Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALQI-SATQI FƏSLİ (IX )

TAPINTI MAL-DÖVLƏT (əl-Luqatə)

İtmiş qoyun və dəvə:

Tapılan, amma dəyəri az olan əşya və yeyinti məhsulu:

Əl-Həram hüdudlarında tapılan əşya:

Tapılan uşaq (əl-Ləqit)

Tapılan uşağın mirası:

İtmiş uşağın öz nəslindən olmasını iddia etmək:

HƏDİYYƏ

Hansı hədiyyədən imtina etmək olmaz?

Hədiyyənin əvəzini vermək:

Hədiyyə verərkən övladlar arasında fərq qoymağın haramlığı:

Heç kəsin verdiyi hədiyyəni geri götürməsi və ya alması halal deyil:

İşçilərin götürdükləri hədiyyə xəyanətdir:

ƏL-UMRA və ƏR-RUQBA

TAPINTI MAL-DÖVLƏT
(əl-Luqatə)
Tərifi: Ərəb dilində "əl-Luqatə" dedikdə, itmiş və sahibi bilinməyən mal-dövlət nəzərdə tutulur.
Bu ifadə daha çox qeyri heyvanlara şamil olunur. İtmiş heyvan isə "Dallə" sözü ilə ifadə olunur.
İtmiş mal-dövləti tapan adam nə etməlidir?
İtmiş malı tapan insan ilk olaraq tapdığı şeyin növünü və miqdarını ayırd etməli, sonra ədalətli insanları buna şahid tutmalı və tapıntını özündə saxlayıb bir il bunu elan etməlidir. Əgər malın sahibi itirdiyi malı olduğu kimi vəsf edərsə, onun malını geri qaytarmalıdır. Hətta bir il keçəndən sonra bu baş versə, malı sahibinə qaytarmaq vacibdir. Əgər malın sahibi tapılmazsa, ondan faydalana bilər. Suveyd ibn Ğaflə deyir ki, mən Ubeyy ibn Kəəb ilə rastlaşdım. O dedi: Mən, içərisində yüz dinar olan balca kisə tapmışdım. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib bu haqda ondan soruşdum. O dedi: «Tapdığını bir il elan et». Mən bir il elan etdim, amma malın sahibini tapmadım. Sonra yenə onun yanına gəldim və o dedi: «Bir il də elan et». Mən bir il də elan etdim, amma yenə malın sahibini tapmadım. Üçüncü dəfə onun yanına gəldim və o dedi: «Kisəni və ipini saxla (ki, birdən əgər sahibi çıxarsa malını tanısın), içərisindəki malı say (ki, sahibinə qaytarası olsan düzgün qaytarasan). Əgər yenə də sahibi tapılmazsa ondan istifadə et». Mən də həmin maldan istifadə etdim. Sonra onun sahibi ilə Məkkədə rastlaşdım. Rəvayətçi deyir: Bilmirəm, onunla üç il, yoxsa bir il sonra rastlaşdığını demişdi.[1]
İyad ibn Himar Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Kim itmiş mal taparsa bir yaxud iki nəfər ədalətli insanı şahid tutsun. Sonra malı dəyişdirmədən və gizlətmədən saxlasın. Əgər sahibi tapılarsa o malı götürməyə daha haqlıdır. Əks halda bu Allahın malıdır, onu istədiyinə bəxş edir»[2].

İtmiş qoyun və dəvə:
İtmiş qoyun tapan insan onu saxlayıb sahibini axtarmalıdır. Əgər sahibi çıxmazsa onu özünə götürə bilər. İtmiş dəvəni tapan insanın onu saxlaması halal deyil. Çünki dəvə üçün təhlükə qorxusu yoxdur.
Zeyd ibn Xalid əl-Cuhəni (Allah ondan razı olsun) deyir: «Bir nəfər bədəvi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib tapıntı əşya haqqında soruşdu. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Tapdığın əşyanın qabını və ipini saxla (ki, birdən əgər sahibi çıxarsa malını tanısın). Əgər malın sahibi çıxarsa malını qaytar, əks halda isə xərclə. Bədəvi dedi: Ey Allahın elçisi, bəs tapıntı qoyunu necə edim? O dedi: Bu ya sənin, ya qardaşının (mal sahibinin), ya da qurdundur. Bədəvi dedi: Bəs tapıntı dəvə necə? Bu zaman Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) üzü qızardı və dedi: Sənin onunla nə işin var? Onun gəzməyə ayağı, içməyə suyu var. O özü su içir, ot yeyir[3].

Tapılan dəyəri az olan əşya və yeyinti məhsulu:
Kim çöldə yeməli bir şey taparsa onu yeyə bilər. Həmçinin adətən insanların nəfsi çəkməyən dəyəri az olan əşya taparsa onu özünə götürə bilər. Ənəs (Allah ondan razı olsun) deyir ki, «bir dəfə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yolda gedərkən xurma tapdı və dedi: Mən bu xurmanın sədəqə olmasından ehtiyat etməsəydim, onu yeyərdim»[4].

Əl-Həram hüdudlarında tapılan əşya:
Əl-Haram hüdudlarında tapılan əşyanı özünə deyil, yalnız sahibini araşdırmaq üçün götürmək olar. Digər yerlərdə tapılan əşyalardan fərqli olaraq, burada tapılan əşyaları bir il elan ediləndən sonra da özünə götürmək olmaz. İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Allah Məkkəni həram etmişdir. Bu yer məndən öncə (orada döyüş aparmaq və s. üçün) heç kəsə halal olmamış, məndən sonra da heç kəs üçün halal olan deyil. Yalnız mənim üçün günün bir hissəsi (ərzində burada döyüş aparmaq) halal olmuşdur. Buranın otu biçilməz, ağacı kəsilməz, ovu ovlanmaz, itən əşyalar – sahibini araşdırmaqdan başqa digər məqsədlə götürülməz»[5].

Tapılan uşaq
(əl-Ləqit)
Tərifi: Ərəb dilində əl-ləqit sözü, çöldən tapılan, yolunu azıb itən və ya kimliyi bilinməyən həddi büluğa çatmamış tapılan uşaqdır.
Belə uşağa sahib çıxmağın hökmü:
Ona sahib çıxmaq olar (yəni, fərzul kifayədir). Uca Allah buyurur: «Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun...»[6].
Onun müsəlman və azad olması, xərclərinin çəkilməsi:
Əgər uşaq Müsəlman ölkəsində tapılarsa onu müsəlman kimi, harada tapılmasından asılı olmayaraq onu azad insan kimi qəbul etmək lazımdır. Çünki əslinə baxanda adəm övladı azad sayılır. Əgər tapılan uşağın var-dövləti olarsa xərcləri ondan ödənər. Əks halda isə dövlətin xəzinəsindən (beytul maldan) ödənər.
Bənu Suleym qəbiləsindən olan Suneyn Əbu Cəmilə adlı bir kişi deyir: «Mən itmiş uşaq tapdım və onu Ömər ibn Xəttabın yanına gətirdim. Məni yaxından tanıyan insan dedi: Ya Əmirəl Möminin, bu əməlisaleh bir kişidir. Ömər dedi: Doğrudan belədir? O dedi: Bəli. Ömər dedi: Elə isə uşağa sahib çıx. O, azad insandır. Səndən ona baxmaq, bizdən isə xərclərini ödəməkdir»[7].

Tapılan uşağın mirası:
Tapılan uşaq ölərkən miras qoyub gedərsə və özündən sonra varisi olmazsa onun mirası dövlətin xəzinəsinə (beytul mala) verilir.Həmçinin əgər o öldürülərsə onun qanbahası da xəzinəyə verilir.

İtmiş uşağın öz nəslindən olmasını iddia etmək:
İtmiş uşağın öz nəslindən olduğunu iddia edən kişi və ya qadının bu iddiası məqbul sayılarsa uşaq da onundur. Əgər uşaq barədə iki və ya daha çox insan iddialı olarsa, uşaq, tutarlı sübut gətirənindir. Yox əgər bu barədə tutarlı dəlil-sübut olmazsa, onda insanları oxşatmaqla bir-birindən ayırd edən mütəxəssislərə[8] müraciət edilməli və o, uşağın kimdən olduğunu deyərsə uşaq da ona verilməlidir.
Aişə (Allah ondan razı olsun) deyir ki, bir gün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) çox sevincək halda evimə daxil oldu və dedi: «Bilirsən, az öncə Miczər əl-Mudləci, başlarını örtüb ayaqlarını açmış Zeyd və Usaməyə baxdı və dedi: Bu ayaqlar, bir-birinə bənzəyir»[9].
Əgər mütəxəssis, uşağın iddiaçıların hər ikisindən olduğunu deyərsə, uşaq onların ikisinin sayılır.
Süleyman ibn Yəsar rəvayət edir ki, Ömər, aybaşıdan sonrakı təmizlikdə iki kişi ilə yaxınlıq etmiş qadını(n uşağının kimə məxsus olmasını) mühakimə edərkən, mütəxəssisdən soruşdu və o dedi: Bu uşaqda, onların hər ikisinin payı vardır. Ömər də uşağın onların hər ikisinə aid olduğuna dair qərar verdi.[10]

HƏDİYYƏ
Tərifi: Hədiyyə, insanın sağ vaxtında öz malını başqasına əvəzsiz verməsidir.
Bu əmələ təşviq: Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Ey müsəlman qadınlar, qonşu qonşuya (verdiyi şeyin az olmasını düşünüb), hətta qoyunun boyun ətini verməkdən çəkinməsin»[11].
Digər rəvayətdə isə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Hədiyyə verin ki, bir-birinizi sevəsiniz»[12].

Hədiyyə kiçik olsa da onu qəbul etmək:
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Heyvanın qoluna və ya ayağına qonaq edilsəm, yaxud qolu və ya ayağı mənə hədiyyə edilsə (dəyərinin az olmasına baxmadan) qəbul edərəm»[13].

Hansı hədiyyədən imtina etmək olmaz?
Əzrət ibn Sabit əl-Ənsari deyir ki, mən Sumamə ibn Abdullahın yanına daxil oldum. O, mənə ətir verdi. (Mən isə, "mən artıq ətirlənmişəm" – deyə cavab verdim.) O dedi: Ənəs, Allah ondan razı olsun, ətirdən imtina etməz və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də ətirdən imtina etmədiyini deyərdi[14].
İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Üç şeydən: yastıq, ətir və süddən imtina olunmaz»[15].

Hədiyyənin əvəzini vermək:
Aişə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədiyyəni qəbul edər və onun əvəzini qaytarardı»[16].
Hədiyyəyə kim daha layiqdir?
Aişə (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedim: «Ey Allahın elçisi, mənim iki qonşum var. Hədiyyəni hansına verim? O dedi: Hansının qapısı sənə daha yaxındırsa, hədiyyəni də ona ver»[17].
İbn Abbasın (Allah ondan razı olsun) köləsi Kureyb deyir ki, Məymunə bint əl-Haris (Allah ondan razı olsun) ona danışıb ki, o, Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəbərsiz qadın köləsini azad edir. Növbəsi gələndə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun yanına daxil olur və o, deyir: Ey Allahın elçisi, hiss etmirsənmi ki, mən köləmi azad etmişəm? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Doğrudanmı onu azad etmisən?» O dedi: Bəli. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Əgər sən onu dayılarına (hədiyyə) versəydin savabın daha çox olardı»[18].

Hədiyyə verərkən övladlar arasında fərq qoymağın haramlığı:
Noman ibn Bəşir deyir ki, atam öz malının bir hissəsini mənə bağışladı. Anam Amrə bint Rəvahə isə dedi: Sən bu işdə Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məsləhət almasan mən razılıq verən deyiləm! Atam mənə verdiyi sədəqəyə Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) şahid tutmaq üçün onun yanına getdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona dedi: «Sən bütün övladlarına belə hədiyyə etmisənmi?» Atam dedi: Xeyr. O dedi: «Allahdan qorxun və övladlarınız arasında ədalətli (mövqedə) olun». Atam qayıdıb həmin sədəqəni geri götürdü. Digər rəvayətdə isə onun belə cavab verdiyi deyilir: «Elə isə məni bu işdə şahid tutma. Çünki mən haqsızlığa şahidlik etmirəm».
Digər rəvayətdə isə belə cavab verdiyi nəql olunur: «Sən istərdinmi ki, onlar sənə qarşı xoş münasibətdə bərabər olsunlar?» Atam dedi: Bəli. O dedi: «Elə isə belə etmə»[19].

Heç kəsin verdiyi hədiyyəni geri götürməsi və ya alması halal deyil:
İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Pis xüsusiyyətlilərə oxşamaq bizə yaraşmaz. Verdiyi hədiyyəni geri götürən insan, qusuntusunu yeyən itə bənzəyir»[20].
Zeyd ibn Əsləm atasından rəvayət edir ki, o, Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun) belə dediyini eşitmişdir: «Allah yolunda döyüşə çıxan bir nəfərə at bağışladım. O isə ata çox pis baxırdı. Mən onun atı ucuz satacağını zənn edib, atı ondan pulla almaq istədim. Bu haqda Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdum və o dedi: Hətta o atı snə bir dirhəmə də satsa, sən onu alma. Çünki hədiyyəsini geri götürən insan qusuntusunu yeyən itə bənzəyir»[21].

Övladına hədiyyə verən valideyn istisnadır:
İbn Ömər və İbn Abbas (Allah onlardan razı olsun) hər ikisi hədisi Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) nisbət edərək deyirlər: «Övladına hədiyyə edən valideyndən başqa, heç kəsə verdiyi hədiyyəni geri götürmək halal deyil»[22].
Aişə deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) naxışlı paltarda namaz qıldı, gözü naxışlara sataşdı. Namazdan sonra dedi: «Bu paltarı Əbu Cəhmə aparın və əvəzində onun naxışsız qalın paltarını gətirin. Bu paltarın naxışları məni namazdan yayındırdı»[23].
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrindən olan, Saab ibn Cəssamə əl-Leysi, əl-Əbva (yaxud, Vəddan) adlı yerdə Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) çöl eşşəyi hədiyyə edir. O, artıq ehramda idi və buna görə hədiyyəni geri qaytardı. Saab deyir: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənim üzümdə, hədiyyəmin geri qayıtmasına görə narahatçılığımı hiss edib dedi: Biz sənin hədiyyəndən imtina etmirik, sadəcə olaraq ehramdayıq»[24].
Hədiyyə edib sonra həmin hədiyyənin varisi olan:
Abdullah ibn Bureydə atasından rəvayət edir ki, bir qadın Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: «Ey Allahın elçisi, mən anama bir qadın kölə bağışlamışdım. İndi isə anam ölüb (həmin qadın köləni nə edim). O dedi: Allah sənin əməlinin (bağışladığın hədiyyənin) savabını vermiş, sonra mirası sənə qaytarmışdır»[25].

İşçilərin götürdükləri hədiyyə xəyanətdir:
Əbu Humeyd əs-Saidi (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əl-Əzd qəbiləsindən olan, İbn əl-Lətəbiyyə adlı bir kişiyə zəkat toplamaq işini tapşırdı. O işini bitirib qayıdanda dedi: Bu sizə çatacaq, bu isə mənə hədiyyə olunub. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) minbərə çıxıb, Allaha həmd səna etdi və dedi: «Bizim iş dalınca göndərdiyimiz işçiyə nə olub ki, qayıdanda: "Bu sizindir, bu isə mənimdir!" – deyir. Qoy bir ata-anasının evində otursun görək kimsə ona hədiyyə verəcəkmi? Nəfsim əlində olana and olsun ki, indi gizlətdiyi hər bir şeyi qiyamət günü boynunda daşıyaraq gətirəcəkdir. Əgər oğurladığı dəvədirsə (onunla birlikdə gələrkən) nərildəyər, inəkdirsə böyürər, qoyundursa mələyər». Sonra qoltuqaltı vəziləri görsənənə qədər əllərini qaldırıb üç dəfə: «Ey Allahım, mən lazım olanı çatdırdım!» – sözlərini dedi[26].

ƏL-UMRA və ƏR-RUQBA
Bunların hər ikisi müvəqqəti verilən hədiyyələrdir.
Əl-Umra sözü ərəb dilindəki "əl-Umr" yəni, ömür, həyat sözündən götürülmüşdür.
Ər-Ruqba sözü isə ərəb dilində olan "əl-Muraqəbə" yəni, izləmək, güdmək sözündən götürülmüşdür. Cahiliyyət dövrünün insanları belə hədiyyə verərdilər. Demək bir nəfər digərinə ev verər və deyərdi: Sən ömür sürdükcə bu evi sənə verirəm. Buna görə də bu növ hədiyyə "əl-Umra" adlandırılmışdır. Bu hədiyyənin "ər-Ruqba" adlandırılması isə onların bir-birinin həyatını güdməsinə, izləməsinə görədir. Belə ki, belə hədiyyə sahibi qarşı tərəfin nə vaxt öləcəyini və verdiyi hədiyyənin geri qayıdacağını izləyərdi.
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qoyulan bu vaxt məhdudiyyətini ləğv etmiş, "əl-umra" və "ər-ruqba" yolu ilə verilən hədiyyələri, hədiyyə alanlara və onların varislərinə vermiş, hədiyyə sahibinə qayıtmayacağını demişdir.
Cabir ibn Abdullah (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Əl-Umra və ər-Ruqba hədiyyələri, hədiyyə verilən insanındır»[27].
Digər rəvayətdə isə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişdir: «Kim bir insana əl-Umra hədiyyəsi edərsə hədiyyə ömürlük olaraq onun və övladlarınındır (onların mirasıdır). Hədiyyə verərkən onun: "Sən ömür sürdükcə bu sənindir" – sözlərini deməsi, onun həmin əşyada olan haqqını ləğv edir və verdiyi şey həmin insana və onun övladlarına (miras olaraq) qalır»[28].
Digər rəvayətdə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Mallarınızı özünüzdə saxlayın, korlamayın. Kim digər insana əl-Umra hədiyyəsi edərsə, o insan sağ və ya ölmüş olsa da hədiyyə onun və övladlarınındır (onların mirasıdır)»[29].


[1] Buxari: 5/ 78/ ? 2426. Müslim: 3/ 1350/ ? 1723. Tirmizi: 2/ 414/ ? 1386. İbn Macə: 2/ 837/ ? 2506. Əbu Davud: 5/ 118/ ? 1685.
[2] Hədis səhihdir: Səhih Sünən İbn Macə: ? 2032. İbn Macə: 2/ 837/ 2505. Əbu Davud: 5/ 131/ ? 1693.
[3] Buxari: 5/ 80/ ? 2427. Müslim: 3/ 1348/ ? 1722. Tirmizi: 2/ 415/ ? 1387. İbn Macə: 2/ 836/ ? 2504. Əbu Davud: 5/ 123/ ? 1688.
[4] Buxari: 5/ 86/ ? 2431. Müslim: 2/ 752/ ? 1071. Əbu Davud: 5/ 70/ ? 1636.
[5] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 1751. əl-İrva: ? 1057. Buxari: 4/ 46/ ? 1833.
[6] əl-Maidə: 2.
[7] Hədis səhihdir. əl-İrva: ? 1573. Malik: 524/ 1415. Beyhəqi: 6/ 201.
[8] Həmçinin bu gün tibbi müayinələr əsasında uşağın kimə aid olmasını da ayırd etmək mümkündür. (tər.)
[9] Buxari: 12/ 56/ ? 6771. Müslim: 2/ 1081/ ? 1459. Əbu Davud: 6/ 357/ ? 2250. Tirmizi: 3/ 298/ ? 2212. Nəsai: 6/ 184.
[10] Rəvayət səhihdir. əl-İrva: ? 1578. Beyhəqi: 10/ 263.
[11] Buxari: 5/ 197/ ? 2566. Müslim: 2/ 714/ ? 1030.
[12] Hədis həsəndir. Səhih əl-Cami əs-Səğir: ? 3004. əl-İrva: ? 1601. Beyhəqi: 6/ 169.
[13] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 5268. Buxari: 5/ 199/ ? 2568.
[14] Hədis səhihdir. Səhih Sünən Tirmizi: ? 2240. Buxari: 5/ 209/ ? 2582. Tirmizi: 4/ 195/ ? 2941.
[15] Hədis həsəndir. Səhih Sünən Tirmizi: ? 2241. Tirmizi: 4/ 199/ ? 2942.
[16] Hədis səhihdir. Buxari: 5/ 210/ ? 2585. Əbu Davud: 9/ 451/ ? 3519. Tirmizi: 3/ 227/ ? 2019.
[17] Hədis səhihdir. Buxari: 5/ 219/ ? 2595. Əbu Davud: 14/ 63/ ? 5133.
[18] Buxari: 5/ 217/ ? 2592. Müslim: 2/ 694/ ? 999. Əbu Davud: 5/ 109/ ? 1674.
[19] Buxari: 5/ 211/ ? 2587. Müslim: 3/ 1241/ ? 1623. Əbu Davud: 9/ 457/ ? 3525.
[20] Buxari: 5/ 234/ ? 2622. Rəvayətin mətni onundur. Müslim: 3/ 1240/ ? 1622. Əbu Davud: 9/ 454/ ? 3521. Tirmizi: 2/ 383/ 1316. Nəsai: 6/ 265.
[21] Buxari: 3/ 353/ ? 1490. Müslim: 3/ 1239/ ? 1620. Nəsai: 5/ 108. Rəvayəti müxtəsər qeyd etmişdir: Tirmizi: 2/ 89/ 663. Əbu Davud: 4/ 483/ ? 1578.
[22] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 7655. Əbu Davud: 9/ 455/ ? 3522. Tirmizi: 2/ 383/ ? 1316. Nəsai: 6/ 265. İbn Macə: 2/ 795/ ? 2377.
[23] Hədis səhihdir. Buxari: 1/ 482/ ?373. Müslim: 1/ 391/ ? 556. Əbu Davud: 3/ 182/ ? 901. Nəsai: 2/ 72.
[24] Buxari: 4/ 31/ ? 1825. Müslim: 2/ 850/ ? 1193. Tirmizi: 2/ 170/ ? 851. İbn Macə: 2/ 1032/ ? 3090. Nəsai: 5/ 183.
[25] Hədis səhihdir. Səhih Sünən Tirmizi: ? 535. Müslim: 2/ 805/ ? 1149. Tirmizi: 2/ 89/ ? 662. Əbu Davud: 8/ 79/ ? 2860.
[26] Buxari: 13/ 164/ ? 7174. Müslim: 3/ 1463/ ? 1832. Əbu Davud: 8/ 162/ ? 2930.
[27] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1930. İbn Macə: 2/ 797/ ? 2383. Tirmizi: 2/ 403/ ? 1362. Əbu Davud: 9/ 472/ ? 3541. Nəsai: 6/ 270.
[28] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 1927. Müslim: 3/ 1245/ ? 1625. İbn Macə: 2/ 796/ ? 2380.
[29] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 1388. Müslim: 3/ 1246/ ? 1625.


Tarix: 01.05.2013 / 17:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 490 Bölmə: Maraqlı melumatlar
loading...