Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: Uhud Döyüşü

Müşriklər Bədrin intiqamını almağı düşünərkən Qırdada məğlubiyyətə düçar olmaları onları sanki şok etdi. Qəzəbdən qudurdular. Müsəlmanları yox etmək üçün hərəkətə keçdilər. Böyük bir ordu qurmaq məqsədiylə ianə yığmağa başladılar. Müxtəlif şairləri vəzifələndirərək xalqı döyüşə təşviq edib intiqam hislərini qabartdılar. Nəticədə üç min dəvə, iki yüz at və yeddi yüz zireh ilə təchiz edilmiş üç min döyüşçüdən ibarət böyük bir ordu meydana gətirdilər. Yanlarında əskərlərə yaxşı əhval vermələri üçün müğənni qadınlar da götürərək Əbu Süfyanın başçılığı altında Mədinəyə hərəkət etdilər. Bu ordunun bayraqdarlığını Darr oğullarının pəhləvanları edirdilər. Müşrik ordusu bütün kin və qəzəbiylə Mədinənin yaxınlığına qədər gəlib, Uhud və Ayneyn dağları yaxınlığındakı geniş Qanad vadisində düşərgə qurdular. Bu hadisə, hicrətin üçüncü ili, Şəvval ayının altısında, cümə günü baş vermişdir.

Müşrik ordusunun çıxış xəbəri Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a çatan kimi əskər qüvvələri çıxararaq Mədinəyə istiqamətlənmiş ani bir müşrik hücumuna qarşı tədbir gördü. Müşrik ordusu Mədinə yaxınlığına qədər gəldikdə Allahın elçisi (Səllallahu Aleyhi və Səlləm) müsəlmanlarla Mədinənin müdafiəsi planları haqqında məsləhətləşdi. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in rəyi Mədinədə qalmaq və bir düşmən hücumu olarsa, kişilərin sinə-sinəyə döyüşməsi, qadınların da evlərin tavanından düşməni daşa tutması istiqamətindəydi. Münafiqlərin başçısı Abdullah ibni Übey də də bu rəydə idi. Beləcə, evindən çıxmaq zəhmətindən qurtulmaq istəyirdi. Ancaq, gənclər hislərə qapılaraq düşmənlə meydan döyüşünə girmək barəsində israr etdikləri üçün Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) düşmənlə meydan döyüşü etməyə qərar verərək ordusunu üç alaya ayırdı.

Mühacirlər alayı : Bu alayın bayrağını Musab ibni Ümeyrə verdi. Evs alayı. Bu alayın bayrağını Üseyyid ibni Hudeyr təslim aldı.

Həzrəc alayı. Bu alayın bayrağını da Həbbab ibni Münzir daşıdı. İslam ordusu əsr namazının ardınca Uhud dağına tərəf hərəkətə keçdi. Şeyxeyn mövqeyinə çatdıqda Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) əskərləri yoxlanışdan keçirərək, hələ yaşları kiçik olanları geri qaytardı. Aqncaq, Rafi ibni Hudeyc ox işlətməkdəki məharətindən dolayı yaşı kiçik olmasına baxmayaraq, icazə alaraq orduda qaldı. Samura ibni Cundub bunu gördükdə Peyğəmbərə yaxınlaşaraq : "Mən Rafidən daha güclüyəm. Onu güləşdə məğlub edə bilirəm." dedi. Bundan sonra Peyğəmbər ikisinin də güləşməyini əmr etdi. Həqiqətən də, Samura Rafini məğlub etdikdə ona da döyüşdə iştirak etmək icazəsini verdi.

İslam ordusu məğrib və işanı Şeyxeyn bölgəsində qılıb, burada gecəni keçirdi. Gecə növbətçi olaraq əlli nəfər vəzifələndirildi. Sonra sübh namazından əvvəl hərəkətə keçdilər. Sübh namazını düşmənin çox yaxınlığındakı Şavt mövqeyində qıldılar. Burada münafiqlərin başçısı Abdullah ibni Übey üç yüz nəfərlik silahdaşlarıyla bərabər İslam ordusundan geri çəkildi. Onların bu rəftarları Sələmə oğulları və Harisə oğulları arasında əhval düşkünlüyünə səbəb oldu. Az qala onlarla qayıtmaq üzrəykən Allah onları qorudu. Və haqq üzərində sabit etdi. Abdullah ibni Übeyyin çəkilməsiylə İslam ordusu min nəfərdən yeddi yüz nəfərə düşmüşdü.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) düşməni qərbindən bıraxaraq qısa yoldan Uhud dağına yönəlib, vadinin dağ tərəfindəki ağzında mövqe tutdu. Dağ arxa tərəfində qaldı. Beləcə, düşmən ordusu Mədinə və İslam ordusu arasında qalmış oldu.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) burada ordusunu yoxlanışdan keçirdi və əskərlərinə iş bölgüsü etdi. Əlli döyüşçü seçərək Abdullah ibni Cübeyr rəhbərliyində Rima təpəsinə (Ayneyn təpəsi) mövqe tutmalarını əmr etdi. Orada müşrikləri ox yağışına tutaraq cəbhəni müdafiə etmələrini və istər zəfər, istər məğlubiyyət olsun əsla öz mövqelərini tərk etməmələri təlimatını verdi. Müşrik süvarilərinin dağı dolaşaraq ordunu arxadan vurmaq ehtimalına qarşı bu tədbiri gördü.

Müşriklər də ordularını döyüş nizamına salaraq döyüş meydanına tərəf hərəkətə keçdilər. Müşriklərin xanımları və müğənni qızlar dəf çalıb həmasi mahnılar söyləyərək ordu səfləri arasında gəzir və onları döyüş və qəhrəmanlığa təşviq edib bu mənada beytlər oxuyurdular :

Biz sabah ulduzunun qızlarıyıq. Yumşaq məxmər döşəyər, gözəl xalçalar üzərində yeriyirik. İrəli atılsanız, sizinlə qucaqlaşıb sizi xoşbəxt edərik; Yox, geri qayıtsanız, sizin üzünüzə baxmaz, sizdən ayrılarıq.

Və bayraqdarlara vəzifələrini xatırladaraq belə oxuyurdular :

Haydı, Abdud-Dar oğulları!
Haydı, arxa qoruyucular!
Vurun, iti qılınclarla vurun!

Təkbətək Döyüşlər və Döyüş

İki ordu qarşı-qarşıya gəldi. Müşriklərin bayraqdarı Təlha ibni Təlha irəli atılaraq qureyşliləri cəsarətləndirici şeylər dedi və atı üzərində müsəlmanlardan mübarizə tələb etdi. Zübeyr ibni Avvam (radiyəllahu anhu) onun üsütünə aslan kimi hücum edərək atından aşağı atdı. Sonra da qılıncını çəkərək boğazını kəsdi. Bunu görən Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) və müsəlmanlar təkbir gətirdilər.

Sonra iki ordu bir-birinə girdi və döyüş qızışdı. Müşrik süvarilərinin rəhbəri Xalid ibni Vəlid üç dəfə müsəlmanların arxasına keçmək üçün hərəkətə keçdi, ancaq, Rima təpəsinə mövqelənən oxçular onları ox yağışına tutaraq mane oldular.

Müsəlmanlar hücumlarını xüsusiliklə müşrik bayraqdarları üzərində sıxlaşdırdılar və onların hamısını öldürərək müşrik bayrağını yerə düşürdülər. Daha sonra hücumlarını digər nöqtələrdə sıxlaşdıraraq şirk ordusunun səflərini dağıtmağa və əskərlərini biçməyə başladılar. Xüsusilə də, Əbu Dücanə və Həmzə fövqəladə qəhrəmanlıqlar göstərirdilər.

Müsəlmanların bu irəliləyişləri və zəfər qazanmaları əsnasında Allah və Rəsulunun aslanı Həmzə ibni Muttalib şəhid edildi. Onu Mütim ibni Cübeyrin köləsi Vəhşi ibni Hərb şəhid etdi. Vəhşi nizə atmada mahir idi. Ağası Mütim ibni Cübeyr Həmzəni öldürməyinin əvəzində onu azadlığa qovuşdurmağa söz vermişdi.Çünki, Həmzə (radiyəllahu anhu) Bədrdə Müqtimin əmisi Tuaymə ibni Adiyyi öldürmüşdü. Vəhşi bir qayanın arxasında gizlənərək Həmzəni güdməyə başladı. Həmzə müşriklərdən Siba ibni Ərfətanın başını uçurduğu bir əsnada vəhşi nizəsini ona tuşladı.Həmzənin qarnına yuxarıdan dik olaraq batan nizə ayaqlarının arasından çıxdı. Dərhal yerə yıxılaraq şəhid oldu. Müşriklər məğlub olaraq döyüş meydanından qaçmağa baçladılar. Əskərləri döyüşə təşviq edən qadınlar da qaçırdılar. Müsəlmanlar bir yandan onları qovalayarkən, digər yandan da qənimət yığmağa başladılar. Bunu görən müsəlman oxçulardan qırx nəfəri qəti əmrə baxmayaraq, mövqelərini tərk edərək qənimət arxasına düşdülər. Müşrik süvari birliyinin rəhbəri Xalib ibni Vəlid oxçuların mövqelərini tərk etdiyini gördükdə, dərhal hərəkətə keçərək Rima təpəsinə hücum etdi və geri qalan on oxçunu da öldürdükdən sonra bu təpəni dolaşıb müsəlmanları arxadan mühasirə etdi. Müşrik süvarilərin qışqırıqlarını eşidən Qureyş ordusu geriyə baxaraq vəziyyətin öz lehlərinə dəyişdiyini gördülər. Qureyş qadınları da qışqıraraq ordularını öz ətrafında topladılar. Müsəlmanlar iki şirk ordusu arasında qaldılar.


Müşriklərin Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a Hücum Etmələri və Onun Öldüyünə Dair Hay-Küy Çıxarmaları

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) İslam cəbhəsinin arxasındaydı. Yanında Ənsardan yeddi, Mühacirlərdən də iki nəfər müsəlman vardı. Xalidin süvarilərinin İslam ordusunu arxadan mühasirə etdiyini gördükdə, "Mənə tərəf, ey Allahın qulları!" deyə qışqıraraq əshabını özünə tərəf çağırdı. Müşriklər ona müsəlmanlardan daha yaxın idilər. Onun səsini eşidən kimi səsin gəldiyi istiqamətə tərəf hərəkətə keçdilər və şiddətlə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a tərəf irəlilədilər və hücum etdilər. Müsəlmanlar çatmadan əvvəl onu (Səllallahu Aleyhi və Səlləm) öldürmək istəyirdilər.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) yanında olan az saydakı müsəlmana : "Onlara qarşı bizi kim qoruyacaq? Ona cənnət var." buyurdu. Ənsardan bir nəfər irəli atılaraq ölənə qədər müşriklərlə döyüşdü. Rəsulullah bu sözünü təkrar etdikcə müsəlmanlardan biri irəli atılır və şəhid olana qədər döyüşürdü. Bu şəkildə yeddi müsəlman şəhid oldu. Yeddinci müsəlman da şəhid olduqda Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın yanında iki Qureyşli müsəlmandan başqa bir kəs qalmadı. Bu iki müsəlman Ubeydullah və Səd ibni Əbu Vaqqasdır. Müşriklər Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a hücumlarını artırdılar. Atılan bir daş altdakı sağ qabaq dişini qırdı və alt dodağını yaraladı. Başqa bir hücumda da şiddətli bir qılınc zərbəsiylə dəbilqəsinin halqalarından iki halqa yanağına bataraq üzünü yaraladı. Ayrıca, başından, alnından və boynundan yaralandı. Geyindiyi iki ədəd zireh qılınc zərbələrinin bədəninə çatmasına mane olurdu.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın yanında qalan iki qureyşli müsəlman onu ölümünə qoruyurdular. Səd ibni Əbu Vaqqas özünü Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a sipər etmiş, düşmənə ox ilə qarşılıq verirdi. Atmağa oxu qalmadıqda, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) öz oxlarını ona verib : "At ey Səd, anam atam sənə fəda olsun!" buyurdu. Təlha ibni Ubeydullah da eyni şəkildə özünü Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a sipər etmiş, böyük bir müşrik birliyinə qarşı tək başına döyüşürdü. Otuz beş və ya otuz doqquz yerindən yara aldı. Ona dəymiş zərbələr ucbatından barmaqları iflic oldu. Zərbənin ağrısı ilə inlədi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ona : "Allahın adıyla desəydin, mələklər gəlib bütün insanların gözləri önündə səni göylərə qaldırardılar." buyurdu.

Döyüşün bu ən şiddətli anında Cəbrayıl və Mikayıl enərək şiddətlə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı qorudular. Daha sonra bir dəstə müsəlman yetişərək eyni şəkildə ölümünə Allahın elçisini qorudular. İlk çatan müsəlmanlar Əbu Bəkr Siddiq və Əbu Ubeydə ibni Cərrah idi. Əbu Bəkr Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın yanağına batan dəbilqə parçasını çıxarmaq üçün hərəkətə keçdi. Ancaq, Əbu Ubeydə Əbu Bəkrin kövrək olduğunu bildiyi üçün gələrək özü çıxartdı. Bu halqalar çıxardılarkən Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın iki qabaq dişi düşdü. Əbu Bəkr və Əbu Ubeydə daha sonra vücudunda yaralanmayan bir qalmamış olan Təlha ilə məşğul oldular. Bu əsnada başda Əbu Dücanə, Musab ibni Ümeyr, Ömər və Əli olmaqla bir dəstə müsəlman çataraq Rəsulullah `ı qorumağa başladılar. Müşriklərin sayları da artmışdı və hücumları daha da şiddətləndi. Rəsulullah `ın ətrafında olan müsəlmanlar dünya tarixində nadir rastlanan fövqəladə qəhrəmanlıqlar göstərdilər. Kimisi ox atır, kimisi qorunur, kimisi vuruşur, kimisi də atılan oxlar Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a dəyməsin deyə öz bədənini ona sipər edirdi.

İslam bayrağı Musab ibni Ümeyrin əlindəydi. Sağ əli vurulub düşdükdə, bayrağı sol əlinə aldı. Sol əli vurulub düşdükdə, bayrağı boynu və sinəsiylə tutmağa çalışdı və bu şəkildə şəhid oldu. Onu Abdullah ibni Qaməh şəhid etdi. Musab, Rəsulullah `a oxşadığ üçün İbni Qaməh onu Rəsulullah zənn etdi və : Məhəmməd öldürüldü, Məhəmməd öldürüldü! Deyə bağırmağa başladı. Bu xəbər döyüş meydanına sürətlə yayıldı. Bundan sonra müşriklər hədəfə çatdıqları inancıyla hücumlarını yüngülləşdirdilər.

Mühasirədən Sonra Müsəlmanların Ümumi Vəziyyəti

Müsəlmanlar mühasirə olunduqlarını gördükdə təlaşa qapılıb sağa-sola dağılışmağa başladılar. Bir qismi cənuba, Mədinəyə tərəf qaçışdı, bir qismi də Uhud yamaclarına tərəf qaçaraq döyüş meydanını tərk etdi. Ancaq, böyük əksəriyyəti yerlərini tərk etmədi və döyüşməyə davam etdilər. Ancaq, aralarında onları nizamlı şəkildə idarə edəcək bir komandirdən məhrum idilər. Bu səbəbdən, səflər bir-birinə qarışdı və səhvən bir-birini vurmağa başladılar. Hətta, Hüzeyfənin atası Yəmən bu qarışıqlıq əsnasında səhvən müsəlmanlar tərəfindən öldürüldü. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in ölümü xəbəri yayıldıqda çoxunun əzmi qırıldı, zəifliyə düşüb döyüşü tərk etməyə qərar verdilər. Ancaq, bir dəstə onları cəsarətləndirməyə çalışaraq : Haydı tərpənin! Rəsulullahın uğrunda canını verdiyi yol üçün canlarınızı verməkdən çəkinməyin! Deyə qışqıraraq düşmənə hücum etdilər.

Müsəlmanlar bu vəziyyətdəykən, içlərindən Kəb ibni Malik Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı onlara tərəf gəlməyə çalışarkən gördü. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın üzünün dəbilqə ilə bağlandığına görə onu gözlərindən tanıdı. Kəb uca bir səslə : "Ey müsəlmanlar! Müjdələnin, budur Rəsulullah!" deyə qışqırdı. Bundan sonra müsəlmanlar Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın ətrafında cəm olmağa başladılar. Otuz nəfər qədər idilər. Müşrik səflərini yararaq Uhud yamaclarına tərəf çəkildilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) müşriklərin şiddətli hücumlarına baxmayaraq, mühasirə altındakı ordusunu mühasirədən qurtarıb Uhud dağının uca bir yamacına çəkməyə nail oldu. Bu hikmətli planla İslam ordusu yox olmaqdan xilas oldu. Ancaq, oxçuların Allah elçisinin dəqiq təlimatına qulaq asmamalarının əvəzini ağır bir şəkildə ödədikdən sonra.

[size=medium] Dağın Yamacında

Müsəlmanlar Qureyş mühasirəsini yarıb dağın yamacında mövqe tutduqdan sonra, bəzi kiçik miqyaslı vuruşmalar xaricində müşriklərlə aralarında hər hansı bir vuruşma baş vermədi. Müşriklər onlara hücum etməyə cəsarət edə bilmədilər. Bir müddət döyüş meydanında qalıb döyüşdə ölən müsəlmanları təmsil edərək, qulaqlarını, burunlarını və cinsi orqanlarını kəsib, qarınlarını yardılar. Əbu Süfyanın arvadı Hind bintu Utbə Həmzənin bədənini yararaq ciyərlərini çıxardı və yemək istədi, ancaq, uda bilmədi. Qureyş qadınları ölülərdən kəsdikləri qulaq və burunları silsilə edərək boyunlarına taxdılar.

Bu əsnada Übey ibni Xələf öldürmək məqsədiylə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`a tərəf hücuma keçdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) əlindəki nizəni ona atdı və vurdu. Übey dana kimi böyürərək geri qayıtdı. Aldığı bu nizə yarasının təsiriylə Məkkə yolunda öldü.

Sonra Əbu Süfyan və Xalid ibni Vəlidin əmrindəki bəzi müşriklər dağa tərəf çıxaraq müsəlmanlara hücum etmək istədilər. Ancaq, Ömər ibni Xəttabın əmrindəki bəzi mühacirlərin sərt müqaviməti nəticəsində geri çəkilməyə məcbur oldular. Bəzi rəvayətlərə görə, Səd ibni Vaqqas bu əsnada müşriklərdən üç nəfəri öldürmüşdür.

Bu döyüşdə müşriklərdən iyirmi iki (bir rəvayətə görə, otuz yeddi nəfər) öldürüldü. Müsəlmanlar isə, qırx biri Həzrəc, iyirmi dördü Evs və dördü mühacirlərdən olmaqla cəmi yetmiş şəhid verdilər. Müsəlman səflərində vuruşan bir yəhudi də öldürülmüşdü.

Əbu Süfyan və Xalid ibni Vəlidin son uğursuz hücumlarından sonra, müşriklər Məkkəyə qayıtmaq üçün hazırlıqlara başladılar.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm), dağın yamacında mövqe tutduqdan sonra Əli qalxanıyla içməyi üçün ona bir miqdar su gətirdi. Ancaq, suyun iyləndiyinə görə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onu içməyib, onunla üzünü yuyub bir miqdarını da başına tökdü. Yaralarından hələ də qan axırdı.

Fatimə (radiyəllahu anhu) bir həsir parçası yandıraraq külünü qanayan yerlərə tökdü və bu şəkildə qanaxmanı dayandırdı. Daha sonra Məhəmməd ibni Məsləmə şirin su gətirdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ondan içdi və xeyir dua etdi. Günorta namazını oturaraq qıldı. Müsəlmanlar da ona tabe olaraq namazlarını oturaraq qıldılar.

Qarşılıqlı Danışıq və Qərar

Müşriklər qayıtmaq üçün hazırlığa başlayarkən Əbu Süfyan Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) və səhabələrin olduğu dağa yaxınlaşaraq : Məhəmməd içinizdədirmi? Deyə bağırdı. Cavab verən olmadı. Əbu Bəkr ordadırmı? Deyə soruşdu, cavab ala bilmədi. Ömər aranızdadırmı? deyə qışqırdı. Yenə cavab ala bilmədi. Rəsulullah müsəlmanlara cavab verməyi qadağan etmişdi. Əbu Süfyan cavab ala bilmədikdə : "Demək, bunların hamısı ölüblər!" dedi. Bundan sonra Ömər özünə hakim ola bilməyərək : "Ey Allahın düşməni, adlarını çəkdiklərinin hamısı da sağdır, həyatdadır. Allah səni qəhr etmək üçün onları sağ bıraxmışdır. deyə cavab verdi. Daha sonra Əbu Süfyan : "Ölülərinizin arasında cəsədləri sonradan parçalanmış olanları tapacaqsınız. Mənim bunda nə istəyim, nə də mane olmağım kimi bir rolum olmadı." dedi. Sonra da : "Yüksəl Hübəl" deyə bağırdı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) səhabələrinə : "Allah daha ucadır və uludur"- demələrini əmr etdi.

Əbu Süfyan : Bizim Uzzamız var, sizin isə Uzzanız yoxdur." dedi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) səhabələrə : "Allah bizim mövlamızdır, sizin isə mövlanız yoxdur." deyə cavab vermələrini əmr etdi. Əbu Süfyan : "Bu gün Bədrin intiqamıdır. Döyüş belədir. Bir gün lehimizə, bir gün də əleyhimizə nəticələnə bilər." dedi. Ömər ona : "Uyğun gəlmədi. Bizim şəhidlərimiz cənnətdədir, sizin ölüləriniz isə atəşdədir." deyə cavab verdi.

Sonra Əbu Süfyan Öməri özünə tərəf çağırdı. İkisi bir-birinə yaxınlaşdıqda Əbu Süfyan Ömərə : "Allah eşqinə ey Ömər! Deyə bilərsənmi? Biz həqiqətən də Məhəmmədi öldürdükmü?" deyə soruşdu. Ömər ona : "Xeyr. O bu anda sənin sözlərini eşidir deyə cavab verdikdə, Əbu Süfyan : "Doğurdan da sən İbni Qaməədən doğru və daha dürüst bir insansan." dedi.

Qureyş ordusu gedərkən Əbu Süfyan müsəlmanlara xitabən belə səsləndi :

"Gələcək il sizinlə Bədrdə görüşərik!"

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) səhabələrindən birinə ona "Razılaqşdıq! Ora aramızdakı görüş yeridir." deməyini əmr etdi.

Müsəlmanların Yaralılarını Axtarmaq və Şəhidlərini Dəfn Etmək Üçün Hərəkətə Keçmələri

Sonra Əbu Süfyan ordusunun başına keçədi, Məkkəyə qayıtmaq üçün hərəkətə keçdilər. Əbu Süfyanın atını yanına alıb dəvəsinə minməyi onların Məkkəyə yönəldiklərinin dəliliydi. Müşriklər ilə Mədinə arasında onların müdafiəsiz Mədinəyə girmələrinə heç bir maneə olmamağına baxmayaraq, Mədinəyə girməmələri Allahın müsəlmanlara bir lütfü, kərəmiydi. Allah onlarla qəlbləri arasına girmişdir.

Müsəlmanlar ölü və yaralılarını araşdırmaq üçün döyüş meydanına girdilər. Bəzi müsəlmanlar ölülərini Mədinəyə nəql etmək istəsələr də, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) buna icazə vermədi. Uhud şəhidləri namazsız və qüslsüz olaraq paltarlarıyla basdırıldılar. İyirmi üç şəhidi eyni qəbirə qoydular. Əksər hallarda bir paltar ilə iki şəhidi bir yerə qoyurdular. Qəbrə əvvəl qurandan daha çox əzbər bilən qoyulurdu. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Uhud şəhidləri haqqında : "Qiyamət günündə mən onlara şahid olacağam" buyurdu.

Hənzələ ibni Əbu Amirin başından su axdığını gördülər. Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) – "Onu mələklər yuyur" buyurdu. Çünki, döyüşə çağırış edildikdə Hənzələ (evləndiyi üçün- red) hələ yenicə gərdəyə girmişdi. Döyüş çağırışını eşidən kimi dərhal xanımını bıraxıb döyüş meydanına qaçdı. Ölənə qədər döyüşdü. Öldükdə qüslsüz idi. Onu mələklər yudular. Ona görə də, mələklərin yuduğu şəxs olaraq adlandırılır.

Həmzəni bürüməyə bir kəfən tapa bilmədilər. Tapdıqları parça kəfən ilə baçını örtsələr, ayaqları açıq qalırdı. Ayaqlarına izhar qoyub o şəkildə dəfn etdilər. Musab ibni Ümeyr də Həmzə kimi dəfn edildi.

Mədinədə

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) və müsəlmanlar şəhidlərini dəfn edib onlara dua etdikdən sonra Mədinəyə qayıtdılar. Yaxınları qətl edilən qadınlar yollara tökülmüşdülər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ilə yolda qarşılaşdılar. Allahın elçisi (Səllallahu Aleyhi və Səlləm) onlar üçün təziyə və dualar etdi. Sonra da Dinar oğullarından əri, qardaşı və atası şəhid olan bir qadın gəldi. Təziyə olunmuş kəslərdən Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı soruşdu. "Allaha həmd olsun, yaxşıdır" dedilər. "Onu mənə göstərin" dedi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı işarə etdilər. Qadın Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı gördükdən sonra : "Səndən sonra hər müsibət mənimçün kiçikdir." dedi.

Bundan sonra müsəlmanlar həyəcanlı bir halda gözlədilər. Bu qədər yorğunluq, kədər və yaralarına baxmayaraq, Mədinəni və Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı qorumaq üçün keşiyində durdular. Allahın Rəsulu (Səllallahu Aleyhi və Səlləm) düşmənin geri qayıdıb Mədinəyə hücum etməsindən çəkinirdi. Buna görə də düşmənin bütün hərəkətlərini təqib etdirdi və lazımlı tədbirləri aldı.


Tarix: 02.05.2013 / 22:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 407 Bölmə: Maraqlı melumatlar
loading...