Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tövbə etmək heç də gec deyildir

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Bir gün qədəhə şərab süzdüm, içmək istəyirdim. Ancaq qızım toxunaraq, onu yerə dağıtdı. Sanki ona bunu etdirən Allah idi...

Fatimə böyüyürdü. 3 yaşına çatdı. Ancaq çox yaşamadı. Elə 3 yaşında ikən Allahın dərgahına qovuşdu…

Qızım öldükdən sonra vəziyyətim əvvəlkindən də betər oldu. Artıq ətrafımdakılara qarşı hədsiz səbirsiz olmuşdum. Hər şey get-gedə pisləşirdi. Şeytan dayanmadan mənimlə oynayırdı. Bir gün mənə yaxınlaşdı və vəsvəsə verdi:
“Sən bu gün elə içməli, elə sərxoş olmalısan ki, heç ayaq üstə durmağa taqətin qalmasın”…

Elə də oldu. Bütün gecəni şərab içməklə keçirdim. Hətta elə bir vəziyyətə düşdüm ki, məni yalnız bu sərxoşluqdan uzun və dərin yuxular xilas edə bilərdi. Yuxuya getdim. Yuxularım bir-birini əvəz edirdi. Ancaq gördüyüm sonuncu yuxu çox dəhşətli idi...

Yuxumda məhşər ayağında idim. Bütün insanlar dəstə-dəstə hesab verməyə axışırdılar. Mən də həmin insanların arasında idim...

Kimsə insanlara səslənirdi: “Ey filankəs! Haydı, Allaha hesab verməyə...”.

Çağrılan kəslərin simaları qorxudan qaralmışdı. Bir çox insan sorğu-suala çağrıldı… Nəhayət növbə mənə gəldi; həmin səs məni çağırırdı. “Haydı, Allaha hesab verməyə tələs!”

Ətrafıma nəzər saldım. Bayaqkı insan izdihamından əsər-əlamət qalmamışdı. Qiyamət günü... Məhşər yeri bom-boş qalmışdı…

Elə bu an qarşımda siçovula oxşar bir canlı gördüm. Olduqca böyük və qorxunc idi…

Birdən siçovul mənə hücum etdi. Özümü müdafiə etmək üçün qaçmağa başladım. Qaçarkən yolda qarşıma bədəncə zəif bir qoca çıxdı. Ondan kömək etməsini istədim.

Qoca ah-nalə çəkərək səsləndi:
“Oğlum, mən güczüz bir adamam. Səni bu heyvandan xilas etməyə gücüm yetməz. Ancaq bu istiqamətdə hərəkət etsən, ola bilsin ki, xilas olarsan”…

Qocanın dediyi istiqamətə qaçdım. Siçovul hələ də arxamca qaçırdı. Qarşımda cəhənnəm atəşini gördüm. Sifətimdə alovun istisini hiss etdim...

Sıxışıb qalmışdım. Nə edəcəyimi bilmirdim. Öz-özümə dedim: “Cəhənnəm oduna düşməklə siçovuldan qurtarmaq?!”

Yenidən həmin qoca tərəfə qaçmağa başladım. Siçovul arxamca qaçmaqda davam edirdi. Qorxu məni bürümüşdü. Nəhayət qocanın yanına çatdım: “Allah xətrinə, məni bu heyvanın əlindən xilas et!”...

Təəccübləndim. Qoca halıma acıyaraq göz yaşı tökürdü...

Mənə sarı çevrildi: “Görürsən ki, çox zəifəm, səni xilas edəcək taqətim də yoxdur. Ancaq bu dəfə oraya qaç. Əminəm ki, xilas olacaqsan”…

Qocanın göstərdiyi yolla qaçmağa başladım. Siçovul da ara vermədən arxamca qaçırdı. Birdən qarşımda bir dağ peyda oldu. Dağın ətəyində çoxlu uşaq var idi və hamı ağlayırdı. Hamı eyni sözü təkrar edərək ağlayırdı. “Ey Fatimə, atana bax! Atana bax!” - deyə fəryad edib ağlayırdılar...

Bu zaman qızım Fatiməni gördüm. 3 yaşında ikən dünyadan köçüb Cənnətə qovuşan qızımı gördüyüm zaman çox sevindim. Məni cəhənnəm odundan xilas edərək, cənnətə girməyimə vəsilə olacağına ümid edirdim. Bu vaxt qızım əlini uzatdı və məni siçovuldan xilas etdi…

Onu qucağıma oturtdum. Qızım mənə: “İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!” ayəsini oxudu…

Qızımdan arxamca düşən o əcaib heyvan haqda soruşdum. Dedi: “Atacan, gördüyün bu əcaib heyvan dünyada işlədiyin günahlarındır. Onu sən bəslədin, böyütdün və səni çətin vəziyyətə salacaq bu həddə onu sən çatdırdın. Atacan, məgər dünyada işlənən əməllərin axirət günündə təcəssüm edərək qarşına çıxacağını bilmirsənmi?”

Ondan mənə yol göstərən yaşlı kişi haqda soruşdum Belə cavab verdi: “O yaşlı və zəif insan sənin gözəl əməllərin idi. Sən onu elə zəif, elə gücsüz və çarəsiz etdin ki, sənə kömək edəcək gücü belə qalmamışdı. Atacan, əgər mən dünyaya gəlməsəydim və kiçik yaşda rəbbim məni öz dərgahına aparmasaydı, səni bu dəhşətdən heç kim xilas edə bilməyəcəkdi”...

Bu an yuxudan oyandım. Ağlayırdım. Öz-özümə: “Allaha qul olmağın vaxtı yetişib!” - dedim. Dərhal qüsl aldım. Tövbə etmək və cənnət yolunu seçmək üçün məscidə yollandım. Məscidə daxil olduğum zaman imam qızımın yuxuda mənə dediyi ayəni oxuyurdu: “İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!”…

Haqqında söhbət açdığımız bu şəxs tabein imamlarının ən hörmətlisi və abidi Malik bin Dinardır.

O, gecələr ağlamağı ilə tanınırdı. Həmişə belə deyirdi: “Allahım! Kimin cənnətə, kimin də cəhənnəmə girəcəyini yalnız Sən bilirsən. Görəsən, mən hansılardanam? Rəbbim, məni cənnət əhlindən et, cəhənnəm odundan qoru!”

Malik bin Dinar səmimi qəlbdən tövbə etdi və bu tövbəsi ilə insanlar arasında məşhur oldu.

O, daima məscidin qapısı önündə durar və insanlara səslənərdi:
“Ey günahkar insanlar! Rəbbinizə dönün! Ey qafil insanlar! Sizi yaradanın yoluna qayıdın! Rəbbiniz hər gecə sizə səslənir, sizi çağırır. Bəs, siz haraya gedirsiniz? Allah sizə: “Mənə bir qarış yaxınlaşana, mən on qarış yaxınlaşaram. Mənə sarı yürüyənə tərəf isə qaçaram” - deyir. Məgər bu, sizə kifayət etmirmi?”


Tarix: 05.06.2013 / 21:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 231 Bölmə: Maraqlı melumatlar
loading...