Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: DUANIN ŞƏRTLƏRİ

Bilmək lazımdır ki, insanın duasının qəbul olması onun Saleh və Təqvalı olmasına dəlalət edir.
1) İxlas Və Saleh Niyyət

Möminlərin əmiri Əbu Həfsə Ömər İbn əl-Xəttab (r.a) deyir ki, mən Peyğəmbərin (s.a.v) belə buyurduğunu eşitdim: «Əməllər ancaq niyyətlər ilədir və hər bir kimsə üçün ancaq niyyət etdiyi bir şey vardır. Hər kimin hicrəti (Hicrət – tərk etmək deməkdir. Küfr ölkəsindən İslam yurduna köçmək. Həmçinin Allahın qadağalarını tərk etməkdə hicrət adlanır.) Allah və Rəsulu ücündürsə, onun hicrəti Allah və Rəsulu ücündür. Hər kimin hicrəti əldə edəcəyi bir dünyalıq (mal-dövlət) və ya nigahlanacağı bir qadın üçündürsə, onun hicrəti nə ücün hicrət etmiş isə elə onun üçündür!» .
(Buxari 1, Müslim 1907.)

2) Allahdan Qeyrisinə Dua Etməmək
“Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?”. (ən-Nəml 62).

3) Dua Edilən Zaman Yalnız Allahdan İstəmək

Əbul-Abbas Abdullah İbn Abbas (r.a) rəvayət edir ki, bir gün (minikdə) Peyğəmbərin (s.a.v) arxasında idim. O, buyurdu: «Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm. Allahı qoru ki, Allah da səni qorusun. Allahı qoru ki, onu öz qarşında tapasan. Bir şey dilədikdə, Allahdan dilə. Kömək istədikdə Allahdan kömək istə. Bil ki, əğər bütün insanlar sənə xeyir vermək üçün bir yerə toplansalar da Allahın yazdığından artıq heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əgər sənə zərər vermək üçün bir yerə toplansalar da Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. (Çünkü) qələmlər qaldırılmış, səhifələrin (mürəkkəbi) qurumuşdur»
(Tirmizi 2516, əl-Albani «Səhih Cəmi» 7834.)

Başqa rəvayətdə: «Allahı qoru ki, onu öz önündə tapasan. Yaxşı günündə Allahı yada sal ki, Allah da səni çətin (pis) günündə yada salsın. Bil ki, səndən yan keçən bəla sənə toxunmamalı idi. Başına gələn bəla isə səndən yan keçməməli idi. Bunu da bil ki, (Allahın) yardımı, zəfəri - səbrlə birlikdədir. Qurtuluş – kədər və sıxıntı ilə bərabərdir və şübhəsiz ki, hər bir çətinliklə birlikdə - asanlıq vardır)»
(İmam Nəvəvi «Riyadus Salihin» 63, əl-Albani “Səhih”. )

4) Allahı Gözəl İsimləri İlə Çağırıb Dua Etmək
“Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin”. (əl-Əraf 180).

Abdullah İbn Məsud (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: «Üzüntü və kədər içində olan kimsə dua edib: “Allahummə İnniy Abdukə, İbnu Abdikə, İbnu Əmətikə, Nasiyətiy Biyədikə, Madin Fiyyə Hukmukə, Adlun Fiyyə Qadaukə, Əs'əlukə Bikulli İsmin Huvə Ləkə, Səmməytə Bihi Nəfsəkə, Əu Ənzəltəhu Fi Kitəbikə, Əu Alləmtəhu Əhədən Min Xalqikə, Əu İstə'sərtə Bihi Fi İlmil Ğaybi Indəkə, Ən Təc'aləl Qur'anə Rəbiya Qalbiy, Və Nura Sadriy, Və Cələə Huzniy, Və Zəhabə Həmmiy – Allahım! Mən Sənin qulunam, qulunun oğluyam, kənizinin oğluyam! Kəkilim (məni idarə etmək) Sənin əlindədir. Barəmdə verdiyin hökm yerinə yetəndir. Mənə yazdığın tale ədalətlidir. Sənə, Özünə verdiyin və ya Kitabında nazil etdiyin yaxud yaratdıqlarından kiməsə öyrətdiyin yaxud da Öz yanında olan qeyb elmində saxladığın Özünə aid olan hər bir adla yalvarıram ki, Quranı qəlbimin baharı və köksümün nuru et, üzüntümün aradan qalxması və kədərimin getməsi (üçün səbəb) et!” - desə, Allah onun üzüntüsünü aradan qaldırar və kədərini sevinclə əvəz edər». Mən: “Yə Rəsulullah! Biz bunu öyrənək” dedim. O: “Bəli, yaraşmaz bir kimsəyə bu duanı eşitdikdən sonra əzbərləməsin (öyrənməsin)” .
(Əhməd 3712, 4318, 4406, İbn Hibban 972, Həkim 1877, əl-Albani “Silsilətul Əhədisis Sahiha” 199, “Səhih Kəlimə” 102, “Təraciul Uləmə” 51. )

5) Duanın Qəbul Olunmasına Görə Tələsməmək
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “Sizlərdən kim tələsməsə, duası qəbul olunar”. (Tələsməyi belədir ki): “Dua etdim, duam qəbul olmadı” deyər
(Buxari 5981, 6340, Müslim 7110, 7111, 2735, Buxari “Ədəbul Mufrad” 654, Tirmizi 3387, Əbu Davud 1484, 1486, Əhməd 9137, 10317. )

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olmaqda davam edər”. Deyildi: “Ey Allahın Rəsulu, tələsmək nədir?” Peyğəmbər: “Deyər: Çoxlu dua etdim lakin qəbulunu görmədim. O zaman bezər və duanı tərk edər”
(Müslim 2735, 7112. )

6) Günah Və Asiliklərlə Dua Etməmək
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olmaqda davam edər” .
(Müslim 2735, 7112. )

7) Dua Edərkən Qəbul Olduğuna Yəqin Olmaq
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “Allaha qəbul edildiyini bildiyiniz halda (yəqin olaraq) dua edin...” .
(Tirmizî 3479, əl-Albani “Həsən”. )

8) Dua Edərkən Qəlbin Ayıq Olması
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “...Bilin ki, Allah (duadan) qafil olan qəlbdən duanı qəbul etməz” .
( Tirmizî 3479, əl-Albani “Həsən”. )

9) Duanin Şəriətdə İcazəli Olması
Bəyənilir ki, edilən dua Quran və Sünnədən olsun. Lakin insan ürəyindən keçən hər hansı bir duanı istədiyi şəkildə edə bilər. Bir şərtlə ki, şəriətə zidd olan, yəni Allaha yaxınlaşmaq üçün edilən bidət təvəssüllərdən, şirkdən və s. uzaq olsun.

10) Haram İlə Qidalanmaq Və Geyinmək Duanın Qarşısını Alan Ən Böyük Amillərdəndir
Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: «Həqiqətən də Allah pakdır (və nöqsansızdır) və pak olandan başqasını da qəbul etməz. Allah Peyğəmbərlərinə əmr etdiyi şeyin eynisini möminlərə də əmr etmişdi. Allah buyurur: «Ey Peyğəmbərlər! Təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün» (əl-Muminun 51). Digər bir ayədə: «Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz və halalından yeyin» (əl-Bəqərə 172). Sonra Peyğəmbər  birisini xatırladarq: «Saçı-saqqalı bir birinə qarışmış, üst-başı toza bulaşmış halda uzun səfər etmiş, yediyi haram, içdiyi haram və haram ilə bəslənən bu kişi əllərini səmaya qaldıraraq ya Rəbbim, ya Rəbbim deyə dua etsə, necə ola bilər ki, onun duası qəbul olunsun» deyə buyurdu.
(Müslim 1015. )

11) Dua Edərkən Səsi Yüksəldərək (Qışqıraraq) Dua Etməmək
“Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevmir”. (əl-Əraf 55).

"وَاذْكُرْ رَبَّكَ فِي نَفْسِكَ تَضَرُّعًا وَخِيفَةً وَدُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَالْآصَالِ وَلَا تَكُنْ مِنَ الْغَافِلِينَ"

“Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma”. (əl-Əraf 205).


---------------
SƏHİH DUA VƏ ZİKİRLƏR KİTABI
Təhqiq: Muhəmməd Nəsirəddin əl-Albani
Toplayan və Tərcümə Edən: K.Hüseyn


Tarix: 08.04.2013 / 20:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 384 Bölmə: Maraqlı melumatlar
loading...