Dünya həyatı sürətlə irəliləyir, insanların çoxu isə qəflət içərisindədirlər. Dünya fani, axirət isə qalıcı bir yerdir. İnsanların gözlərində dünya həyatı böyük görsənsə də amma məhduddur. Gecə nə qədər uzun olsa da səhər açılmalıdır, insan ömrü nə qədər uzun olsa da, sonunda mütləq qəbrə daxil olmalıdır.
Qəbir həyatından sonra yenidən dirilmək, dirildikdən sonra isə yenə də insan oğlunu hesab gözləyir. Hesabdan sonra ya cənnət, ya da cəhənnəm vardır.
İnsan özünün yaşadığı həyata nəzər salsa görər ki, bu dünyada zaman çox məhduddur. Amma buna baxmayaraq, insanların çoxu qəflət içərisindədirlər. Çünki fitnə-fəsadlar çoxalmışdır və insanların çoxu yaxşı və pis əməlləri bir- birindən ayırmaqda çətinlik çəkirlər. Elə insanlar da vardır ki, sanki əbədi yaşayacaq kimi bu fani dünyaya sarılır və bu fani dünyanın nemətləri onu Allah yolundan uzaqlaşdırır. İnsanlar etdikləri günahlara görə, qəlblərində Allah qorxusu zəifləyib. Qəlblər daş kimi sərtləşib və hətta elə qəlblər vardır ki, daşdan da sərt olub. Buna görə də insan dünyasını dəyişmədən öncə, axirətdə peşmançılıq çəkəcək mənzərəni yadına salmalıdır və gözü önündə canlandırmalıdır ki, bəlkə bununla qəlbinin sərtliyindən uzaqlaşa bilsin. Ola bilsin peşmançılıq çəkəcəyi gün gəlməmişdən əvvəl, doğru yola qayıtsın və fövtə verdiyi günlərinin əvəzini versin. İnsan, Allah qarşısında dayanıb sorğu-suala çəkiləcəyi günü çox xatırlamalıdır. O gün ki aləmlərin Rəbbi olan Uca Allahın qarşısında hesaba çəkiləcək, ona etdiyi bütün çirkin əməlləri xatırladılacaq məhz o gün insan peşmançılıq çəkəcək, amma o peşmançılığın faydası olacaqmı?!
Axirətdə hesaba çəkiləcək günü və mənzərəni tez–tez xatırlasa, onun qəlbi həsəd, təfrıqəçilik, kin, günahsız insanların qanını tökmək, terror hadisələri kimi Allahın lənətlədiyi çirkin əməllərdən, paxıllıq və digər əxlaqi dəyərləri tapdalayan əməllərdən uzaqlaşar. O gün hər kəs etdiyi zülmünə görə cavab verəcək. Qiyamət günü günahlarına görə ən çox peşmançılıq çəkənlərdən biri də, zalim insandır. Bu dünyada insanların malına, qanına, namusuna təcavüz etdiyi üçün axirətdə şiddətli hesaba çəkiləcək, onun savab əməlləri ondan alınaraq zülm etdiyi insanlara veriləcək və əgər savab əməlləri yoxdursa, zülm etdiyi insanların günahları ona yüklənəcəkdir. Elə bu an zülmkar insan, etdiyi çirkin terror hadisələrini və sairə zülmlərini xatırlayacaq və peşmançılıq çəkəcəkdir. Amma o anda peşmançılığın faydasi olacaqmı? Əlbəttə ki, yox. Çünki o gün hesab günüdür və Allah qarşı-sında etdyin çirkin əməllərin hesabını verəcəkdir.
Allah təala buyurmuşdur:
«Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik.» (əl-Ənbiya, 47.)
Allah təala buyurmuşdur:
«Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin Cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut!».
(Məryəm, 39.)
Bu hər bir insana xəbərdarlıqdır ki, o gün insan hesaba çəkildiyində peşmançılıq çəkməsin və üzür diləməsin.
Uca Allah qiyamət günü Adəm peyğəmbərdən ta sonuncu insana qədər hamısını bir yerdə toplayacaq və hər kəs etdiyi əməlləri haqqında sorğu-suala çəkiləcək. Kim Allaha iman gətirmişsə, nə xoş onun halına, onu əbədi səadət və xoşbəxtlik gözləyir, amma kim iman sahibi deyilsə, onu əlbəttə ki, sonu olmayan bədbəxtçilik və əbədi peşmançılıq gözləyir.
Uca Allah bütün müsəlmanları pis aqibəttdən qorusun və inşaallah qiyamət günü ayədə buyrulduğu kimi peşmançılıq, həsrət çəkənlərdən olmayaq.
Allah təala buyurmuşdur:
«(Elə edin ki, sonradan) bir kəs: "Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, Qurana, Peyğəmbərə və möminlərə) istehza edirdim!" - deməsin».(əz-Zumər, 59.)
Allah sevgisini itirmək
Qüdsi hədisdə buyrulmuşdur: “Uca Allah bir qulunu sevdiyində Cəbraili çağıraraq ona belə buyurar: “Mən filan qulumu sevirəm , sən də onu sev”. Cəbrail də səmada olan mələkləri səsləyərək: “Allah filan qulunu sevir, siz də onu sevin”- deyər. Səmada olan mələklər də həmin qulu sevərlər. Sonra yer üzərində olanlar da onu sevərlər. Əgər Allah bir quluna qəzəblənərsə, Cəbraili çağIraraq filankəs qəzəbimə düçar olub, sən də ona qəzəblən -deyər. Cəbrail səmada olan digər mələkləri səsləyərək onlara: “Allah filan quluna qəzəblənmişdir, siz də ona qarşı qəzəbli olun. Sonra yer üzərində olan insanlar da həmin insans sevməzlər və ona qarşı insanlar arasında nifrət yaranar”.(Müslim, 1705.)
Dünyada ən böyük itki də məhz budur. O insan ki, dünyada ikən Allah sevgisini itirmiş və ondan məhrum olmuşdur, axirət üçün nə qazanmışdır? Allah sevgisini itirən və üstəlik onun qəzəbinə düçar olandan bədbəxt kimsə varmı? Şəkk yoxdur ki, Allah sevgisini itirənlər din adı altında terror hadisələri törədərək dinc insanları öldürənlərdir.
Cənazənin arxasınca üç şey onu təqib edər
Peyğəmbər (s.a.v.) buyurmuşdur:
“Cənazənin arxasınca üç şey: onun ailəsi,əməli və mal-dövləti gedər. Bunlardan ikisi: ailəsi və mal-dövləti geri qayıdır, onunla ancaq qəbrində baş-başa əməli qalacaq”.(Buxari, 8017.)
Bu hədisi oxuyarkən, gerçək bir həqiqətlə üzləşirsən: sənə ancaq axirətdə saleh əməlin fayda verəcəkdir. O zülmət, qaranlıq qəbirdə səninlə baş-başa etdiyin saleh əməlin qalacaq. Ailən, mal-dövlətin, günah işlərdə səninlə bərabər olan dostların hamısı geri qayıdacaq. Səni günah işlərə sövq edən dostların az vaxt keçməmiş səni unudacaq. Allaha ibadət etməyi unutdurmuş və hərisliklə topladığın mal-dövlətlə başqaları keyf edəcək. Sənə qalan isə axirətdə Uca Allah qarşısında hesaba çəkilmək olacaq. O gün həsrət çəkəcəksən, peşmançılıq içində olacaqsan. Dərk edə bilmə-yəcəksən ki, ömür nə tez gəlib keçdi və deyəcəksən hanı mənim topladığım mal-dövlətim, hanı mənim o dostlarım, heç kimsə köməyimə çata bilmir. Kaş ki, Rəbbim məni yenidən dünyaya qaytaraydı, zay etdiyim həyatımı yenidən yaşayar və yaxşı əməllər edərdim. Amma artıq gecdir!
Ey mal-dövlət sahibi, axirətdə səadətə qovuşmaq istəmirsənmi? Cəhənnəm əzabından xilas olmaq istəmirsənmi? Əgər istəyirsənsə, Peyğəmbərin (s.ə.v.) bu nəsihətini diqqətlə oxu.
«Bir xurma dənəsinin yarısını belə sədəqə verərək, özünüzü cəhənnəm odundan qoruyun»
Ey bu dünyadan köçmüş insanların ona axirətdə fayda verəcəyi ümudi ilə həyatını günahla keçirən insan! Yaxşı düşün və bil ki, gün gələcək Allah qarşısında hesaba çəkiləcəksən.
Allah təala buyurmuşdur:
«Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. (Və ona belə deyərik:) "Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünü (özün öz əməllərinin şahidi olmağa) kifayətsən!"».
(əl-İsra, 13-14.)
O gün sənə, oxu etdiyin əməllərin yazıldığı kitabı, deyiləcək!!!
Ey müsəlman qardaşım, bunu bildikdən sonra səni cəhənnəm əzabından xilas edəcək və cənnətə daxil eəcək yaxşı əməllərə sarıl. Sənin cənazənin arxasınca ailənin, mal-dövlətin və saleh əməllərinin gələcəyi günü unutma, o gün ki səninlə qəbrində ancaq saleh əməllərin qalacaq. Hanı saleh əməllərin!
Tarix: 08.04.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 387 Bölmə: Maraqlı melumatlar