Əli (r.a) Kufəyə qayıtdıqda xəvariclər təhkim hadisəsinə etiraz etdilər və "Hökm yalnız Allahındır" deyib Əliyə (r.a) qarşı çıxdılar. Hər yerdə müxtəlif şüarlarla Əliyə qarşı danışır, hətta məsciddə də "Hökm yalnız Allahındır" – deyə qışqırırdılar. Əli (r.a) onların bu sözləri haqda belə deyirdi: "Söz Haqq sözdür, lakin məqsəd batildir". ( Bu ifadə bir məsəl olaraq çəkilməkdədir.)
Bundan sonra onlar görkəmli səhabə Abdullah ibn Xubbabı öldürdülər. Bununla kifayətlənməyib onun doqquz aylıq hamilə olan həyat yoldaşının qarnını yarıb həm qadını, həm də uşağını qətlə yetirdilər. Əli bu xəbəri eşidəndə səhabəni öldürənin kimliyini öyrənmək üçün oraya adam yolladı. Onlar dedilər: Onu biz hamımız öldürmüşük.
Əli (r.a) on minlik qoşunla onların üzərinə getdi və Nəhrəvan adlı yerdə onlara qarşı döyüşdü.
İmam Əhməd deyir: "Mən İshaq ibn İsa ət-Təbbadan, o da Yəhya ibn Suleymdən, o da Abdullah ibn Osman ibn Xuseymdən, o isə Ubeydullah ibn İyad ibn Amr əl-Qaridən rəvayət edərək deyir: "Biz Aişənin yanında oturmuşduq. Abdullah ibn Şəddad içəri daxil oldu. O, Əlinin xəvariclərə qarşı döyüşdüyü günlərdən sonra İraqdan qayıdırdı.
Aişə dedi: "Ey Abdullah ibn Şəddad, sən mənim sualıma doğru cavab verə bilərsən?"
Aişə dedi: "Mənə Əlinin vuruşduğu kütlə haqqında danış?"
İbn Şəddad dedi: "Niyə də doğru danışmayım?"
Aişə dedi: "Mənə onların barəsində danış!"
İbn Şəddad dedi: "Əli Müaviyə ilə iki nəfəri münsif təyin etdiyi zaman səkkiz min qari onun bu hərəkətinə etiraz edərək Kufə yaxınlığında Hərura adlı yerdə toplaşdılar. Onlar orada dayanaraq "Allahın geyindirdiyi libası əynindən çıxartdın, sənə verdiyi adı üstündən qötürdün. Hökm yalnız Allaha məxsus olduğu halda sən Onun dinində insanları hakim etdin!" sözləri ilə etirazlarını bildirdilər.
Əli (r.a) onların etirazlarını və camaatdan ayrıldıqlarını eşitdikdə, bir nəfərə car çəkib insanları çağırmağı əmr etdi və möminlərin əmirinin yanına yalnız əlində Quran olanların buraxılmasını tapşırdı. Məscid qarilərlə dolduqdan sonra bir Quran kitabının gətirilməsini əmr etdi. Quranı qarşısına qoyub əli ilə onu taqqıldadaraq dedi: "Ey Quran, insanlarla danış!"
Camaat ona səslənib dedilər: "Ey möminlərin əmiri, sən ondan nə soruşursan? O axı sadəcə vərəq və mürəkkəbdən ibarətdir! Biz Quran haqda deyilən rəvayətləri danışırıq, bəs sən nə istəyirsən?"
Əli dedi: "Sizin üsyan etmək istəyən dostlarınızla mənim aramda Allahın kitabı hakimdir. Allah Öz kitabında qadınla kişi haqda buyurur: "(Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!". (Ən-Nisa, 35.)
Muhəmməd (s.a.v) ümməti bir kişi və bir qadından daha hörmətli və dəyərlidir.
Müaviyə ilə sülh bağlayanda adımı "Əli ibn Əbu Talib" yazdığım üçün mənə irad tutdular. (Yəni, Əli demək istəyir ki, xəvariclərin etirazına səbəb, Müaviyə ilə saziş imzalanarkən öz adını yazdıqda əvvəlində Möminlərin əmiri sözlərinin silinməsinə razılıq verməsidir.)
Halbuki Suheyl ibn Amr Hudeybiyyəyə gəlib Peyğəmbərlə (s.a.v) Qureyş qəbiləsi arasında sülh bağlayarkən biz də oradaydıq.
Peyğəmbər (s.a.v) "Bismilləhir Rəhmanir Rəhim" yazdırdı.
Suheyl dedi: "Bismilləhir Rəhmanir Rəhim" yazma!"."
Peyğəmbər (s.a.v) dedi: "Bəs necə yazaq?"
Suheyl dedi: "Bismikə Allahummə" yaz!"."
Daha sonra Peyğəmbər (s.a.v) katibə "Allahın elçisi Muhəmməd" yazmasını dedikdə, Suheyl dedi: "Əgər mən sənin Allah elçisi olduğunu bilsəydim, sənə qarşı çıxmazdım". Sonra müqaviləni "Məhəmməd ibn Abdullahın Qureyşlə bağladığı sülh" sözləri ilə yazdılar.
Allah təala Öz kitabında buyurur: "Həqiqətən, Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər (Allahdan, Qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!".( Əl-Əhzab, 21.)
Əli Abdullah ibn Abbası xəvariclərlə danışığa göndərdi. İbn Abbas onların düşərgəsinə çatdıqda, İbn əl-Kəvva qalxıb insanlara xitab edərək dedi: "Ey Quran qariləri, bu, Abdullah ibn Abbasdır. Kim onu tanımırsa, mən onu, onu tanımayanlara Quranla tanıtdıra bilərəm. Quranın bu ayəsi onun və qəbiləsi haqda nazil olmuşdur: "Onlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa o?!” Onlar bunu sənə yalnız (səninlə) mübahisə etmək (çənə-boğaz olmaq) xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən (çənə-boğaz olan) bir qövmdürlər!" (Əz-Zuxruf, 58.)
Onu dostlarının yanına qaytarın, Allahın kitabını onun qarşısında kiçiltməyin! Onların xətibləri qalxıb dedilər: "Allaha and olsun, biz Allahın kitabı ilə onunla mübahisə edəcəyik. Əgər o bizim bildiyimiz həqiqəti söyləsə, dediyinə tabe olacağıq. Yox əgər batil danışarsa, dediyi ilə ona qarşı çıxarıq. Abdullaha bu iş üçün üç gün vaxt verin!"
Bu danışıqdan sonra İbn əl-Kəvva da daxil olmaqla onların dörd mini tövbə etdi, hətta İbn Abbas onları Kufəyə, Əlinin yanına gətirdi. ( Müstədrəkul Hakim: 2/150.)
Əli tövbə etməyən xəvariclərə belə bir xəbər göndərdi: "Siz bizim və camaatın başına gələnləri bilirsiniz. Muhəmməd (s.a.v) ümmətinin əhdi aramızda hakim kəsilənə qədər istədiyiniz yerdə yaşayın! Bu əhd haqsız yerə qan tökməmək, yol kəsməmək, zimmilərə qarşı zülm etməmək üzərində qurulub. Əgər siz bu əhdi pozsanız, biz sizinlə müharibə edəsi olacayıq. Həqiqətən Allah xainləri sevməz.
Aişə Şəddada dedi: "Əli onlara qarşı döyüşdü?"
Şəddad dedi: "Allaha and olsun, onlar yolkəsənlik edib, nahaq qan axıdıb, zimmiləri öldürmədikcə Əli onlara qarşı döyüşmədi".
Aişə dedi: "Allah xətrinə, doğrudanmı belə olub?"
Şəddad dedi: "Özündən başqa ibadətə layiq haqq məbud olmayan Allaha and olsun ki, həqiqətən belə olmuşdur".
Aişə dedi: "Mən zimmilərdən "Zussədiyyə" haqda çox eşidirəm".
İbn Şəddad dedi: "Mən özüm onu ölülərin arasında gördüm və Əli ilə birlikdə onun başı üstündə dayandıq. Əli camaatı çağırıb dedi: "Siz bu adamı tanıyırsınızmı?" Gələn adamlar onu "filan və filan məsciddə namaz qılan görmüşdük" deyirdilər, amma heç kəs onun haqda dəqiq məlumat verə bilmirdi".
Aişə dedi: "İraqlılar Əlinin onun başı üstündə dayanarkən nə isə dediyini iddia edirlər. Əli nə demişdi?"
İbn Şəddad dedi: "Əlinin belə dediyini eşitdim: "Həqiqətən, Allah və Elçisi doğru danışandır"."
Aişə dedi: "Bəs bundan başqa nə isə dediyini eşitmisən?"
İbn Şəddad dedi: "Allah da şahiddir ki, bundan başqa heç nə eşitməmişəm".
Aişə dedi: "Əlbəttə, Allah və Elçisi doğru danışandır. Allah Əliyə rəhm etsin! O həmişə təəccüblü bir işlə qarşılaşdıqda "Allah və Elçisi doğru danışandır" deyərdi. İraq camaatı isə onun adından yalan danışıb dediklərinə əlavələr etmişlər". ( Əhməd "Müsnəd" Əhməd Şakirin təhqiqi ilə. ? 656. Əhməd Şakir hədisin sənədinin səhih olduğunu demişdir.)
Xəvariclərin sayı min nəfər qaldı. Əli onlara qarşı döyüşdü. Onun qoşunundan yalnız dörd, digər rəvayətə görə isə yeddi nəfər şəhid oldu. ( "Əl-Bidayə vən Nihayə" 7/298.)
Xəvariclərin arasında Əlinin gördüyü Əl-Muxəddic Zussədiyyə adlı bir nəfər var idi. "Səhih Muslim"də Peyğəmbərin belə buyurduğu rəvayət olunur: "Onlar insanların parçalandığı zamanda meydana çıxacaq. Haqqa daha yaxın olan iki tayfadan biri onlara qarşı döyüşəcəkdir". Digər rəvayətdə isə həmin tayfa arasında Zussədiyyənin olacağını qeyd etmişdir. (Müslim: Kitab əz-Zəkat, ? 148 və ardı. "Səhih əl-Buxari", Kitab əl-mənaqib, Bab Aləmət ən-Nubivvə, ? 3610.)
Əli(r.a) adı çəkilən adamı tapana qədər ölənlər arasında onu axtardı. Onu tapanda Allaha şükr əlaməti olaraq səcdə etdi. Çünki bununla Əli özünün haqq tərəfində olduğuna daha da əmin oldu. ( Əhməd "Müsnəd" Əhməd Şakirin Təhqiqi ilə. 2/154, ? 848. Əhməd Şakir hədisin sənədinin səhih olduğunu demişdir.)
Tarix: 04.05.2013 / 12:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 188 Bölmə: Maraqlı melumatlar