Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İbadət Ləzzəti

Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur. Peyğəmbərlərin və elçilərin ən şərəflisi olan Məhəmmədə Allahın salavatı və salamı olsun!
Allah taala haqq olaraq buyurur: “Mənim yoluma tabe olanlara qorxu yoxdur və onlar kədərlənməzlər” (əl-Bəqərə, 38).

Allah taala Onun yolunu tutan hər bir kəsə dərd-bəladan uzaq xoşbəxt bir həyat verər, dünyada baş verən çətinliklərdən, iztirabdan qoruyar, ona sakit, arzu olunan, rahat yaşam tərzi bəxş edər. Bu şərəfli yaşam tərzi dünya və axirətdə səadətə qovuşmağa aparan yoldur. Bu, dinimizi rəhbər tutmaq və həyatın hər bir sahəsində onu tətbiq etməkdir. Bu dindən tutunmaq gizlində etiqad edib, aşkarda onu davranışında nümayiş etdirməkdən və əməllərini Allah taalanın seçmiş olduğu yol üzrə etməkdən ibarətdir. Bəziləri xoşbəxtliyi var-dövlətdə, bolluq içində və rahat yaşmaqda görür.
Lakin yaşayış səviyyəsinin yüksək olduğu və öz camaatı üçün maddi həyatın təlabatını ödəyən ölkələr yenə də həyat problemlərindən şikayət edir, özlərini narahat və sıxıntı içərisində hiss edirlər. Bütün bunlara görə də xoşbəxtliyi başqa bir yolda axtarırlar. Bunun ən bariz nümunəsi əldə etdikləri elmi inkişafa baxmayaraq Avropadakı həyat faktorudur. Avropanın yaşadığı sıxıntılar onları uçuruma, partlayışa sürükləyir. Övladların valideynlərə asi olması kütləvi hal alır, dünya problemlərindən xilas olmaq düşüncəsi ilə içkiyə və narkotikə qurşananların sayı get-gedə çoxalır. Avropa bu vəziyyətə dini bir tərəfə atıb yalnız maddi və bədən təlabatı ödəməyə diqqət verməsi ilə düşüb. Bu camaat qəlblərinə zülm edərək yollarını azmış, hədəflərini itirmişlər. Əlbətdə ki, haqq olan dindən uzaqlaşıb başqa keçici şeyləri özünə əsas etməyin nəticəsi zəlalətdir. Bu gün müsəlmanların çoxunun yaşadıqları sıxıntı, həyacan, qəm-kədər, psixi və əsəbi gərginliklər onların dindən uzaqlaşması və adi istəklərə uyması nəticəsində yaranıb. Ibn Qeyyim (Allah ona rəhmət etsin!) “əl-Vabil əs-Siyəb“ kitabında buyurur: “Qəm-kədər, hüzn, sıxıntı vaxtından əvvəl olan əzab, dünyəvi od və hazır cəhənnəmdir. Allaha yaxınlaşmaq, Ona tərəf yönəlmək, Onun razılığını qazanmaq, qəlbi Allaha olan məhəbbətlə doldurmaq, Ona zikrlə sığınmaq, Onu bütün qəlbinlə tanıyaraq sevinc, fərəh hissi yaşamaq isə vaxtından əvvəl olan mükafat və bənzəri olmayan həyat – Cənnətdir”.
Həqiqətən, Allahın öz qullarına bəxş etdiyi ən gözəl bəxşiş qulun ibadətdən həzz almasıdır. Bu, müsəlmanın ibadət əsnasında tapdığı daxili rahatlıq, qəlbin sakitliyi, zəkanın genişliyi və ibadətdən başqa hər şeyin tərki deməkdir. Bu həzz insanlarda imanlarının güclü və zəif olması ilə fərqlənir. Bu həzz ona aparan yollara nail olmaqla əldə edilir və ona aparan yolların itməsi ilə də bu həzz yox olur. Ona görə də müsəlman xoşbəxt həyat yaşaması üçün bu həzzə müəssər olmağa çox çalışmalıdır.
Rəsulullah (s) Bilala (Allah ondan razı olsun!) deyərdi: “Ey Bilal, bizi namazla rahatlaşdır!” Rəsulullah namazda həzz və rahatlıq tapırdı. Onun gecə namazını uzatması rəbbinin şəninə təriflər deməklə sevinc hissi yaşamasına və rahatlıq tapmasına dəlildir. Budur, Muaz bin Cəbəl (Allah ondan razı olsun!) canını tapşırarkən ağlıyaraq deyir: “Günəşli gündüzlərdə susuzluğuma, qış gecələrində ibadətimə və alimlərin zikr məclislərində rəqabətinə ağlayıram”. Ibn Teymiyyə (Allah ona rəhmət etsin!) buyurur: “Həqiqətən, dünyadakı cənnətə daxil ola bilməyən kəs, axirətdəki cənnətə daxil ola bilməz”. Sələf insanlardan biri buyurur ki, dünya əhlinin yoxsulları oradan çıxdılar. Lakin, oradakı ən gözəl şeydən dadmadılar. Orada olan ən gözəl şey nədir deyə soruşulanda isə belə cavab verdi: “Allaha məhəbbət, Onu tanımaq və zikr etmək”. Məhəmməd Əhməd ər-Raşid isə buyurur: “Insan öz cənnətini dünyada, qadınlarda və keçici həzlərdə zənn edirsə, bilsin ki, möminin cənnəti onun mehrabıdır. Allah insanlara çoxlu halal nemətlər bəxş etmişdir. Bəzi şeylərin isə haram olmasına baxmayaraq mömin olan kəs onlardan uzaqlaşdıqca və təmiz qəlblə öz rəbbinə yaxınlaşdıqca xüsusi həzz yaşayır ki, bunu da ondan başqası hiss edə bilməz. Bəziləri isə bəyənilən və halal olan bu neməti yaşamadıqları üçün bu həzdən məhrumdular. Həyatlarındakı pak və təmiz olması vacib olan mövqeni çirkin və bulanlıq yaşam tərzi ilə əvəzləyirlər, sıxıntı və həqiqi kədər içərisində yaşayırlar. Mömin, olduğu hər bir yerdə pak, həm özü üçün təmiz yaşam tərzi qurur, həm də yaşadığı mühiti bütün çirkinliklərdən təmizləməyə və topluma sevinc gətirməyə çalışır. Bu da yalnız möminə xas olan əlamətdir. Məhz namaz insana və ümümilikdə bütün topluma rahatlıq və sevinc gətirən, insanı çətinlik, qəm-kədər və fikirlərdən uzaqlaşdıran bir Allah lütfüdür. Bu lütfü qazanmaq, bu həzzi yaşamaq üçün isə gün ərzində yalnız bir neçə dəqiqəlik vaxt aparan Allahın əmri – namazı yerinə yetirmək lazımdır”.


Tarix: 17.04.2013 / 16:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 285 Bölmə: Maraqlı melumatlar
loading...