Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Islama dəvət

Allah-Təala bir ayədə dəvət fəaliyyətinin gözəl bir üsulla edilməsini əmr edir:
“İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna (İslama) dəvət et, onlarla ən gözəl surətdə mücadilə et. Həqiqətən, sənin Rəbbin yolundan azanları (ən yaxşı) bilən, doğru yolda olanları da (ən yaxşı) tanıyandır” (Nəhl, 125).

Bu ayədə keçən “hikmət” və “gözəl öyüd”, təbliğ vəzifəsini yerinə yetirən insanlar üçün çox mühümdür. Hikmət, təbliğlə məşğul olan şəxsin diqqətli və bəsirətli olması, təbliği kor-koranə etməməsi, doğrunu söyləyərək, yanlışdan və başqalarını yanlışa sürükləməkdən çəkinməsi, doğru qərar verməsi və söylədiyi şeylərin asanlıqla qəbul edilə biləcəyini təsdiq edən dəlillər gətirməsidir. Hikmət, xitab ediləcək şəxsin zehninin qavrama qabiliyyəti nəzərə alınaraq qoyulan məsələnin münasib bir şəkildə çatdırılmasını tələb edir.

Gözəl öyüdə gəlincə, şəxsin həmkarını yalnız məntiqi dəlillərlə deyil, eyni zamanda hisslərinə xitab edərək inandırmağa çalışmasıdır. Ayədə keçən “Onlarla ən gözəl şəkildə mücadilə et!” əmri isə təbliğ vəzifəsini ciddi bir şəkildə yerinə yetirməyi tələb edir. Buna görə də təbliğ əhli səmimi olmalı, könül qırmaqdan və sərt davranışlardan uzaq olmalıdır. Təbliğdə nümunəvi və cəsur bir şəxsiyyətə xas davranışlara malik olmalı, ağıl və məntiqə uyğun fikirlər irəli sürməli və tərəf müqabilini ən gözəl şəkildə inandırmağa çalışmalıdır. Təbliğ əhlinin vəzifəsi başa salmaq və başa saldığı məsələlərin insanlara faydalı olduğunu təlqin etməkdən ibarətdir. Bundan sonrası Allaha aiddir. Bu mövzu ilə bağlı Qurani-Kərimdə belə buyurulur:

“Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin və belə deyin: “Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana (Tövrata və İncilə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!” (Ənkəbut, 46).

“De: "Bu mənim yolumdur.Mən və mənə tabe olanlar açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən isə müşriklərdən deyiləm!” (Yusuf, 108).

Bəsirət, haqq ilə batili bir-birindən ayıran bir xüsusiyyətdir. Bu ayədən aydın olur ki, Haqqa dəvət və irşad vəzifəsi olanlar həmişə açıq-aşkar dəlillərə dayanmalı, cəhalətdən və zor gücünə qəbul etdirməkdən qəti şəkildə çəkinməlidirlər. Açıq-aşkar bir dəlillə dəvət və irşad etmək, Hz. Peyğəmbərimizə (s.ə.s.) tabe olmağın xüsusi bir şüarıdır.

Allah Rəsulunun həyata keçirdiyi dəvət fəaliyyətinin üstündən əsrlər keçməsinin təbii nəticəsi olaraq, bu günün dəyişən şərtləri və müasir imkanlarına görə bir sıra müxtəlif metodlar tətbiq edilə bilər. Zaman və məkana uyğun bəzi metodların tətbiq edilməsi, Həzrəti Peyğəmbərimizin sünnəsinə qarşı deyil, tam əksinə onun da dəvətində istifadə etdiyi üsullardan biridir. Rəsulullah (s.ə.s.) mənfəətpərəst, sərt və bezdirici bir üsula əsaslanan dəvət metodundan uzaq olmuşdur. Buna görə də bu gün İslama dəvət fəaliyyəti ilə məşğul olarkən, Allah Rəsulunun tətbiq etdiyi bütün metodların tam təfərrüatı ilə öyrənilməsi və tətbiq edilməsi zəruridir. Növbəti yazılarımızda Hz. Peyğəmbərimizin (s.ə.s.) tətbiq etdiyi bu üslub və qaydalardan ayrı-ayrılıqda söhbət açılacaq.


Tarix: 06.06.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 130 Bölmə: Maraqlı melumatlar
loading...