Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əl-Cinn (cinlər) surəsi

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
1 - {De: “Mənə vəhy olundu ki, bir dəstə cin dedilər: “Biz çox qəribə bir Quran eşitdik.}
Ey Muhəmməd, ümmətinə çatdır ki, Allah mənə Cəbrail vasitəsi ilə bildirdi ki, bir dəstə cin mənim Quran oxumağımı eşidib demişlər: "biz fəsahət və bəlağətlə dolu çox qəribə bir kəlam eşitdik". Onların eşitdikləri surə "əl-Aləq" surəsi idi. Ümumiyyətlə, uca Allah, cinlərə özlərindən peyğəmbər göndərməmişdir. Peyğəmbərlərin hamısı Adəm övladı olmuşdur.

2 - {O, haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq.}
3 - {Həqiqətən, Rəbbimizin calalı çox ucadır. O Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq!}
4 - {Doğrusu, bizim səfehimiz Allah barəsində tamamilə yalan söyləyirmiş.}
İman gətirən cinlər digər müşrik və səfeh cinlərin Allah barəsində söylədikləri zövcə və övlad iddialarına etiraz edir, onların bu sözlərlə kafir olduqlarını və haqq yoldan azdıqlarını söyləyirdilər.

5 - {Biz elə güman edirdik ki, nə insan, nə də cin tayfası Allah barəsində yalan danışmaz.}
İnsanlar və cinlər Allahın ortağı, zövcəsi və övladı olduğunu dedikdə, biz elə düşünürdük ki, onlar Allahın adından yalan danışmazlar. Buna görə də biz, onların dediklərini təsdiq edirdik.

6 - {Həqiqətən, bəzi insanlar bir para cinlərə pənah aparır, bununla da onların tüğyanını artırırdılar.}
Rəvayətlərdə deyilir ki, cahiliyyət dövründə ərəblər bir vadidə gecələdikdə belə deyərdilər: "Mən bu vadinin ağasının tayfasından olan səfehlərin şərrindən onun özünə sığınıram, pənah aparıram". Beləliklə cinlərə sığınıb orada gecələyərdilər. Belə olan halda cinlər daha çox təkəbbürlənir, insanlar da bir o qədər zəif və qorxaq görsənirdilər.

7 - {Onlar da sizin kimi elə güman edirdilər ki, Allah heç kəsi diriltməyəcəkdir.}
8 - {Biz göyə qalxmaq istədik, amma onun güclü gözətçilər və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük.}
Adətimiz üzrə səmanın söhbətlərinə qulaq asmaq üçün oraya qalxmaq istəyəndə oranın mələklər tərəfindən güclü şəkildə qorunduğunu və axan mərmi kimi ulduzlarla dolu olduğunu gördük. Bu qorunma Muhəmməd peyğəmbərin  elçi göndərilməsindən sonra başlamışdır.

9 - {Biz qulaq asmaq üçün göyün bəzi yerlərində otururduq. Lakin indi kim qulaq asmış olsa, yandırıb-yaxan bir ulduzun onu gözlədiyini görər.} Onlarda səmada danışılan söhbətlərə qulaq asıb sonra onları kahinlərə ötürmək üçün yuxarı qalxardılar. İndi isə bunu etmək istəyəni orada yandıran bir ulduzun gözlədiyini görər.

10 - {Biz bilmirik ki, yerdə olanlara bir pislik etmək istənilmişdir, yoxsa Rəbbi onlara bir xeyir diləmişdir.}
Onlar bu cür qorunmanı gördükdə bunun insanlar üçün xeyirli və ya zərərli olduğunu bilmirdilər. İbn Zeyd adlı alim deyir: İblis belə demişdi: Allah bu qorunmanı işə salmaqla yer əhalisinə əzab vermək, yoxsa onlara özlərindən peyğəmbər göndərmək istədiyini bilmirik.
11 - {Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə ayrılmışıq.}
Cinlər digərlərini Muhəmmədə (s.a.v) iman gətirməyə dəvət etdikdən sonra öz aralarında söhbət edərkən deyərdilər: "biz Quranı eşitdikdən sonra aramızda mömin və ya kafir olanlar oldu. Biz əvvəllər müxtəlif firqələrə və təbəqələrə bölünmüşdük". Səid deyir: "Onlar müsəlman, yəhudi, nəsrani və atəşpərəst firqələrə bölünmüşdülər".

12 - {Biz anladıq ki, yerdə olsaq da, qaçsaq da, Allahdan canımızı qurtara bilmərik.} Biz dərk etdik ki, əgər Allah bizə bir şey etmək istəsə, heç yana qaçıb gizlənə bilmərik.
13 - {Doğrusu, biz hidayət yolunu göstərəni dinlədiyimiz zaman ona iman gətirdik. Kim Rəbbinə iman gətirsə, nə əskilməkdən, nə də haqsızlığa məruz qalmaqdan qorxar.}
14 - {Şübhəsiz ki, aramızda müsəlmanlar da var, haqq yoldan çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır.} Müsəlman olanlar haqq yolu axtarıb, sonda ona nail olanlardır. [Bu ayə göstərir ki, insan haqq yolu axtarmalıdır. Evində oturub, dünyaya başı qarışıb sonra isə: "Allah istəsə, məni haqq yola yönəldər" – deməməlidir].

15 - {Haqq yoldan çıxanlar isə, Cəhənnəm üçün odun olacaqlar”}
16 - {Əgər onlar o yolda doğru olsaydılar, Biz onlara bol yağış verərdik ki,}
17 - {Onları bununla imtahana çəkək. Kim öz Rəbbini yad etməkdən üz çevirsə, onu məşəqqətli bir əzaba düçar edər.} Muhəmməd Peyğəmbərə (s.a.v) vəhy olunur ki, əgər cinlər və insanlar, yaxud onlardan biri islam dininə tutunsalar, biz onlara bol-bol yağış verərik ki, onların bu nemətlərə qarşı nə qədər şükürlü olduqlarını görək. Doğrudan da, kim, Qurandan, haqq sözdən üz çevirərsə, uca Allah onu məşəqqətli və çətin əzaba düçar edər.

18 - {Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!}
Məscidlər Allaha məxsusdur, bütlərə yox. Siz də Allahdan başqa, heç kəsin qadir olmadığı işlərdə kimliyindən asılı olmayaraq, heç kəsi köməyə çağırmayın, dua edib onlara yalvarmayın. Çünki dua etməyin özü bir növ ibadətdir.

19 - {Allahın bəndəsi Ona ibadət etmək üçün qalxdıqda az qalmışdı ki, onun ətrafında keçə kimi bir-birinə keçsinlər.} Peyğəmbər (s.a.v) uca Allaha dua edib, ibadət etdikdə cinlər onun oxuduğu Quranı dinləmək üçün izdihamla onun ətrafına toplaşdılar.
20 - {De: “Mən ancaq öz Rəbbimə ibadət edirəm və heç kəsi Ona şərik qoşmuram!”}
21 - {De: “Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm!”}
22 - {De: “Məni Allahdan heç kəs qurtara bilməz və mən də Ondan başqa, heç bir sığınacaq tapa bilmərəm!}
23 - {Mənim Allah dərgahından olanı və Onun göndərdiklərini təbliğ etməkdən başqa yolum yoxdur. Allah və Onun Peyğəmbərinə asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar!”}
Əgər bu yola dəvət edib, özüm də əməl etsəm, o zaman Allahın əzabından qurtula bilərəm.

24 - {Onlar təhdid olunduqlarını gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.}
25 - {De: “Mən sizin qorxudulduğunuz əzabın yaxın olduğunu, yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin edəcəyini bilmirəm!}
Qiyamətin nə zaman qopacağını Allahdan başqa heç kəs bilmir.
26 - {Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz;}
27 - {Bəyənib seçdiyi peyğəmbərdən başqa!} Uca Allah seçdiyi peyğəmbərlərə vəhy yolu ilə qeybindən xəbər verər və bunu onların peyğəmbərliklərini təsdiq edən açıq-aşkar möcüzə sübut edər. Qeybdən "xəbər verən" münəccim, falçı, fincana və ya karta baxan insanlar Allah tərəfindən bəyənilib seçilmişlər deyildir. Onlar Allaha küfr edib kafir olan, təxmin və ehtimalları ilə Ona böhtan atanlardır. {Allah onların önündə və arxasında gözətçilər qoyar ki,} şeytanlar Peyğəmbərə göndərilən qeybdən heç nə oğurlaya bilməsinlər.
28 - {Öz Rəbbinin göndərdiklərini təbliğ etdiyini bilsin. Onlarda olanların hamısını əhatə etmişdir. O, hər şeyi bir-bir sayıb hesaba almışdır!”}
Peyğəmbərlərinin risaləti çatdırdıqlarını qeybən bilməkdən əlavə əyani olaraq bilmək üçün mələkləri gözətçi qoyar. Uca Allah Mələklərdə və Peyğəmbərlərdə olan xəbərlərin hamısını və onların nə iş gördüklərini öz elmi ilə əhatə etmişdir.
---------------


Tarix: 10.04.2013 / 21:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 392 Bölmə: Maraqlı melumatlar
loading...