RİYAZ əs-SALİHİN kitabından:
٨- وَعَنْ أبي هُريْرة عَبْدِ الرَّحْمن بْنِ صخْرٍ رضي الله عَنْهُ قال : قالَ رَسُولُ الله صَلّى اللهُ عَلَيْهِ وسَلَّم: «إِنَّ الله لا يَنْظُرُ إِلى أَجْسامِكْم ، وَلا إِلى صُوَرِكُمْ ، وَلَكِنْ يَنْظُرُ إِلَى قُلُوبِكُمْ وَأَعمالِكُمْ » رواه مسلم .
8. Əbu Hüreyrə Əbdürrəhman bin Saxr -radıyallahu anh- dan rəvayət edildiyinə görə, Rəsulullah –səllallahu əleyhi və səlləm- belə buyurmuşdur:
-“Allah Təala sizin bədənlərinizə və üzlərinizə deyil, ürəklərinizə baxar.”
Müslim, Birr 33. Ayrıca bax: İbn Macə, Zühd 9
Əbu Hüreyrə
İslamı qəbul etmədən əvvəlki adı Əbdüşşəms idi. Müsəlman olduqdan sonra, Əbdürrəhman adını aldı. Bir gün paltarının içində bir pişik aparırdı. Onu görən Hz. Peyğəmbər (s.ə.s):
-O nədir?, -deyə soruşdu. Əbu Hüreyrə:
-Pişikdir, -deyə cavab verdi. Bunun üzərinə Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- ona “Pişikcik atası” mənasında:
-Əbu Hüreyrə!, -deyə iltifat etdi. O gündən sonra, bu ləqəb ilə tanındı və əsl adı unuduldu. Özünə Rəsuli-Əkrəmin verdiyi bu ləqəb ilə xitab edilməsindən çox xoşlanardı.
Əbu Hüreyrə hicrətin yeddinci ilində müsəlman oldu. Məscidi-Nəbəvinin kölgəliyində yatıb qalxan və özlərinə Əshabı-Suffə deyilən kasıb müsəlmanlardan biriydi. Gecə gündüz Hz. Peyğəmbərdən -səllallahu əleyhi və səlləm- dən ayrılmaz, ondan eşitdiyi hədisləri öyrənməyə çalışardı. Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm- in həyatının son üç ilində şəxsən özündən və digər böyük səhabələrdən eşitdiyi təkrarlarıyla birlikdə 5374 hədisi-şərif rəvayət etmişdir. Beləcə əshabi-kiramdan ən çox hədis rəvayət edən o olmuşdur. Rəvayətlərinin 609 dənəsi həm Buxarinin, həm də Müslimin Səhihlərində yer almışdır.
Özünə nə çox hədis rəvayət edirsən, -deyə irad tutanlara belə cavab vermişdi:
-Mühacir qardaşlarımız bazarlarda ticarət və alış-veriş edərkən, ənsardan olan qardaşlarımız da əkinçilik və xurma bağları ilə məşğul olarkən mən qarın toxluğuna Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm- dən ayrılmaz, onların olmadıqları zamanlarda Rəsulullah –səllallahu əleyhi və səlləm -in yanında olar və onların əzbərləyə bilmədikləri Hədisləri əzbərləyərdim.
Əbu Hüreyrədən 800 -dən çox səhabə və tabein hədis rəvayət etmişdir.
Hz. Ömərin (r.a) xilafəti zamanında bir müddət Bəhreyn valisi olmuşdur. Bundan sonra heç bir vəzifə qəbul etməyərək Mədinei-Münəvvərədə yaşamışdır. Hicrətin 59-cu ilində Mədinədə 78 yaşında ikən Allahın rəhmətinə qovuşmuşdur.
Allah ondan razı olsun!
Şərh
İnsanlar ümumiyyətlə xarici görünüşə əhəmiyyət verərlər. Gözəl, yaraşıqlı və varlı kəslər cəmiyyətdə daha böyük etibar görərlər. Eybəcər və kasıb olanlara isə çox dəyər verilməz. Bu ölçülər ruh və könül dünyasını tanımayan dayaz və səthi kəslərin dəyər ölçüləridir.
Allah Təala isə insanların davranışlarını yaxşı və pis olaraq qiymətləndirərkən nə bədən gözəlliyinə, nə də malına baxar. Çünki bunlar gəlib keçicidir. Mühüm olan ruh gözəlliyi və könül zənginliyidir. Daha da əhəmiyyətlisi bu ruh gözəlliyi və könül zənginliyinin yaxşı hal, gözəl davranış və səmimi ibadətlər şəklində xaricə əks olunmasıdır.
Əsas olan insanlara faydalı olmaq, Allaha qulluq edə bilmək arzusu ilə yaşamaqdır. Bizə qalacaq olan, insanın həqiqi dəyərini ortaya çıxaran məhz bu üstünlükləridir.
Hədisi-şərifin Səhih-Müslimdəki bir başqa rəvayətində Allah Təalanın ürəklə birlikdə davranışlara və ibadətlərə dəyər verdiyini Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm -belə ifadə etməkdədir:
“Allah Təala sizin üz və malınıza deyil, ürəklərinizə və əməllərinizə baxar” (Müslim, Birr 34).
Allah Təalanın ürəyə və davranışlara baxması demək, ürəyin və davranışların yaxşı olması halında insanın savab və mükafat qazanması deməkdir. Bir ayədə Allah təalanın fiziki görünüşə dəyər vermədiyi, insanda mənəvi gözəllik axtardığı belə ifadə edilmişdir:
“Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin (dünyadakı) əməllərinə görə mükafatları qat-qat (birə-on) artıq olacaq və onlar cənnət otaqlarında (Cənnətin yüksək məqamlarında) əmin-amanlıq içində yaşayacaqlar.”
Səba surəsi 34/ 37.
Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm- in öz ürəyinə işarə edərək üç dəfə: “Təqva məhz buradadır” (Müslim, Birr 32; Tirmizi, Birr 18) buyurması, insanın gerçək dəyərinin ixlaslı bir ürəyə sahib olmaqla ortaya çıxacağını göstərməkdədir.
Halallar ilə haramların qəti surətdə müəyyən edildiyini, şübhəli görünən davranışlardan çəkinmək lazım olduğunu açıqladığı məşhur Hədisi-şərifin sonunda Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm - ürəyin əhəmiyyətini belə ifadə edir:
“Bunu yaxşı bilin ki, insan bədənində kiçik bir ət parçası vardır. Əgər bu ət parçası yaxşı olsa, bütün bədən yaxşı olar; fəsada uğrasa, bütün bədən də pozular. Həmin bu ət parçası ürəkdir”
(Buxari, İman 39; Müslim, Müsaqat 107, 108).
Bu hədis 1574 nömrəli hədisin içində təkrar gələcəkdir.
Hədisdən öyrəndiklərimiz:
1. Allah Təala ibadətləri və gözəl davranışları qiymətləndirərkən səmimiyyət dərəcəsini, ixlas və yaxşı niyyəti əsas alır.
2. Ürək Allahın çox dəyər verdiyi, davamlı surətdə baxıb nəzarət etdiyi bir mərkəzdir. Bu səbəblə onu pis duyğulardan təmizləmək, dinin tövsiyə etdiyi gözəl hal və davranışlara sahib etmək lazımdır.
3. İbadətləri məqbul və qiymətli edən ürəkdir. Bu səbəblə ürək kin və həsəd kimi mənəvi və ictimai xəstəliklərdən təmizləməli və mükəmməl hala gətirilməlidir.
Fəsillərə qayıt...
Tarix: 06.01.2013 / 16:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 744 Bölmə: Maraqlı melumatlar