Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
* İmam Sadiqdən (ə) nəql olunur ki, həzrət Peyğəmbər (s) Həzrət Əliyə (ə) vəsiyyət edərkən belə buyurmuşdur: “Ey Əli! Sənə etdiyim vəsiyyətləri heç vaxt unutma və onlara riayət et. Əgər bunları yadda saxlayıb riayət etsən, daim xeyir içində olarsan.
* Ey Əli! Hər kəs qəzəblənib qəzəbini əməli surətdə nümayiş etdirmək qüdrətinə malik olsa, lakin bunu etməyib qəzəbini boğsa, Allah-təala Qiyamət günün onu elə bir amanda saxlayar ki, bunun ləzzətini hiss edər.
* Ey Əli! Hər kəs ölən zaman gözəl və ədalətli vəsiyyət etməzsə, onun mürüvvət və comərdliyi naqis hesab edilər. Qiyamət günü isə şəfaətə nail olmaz.
* Ey Əli! Ən üstün cihad odur ki, insan səhər tezdən durarkən heç kəsə zülm və sitəm etmək fikrində olmasın.
* Ey Əli! Kimin ki dilindən camaat qorxur, həmin adam Cəhənnəmlikdir.
* Ey Əli! İnsanların ən pisi odur ki, camaat ona ağzının pisliyinə və acıdilliyinə görə hörmət edir.
* Ey Əli! İnsanların ən pisi odur ki, axirəti dünyasına satır, ondan da pisi odur ki, öz axirətini başqasının dünyasına satır.
* Ey Əli! Hər kəs üzrxahlıq edən bir kəsin üzrünü yalan və düz danışmasından asılı olmayaraq qəbul etməzsə, mənim şəfaətimə nail olmaz.
* Ey Əli! Allah-təala insanların arasını islah etməkdən ötrü yalan danışığı sevir, lakin insanlar arasında fitnə-fəsad törənməsinə səbəb olan doğru danışığı və düz sözü əsla sevmir.
* Ey Əli! Hər kəs şərabı, hətta Allahdan başqasına görə də tərk etsə, Allah onu Cənnət şərbətləri ilə doyuzdurar.
–Allahdan başqasına görə?
–Bəli! And olsun Allaha ki, əgər şərabı hətta, sağlamlığını qorumaqdan ötrü də tərk etsə, Allah onun bu işinə xüsusi dəyər verər.
* Ey Əli! Şərabxor, eynilə bütpərəst kimidir.
* Ey Əli! Allah şərab içən adamın namazını qırx gün müddətində qəbul etməz və əgər həmin qırx gün müddətində ölsə, kafir hökmündə olar.
* Ey Əli! Hər bir məstedici haramdır. Bütün məstedicilərdən hətta bir qurtumluq da olsa istifadə etmək haramdır.
* Ey Əli! Bütün günahlar bir evdə cəm olunub, həmin bu evin də açarı şərabxorluqdur.
* Ey Əli! Şərabxorun elə bir anı olur ki, Allahı tanımır.
* Ey Əli! Dünya və axirətindən bəhrələnə bilməyən adamla oturub-durmaq sənə heç bir fayda verməz. Sənə hörmət etməyən kəsə sən də hörmət etmə.
* Ey Əli! Allah-təala Behişti söyüş söyən, nə deyib nə eşidəcəyinin fərqinə varmayan hər kobud danışana haram etmişdir.
* Ey Əli! Xoş o kəsin halına ki, ömrü uzun və əməli salehdir.
* Ey Əli! Zarafat etməkdən çəkin, çünki o, insanın əzəmət və nuraniliyini aradan aparar.
* Ey Əli! Bədxasiyyətli olmaqdan başqa bütün günahlardan ötrü tövbə var. Çünki bəd xasiyyətə malik olan insan bir günahdan qurtaran kimi, digərinə mübtəla olur.
* Ey Əli! Bir kəsə ürək sıxıntısı və məlal üz versə, rahatlıq onun yanından köçər.
* Ey Əli! Allah-təala Behişti iki cür–qızıl və gümüş kərpicdən divarlarını yaqutdan, tavanını zəbərcəddən, qumunu mirvaridən, torpağını müşk və zəfərandan yaratmışdır. Allah-təala Behişti yaradan zaman ona belə buyurdu: “Danış.” Behişt dedi: “Əbədi olan Allahdan başqa mə`bud yoxdur. Həqiqi xoşbəxt odur ki, mənə daxil olar.” Allah-təala buyurdu: “And olsun öz izzət və cəlalıma, heç bir şərabxoru (məqsəd şəraba qurşanıb onu tərk etməyəndir), sözgəzdirəni, qeyrətsizi, (ədalətsiz) darğanı, arvadsifəti (zənən adlı kişini), kəfən (yaxud qəbir) oğrusunu, bac alanı, qohumları ilə əlaqəni kəsəni, “cəbərk” məzhəbində olanları Behiştə daxil etmərəm.”
* Ey Əli! Şərəf və şəxsiyyətin afəti yersiz fəxr etməkdir.
* Ey Əli! Hər kəs Mütəal Allahdan qorxsa, hər şey ondan qorxar, hər kəs də Allahdan qorxmazsa, Allah onu hər şeydən qorxudar.
* Ey Əli! Büluğ həddinə çatdıqdan sonra yetimlik yoxdur.
* Ey Əli! Ata-anaya yaxşılıq etməkdən ötrü iki illik yol qət et. Qohum-əqrəbaya yaxşılıq etməkdən ötrü bir illik yol qət et. Xəstəni yoluxmaqdan ötrü bir millik yol get. Cənazəni müşayət etməkdən ötrü iki millik yol get. Də`vəti qəbul etməkdən ötrü üç millik yol get. Mö`min qardaşını ziyarət etməkdən ötrü dörd millik yol get. Çətinliyə düşənin əlindən tutmaq üçün beş millik yol get. Zülm görmüş insana kömək etməkdən ötrü altı millik yol get. Sənə çoxlu istiğfar etməyi tapşırıram.
* Ey Əli! Hər kəs fəhlənin muzdunu verməsə, qətl hadisəsi yerinə yetirsə, yaxud onda iştirak etsə, yaxud bu işdə iştirak edəni qorusa, onun tərəfini saxlasa, onu gizlətsə, ona Allahın lə`nəti gələr.
* Ey Əli! Mö`min o kəsdir ki, müsəlmanlar öz mallarını və canlarını onun tərəfindən amanda hiss etsinlər, mö`min o kəsdir ki, başqa müsəlmanlar onun əlindən və dilindən salamat qalsınlar. Əsl mühacir odur ki, günahlardan hicrət edib uzaqlaşsın.
* Ey Əli! İman əldə etməkdən ötrü ən güclü vasitə Allaha xatir dostluq və Ona xatir düşmənçilikdir.
* Ey Əli! Mütəal Allah İslamın vasitəsi ilə cahiliyyətin lovğalıq və təkəbbürünü, onların öz ata-babaları ilə fəxr etməyini aradan apardı. Bil ki, insanların hamısı həzrət Adəmdən (ə) vücuda gəlmişdir. Həzrət Adəm (ə) isə torpaqdan. Allah yanında insanların ən üstünü ən təqvalı olanıdır.
* Ey Əli! Ölü heyvandan, itdən, şərabdan qazanılan pul, zinakar qadının mehriyyəsi, qəzavət işlərində verilən (yaxud, alınan) rüşvət, falçı və gələcəkdən xəbər verənlərə verilən pul – bunların hamısı haram pullardır.
* Ey Əli! Elə ki, bir bəndə ölür, camaat deyir: “Görəsən, özündən sonra nə qoyub getdi?“ Lakin, mələklərsə deyir: “Görəsən, özündən əvvəl nə göndərib?”
* Ey Əli! Dünya mö`minin zindanı, kafirinsə behiştidir.
* Ey Əli! Qəfil ölüm mö`min üçün rahatlıq, kafir üçünsə həsrət və təəssüfdür.
* Ey Əli! Mütəal Allah dünyaya belə vəhy etdi: “Mənə xidmət edənə xidmət et, sənə xidmət edəni isə məşəqqətə sal!”
* Ey Əli! Allah yanında dünyanın ağcaqanadın qanadı qədər də olsa, dəyəri olsaydı ondan kafirlərə bir qurtum su da verməzdi.
* Ey Əli! Keçmişdə yaşamış və gələcəkdə yaşayacaq elə bir insan olmayacaq ki, Qiyamət günü belə desin: “Kaş dünya malından mənə yalnız zəruri ehtiyaclarımı ödəyəcək qədər verilərdi.”
* Ey Əli! İnsanların ən pisi odur ki, ilahi qəza-qədərə e`tiraz etsin və bu barədə Allahı müttəhim etsin.
* Ey Əli! Mö`min xəstə olarkən etdiyi nalələrə “Sübhanallah”, fəryadlarına isə “La ilahə illəllah” savabı yazılar. Xəstəlik yatağında uzanmağı ibadət, o tərəf-bu tərəfə dönməyi cihad hesab olunar. Sağalıb camaat arasında gəzərkən isə bütün günahlardan təmizlənmiş halda olar.
* Ey Əli! Əgər mənə (heç bir dəyəri olmayan) qoyun ayağını (bişirməkdən ötrü) hədiyyə etsələr qəbul edərəm və əgər, məni qoyun ayağından hazırlanmış xörəyə də`vət etsələr, həmin də`vəti qəbul edərəm.
* Ey Əli! İslam çılpaqdır, onun libası isə həya və utanmaqdır. Zinəti vəfa, comərdliyi saleh əməl, sütunu təqvadır. Hər bir şeyin əsası və təməli vardır. İslamın da əsası və təməli biz əhli-beytlə birgə olmaqdır.
* Ey Əli! Bədxasiyyətlik eyib və namübarəklikdir. Qadına itaət etmək peşmançılığa səbəb olar.
* Ey Əli! Hər kəs mənə yalan bir şey nisbət versə, bilsin ki, yeri cəhənnəmdir.
* Ey Əli! Misvak etmək sünnədir. Misvak ağızı təmizləyir, gözün nurunu artırır, Rəhman Allahı sevindirir, dişləri ağardır, dişin sarılığını və çürüklərini aradan aparır, dişin ətini möhkəmləndirir, iştahanı artırır, bəlğəmi aradan aparır, hafizəni gücləndirir, yaxşı işlərin savabını ikiqat edir və mələklərin məhəbbətinə səbəb olur.
* Ey Əli! Allah-təala bütün peyğəmbərlərin nəslini onların öz sülbündən yaratmışdır. Mənim nəslimi isə sənin sülbündən olmasını istəmişdir. Ey Əli, əgər sən olmasaydın mənim nəslim davam etməzdi.
* Ey Əli! İman cəhətdən insanların ən təəccüblüsü və yəqin cəhətdən onların ən əzəmətlisi axirəzzamanda yaşayıb heç bir peyğəmbər görmədən imamları, onlar qeybdə olduğu halda ağ (kağızlar) üzərindən qara (yazılar) oxumaqla iman gətirərlər.
* Ey Əli! Allah qəlbi qafil olan kəsin duasını qəbul etməz.
* Ey Əli! Alimin yuxusu abidin ibadətindən üstündür.
* Ey Əli! Alimin iki rəkət namazı abidin min rəkət namazından üstündür.
* Ey Əli! Ribanın (faizə pul verib-almağın) ən kiçik günahı budur ki, elə bil həmin adam Kə`bədə öz anası ilə zina edib.
* Ey Əli! Bir dirhəm riba Allah yanında öz məhrəmi (yə`ni, anası, bacısı) ilə Kə`bə evində yetmiş dəfə zina etməkdən qat-qat pisdir.
* Ey Əli! Hər kəs bir karat da olsa (bir qirat dinar və dirhəmin iyirmi dörddə bir hissəsinə bərabərdir) zəkat verməkdən boyun qaçırarsa onun nə imanı var, nə müsəlmandır. Belə bir kəsin hörməti də yoxdur. (Yə`ni, hörmətə layiq deyil.)
* Ey Əli! Qüdrət və imkanı olduğu halda vacib həcci tərk edən insan kafirdir.
* Ey Əli! Hər kəs Həcci tə`xirə salsa və bu halda dünyadan getsə Allah-təala Qiyamət günü onu yəhudi, yaxud məsihi olaraq məhşur edər.
* Ey Əli! Sədəqə mütləq yetişəcək və baş verəcək qəza və qədəri dəyişdirər.
* Ey Əli! Sileyi-rəhm ömrü uzadar.
* Ey Əli! Yeməyi duzla başlayıb duzla da bitirmək insanın yetmiş iki xəstəlikdən şəfa tapmasına səbəb olar.
* Ey Əli! Məhmud məqamında olacağım zaman atam, anam, əmim və cahiliyyət dövründəki qardaşıma şəfaət edəcəyəm.
* Ey Əli! Əql odur ki, onunla Behişt əldə olunsun və onun vasitəsi ilə Rəhman Allahın razılığına can atılsın.
* Ey Əli! Allahın ilk yaratdığı şey əqldir. Allah onu yaratdığı zaman belə buyurdu: “Dön və geri qayıt!” O, qayıtdı. O zaman Allah-təala buyurdu: “And olsun izzət və cəlalıma ki, Mənim üçün səndən də sevimli olacaq bir məxluq yaratmamışam. Yalnız sənə görə qət edib və yalnız da sənə görə əta edərəm. Sənin vasitənlə mükafatlandıraram və sənin vasitənlə cəzalandıraram.”
* Ey Əli! Qohumların ehtiyaclı olduğu halda sədəqəni başqalarına vermək caiz deyil.
* Ey Əli! Əməl olmasa danışıqda heç bir xeyir və fayda olmaz. Əgər batində olmasa zahirdə də fayda olmaz. Səxavət və bəxşişi olmazsa var-dövlətin də faydası olmaz. Vəfa olmasa doğruçulluq da olmaz. Zahidlik olmasa fəqihliyin də faydası olmaz. Məqsəd və niyyət düzgün olmasa sədəqənin də faydası olmaz. Salamatlıq və sağlamlıq olmazsa yaşamaqda da xeyir olmaz. Əgər əmniyyət və xoşluq olmazsa vətənə də xeyir olmaz.
* Ey Əli! Sizin əxlaqca mənə ən yaxın olanınız ən xoş xasiyyət, ən təmkinli, qohum-əqrəbasına ən çox yaxşılıq edəninizdir.
* Ey Əli! Övladın öz atasının boynunda olan haqqı budur ki ata ona yaxşı ad qoysun, onu gözəl tərbiyələndirsin, onu yaxşı bir şeyə (sənətə, peşəyə) yiyələndirsin. Atanın övlad boynunda olan haqqı budur ki, övlad öz atasını onun adı ilə çağırmasın, yol gedərkən ondan qabağa düşməsin, ondan qabaqda oturmasın və hamama onunla birgə getməsin.
Ey Əli! Allah lə`nət etsin o valideynlərə ki, övladlarını özlərinə qarşı ehtiramsızlığa vadar edirlər.
* Ey Əli! Valideynin övladına qarşı ehtiramsızlığı övladın valideynə qarşı ehtiramsızlığına gətirib çıxarar və bu iki işin günahı da eynidir.
* Ey Əli! Allahın rəhməti olsun o valideynə ki, övladlarının onlara qarşı ehtiram və yaxşılıq etmələrinə bais olurlar.
* Ey Əli! Ata və anasını qəmgin edən şəxs onlara ağ olub və onların haqlarını pozub.
* Ey Əli! Hər kəsin yanında mö`min qardaşının qeybəti olunarsa və həmin şəxs də qüdrəti çatdığı halda bunun qarşısını almazsa, Allah-təala onu dünyada da, axirətdə də xar edər.
* Ey Əli! Bir şəxs öz pulu ilə bir yetimi büluğ həddinə çatana qədər saxlasa, mütləq Cənnətə gedər.
* Ey Əli! Hər kəs mehr və məhəbbətlə əlini bir yetimin başına çəkərsə, Allah-təala Qiyamət günü ona sığal çəkərkən əlinə dəyən tüklərin sayı qədər nur əta edər.
* Ey Əli! Nadanlıqdan da çətin fəqirlik yoxdur. Əqldən faydalı mal-dövlət yoxdur. Xudpəsəndlikdən (özünübəyənməkdən) də dəhşətli və qorxulu tənhalıq yoxdur. Tədbirli və çarə düşünməyi bacarmaqdan da üstün əql yoxdur. Allahın haram buyurduğu şeylərdən çəkinməkdən də gözəl zahidlik yoxdur. Gözəl əxlaq kimi üstün şərafət yoxdur. Təfəkkürdən də üstün ibadət yoxdur.
* Ey Əli! Danışığın afəti yalandır. Elmin afəti unutqanlıqdır. İbadətin afəti onu tərk etməkdir. Gözəlliyin afəti təkəbbür və lovğalıqdır, əməlin də afəti paxıllıqdır.
* Ey Əli! Hər kəs mənə salavat göndərməyi unutsa Behiştin yolunu itirib.
* Ey Əli! Əlimi dirsəyə qədər əjdahanın boğazına salmağa razı olaram, lakin heç bir malı-pulu olmayan və birdən əlinə mal-pul keçən adamdan bir şey istəməkdən ötrü əlimi uzatmağa əsla razı olmaram.
* Ey Əli! Allah qarşısında ən dikbaş və ən itaətsiz adam odur ki, onunla heç bir qan davası olmayan adamı nahaq yerə öldürsün və onu vurmayan bir kəsi nahaq yerə vursun.
* Ey Əli! Sağ əlinə qaşı qırmızı əqiqdən olan üzük tax ki, bu Allah-təalanın Özünün müqərrəblərindən ötrü qərar verdiyi bir fəzilətdir.
* Ey Əli! Həqiqətən, Mütəal Allah dünyanın bütün insanlarına nəzər saldı və kişilərin içindən məni seçdi. İkinci dəfə nəzər saldı səni seçdi. Üçüncü dəfə nəzər salıb sənin nəslindən olan imamları seçdi. Sonra dördüncü dəfə nəzər salıb qadınlar içindən Fatiməni seçdi.
* Ey Əli! Həqiqətən mən sənin adını üç yerdə öz adımla birgə gördüm:
1. Me`rac zamanı Beytül-müqəddəsə çatan zaman orada böyük bir qaya parçasının üzərində belə yazıldığını gördüm: “Allahdan başqa mə`bud yoxdur. Məhəmməd (s) Onun rəsuludur. Mən (yə`ni, Allah) onu vəziri vasitəsi ilə qüvvətləndirib vəziri vasitəsi ilə də ona kömək etdim.” O zaman mən Cəbrailə (ə) dedim: “Mənim vəzirim kimdir?” Dedi: “Əli ibn Əbutalib (ə).
2. “Sidrətül-müntəha”ya çatan zaman gördüm ki orada belə yazılıb: “Mənəm Allah. Məndən başqa mə`bud yoxdur. Məhəmməd (s) mənim seçilmiş bəndəmdir. Mən ona vəziri vasitəsi ilə də köməklik göstərdim.” Cəbraildən (ə) soruşdum: “Mənim vəzirim kimdir? “ Buyurdu: “Əli ibn Əbutalib (ə).” Elə ki, “Sidrətül-müntəha”dan keçib Cəlal sahibi olan Allahın ərşinə çatdım, orada da belə yazıldığını gördüm: “Mənəm Allah. Məndən başqa heç bir mə`bud yoxdur. Məhəmməd (s) mənim həbibimdir (sevimli dostumdur). Mən onu vəziri vasitəsi ilə qüvvətləndirib, ona vəziri vasitəsi ilə də kömək etdim.”
Tarix: 04.06.2013 / 20:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 484 Bölmə: Maraqlı melumatlar