı ilə eşidən, hər şeyi kəmalı ilə görən, hər şeyi layiqincə bilən və qüdrəti sonsuz olan Allaha məxsusdur. Məxluqatının bütün işləri Onun istəyinə bağlıdır, Allah-taala qiyamət günündə çağırışını qəbirdə olanlara eşitdirəcək.
Bütün məxluqatın müqəddəratını və əcəlini öncədən müəyyənləşdirmiş, özlərindən sonra qoyduqları izləri, əməlləri yazmış, onlar arasında məişətlərini və mallarını bölmüş, onlardan hansının daha gözəl əməl edəcəyini imtahan etmək üçün ölümü və həyatı yaratmışdır. O, güclü və bağışlayandır, mütləq Qalibdir, ən yaxşı araşdıran, şəriksiz üstün olan və Qüdrət sahibidir, hər çətinlik Ona asandır. O dostdur, çox gözəl dost və çox gözəl yardımçıdır. Göylərdə və yerdə nə varsa, hamısı Onu alqışlayır, pak və nöqsansız bilir. Mülk və Sahiblik Onundur. Bütün həmd Ona məxsusdur. O, hər şeyə haqqı ilə Qadirdir. Sizi yaradan Odur, bununla da kiminiz kafir, kiminiz möminsiniz. Allah nə etsəniz Görəndir. Göyləri və yeri haqq ilə yaratmış, sizə surət vermiş, surətlərinizə isə gözəllik bəxş etmişdir. Dönüş ancaq Onadır. Allah gizlətdiyiniz və aşkar etdiyiniz hər bir şeyi bilir. Çünki O, qəlblərdə olanı belə biləndir. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. O, təkdir. Onun ortağı və bənzəri yoxdur. O, ortaq və yardımçıya möhtac olmayan qüsur və nöqsansızdır. Məxluqata bənzəməkdən münəzzəh (qüsur və nöqsanlardan uzaq) olduğu kimi mülhidlərin(Ateistlər) dediklərindən də münəzzəhdir. Ona bənzər heç bir şey yoxdur. O, hər şeyi eşidəndir, hər şeyi görəndir! Mən şəhadət verirəm ki, şübhəsiz Məhəmməd (sav) Onun qulu və rəsulu, məxluqatın xeyirlisi və seçilmişi, vəhyin etibar olunduğu, Allah ilə qulları arasında elçi, Allahı ən yaxşı tanıyan, Ondan ən çox qorxan, ümmətinə ən yaxşı nəsihət edən, Allahın hökmünə ən çox səbir edən, Onun nemətlərinə ən çox şükür edən və Allaha ən yaxın olandır. Çünki Allah dərgahında ən yüksək və ən böyük məqamı olan, ən böyük şəfaət sahibi odur. Allah-taala onu imana və Cənnətə dəvət etmək üçün göndərmişdir. Allah rizası üçün çalışmış, yaxşılıqları əmr etmiş, pisliklərdən çəkindirmiş, Rəbbinin əmr və qadağalarını təbliğ etmiş, Allahın əmrini açıq-aşkar bildirmiş, Allahın rizası uğrunda heç kimin qatlanmayacağı məşəqqətlərə qatlanmış və Allahın rizasına çatmaq üçün səbir və şükür ilə hazır olmuş, səbir edənlərdən heç kimin çatmayacağı “səbir məqamında” durmuşdur. Bütün şükür edənlərin yetişmədiyi “şükür dərəcəsinə” yüksəlmişdir. Allah-taala, mələklər, peyğəmbərlər və bütün möminlər onu mədh etmişdir. Bundan başqa, “Livaul-həmd” (“Həmd bayrağı”) adlı bayraq yalnız onun adına aid edilmişdir. Həzrəti Adəm (aleyhissalam) və digər bütün peyğəmbərlər onun bayrağı altında toplanacaqlar. Allah-taala “həmd”i peyğəmbərimizə endirdiyi Qurani Kərimin əvvəlində qeyd etmişdir. Tövrat və İncildə də bu belədir. Peyğəmbərimizin vəsiləsi ilə hidayət olanların Cənnətdəki son duaları da Allaha həmd etmək olacaqdır.
Allah-taala Peyğəmbərimizin ümmətini yaratmazdan öncə, onlara “həmd edənlər” adını vermişdir. Çünki onlar Allaha ağgündə və ağır günlərində həmd edərlər. Onlar bütün ümmətlərdən öncə Cənnətə girəcəklər. Məxluqatın “Livaul-həmd”-ə ən yaxın olanları, Allahı ən çox həmd və zikr edənləridir. Belə ki, onların məqam etibarı ilə ən yüksəyi, ən çox səbir edən və şükür edənləridir. Allah-taala, Onun mələkləri, peyğəmbərləri və bütün möminlər ona xeyir-dua edirlər. Çünki məbud kimi Allahı təkləşdirən, Onu tanıdan və Ona dəvət edən odur.
Bu girişdən sonra bil ki, Allah-taala səbri büdrəməyən bir at, kütləşməyən bir qılınc, məğlubedilməz bir ordu, yıxılmayan, hətta dəlik belə açılmayan möhkəm bir qala etmişdir. Səbir ilə zəfər iki doğma qardaşdır.
Zəfər çalmaq səbirlə, fərəh və sevinc üzüntü ilə, çətinlik və sıxıntı isə rahatlıqla yanaşıdır. Səbir, sahibinə silahsız və hazırlıqsız bir ordudan daha çox yardımçıdır. Səbrin zəfərdəki yeri, başın bədəndəki yeri kimidir.
Allah-taala kitabında səbir edənlərə əvəzsiz mükafat verəcəyini vəd etmiş və ayələrin birində: «Səbir edin, çünki Allah səbir edənlərlədir!» (əl-Ənfal, 46) buyurmuşdur. Yəni ey iman gətirənlər! Səbir edin, çünki Allahın hidayəti, yardımı, aydın zəfəri səbir edənlərlə bərabərdir. Əslində, bu bərabərlik sayəsində səbir edənlər, Allahın gizli və açıq nemətlərini, dünya və axirət xeyrini qazanırlar.
Allah-taala dini işlərdə imam (rəhbər) olmağı, səbrə və yəqinliyə bağlamış və buyurmuşdur: «(Çətinliklərə) səbir etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər təyin etmişdik» (əs-Səcdə, 24). Allah-taala, səbir edənlər üçün ən xeyirli keyfiyyətin səbir olduğuna andla təkid edərək: «…Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir»- buyurmuşdur (ən-Nəhl, 126).
Allah-taala səbir və təqva sahibinə düşmən hiyləsinin nə qədər güclü və qüvvətli olursa olsun, zərər verə bilməyəcyiəni belə xəbər vermişdir: «Əgər səbir edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiyini biləndir» (Ali-İmran, 120). Allah-taala Yusifdən xəbər verərkən belə buyurur: «Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbir etsə, (bilin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!» (Yusif, 90). Yusif bu ayədə səbir və təqvanın onu yüksək məqama çatdırdığını və qurtuluşun səbir və təqva ilə bağlı olduğunu xəbər verir. Möminlər də bu ayəni qurtuluşun səbir etməklə və Allahın əmrini tutub yasaqlarından çəkinməklə mümkün olduğunu anlamışlar. Məsələn, Allah-taala: «Ey iman gətirənlər! (Dində vacib olan hökmləri yerinə yetirməyin zəhmətinə, düçar olduğunuz bəlalara) səbir edin, dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız» (Ali-İmran, 200).
Allah-taala səbir edənləri sevdiyini xəbər verərək demişdir: «…Allah səbir edənləri sevər» (Ali-İmran, 146). Bu ayədə Allahın sevgisini arzu edənlər üçün səbir etməyə böyük bir təşviq vardır. Allah-taala səbir edənləri üç ayə ilə müjdələdi ki, bunlardan hər biri dünya əhlinin bir-biri ilə çəkişərək, uğrunda qan tökdükləri dünya və dünya malından daha xeyirlidir: «Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sornra) Ona tərəf (onun dərgahına) qayıdacağıq!”– deyirlər. Onları Rəbbi tərəfindən bağışlamaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır» (əl-Bəqərə, 155-157).
Allah-taala qullarına din və dünya məsələlərində başlarına bir müsibət gəldiyi zaman səbir və dua ilə yardım diləmələrini tövsiyə edərək buyurur: «(Müsibət vaxtında) səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir» (əl-Bəqərə, 45).
Allah-taala Cənnəti qazanan və Cəhənnəmdən qurtulanların ancaq səbir edənlər olacaqlarını bəyan edərək: «Həqiqətən, Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat tapanlardır (uğura yetənlərdir)!» (əl-Muminun, 111)- buyurur.
Allah-taala dünyadan və nemətindən üz çevirib, savabı arzulayanların, ancaq səbirli möminlər olduğunu xəbər verərək buyurur: «Axirət barəsində elm verilmiş kəslər isə belə dedilər: “Vay halınıza! (Ay yazıqlar!) İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı (təmənnasında olduğunuz var-dövlətdən, dəbdəbədən) daha yaxşıdır. Buna (bu nemətə) yalnız səbir edənlər (Allaha itaət və ibadət etməyi fani dünya malından üstün tutanlar, həyatın çətinliklərinə dözənlər) qovuşarlar!» (əl-Qəsəs, 80).
Allah-taala pisliyə yaxşılıqla cavab veriləndə, pislik edənin yaxın bir dost ola biləcəyini xəbər vermişdir: «Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) sən pisliyi yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlamaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!» (Fussilət, 34). Məhz bu rütbəyə ancaq səbir edənlər qovuşdurulur.
Allah-taala andla təkid edərək buyurur: «And olsun axşam çağına. İnsan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edənlərdən başqa!» (əl-Əsr, 1-3). İnsanlar sağ və sol tərəf sahibləri olmaq üzrə iki qisimdir. Səbir və mərhəməti tövsiyə edənlər, Allahın ayələrinə iman edənlər, səbir edənlər və şükür edənlər sağ tərəf sahibləridir. Bu vəsflərilə sağ tərəf sahibləri, sol tərəf sahiblərindən ayrılır. Möminlərin vəsflərindən ən böyükləri səbir və şükürdür. Belə ki, Allah-taala Qurani Kərimin dörd yerində: «Həqiqətən, bunda (çətinliklərə) səbir, (nemətlərə) şükür edən hər bir kəs üçün ibrətlər vardır!» (İbrahim, 5; Loğman, 31; Səba, 19; əş-Şura», 33) buyurmuşdur. Allah-taalanın məğfirət və mükafatı yaxşı əməl ilə səbrə bağlanmışdır. Belə ki, Allah-taala: «Səbir edənlər və yaxşı işlər görənlər müstəsnadır. Məhz onları (günahlardan) bağışlanma və böyük bir mükafat gözləyir» (Hud, 11)- deyə buyurmuşdur.
Allah-taala səbir etmənin və günahları bağışlamanın zərər verməyəcək bir ticarət sahiblərinin səy göstərəcəyi işlərdən olduğunu xəbər verir: «Əlbəttə, Hər kəs (pisliyə) səbir edib (qisası) bağışlasa, (onun bu hərəkəti) çox bəyənilən əməllərdəndir!» (əş-Şura, 43).
Allah-taala hökmünə səbir etməsini peyğəmbərinə əmr etmiş, peyğəmbərin səbrinin, ancaq Allahın yardımıyla olacağını və beləcə bütün müsibətlərin asanlaşacağını xəbər verərək belə demişdir: «Sən öz Rəbbinin hökmünə səbir et! Şübhəsiz ki, sən Bizim gözümüzün qabağındasan, (himayəmiz altındasan)…» (ət-Tur, 48);
«Səbir et. Sənin səbir etməyin ancaq Allahın köməyilədir. (Dəvətini qəbul etmədiklərinə, iman gətirmədiklərinə görə) onlardan (müşriklərdən) ötrü kədərlənmə və qurduqları hiyləyə görə də ürəyini qısma! Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir!» (ən-Nəhl, 127-128).
Səbir möminin bağlanmış olduğu və ondan qopması mümkün olmayan bir ipdir, imanın söykəndiyi təməldir, səbri olmayanın imanı yoxdur, olsa da çox zəifdir. Belə bir iman sahibi Allah-taalaya bir tərəfli ibadət edənlərdəndir. Əgər özünə bir xeyir yetişərsə, ona könlü yatar, əgər bir bəla gəlirsə, geriyə dönər (mürtəd olar), dünyada da axirətdə də zərərə uğrayar və zərərdən başqa bir şey qazanmaz. Xoşbəxt və bəxtiyar insanlar səbirləri sayəsində ən gözəl yaşayışı əldə etmişlər, şükürləri sayəsində ən yüksək məqamlara yüksəlmişlər. Səbir ilə şükrün qanadları arasında Nəim Cənnətlərinə qovuşmuşlar. Bu Allahın lütfüdür, onu dilədiyinə verir. Allah böyük fəzilət sahibidir.
Tarix: 17.04.2013 / 13:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 248 Bölmə: Maraqlı melumatlar