Həsən ibn Əli (r.a) haqqında qısa məlumat
Həyat yoldaşları:
1. Xovlə bint Mənzur;
2. Ummu Bişr bint Əbu Məsud;
3. Ummu İshaq bint Talha ibn Ubeydullah.
Geniş yayılan məlumatlara görə o, bir çox qadınla evlənib boşamışdır.
Övladları:
Oğlanları: Həsən, Zeyd, Talha, Hüseyn, Abdullah, Əbu Bəkr, Abdurrahmən, əl-Qasim, Amr və Muhəmməd.
Qızları: Ummul Hüseyn və Ummu Abdullah.
Məziyyətləri:
Əbu Bəkrə (r.a) deyir ki, bir dəfə Peyğəmbər (s.a.v) minbərdə idi. Onun yanında Həsən var idi. O gah camaata, gah da Həsənə baxıb deyirdi: “Bu oğlum ağadır. Ümid edirəm ki, Allah onun vasitəsi ilə iki müsəlman dəstənin münasibətlərini düzəldəcəkdir.” ( Buxari: ?3746; “əl-Bidayə vən-Nihayə” 7/245.)
Usamə ibn Zeyd (r.a) deyir ki, Peyğəmbər (s.a.v) onun və Həsənin (r.a) əlindən tutub deyirdi: “Ey Allahım! Mən bunların ikisini də sevirəm, Sən də onları sev.” ( Buxari: ?3735.)
Uqbə ibn əl-Haris deyir ki, Əbu Bəkr (r.a) Həsəni (r.a) apararkən onun belə dediyini eşitdim: “Atam fəda olmuş Peyğəmbərə oxşayır, Əliyə oxşamır.” Əli (r.a) bu sözləri eşidib güldü”.” ( Buxari: ?3750, 3542.)
Vəfatı:
Həsən ibn Əli (r.a) hicrətin 49-cu ilində, Müaviyənin xilafəti dövründə vəfat etdi.
Umeyr ibn İshaq deyir: “Mən və bir dostum Həsən ibn Əliyə baş çəkmək üçün onun evinə getdik. Dostuma dedi: “Ey filankəs, sual ver?
Dostum: “Sənə sualım yoxdur.” Sonra o bizim yanımızdan qalxıb otaqdan çıxdı və yenidən içəri daxil olub dedi: “Ey filankəs, mənə sual vermək imkanını itirmədən öncə sual ver! Allaha and olsun, elə indicə qara ciyərimin bir parçasını qusub əlimdəki çubuqla onu qurdaladım. Məni bir neçə dəfə zəhərləyiblər, amma heç vaxt belə zəhərlənməmişdim. Soruş!”
Dostum: “Sənə sualım yoxdur. İnşəllah Allah sənə şəfa verər.”
Sonra biz çıxıb getdik. Ertəsi gün yenidən onun yanına gəldim. O, zəhərdən əziyyət çəkirdi. Hüseyn gəlib onun yanında oturdu və dedi: “Ey qardaşım! Səni kim zəhərləyib?”
Həsən dedi: “Nə üçün soruşursan? Onu öldürəcəksən?”
Hüseyn: “Bəli.”
Həsən: “Mən bu haqda sənə heç nə deyən deyiləm. Əgər güman etdiyim adam məni zəhərləyibsə, Allah daha şiddətli intiqam alandır (mənim intiqamımı alacaq). Yox əgər o deyilsə, Allaha and olsun ki, mənə görə günahsız adam öldürülməməlidir.” ( “ət-Tabaqat əl-Kubra” səh. 335, ?294.)
Deyilənə görə onu həyat yoldaşı Cə`də bint əl-Əşəs zəhərləmişdir. Lakin bu məlumat öz təsdiqini tapmamışdır.
Zəhəbi deyir: “Bu, təsdiq edilməmiş məlumatdır. Kim bunu görüb?!”( “Tarixul İslam” Müaviyənin hakimiyyəti, səh. 40.)
İbn Kəsir deyir: “Mənə görə bu məlumat doğru deyildir.”( “əl-Bidayə vən-Nihayə” 8/44.)
Tarix: 04.05.2013 / 12:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 100 Bölmə: Maraqlı melumatlar