Müsəlman qadını həmişə «çadra» kimi məlum olan köhnə ənənələr çərçivəsində təsəvvür edilir. Bu təmiz İslam ənənəsidir. Həmin ənənəyə əsasən qadın özünü namus, ləyaqət, ismət, təmizlik və toxunmazlıq çadrası ilə, örtüyü ilə bəzəməlidir.
O, öz ərindən qeyri başqa kişilərdə ehtiras doğuran əməl və hərəkətlərindən çəkinməli, onun mənəvi təmizliyinə şübhə yaranmasına yol verməməlidir. Qadına xəbərdarlıq edilib ki, o cəlb edici baxışla baxmamalı və ya özgə qarşısında özünün fiziki cazibədarlığını göstərməməlidir. Onun örtüyü nəfsinə əsir olmaqdan, ağlını öz istəklərinə yol verməkdən, gözlərini ehtiraslı baxışlardan və şəxsiyyətini düşkünlükdən xilas edə bilər.
Allah Sübhənəhu və Təala bu barədə Qurani Kərimdə belə əmr edir: «Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar, öz özlüyündə görünən (əl və üz) istisna olmaqla, zinətlərini (zinət yerləri boyun, boğaz, qol, ayaq, və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin). Zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qardaşlarından, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların mərhəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və bir-birinə) vurmasınlar. Ey möminlər! Yalnız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız» (Nur, 31).
«Ya peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan ayağa gizlədən) çarşablarını örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan rəhm edəndir» (Əzhab, 59).
a) Örtünmənin bütün qadınlara fərz (vacib) olması haqqında.
Artıq bu ayələr sübut edir ki, islamda olan hər bir müsəlman qadın bu ayələrə tabe olub, öz üst geyimindən əlavə başına hicab örtməlidir. (Hicab örtünmək deməkdir). Çünki, Allah təala Peyğəmbərin zövcələrinə, qızlarına və möminlərin qadınlarına özlərini yad nəzər və naməhrəmdən qorumaq üçün hicab örtmələrini əmr edir. Bu əmr kafir qadınlara aid deyil. Bizim onların işlərinə qarışmağa haqqımız yoxdur. Hicab (örtünmə) bir ibadətdir. Çünki, bunda Allah təalanın əmrini yerinə yetirmək var. Deməli, örtünmə müsəlman bir qadına namaz, oruc kimi vacib əməldir.
Demək, hər hansı bir müsəlman qadın Allah təalanın əmrini yerinə yetirmirsə, artıq o qadın mürtəd olur, yəni dindən çıxmış sayılır. Lakin bir müsəlman qadın bunları inkar etmir, lakin pozğun cəmiyyətlərə qoşulub onların yolu ilə gedirsə bu qadın mürtəd deyil; Allaha qarşı asilik etmiş olur ki, bu hərəkəti ilə də Qurani Kərimin ayələrinə qarşı müxalifət etmiş olur. Bu cür qadınlar üçün Allah təala Əzhab surəsinin 33-cü ayəsində belə deyir: «Evlərinizdə qərar tutun. İlkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi, yad kişilərə göstərməyin). Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin».
Bir iş də var ki, müsəlman olmayan qadının cəmiyyəti pozacaq şəkildə ortalıqda gəzməsi də düzgün deyil. Çünki, elə ictimai ədəblər var ki, bunlara müvafiq əməl etmək hər bir insan üçün vacibdir. Cəmiyyəti bu cür ədəbsizliklərdən qorumaq baxımından həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar eyni dərəcədədirlər.
Bu cür ictimai ədəblər İslamın şəriət siyasətidir ki, bunları hər bir müsəlman ölkəsində tətbiq etmək o ölkənin hakiminin borcudur. Müsəlmanların daha başqa bir borcu da 10 yaşına girən qız uşaqlarının başlarını örtməyə alışdırmaqdır. Bu da tərbiyə baxımından gərəklidir. Çünki, namazda da belədir. Məsələn: Rəsulullah (s.a.v.) «Uşaqlarınız 7 yaşına girdikdə onlara namaza əmr edin. 10 yaşına girdikdə namaz qılmazlarsa onları cəzalandırın» (Səhih).
b) Örtünmənin şəkli:
Allah təala mömin qadınlara izzət və şərəflərini qorumaq üçün yad kişilərin qarşısına çıxdıqda uzun bir örtük ilə paltarlarının üstündən örtünmələrini əmr etmişdir. Bu örtünmə barədə alimlər bir neçə fikir söyləmişlər.
1. Təbəri ibn Sirindən belə rəvayət edir. Abidə əs-Səlmaniyədən (Allah ondan razı olsun) bu ayə barəsində soruşanda, o, böyük bir çadra götürərək onunla bütün vücudunu örtdü. Başını da qaşlarına qədər örtdü. Üzünü də örtdü, yalnız sol gözünü açıq qoydu. Beləcə ayəni təfsir etdi. (Təbəri).
2. Təbəri və Əbu Həyyam ibn Abbasdan (Allah ondan razı olsun) belə rəvayət edirlər: «Qadın çadrasını alnının üzərinə endirər və oradan sıxar, altdan da burnunun üzərinə qədər örtər. Yalnız gözləri çöldə qalar. Üzünün qalan hissəsi ilə sinəsini tamamən örtməlidir». (Əbu Həyyam 7-ci cild, səh. 250).
3. Üzünü örtmək barədə Suyutidən belə rəvayət edilir: «Sol gözdən başqa bütün üz örtülməlidir». Əbu Həyyan belə deyir: «İspaniyada da adət Suyutinin rəvayət etdiyi kimi idi. Qadın bütün üzünü örtür, yalnız tək gözü bayırda qalırdı. (Əbu Həyyan, 3-cü cild, səh 372).
4. Abdurrəzzaq və bir camaatın rəvayətinə görə Peyğəmbərimizin (s.a.v.) zövcəsi və möminlərin anası Ümmu Sələmə (Allah ondan razı olsun) belə demişdir: «Bu ayənin enişindən sonra Mədinə qadınları qara çadralara büründülər, sanki hamının başına qarğa qonmuşdur» (Cəssas, 3-cü cild, səh. 372).
v) Şəri örtünmənin şərtləri:
Şəri örtünmənin zəruri şərtləri vardır ki, bunları belə sıralamaq olar:
1. Örtük bütün vücudu örtməlidir. Çünki, Allah təala ayədə qadınlara: «Cilbablarını geyinsinlər» buyurmuşdur. Cilbab bütün bədəni örtən geyim deməkdir. Ayədəki “yudnina” kəlməsi “idna” kökündən gələn bir feldir. “İdna” örtüyü aşağıya buraxmağı, yəni bütün bədəni örtməyi göstərir. Cələbib deyəndə bunun tək çadra yox, yəni baş, üz lazımi qaydada bağlanandan sonra, bədənin cizgilərini bəlli etdirməyən palto, manto, plaş və s. bu kimi geyimlər nəzərdə tutulur.
2. Örtük altdakı geyimi göstərəcək qədər nazik, şəffaf olmamalıdır. Çünki, hicab örtməkdə məqsəd bədəni gizlətməkdir. Nazik örtük isə altdakı paltar və bədən cizgilərini gizlədə bilməz. Baxışlara da mane ola bilməz. Bir dəfə: «Əbu Bəkrin (Allah ondan razı olsun) qızı Əsma (Allah ondan razı olsun) incə bir paltarda Rəsulullahın (s.a.v.) qarşısından keçdikdə Rəsulullah (s.a.v.) ondan üzünü çevirmişdir». (Bu hədisi Əbu Davud «Libas», Tirmizi «Fitən» səh. 24 kitablarında qeyd ediblər).
3. Örtüyün özü bir zinət əşyası və rəngli qumaşlardan olmamalıdır. Çünki, Allah təala deyir: «Zinət yerlərini göstərməsinlər». Deməli, əgər qadın bər-bəzəkli və rəngli örtük örtürsə ki, bu da yadların nəzərini cəlb edirsə, buna hicab demək olmaz və bu örtük ilə örtülməyə icazə verilmir. Çünki, örtülməkdə məqsəd zinət yerlərinin başqaları tərəfindən görünmənin qarşısını almaqdır. Rəsulullah (s.a.v.) demişdir: «Hər kim cəlbedici, bəlli edici paltar geyərsə Allah da ona Qiyamət günündə zillə paltarı geyindirər. Bu da atəşdir» (Səhihdir, Abu Daud).
4. Örtük vücud xətlərini bəlli edəcək və fitnəyə səbəb olacaq qədər dar olmamalıdır.
Çünki, Rəsulullah (s.a.v.) «Görmədiyim iki sinif insan vardır ki, onlar cəhənnəmin əhlidirlər. İnəklərin quyruğuna oxşayan dəyənəkl insanları döyənlər və geyinmiş lakin çılpaq görünən, pisliyə meyl edən və meyl etdirən, başları xorasan dəvəsinin əyri güvəclərinə bənzəyən qadınlardır. Bu sinif insanlar cənnətə girməyəcək, heç qoxusunu da duymayacaqlar».
Başqa bir hədisdə rəvayət olunur ki, «Cənnətin iyi beş yüz illik məsafədən gəldiyinə baxmayaraq, bu insanlar onu duymaz». (Müslim, «Cənnət van-Nər» 2-ci cild, səh. 128).
Bu hədisi-şərif Rəsulullaha (s.a.v.) Allah taala tərəfindən göstərdiyi bir möcüzədir. Çünki, özündən 1400 il sonra gələn bir şeyi açıqlayıb başa salmışdır.
5. Örtükdən gözəl qoxu gəlməməlidir. Çünki, gözəl qoxu kişiləri cəlb edir və şəhvət hissi oyadır.
Rəsulullah (s.a.v.) «Harama baxan göz və gözəl ətir vurub kişilərin arasına çıxan qadın zina etmişdir» demişdir.
Digər bir rəvayətdə: «Bir qadın gözəl qoxu sürtüb kişilərin arasından keçər və kişilər bu qoxunu duyarlarsa, o qadın zina etmiş sayılır» (Əbu Davud, Tirmizi-ədəb. Əhməd ibn Hənbəl, Müsnəd 400-4).
Musa bin Yəsardan belə rəvayət edilmişdir: «Gözəl ətir sürtmüş bir qadın keçirdi. Əbu Hureyrə (r.a) ona: «Ey Cabbarın anası hara gedirsən?» - deyə soruşdu. Qadın: «Məscidə» cavabını verdi. O zaman Əbu hureyrə (r.a): «Evinə dön. Qoxu gedənə qədər yuyun». Çünki, mən Rəsulullahdan (s.a.v.): «Allah taala sürtdüyü qoxunu ətrafa yayaraq, məscidə gedən bir qadının namazını, evə dönüb yumayana qədər qəbul etməz» dediyini eşitdim. (Tərğib və Tərhib, 3-cü cild, səh. 85).
6. Qadın nə kişi paltarı geyməməlidir, nə də geydiyi paltar kişi paltarına bənzəməlidir.
Çünki Əbu Hureyrə (r.a) «Rəsulullah (s.a.v.) kişi paltarı geyən qadını lənətləmişdir» - buyurmuşdur. (Əbu Davud, Libas 4098).
Digər bir hədisdə isə Rəsulullah (s.a.v.) «Allah özlərini qadınlara bənzədən kişilər və özlərini kişilərə bənzədən qadınlara lənət etmişdir» deyə buyurmuşdur.
7. Kafir qadınların paltarlarına bənzəyən paltarlardan istifadə etmək haramdır. Rəsulullah (s.a.v.) demişdir: «Bir qövmə bənzəyən onlardandır» (Səhih Əbu Davud).
8. İslami qanunlara uyğun olaraq paltarda hər hansı bir bütpərəstlik simvolu və ya çoxallahlıq ənənələrinə müvafiq cizgilər olmamalıdır. Belə simvollardan xaç, hindilərin müxtəlif şəkilləri, insan və heyvan surətlərini göstərmək olar.
Bütün göstərdiyimiz ayə və hədislər göstərir ki, qadının örtünməsi vacibdir. Bu örtünmə bütün şübhəli yolları kəsir. Qadın və kişilərin qəlbinə şeytanın vəsvəsə verməsi üçün şərait yaratmağa imkan verir. Qadınların namus və izzətlərinin qorunması, onlara əziyyət edilməsinə səbəb olur.
Həqiqətən də hal-hazırda qadın və kişilər Allah təalanın dilindən, Rəsulullahın (s.a.v.) yolundan uzaqlaşdıqca, insanlara bəlalar gəlir. Cəmiyyətdə pozğunluq yaranır. Kişilər evlənmir, qadınlar ərə getmir. Evlənənlər də, az müddət yaşayıb ayrılırlar. Çünki, onların dünyaya məhəbbətləri, axirət-cənnət məhəbbətindən daha güclüdür. Bu cür qadınlar dünyanın keçici bər-bəzəyini, naz-nemətini, axirətin əbədi həyatına satırlar. Həqiqətən də, əgər qadın əri üçün yox, yadlar üçün bəzənib-düzənirsə, o qadın kimə lazımdır. Mömin qadın isə ancaq əri üçün bəzənər. Bu barədə gözəl hədis var: «Dünya keçici nemətlərlə doludur. Ən gözəl neməti saleh qadındır. Ona baxanda səni fərəhləndirir. Əmr edəndə yerinə yetirir. Evdə olmayanda namus, izzət və malını qoruyur» (Səhih).
Bir ət parçası asıb, onu örtməyəndə ona çoxlu milçək qonub, onu bulaşdırıb murdar edir. Qadın da açıq gəzib bədənini yadlara göstərəndə, yad nəzərlər o qadına şəhvət hissi ilə baxıb, ondan həzz alanda, bu baxışlar da o qadını həmən ət parçası kimi çirkləndirib murdarlayır. O ət parçasını heç kəs almadığı kimi bu cür qadınlara da heç kəs evlənməz. Bu cür qadınlar cəmiyyət üçün də qorxuludur. Çünki, bu qadınların beynində ancaq, bəzənib-düzənmək, özünü kiməsə göstərmək fikri olduğu üçün, onlar nə ərlərini, nə də övladlarını fikirləşir. Ondan törənən uşaq da nəzarətsiz qalıb, avara adamlara qoşulub, içki içib, narkomanlıq edirlər. Cəmiyyət də belə pozulur. Amma bir alim deyir: «Qadın incidir, inci isə sədəf içində olar. Qadının sədəfi isə onun örtüyüdür».
Tarix: 05.05.2013 / 16:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 471 Bölmə: Maraqlı melumatlar