Allah-taalla Qur`ani-kərimdə namazını xüşu ilə qılan mö`minləri nicat tapanlar hesab edərək buyurur:
الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ
“O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müt’i olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)”
Təvazö və ədəb mə`nasında olan “xüşu” böyük şəxsiyyətlərin qarşısında insanın ruh və cismində meydana gələn hala deyilir. Yuxarıda qeyd edilən ayədə təkcə namaz yox, namazı xüşu ilə, hər şeyi unudaraq, ruhən qılınması mö`minlərin nişanəsi sayılır. Belə ki, mö`minlərin namazları ruhsuz və yalnız quru sözlərdən ibarət deyil, əksinə namaz qıldıqda elə bir hala düşürlər ki, sanki bütün vücudları ilə Allahı dərk edir, onun qüdrət və əzəmətindən başqa heç nəyin fərqində olmurlar.
Ümumiyyətlə, hər bir şəxs Mütəal Allah qarşısında özünün acizliyini, tam mə`nada heç nəyə malik olmadığını, uca Tanrının isə hər şeyə qadir və sonsuz qüdrət sahibi olduğunu dərk etdiyi zaman onda xüşu və təvazö halı yaranar. Allah Qur`anda buyurur:
إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاء إِنَّ اللَّهَ عَزِيزٌ غَفُورٌ
“Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. (Onlar elm sahibi olduqları üçün Allahın yeganəliyini, heybət və əzəmətini daha yaxşı başa düşür və Ondan daha çox qorxurlar). Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, (mö’minləri) bağışlayandır!” .
Bu baxımdan, din öndərləri həm Allahın əzəmətini, həm də özlərinin aciz olmalarını dərk etdikləri üçün daha çox xüşu, təvazö əhli olmuşlar. Belə ki, Rəsuli-əkrəm (s) namaz qıldığı halda dünya dağılsaydı belə ona tə`sir etməzdi . Həzrət Əli (ə) namaz qıldığı zaman özünü elə unudurdu ki, ayağından oxu çıxartdıqda xəbəri olmurdu . Şərih deyir: “Peyğəmbərin (s) məscidinə daxil olanda gördüm ki, İmam Hüseyn (ə) səcdə halında üzünü torpağa qoyaraq münacat edir:
“Ey mənim mövlam, əgər məni günahkarlarla birgə cəhənnəmə göndərsən onlara deyərəm ki, mən Səni çox istəyirəm” . Məhəmməd Şakiri deyir: “İmam Həsən Əsgəri (ə) mehrabda oturub, səcdəyə gedərdi. Mən yatıb oyandıqdan sonra da onu səcdədə görərdim” .
İmam Sadiq (ə) buyurur: “Mənim bir hacətim var idi. Dəstamaz alıb, hacətimin hasil olması üçün namaza başladım. Namazdan o qədər (mə`nəvi) ləzzət aldım ki, öz hacətimi unutdum” .
Aşağıda qeyd edilən göstərişlərə əməl etmək insanda xüşu və xüzunun yaranmasına səbəb olur:
1. Kimin qabağında dayandığımızın, kiminlə söhbət etdiyimizin fərqinə varaq. Edilən qiyam, rüku və səcdələrdən məqsədin nə olduğunu bilək?
2. Namazın mə`nasına diqqət yetirmək.
3. Surələri aram və vüqarla qiraət etməyin qəlbin hüzurunda böyük rolu var.
4. Qəlbimizə gələn fikirləri tez özümüzdən uzaqlaşdıraq. Əks təqdirdə müxtəlif fikirlər bizi əsl namaz qılmaq səadətindən məhrum edəcək.
5. Gözümüzü ətrafa baxmaqdan yayındıraraq, yalnız möhur və səcdə yerinə diqqət yetirək.
6. Yorğun, yuxulu və hansısa bir bədən üzvünün ağrıdığı vaxtlarda namaz qılmayaq.
Tarix: 03.06.2013 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 138 Bölmə: Maraqlı melumatlar