Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QURANİ KƏRİMDƏ ON ƏMR

Sual: Bilmək istəyirəm ki, Qurani Kərimdə Tövratda olan on əmrə bənzər bir
şey varmı? Xüsusilə də "siz öldürməyəcəksiniz" hissəsi kimi. Quranın
tərcüməsi olan internet səhifələrində axtarış vermişəm, lakin heç bir şey
tapa bilməmişəm. Təşəkkür edirəm.

Cavab: Həmd Allaha məxsusdur.

Sualınıza görə təşəkkür edirik. Bu göstərir ki, siz Quranla maraqlanırsınız.
Sizin sualınıza cavab verməkdən özümüzü xoşbəxt hiss edirik.

Qurani Kərimdə müəyyən ayələr var ki, bəzi alimlər bu ayələri On Əmr
adlandırır. Çünki bu ayələrdə Allah təalanın insanlara buyurduğu on əmr var.
Bu ayələr Qurani Kərimin iki surəsində cəm olunmuşdur.

Birinci surə Ənam surəsidir.

Allah təala buyurur: "(Ya Rəsulum!) De: "Gəlin Rəbbinizin sizə nələri haram
etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin;
kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz
veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram
buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə
öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb
anlayasınız!

152 - Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq)
istisna olmaqla, həddi-büluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə
düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz
söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa
belə, ədalətli olun. Allah qarşısındakı əhdi (dini vəzifələrinizi,
andlarınızı) yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir ki,
bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz!

153 - Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın)
yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki,
pis əməllərdən çəkinəsiniz!" (Əl-Ənam 6:151-153)

İkinci surə İsra surəsidir və yuxarıda sitat gətirilən hissənin şərhi olaraq
nəzərə almaq olar.

Allah təala buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə
yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər
onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün
çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə.
Onlarla xoş danış!

24 - Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: "Ey
Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi,
Sən də onlara rəhm et!" – de.

25 - Rəbbiniz ürəklərinizdə olanları (qəlblərinizin sirlərini) ən yaxşı
biləndir. Əgər əməlisaleh olsanız (ata-ananıza bilmədən etdiyiniz pislikdən
peşman olub tövbə etsəniz və bundan sonra onlarla yaxşı davransanız, bilin
ki) Rəbbiniz, həqiqətən, tövbəkarları bağışlayandır!

26 - Qohum-əqrabaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də
haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə!

27 - Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların
qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!

28 - Əgər Rəbbindən dilədiyin bir mərhəməti (ruzini) gözləmək məqsədilə
onlardan (kömək göstərilməsi lazım olan şəxslərdən) üz çevirməli olsan
(onlara bir şeylə kömək etmək istəsən, lakin imkanın olmadığı üçün
bacarmasan və buna görə də məcburiyyət qarşısında qalıb gözlərinə görünmək
istəməsən), heç olmasa, onlara ("Darıxmayın, Allah mənə ruzi bəxş edər, mən
də sizə verərəm!" kimi) xoş bir söz de!

29 - Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa
həm qınanarsan, həm də peşman olarsan!

30 - Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da.
Doğrudan da, O Öz bəndələrinin halından xəbərdardır, (hər şeyi) görəndir!

31 - Yoxsulluqdan qorxub (Cahiliyyət dövründə olduğu kimi) övladlarınızı
(xüsusilə, qız uşaqlarını) öldürməyin. Biz onların da, sizin də ruzinizi
veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!

32 - Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir
yoldur!

33 - Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin. (Onu yalnız və
yalnız böyük bir günah işlədikdə, məsələn, iman gətirdikdən sonra küfrə
düşdükdə, yaxud zinakarlıq etdikdə öldürmək olar). Haqsız yerə öldürülən
məzlum bir şəxsin sahibinə (və ya varisinə qatil barəsində) bir ixtiyar
verdik (istəsə, qatildən qisas alar, istəsə, bağışlayar və ya qanbahası
tələb edər). Lakin o da qətl etməkdə ifrata varmasın (qisas almalı olsa,
yalnız qatili öldürməklə kifayətlənsin)! Çünki (şəriətin bü hökmləri ilə)
ona artıq kömək olunmuşdur.

34 - Yaxşı niyyət istisna olmaqla, yetimin malına həddi-büluğa çatana qədər
yaxın düşməyin. (Bu mala ancaq onu qorumaq, artırıb çoxaltmaq və yetimin öz
xeyrinə istifadə etmək məqsədilə əl vurmaq olar). Əhdə vəfa edin. Çünki
(insan) əhd barəsində (qiyamət günü) cavabdehdir. (İnsan verdiyi əhdi yerinə
yetirib-yetirmədiyi haqda sorğu-suala tutulacaqdır).

35 - Ölçəndə ölçüdə düz olun, (çəkəndə) düzgün tərəzi ilə çəkin. Bu (sizin
üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır!

36 - (Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi
görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək–bunların
hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.


37 - Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə
də (boyca) yüksəlib dağlara çata bilərsən

38 - Bütün bunlar Rəbbinin dərgahında bəyənilməyən (məkruh), pis şeylərdir.

39 - (Ya Rəsulum!) Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla
yanaşı başqa ilah qəbul etmə, yoxsa qınanmış və (Allahın mərhəmətindən)
kənar edilmiş bir halda Cəhənnəmə atılarsan!" (Əl-İsra 17:23-39)

Bəlkə bu ayələri oxuyaraq həzz aldıqdan sonra Qurani Kərim haqqında
əvvəlkindən daha çox təsəvvürünüz olacaqdır. Bu sizin həyatınızda əsaslı
dəyişikliyin başlanğıcı və sizin İslam dininə daxil olmağınız üçün bir ilkin
mərhələ olacaqdır. Allah sizə öz hidayətini bəxş etsin. Allahın salamı doğru
hidayətə, yola tabe olanların üzərinə olsun.


Tarix: 14.04.2013 / 13:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 310 Bölmə: Maraqlı melumatlar
loading...