Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

əl-Bələd (Şəhər) surəsi

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ
1 - {And içirəm bu şəhərə –} əl-Hərəm şəhərinə, yəni Məkkəyə and içirəm. Bu and Məkkənin Allah yanında olan qədir-qiymətini və şərəfini göstərir. Çünki bu şəhərdə Allahın əl-Həram evi vardır. Bu şəhər İsmailin və Muhəmmədin vətənidir. Bu şəhər həcc mərasiminin keçirildiyi bir şəhərdir.

2 - {Sənin yaşadığın şəhərə;} Səni şərəfləndirərək və hörmətini artıraraq yaşadığın bu şəhərə and içirəm. Çünki sənin mövcudluğun bu şəhəri şərəfləndirmişdir.
3 - {And içirəm ataya və onun övladına ki,} Bu Adəm və onun nəsli, hər bir canlının ata və övladına şamildir. Bu and diqqəti uca Allahın nəsil artırmaq üçün qurduğu möcüzəvi üsula yönəldir. Bu, Allahın qüdrətinə, hikmətinə və elminə dəlalət edir.
4 - {Biz, insanı məşəqqətdə yaratdıq!} O, ölənə qədər dünyanın əzab-əziyyətinə qatlanacaqdır. Öldükdən sonra qəbirdə bərzəx dünyasının əziyyətinə, daha sonra isə, axirət əzab-əziyyətinə düçar olacaqdır.
5 - {Məgər insan heç kəsin ona gücü çatmayacağını zənn edir?} Məgər elə hesab edir ki, nə qədər günah işlətsə, yenə də ondan heç kəs, hətta onun Rəbbi də intiqam ala bilməyəcək?!
6 - {Mən xeyli mal-dövlət sərf etmişəm!” – deyir.}
7 - {Məgər o heç kəsin onu görmədiyini güman edir?!} Məgər o elə düşünür ki, uca Allah onu görmür, bir gün malını haradan qazandığını və hara xərclədiyini soruşmayacaq?!
8 - {Məgər Biz, ona iki göz vermədikmi?!}
9 - {Eləcə də, bir dil və qoşa dodaq vermədikmi?!}
10 - {Biz ona, iki yol göstərmədikmi?!} Məgər Biz, ona xeyir və şər yollarını açıq-aşkar nişanələrlə göstərmədikmi?
11 - {Lakin o, aşırımı keçə bilmədi.} Məgər o, bir az cəhd edib, Allaha itaət etməyə mane olan nəfsi istəklər, şeytan və s. bu kimi aşırımları aşa bilməzdimi?
12 - {Sən nə bilirsən ki, aşırım nədir?!}
13 - {O, bir kölə azad etməkdir;}
14 - {Yaxud aclıq günü yemək verməkdir –}
15 - {Qohumluq əlaqəsi çatan bir yetimə.} yemək vermək, onu dolandırmaqdır.
16 - {Və ya torpağa sərilmiş bir miskinə!} Bu aşırım yoxsulluqdan torpağa yapışmış insanı doyurmaqdır. Mücahid deyir: "Ayədə əyninə geyinməyə paltar tapa bilməyən yoxsul kimsə nəzərdə tutulur".
17 - {Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!} Sadalanan bu ibadətlər iman gətirdikdən sonra əməlini Allah üçün edənlərə fayda verər. O kəslər ki, Allaha itaətdə, asilik etməməkdə, başlarına gələn müsibətlərdə səbirli olarlar. Həmçinin Allahın bəndələrinə qarşı mərhəmətli olmağı bir-birinə tövsiyə edərlər.
18 - {Onlar sağ tərəf sahibləridir!}
19 - {Ayələrimzi inkar edənlər isə, sol tərəf sahibləridir!}
20 - {Onları hər tərəfi qapalı Cəhənnəm gözləyir!} Həm qapalı, həm də təbəqəli cəhənnəm.--------------
Abdurrəhim Muradlı
Qurani kərimin son üç cüzünün təfsiri


Tarix: 10.04.2013 / 21:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 141 Bölmə: Maraqlı melumatlar
loading...