Şirk - Rübubiyyət və Uluhiyyətdə Allaha şərik qoşmaq deməkdir. Şirk, əsasən uluhiyyətdə özünü göstərir. Məsələn, Allahdan başqasına yalvarmaq, Ondan başqasına qurban kəsmək, Ondan başqasından qorxmaq, ümid etmək və Ondan başqasını sevmək kimi ibadət növlərindən hər hansı birisini Allahdan başqasına etmək şirkdir.
Şirk bu səbəblərdən dolayı günahların ən böyüyüdür:
1) Yaradılanı Yaradana bənzətmək. Hər kim birisini Allaha şirk qoşarsa, onu Allaha bənzətmiş olur ki, bu da ən böyük zülmdür:
"Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)" (Loğman, 13)
2) Allah şirkdən tövbə etməyəni əsla bağışlamayacağını xəbər vermişdir:
Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur. (Nisa, 48)
3) Allah özünə şərik qoşana Cənnəti haram qılmışdır:
Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!" (Maidə, 72)
4) Şirk bütün əməlləri boşa çıxardır:
(Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə (keçmiş peyğəmbərlərə) belə vəhy olunmuşdur: "Əgər (Allaha) şərik qoşsan, bütün əməlin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan! (Zümər, 65)
5) Şirk günahların ən böyüyüdür:
Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Böyük günahların ən böyüyünü sizə xəbər verimmi? Səhabələr: Bəli, Ey Allahın Rəsulu! Buyurdu ki, "Allaha şirk qoşmaq və ata-anaya itaətsizlik etmək" (Səhih Buxari və Müslim)
Şirkin növləri:
1) Böyük şirk
2) Kiçik şirk
1) Böyük şirk İnsanı dindən çıxaran, tövbə etmədiyi təqdirdə sahibinin əbədi olaraq cəhənnəmdə qalmasına səbəb olan şirkdir. Allahdan başqasına yalvarmaq, ölülərə yaxınlaşa bilmək üçün qurbanlar kəsmək, Allaha edilməsi gərəkən ibadətləri Ondan başqasına etmək böyük şirkdir. Ölülərin, cinlərin və şeytanların ona zərər verməsindən və ya onu xəstə etməsindən qorxmaq, ehtiyac və sıxıntıları çıxartmaq üçün günümüzdə övliya və saleh kimsələrin qəbirlərinin üzərinə tikilən qübbələrin ətrafında edilən təvaf və Allahdan başqasının gücünün yetmədiyi şeyləri Ondan başqasına ümid etmək də şirkdir. Allah Təalə buyurur:
Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: "Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!" - deyirlər. De: "Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!" (Yunus, 18)
2) Kiçik Şirk İnsanı dindən çıxarmayan, ancaq tövhidi nöqsanlaşdıran şirkdir ki, bu şirk insanı böyük şirkə də götürə bilər.
Kiçik şirk iki növə ayrılır:
1) Sözlü şirk
2) Feli şirk
Sözlü şirkə misal:
1) Allahdan başqasına and içmək. Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Hər kim Allahdan başqasına and içərsə, kafir və ya müşrik olar" (Tirmizi, həsəndir, Hakim səhih demişdir)
2) Allah və sən istədin (ki, bu iş oldu)
Bir nəfər Peyğəmbərə (s.ə.s): "Allah və sən istədin ki, bu iş də oldu" deyəndə Peyğəmbər (s.ə.s) ona: "Məni Allaha şərik və bənzər mi qıldın? Sadəcə Allah istədi, de" deyə buyurmuşdur. (Sünəni Nəsai)
3) Allah və filankəs olmasaydı bu iş də olmazdı kimi söz də sözlü şirkə misaldır. Doğru olan: "Öncə Allah, sonra da filankəs olmasaydı bu iş olmazdı" şəklində söylənməsidir. Çünki ثُمَّ "sonra" sözü Allah Təalənin iradəsi ilə qulun iradəsinin eyni olmadığını, qulun iradəsinin Allahın iradəsindən sonra gəldiyini göstərən bir ədatdır. Məsələn, bu ayəyə diqqət yetirək:
(Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Təkvir, 29)
وَ "və" bağlayıcısı isə Allah Təalənin iradəsi ilə qulun iradəsinin birlikdə olduğunu göstərən bir ədatdir. Bu iki söz də buna misaldır: "Mənim Allah Təalə və səndən başqa kimsəm yoxdur" və "Bu nemət Allahın və sənin bərəkətindəndir"
Feli şirkə misal: Bəladan qorunmaq üçün halqa və ip bağlamaq.
Nəzər dəyməsindən qorxduğu üçün muska bağlamaq da bunun kimidir. Belə şeylərin bəladan qorumasına səbəb olduğuna inanmaq da kiçik şirkdir. Çünki Allah Təalə belə şeyləri səbəb qılmamışdır. Fəqət bəladan qorumağı elə özünün olduğuna inanmaq böyük şirkdir. Çünki bu zaman Allahdan başqasına bağlanmaq deməkdir.
3) Riya, gizli şirkdir ki, bu şirk iradə və niyyətlərdə olur. Məsələn:
"İnsanlar onları tərifləsin deyə Allah Təaləyə yaxınlaşmaq üçün bir iş etmək, namazını gözəlləşdirərək qılmaq, insanlar onu tərifləsin deyə sədəqə vermək, səsli zikr etmək və ya insanlar eşitsin, onu tərifləsin deyə səsini gözəlləşdirərək Quran oxumaq kimi misallar".
Bir əməl riyaya qarışdığı zaman riya o əməli boşa çıxardar. Allah belə buyurur:
"Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!" (Kəhf, 110)
Peyğəmbər (s.ə.s) də kiçik şirk barədə buyurmuşdur: "Sizin üçün ən çox qorxduğum şey kiçik şirkdir. Səhabələr: "Kiçik şirk nədir Ey Allahın Rəsulu?" dedilər. Rəsulullah (s.ə.s): "Riyadır" deyə buyurdu. (Əhməd Müsnədi, Təbarani)
İbn Qeyyim belə demişdir: "İradə və niyyətlərdə olan şirkə gəlincə bu şirk sahili olmayan dənizə bənzəyər ki, bundan çox az kimsə qurtular. Hər kim əməli ilə Allah Təalənin rızasından başqa bir şeyi istər, Ona yaxınlaşmanın yollarından başqa bir şeyə niyyət edər və qarşılığını ondan istərsə, heç şübhə yoxdur ki, niyyət və iradəsində Allah Təaləyə şirk qoşmuş olur. İxlas; davranış və sözlərində, iradə və niyyətində Allah Təalə üçün səmimiyyət göstərməkdir. Bu, Allah Təalənin bütün qullarına uymalarını əmr etdiyi və ondan başqa bir dini əsla qəbul etməyəcəyi İslam dininin həqiqəti olan İbrahimin (ə.s) dinidir. Allah belə buyurur:
Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar! (Ali İmran, 85)
Ayədə keçən islam İbrahimin (ə.s) dinidir ki, o dindən ancaq özünü bilməzlər üz çevirir" (İbn Qeyyim, Əl-Cəvabil-Kafi, səhifə 115)
Böyük şirk ilə kiçik şirk arasındakı fərqlər:
1) Böyük şirk insanı dindən çıxarır, kiçik şirk isə çıxarmaz.
2) Böyük şirk sahibinin cəhənnəmdə əbədi olaraq qalmasına səbəb olur, kiçik şirk isə cəhənnəmə girsə belə əbədi olaraq odda qalmasına səbəb olmaz.
3) Böyük şirk bütün saleh əməlləri boşa çıxardar, kiçik şirk isə bütün əməlləri boşa çıxartmaz. Riya dünyalıq mənfəət üçün edilən əmələ qarışarsa, sadəcə həmin əməli boşa çıxardar.
4) Böyük şirk qanı və malı halal qılar, kiçik şirk isə qanı və malı halal qılmaz.
Tarix: 08.05.2013 / 20:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 194 Bölmə: Maraqlı melumatlar