Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quranda anlayışlar

1-Səbir:
Təcrübə göstərmişdir ki, insan səbir edib ağır hadisələrə sinə gərməklə ali mərtəbələrə nail olur. Səbir etməyin aqibəti, hətta bu dünyada belə, yaxşı nəticədən ibarətdir. Məsələn, Yusif peyğəmbərin çətin sınaqlar və töhmətlərin müqabilində səbir etməsi onu son dərəcə izzətə yetirdi, zalım padşahı ona qul və qardaşlarını ona tabe etdi. İmam Hüseyn (ə) buyurmuşdur: “Səbir məqsədə çatmaq üçün ən yaxşı vasitədir.” Rəvayətlərdən aydın olduğu kimi, səbir üç qismə bölünür: 1-Bəla və müsibətlər qarşısında səbir etmək. 2-Allaha itaət zamanı səbir etmək. 3-Günahlar və haramlar müqabilində səbir etmək. İkincisi birincisindən, üçüncüsü isə hər ikisindən fəzilətlidir. İmam Sadiq (ə) buyurmuşdur: “Qiyamət günü bir dəstə adam gəlib behiştin qapısını döyər. Onlara deyilər: “Siz kimsiniz?” Cavab verərlər: “Biz səbir əhliyik.” Soruşarlar: “Nəyə səbir etmişdiniz?” Deyərlər: “Allaha itaətdə, Onun hökmlərinə baş əyməkdə və günahdan uzaq olmaqda.” Allah-taala buyurar: “Düz deyirlər, onlara yol verin, behiştə daxil olsunlar.” Budur Allahın buyurduğu: “Həqiqətən səbir edənlər öz mükafatlarını hesabsız alarlar.”

2-İxlas:
İxlas – Allahdan qeyrisindən üz çevirməkdir, yəni insan dili ilə Allahın hər bir cəhətdən tək olmasına şəhadət verməli, qəlbi və canı ilə yəqin etməli, əməl, niyyət və ibadətində yalnız Onun razılığını əsas götürməlidir.
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah-taala sizin çöhrənizə və bədəninizə deyil, qəlbinizə və rəftarınıza nəzər edir.”
Qüşeyri, Zun-nun Misridən belə nəql edir: İxlasın üç əlaməti vardır: 1-“Camaatın onu məzəmmət və tərif etməsinin onun nəzərində bərabər olması. 2-Yaxşı əməllərini yaddan çıxartmaq. 3-Axirəti və ölümü yad etmək.” Qəzzali yazır: “Həvarilər İsa (ə)-dan “xalis əməllər hansılardır?” – deyə soruşduqda, o həzrət buyurdu: “Allahın göstərişlərinə əməl etmək və onlara görə təriflənməyi sevməmək.”
Həzrət Peyğəmbəri-Əkrəm (s) də buyurur: Allah-taala buyurmuşdur: “İxlas Mənim sirlərimdən biridir və onu, sevdiyim bəndələrimin qəlbində əmanət qoyaram.”

3-Xovf (qorxu):
Qorxu həm dünya, həm də axirət işlərində işlənir. Allahdan qorxmağın mənası haram işlərdən çəkinməkdir. Allahın hər bir şeyi görüb, eşitdiyini, görülən hər bir yaxşı və pis işdən xəbərdar olduğunu bilən şəxs yalnız Ona xatir, ixlasla ibadət edib, Onun razılığını əldə etmək fikrində olsa, xovf məqamına nail olmuşdur. İmam Hüseyn (ə) buyurmuşdur: “Allahdan qorxu hər bir hikmətin açarıdır.” Əllamə Təbatəbayi deyir: “Allahın müqabilində özünü zəlil bir bəndə hesab edən halda durmaq qorxudan Allaha ibadət etmək deməkdir. Xovf iman və təqvanın həqiqətini əhatə edən bir addır. Heç bir əməl xovf qədər ehtiras və şəhvət hislərinin cilovlanmasına səbəb ola bilməz.”
Allahdan qorxmaq insanın mənəvi kamallarını artırır. Bu, bütün saleh əməllərin mənbəyi sayılır. İmam Sadiq (ə) İshaqa buyurdu: “Allahdan elə qorx ki, sanki Onu görürsən; sən Onu görməsən də, O, səni görür. Əgər Onun səni görməməsini təsəvvür etsən, kafir olarsan. Əgər Onun səni gördüyünü bilə-bilə günah etsən, Onu sənə nəzər edənlərin ən pisi qərar vermiş olarsan.”

4-Tövbə:
Tövbə günahlardan çəkinib Allah dərgahına qayıdış deməkdir. Hədislərdə tövsiyə olunmuşdur ki, insan öz günahlarını başqalarına deməməli və onları yalnız Allah dərgahında etiraf etməklə Ondan bağışlanmaq diləməlidir.
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Ya Əli, xoş o kəsin halına ki, Allah-taala ona nəzər sala və o da Allahdan başqa heç kəsin xəbərdar olmadığı günahları üçün ağlaya.”
İmam Baqir (ə) buyurmuşdur: “Günahlarından tövbə edən şəxs (ümumiyyətlə) günahı olmayan şəxs kimidir.”
İmam Sadiq (ə) buyurmuşdur: “Xalis tövbə odur ki, insanın batini zahiri kimi, hətta ondan daha da yaxşı olsun.”

5-Riya:
İxlasla deyil, Allahdan qeyrisinə göstərmək məqsədi ilə yerinə yetirilən əmələ “riya” deyilir. Qəzzali deyir: “İbadət etməklə özünə tərəfdar (mürid) yığan şəxs riyakar adlanır. Riyanın ən aşağı mərtəbəsi Allaha şərik qoşmaqdır".
İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs camaata xatir işləsə, onun savabını camaat verir. Lakin hər kəs Allaha xatir iş görsə, onun savabını Allah verir.”
İmam Əli (ə) buyurmuşdur: “Riyanın üç əlaməti vardır: Camaat onu görəndə sevinsin, tək olanda (ibadətə qarşı) süst olsun və camaatın onu tərifləməsini istəsin.”
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Bir zaman gələr ki, camaatın daxili xəbis, zahiri isə dünyaya tamah etdiklərinə görə gözəl olar və Rəbblərinin yanında olanları istəməzlər.”


Tarix: 06.06.2013 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 229 Bölmə: Maraqlı melumatlar
loading...