Tilavət səcdəsi:[1]
İbn Həzm “Əl-Muhəllə” adlı kitabında (5/ 105-106) deyir:
«Quranda on dörd yerdə səcdə məqamı vardır. Birincisi əl-Əraf surəsinin sonundadır[2]. Sonra ər-Rəəd surəsində[3]. Sonra ən-Nəhl surəsində[4]. Sonra əl-İsra surəsində[5]. Sonra Məryəm surəsində[6]. Sonra əl-Həcc surəsində[7]. Amma bu surənin sonlarında səcdə ayəsi yoxdur[8]. Sonra əl-Furqan surəsində[9]. Sonra ən-Nəml surəsində[10]. Sonra əs-Səcdə surəsində[11]. Sonra Sad surəsində[12]. Sonra Fussilət surəsində[13]. Sonra ən-Nəcm surəsinin sonunda[14]. Sonra əl-İnşiqaq surəsində uca Allahın “Lə yəscudun” sözündə[15]. Sonra əl-Ələq surəsinin sonunda[16]».
Tilavət səcdəsinin hökmü:
İbn Həzm deyir ki, tilavət səcdəsini etmək fərz deyil, bəyənilən əməldir. Bu səcdə həm fərz, həm də nafilə namazlarda ola bilər. Ümumiyyətlə namaz xaricində istənilən vaxt bu səcdəni etmək olar. Belə ki, bu səcdəni günəş çıxanda, batanda, zenit xətti üzərində olanda, qibləyə və ya qeyri qibləyə tərəf dayandıqda, dəstəmazlı və ya dəstəmazsız olanda etmək olar.
Müəllif deyir: Bu səcdənin fərz olmayıb da, bəyənilən əməl olmasına gəlincə buna əsas Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) aşağıdakı hədisidir. Demək o “ən-Nəcm” surəsini oxuyub səcdə etmişdir[17].
Başqa bir vaxtda isə Zeyd ibn Sabit həmin surəni onun üçün oxumuş, amma o səcdə etməmişdir[18]. Burada məqsəd, tilavət səcdəsinin qeyri vacib olmasını bildirməkdir. Bu məlumatları Hafiz İbn Həcər əl-Əsqəlani “Əl-Fəth” kitabında (2/ 555) qeyd etmişdir.
Daha sonra İbn Həzm “əl-Muhəllə” kitabında (5/ 111) deyir:
Tilavət səcdəsinin dəstəmazsız, qibləyə yönəlmədən istənilən halda edilməsinə səbəb isə onun namaz hesab olunmamasıdır. Demək, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Gecə namazları iki rükət – iki rükət qılınır»[19]. Elə isə iki rükətdən az olan ibadət, namaz sayılmır. Yalnız şəriət dəlili əsasında bir rükətli namaz ola bilər. Buna misal olaraq, vitr, cənazə və qorxu namazını misal çəkmək olar. Tilavət səcdəsinin namaz olmasına isə şəriətdə heç bir əsas yoxdur.
Tilavət səcdəsinin fəziləti:
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Adəm övladı səcdə məqamı olan ayəni oxuyub səcdə etdikdə şeytan məyus olub ağlayar və deyər: Vay mənim halıma. Ona səcdə etmək əmr olundu və o da səcdə etdi. Demək o cənnətlikdir. Mənə isə səcdə etmək əmr olunduqda asilik göstərdim. Deməli mən cəhənnəmliyəm»[20].
Tilavət səcdəsi edərkən nə deyilir?
Aişə deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) gecə vaxtı Quran oxuyub səcdə edəndə səcdədə belə deyərdi:
»سَجَدَ وَجْهِيَ لِلَّذِي خَلَقَهُ ، وَشَقَّ سَمْعَهُ وَبَصَرَهُ بِحَوْلِهِ وَقُوَّتِهِ «
«Səcədə vachi lilləzi xələqəhu və şəqqa səməhu və bəsərəhu, bihavlihi və quvvətihi».
«Sifətim, onu yaradana, ona eşitmə və görmə qabiliyyəti verənə, Onun güc və quvvəti ilə səcdə edir»[21].
Əli deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səcdə edərkən belə deyərdi:
»اللَّهُمَّ لَكَ سَجَدْتُ، وَبِكَ آمَنْتُ، وَلَكَ أَسْلَمْتُ، أنْتَ رَبّيِ, سَجَدَ وَجْهِيَ لِلَّذِي َشَقَّ سَمْعَهُ وَبَصَرَهُ، تَبَارَكَ اللهُ أَحْسَنُ الْخَالِقِينَ«
«Allahummə ləkə səcədtu və bikə əməntu, və ləkə əsləmtu, əntə rabbi, səcədə vachiyə lilləzi şəqqa səmahu va basarahu, təbərakə-l-llahu əhsənu-l-xaliqin».
«Allahım, Sənə səcdə etdim, Sənə iman gətirdim və Sənə təslim oldum. Sən mənim rəbbimsən. Sifətim, ona eşitmə və görmə qabiliyyəti verənə səcdə edir. Ən gözəl yaradan Allah, pakdır, müqəddəsdir»[22].
İbn Abbas deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanındaydım. Bu vaxt bir kişi onun yanına gəldi və dedi: Mən dünən adi bir yuxu görmüşəm. Sanki mən bir ağacın altında namaz qılırdım. Namazda səcdə ayəsi oxuyub səcdə etdim. Ağac da mənimlə bərabər səcdə etdi və mən onun belə dediyini eşitdim:
»اللَّهُمَّ احْطُطْ عَنِّى بِهَا وِزْرًا وَاكْتُبْ لِى بِهَا أَجْرًا وَاجْعَلْهَا لِى عِنْدَكَ ذُخْرًا«
«Allahumməhtit anni bihə vizran, vəktub li bihə əcran, vəcalhə li indəkə zuxran».
«Allahım onun mənim günahlarımı sil, onunla mənə savab ver, onun Öz dərgahında mənim üçün xəzinə et»
İbn Abbas deyir ki, mən Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səcdə ayəsi oxuyub səcdə edərkən gördüm. O, həmin kişinin dediyinə əsasən, səcdədə ağacın söylədiyi kimi deyirdi[23].
Şükr səcdəsi:
Demək, nemət verilən, yaxud bəladan qurtulan və ya şad xəbər eşidən kimsənin bu zaman, Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) örnək tutaraq - səcdəyə qapanması müstəhəbdir.
Əbu Bəkrə deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xoş xəbər eşitdikdə və ya sevindirici hallarda Allaha şükr əlaməti olaraq səcdəyə qapanardı[24].
Bu səcdənin hökmü, tilavət səcdəsinin hökmü ilə eynidir.
Səhv səcdəsi:
Səhih mənbələrdən verilən məlumata görə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazda səhv edir və deyirdi: «Mən də bəşərəm. Sizin kimi də unuduram. Əgər mən nəyisə unutsam siz onu mənə xatırladın»[25].
Demək Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ümmətinə səhv səcdəsi haqqında bir çox qaydalar öyrətmişdir. İndi biz həmin qaydaları sadalayacağıq:
1. (Dördrükətli) Fərz namazın ikinci rükətindən birbaşa (birinci təşəhhüdü oxumadan) qalxarsa:
Abdullah ibn Buheynə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə bir neçə namaz qıldırdı və o (ikinci rükətə) oturmadan birbaşa qalxdı, camaat da ona baxıb qalxdı. O, namazını bitirdikdə biz onun salam verəcəyini gözləyirdik. Amma o salamdan öncə təkbir edib oturan halda iki səcdə etdi və sonra salam verdi»[26].
Muğirə ibn Şöbə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kimsə ikinci rükətdə oturmayıb qalxarsa, əgər tam durmayıbsa geri qayıtsın. Yox əgər tam qalxıbsa onda oturmasın. Əvəzində iki səhv səcdəsi etsin»[27].
2. Əgər (dördrükətli) namazı beş rükət qılarsa:
Abdullah deyir ki, «bir gün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Zöhr namazını beş rükət qıldı. Sonra ona dedilər: Namaza əlavə edilibmi? O dedi: Nə əlavəsi? Dedilər: Sən namazı beş rükət qıldırdın. Sonra o iki səhv səcdəsi etdi. Bu səcdələr salamdan sonra idi»[28].
3. (Dördrükətli namazda) İki və ya üç rükətdən sonra salam verərsə:
Əbu Hureyrə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazı ikinci rükətdə tamamladı. Zül Yədəyn adlı bir nəfər ona dedi: Ey Allahın elçisi, namaz qısaldılıb, yoxsa sən unutmusan? Peyğəmbər dedi: Zül Yədəyn doğru deyirmi? Camaat dedi: Bəli. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qalxıb əlavə iki rükət qıldı və salam verdi. Sonra təkbir edib əvvəlki kimi və ya bir az daha uzun bir səcdə etdi və sonra səcdədən durdu»[29].
İmran ibn Hüseyn deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əsr namazını üç rükət qıldı və sonra qalxıb evinə getdi. Əl-Xirbaq adlı uzun əlli bir kişi qalxıb, Ey Allahın elçisi – deyərək, baş verən hadisəni Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xatırlatdı. Bunu eşidən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əbasını əlinə yığıb qəzəbli halda camaatın yanına gəldi və dedi: «Bu adamın dedikləri doğrudurmu? Dedilər: Bəli. Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əlavə bir rükət qıldı və salam verdi. Sonra iki səcdə etdi və yenidən salam verdi»[30].
4. Əgər neçə rükət qıldığını bilmirsə:
İbrahim Əlqəmədən rəvayət edir ki, Abdullah demişdir: «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qıldı (İbrahim deyir: o namazda nəyisə artıq ya da əksik qılmışdı)[31] və salam verdikdən sonra ona dedilər: Ey Allahın elçisi namazda nəisə yenilik baş verib? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Nə olub ki? Camaat dedi: Sən namazı belə-belə qıldın. Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ayaqlarını birləşdirib qibləyə tərəf yönəldi və iki dəfə səcdə edib salam verdi. Daha sonra üzünü bizə tutub dedi: Əgər namazda nə isə bir yenilik baş versəydi mən sizi agah edərdim. Lakin həqiqətdə mən də bəşərəm. Sizin kimi unuduram. Əgər mən nəyisə unutsam siz onu mənə xatırladın. Əgər biriniz namazında tərəddüd etsə onda doğru hesab etdiyinə əsasən namazını tamamlasın, sonra iki dəfə səcdə etsin»[32].
Belə halda doğru qərar vermək üçün bu üsuldan istifadə olunur. Demək namazda oxuduqlarını xatırlamağa çalışır və ilk iki rükətdə iki ədəd surə oxuduğunu xatırlayır. Beləliklə bir rükət deyil, iki rükət namaz qıldığını təyin edir. Yaxud ola bilər ki, birinci təşəhhüdü oxuduğunu xatırlasın. Bununla bir deyil, iki, yaxud iki deyil üç rükət qıldığını bilir. Həmçinin ola bilər ki, iki dəfə yalnız fatihə surəsini oxuduğunu xatırlasın. Demək artıq üç rükət deyil, dörd rükət qılmışdır. Bax bu qaydada doğru qərar vermək olar. Əgər doğru rəyə yaxın olan bir qərar versə, artıq şübhəni dəf etmişdir. Bu qərarın verilməsi üçün, namazqılanın imam olması və ya fərdi qılması fərq etmir[33].
Əgər doğru qərar vermək üçün çalışsa amma bir nəticə əldə etməsə onda yəqinliyə əsaslanmalıdır. Yəqinlik isə az olanı seçməkdir. Demək hədislərin birində Əbu Səid əl-Xudri Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Biriniz namazında tərəddüd etsə və neçə rükət, üç, yoxsa dörd rükət - qıldığını təyin edə bilməsə şəkki kənara qoysun və yəqin olduğuna əməl etsin. Sonra salam vermədən öncə iki səcdə etsin. Əgər həqiqətdə beş rükət qılmışdısa bu iki səcdəylə rükətlərin sayını cüt etmiş olar. Yox əgər əlavə rükəti qılmaqla namazı dörd rükət etmişdirsə bu iki səcdə şeytan üçün məyusedici olar»[34].
Səhv səcdəsinin hökmü:
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhv səcdəsi etməyi əmr etdiyi üçün onun edilməsi vacibdir. Demək ötən hədislər, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hər dəfə namazda nəyisə unutduqda səhv səcdəsini etməsi və bir dəfə də olsa onu tərk etməməsi səhv səcdəsinin vacib olmasına dəlildir.
Səhv səcdəsi edilən məqam:
«Ən dolğun rəyə görə bu, namazda nəyisə artıq və ya əksik etməkdən, tərəddüd etmə və araşdırmadan, tərəddüd etmə və yəqinlik hallarından asılıdır... Bu qayda şəriət dəlillərinə əsaslanmaqla yanaşı əqli baxımdan da düzgündür.
Çünki əgər namazda naqislik baş vermişdirsə, demək bu naqisliyi aradan qaldırmağa ehtiyacı var. Məsələn, götürək birinci təşəhhüdün oxunmamasını. Bu naqisliyin aradan qaldırılması salamdan öncə olmalıdır ki, namaz qurtarmadan öncə tamam olsun. Çünki salam vermək, namazı bitirmək deməkdir.
Əgər namazda nəyisə artıq edibsə, ikinci dəfə artıq əməl etməmək üçün səhv səcdəsi salamdan sonra olmalıdır. Məsələn götürək bir rükət artıq qılınan namazı. Belə halda səhv səcdəsi salamdan sonra edilir. Çünki bu səcdə şeytanı məyus etmək üçündür. Həmçinin bu iki səcdə, namazda baş verən səhvlərin düzəldilməsi üçün müstəqil bir namaza bərabərdir. Belə ki, Peyğəmbər bu iki səcdəni bir rükətə bərabər hesab etmişdir.
Həmçinin əgər namazda tərəddüd edib doğru qərar vermək üçün araşdırma aparsa namazını tamamlamış sayılır. Əlavə etdiyi iki səhv səcdəsi isə şeytanı məyus etmək üçündür. Ona görə də bu halda səhv səcdəsi salamdan sonra edilir... Həmçinin salam verdikdən sonra namazda etdiyi naqisliyi bilib onu tamamlayarsa artıq namazını bitirmişdir. Demək o, namazda bir dəfə artıq salam vermişdir. Ona görə də səhv səcdəsi salamdan sonra edilir. Çünki bu halda edilən səhv səcdəsi şeytanı məyus etmək üçündür.
Yox əgər namazda tərəddüd etsə və hansı halın doğru olduğunu təyin edə bilməsə, belə halda ya dörd, yaxud da beş rükət qılmış olacaq. Əgər beş rükət qılmışdırsa onda bu iki səhv səcdəsi rükətlərin sayını cütləşdirəcək. Sanki beş yox, altı rükət qılmışdır. Belə halda səhv səcdəsi salamdan öncə edilir.
Bizim önə çəkdiyimiz bu rəy, səhv səcdəsi haqqında olan hədislərin hamısını ehtiva edir. Belə ki, şəriət dəlillərində öz əksini tapmayan məqamların təyini və onların oxşar dəlillərlə uzlaşdırılması üçün doğru müqayisədən istifadə etməklə, heç bir hədis kənarda qalmır»[35].
Namazın sünnələrinin tərk edilməsinə görə edilən səhv səcdəsi:
Kim unudaraq namazın sünnəsini tərk edərsə səhv səcdəsi edə bilər. Belə ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Hər bir səhvə görə iki səcdə edilir»[36]. Bu səhv səcdəsinin hökmü sünnədir. Bu, vacib ola bilməz. Belə ki, fər`i (qeyri əsas) əməllər, əsas əməlləri üstələməməlidir.[37]
[1] Yəni, Quran oxuyarkən səcdə etməyə işarə verilən məqamlarda səcdə etmək. (tərc.)
[2] əl-Əraf: 206.
[3] ər-Rəəd: 15.
[4] ən-Nəhl: 50.
[5] əl-İsra: 109.
[6] Məryəm: 58.
[7] əl-Həcc: 18.
[8] Bəzi alimlərin görüşünə görə əl-Həcc surəsinin sonunda (77-ci ayədə) səcdə ayəsi var. Və bunun üçün onlar bu hədisi əsas gətirirlər. «Səcdə surəsi iki səcdə ilə Quranın digər surələrindən üstündür». Amma bu hədis zəifdir. Belə ki, şeyx Albani “Səhih və Daif əl-Cami əs-Səğir” kitabında (? 8414) hədisin zəif olduğunu qeyd edir. Bu isə həmin hədisə əməl olunmadığına dəlalət edir. (tərc.)
[9] əl-Furqan: 60.
[10] ən-Nəml: 26.
[11] əs-Səcdə: 15.
[12] Sad: 24.
[13] Fussilət: 38.
[14] ən-Nəcm: 62.
[15] əl-İnşiqaq: 21.
[16] əl-Ələq: 19.
[17] Buxari: 2/ 553/ ? 1070. Müslim: 1/ 405/ ? 576. Əbu Davud: 4/ 282/ ? 1393. Nəsai: 2/ 160.
[18] Buxari: 2/ 554/ ? 1073. Müslim: 1/ 406/ ? 577. Əbu Davud: 4/ 280/ ? 1391. Nəsai: 2/ 160. Tirmizi: 2/ 44/ ? 573.
[19] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 1151. Əbu Davud: 4/ 173/ ? 1281. Tirmizi: 2/ 54/ ? 594. İbn Macə: 1/ 419/ ? 1322. Nəsai: 3/ 227.
[20] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 369. Müslim: 1/ 87/ ? 81.
[21] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 1255. Əbu Davud: 4/ 289/ ? 1401. Tirmizi: 5/ 47/ ? 577. Nəsai: 2/ 222.
[22] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 866. Müslim: 1/ 534/ ? 771. İbn Macə: 1/ 335/ ? 1054. Əbu Davud: 2/ 463/ ? 746. Tirmizi: 5/ 149/ ? 3481.
[23] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 865. Tirmizi: 2/ 46/ ? 576. İbn Macə: 1/ 334/ ? 1053.
[24] Hədis həsəndir. Səhih Sünən İbn Macə: ? 1143. İbn Macə: 1/ 446/ ? 1394. Bu onun rəvayətidir. Əbu Davud: 7/ 462 ? 2757. Tirmizi: 3/ 69/ ? 1626.
[25] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 2339. əl-İrva: ? 339.
[26] Buxari: 3/ 92/ ? 1224. Müslim: 1/ 399/ ? 570. Nəsai: 3/ 19. Əbu Davud: 3/ 347/ ? 1021. Tirmizi: 1/ 242/ ? 389. İbn Macə: 1/ 381/ ? 1206.
[27] Hədis səhihdir. əl-İrva: 2/ 109-110. Əbu Davud: 3/ 350/ ? 1023. İbn Macə: 1/ 381/ ? 1208. Bir məqamı xatırlatmaq lazımdır ki, hədisdə qiyama yaxın olub durmaq, səcdəyə yaxın olub oturmaq kimi hallar arasında fərq qoyulmur. Belə ki, hədisdə açıq-aşkar deyilir ki, «Ayaq üstə dayanmadan öncə xatırlasa otursun». Demək, qiyam halına yaxın olsa, yenə də oturmalıdır.
[28] Buxari: 3/ 93/ ? 1226. Müslim: 1/ 401/ ? ? 572. Əbu Davud: 3/ 325/ ? 1006. Tirmizi: 1/ 243/ ? 390. İbn Macə: 1/ 380/ ? 1205. Nəsai: 3/ 31.
[29] Buxari: 3/ 98/ ? 1228. Müslim: 1/ 403/ ? 573. Əbu Davud: 3/ 311/ ? 995. Tirmizi: 1/ 247/ ? 397. Nəsai: 3/ 30. İbn Macə: 1/ 383/ ? 1214.
[30] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1001. Müslim: 1/ 404/ ? 574. Əbu Davud: 3/ 323/ ? 1005. Nəsai: 3/ 26. İbn Macə: 1/ 384/ ? 1215.
[31] Bu məqamda İbrahim adlı rəvayətçi tərəddüd edir. Amma səhih mənbələrə əsasən Peyğəmbər bu məqamda namaza əlavə etmişdi. Bu məlumatı İbn əl-Əsir “Camiul Usul” adlı əsərində (5/ 541) qeyd etmişdir.
[32] Hədis səhihdir. Buxari: 1/ 503/ ? 401. Müslim: 1/ 400/ ? 572. Əbu Davud: 3/ 326/ ? 1007. Nəsai: 3/ 21. İbn Macə: 1/ 382/ ? 1211.
[33] Məcmu əl-Fətava, İbn Teymiyyə: 23/ 13.
[34] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 632. Müslim: 1/400/ ? 571. Əbu Davud: 3/ 330/ ? 1011. Nəsai: 3/ 27.
[35] Məcmu əl-Fətava, İbn Teymiyyə: 23/ 25.
[36] Hədis həsəndir. Səhih Sünən Əbu Davud: ? 917. Əbu Davud: 3/ 357/ ? 1025. İbn Macə: 1/ 385/ ? 1219.
[37] əs-Seylul Cərar: 1/ 275.
Tarix: 01.05.2013 / 18:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 364 Bölmə: Maraqlı melumatlar