Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GƏNCLƏRƏ QISACA BİR NƏZƏR(QƏDƏR MƏSƏLƏSİNDƏ ÇAŞQINLIQ)

Gənclərlə bağlı qədər məsələsində çaşqınlıq yaradan bir neçə amillər vardır. Belə ki, qədərə iman gətirmək imanın rükunlarından biridir və bu rükunlar onunla tamamlanır. İman göylərdə və yerdə baş verənləri bütün nöqsanlardan uca olan Allahın bildiyinə və bunun Allahın bacardığına inanmaqdır. Allah təala belə buyurur: “(Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa (hamısını) bilir? Həqiqətən, bu, (lövhi-məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu (bütün bunları bilmək) Allah üçün asandır!” (Əl–Həcc, 70)

) Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) qədər məsələsində münaqişə aparmağı və müzakirələr etməyi qadağan etmişdir. Əbu Hüreyrədən belə rəvayət olunur: Bir gün biz qədər məsələsində münaqişə edərkən Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) bizim yanımıza gəldi. O elə qəzəbləndi ki, üzü qızardı və bizə belə dedi: “Məgər sizlərə bumu əmr olunub, yoxsa mən sizlərə bunun üçünmü göndərilmişəm?! Həqiqətən, sizdən əvvəlkilər bu məsələdə münaqişə apararkən həlaka düçar oldular. Əgər siz də bu məsələdə münaqişə aparmağa cəhd edərsəniz bu hadisə sizin də başınıza gələr.”(Hədisi Tirmizi Qədər kitabında, “qədər məsələsində şiddətli münaqişələr aparmaq haqqında varid olan qadağalar” fəslində rəvayət etmişdir, 2133-cü hədis. Hədis qəribdir.)

Qədər məsələsində şiddətli münaqişələr aparmaq və müzakirələr etmək insanı elə bir labirintə salır ki, sonradan insan oradan çıxmağı bacarmır. Əmr olunduğun kimi xeyirə sövq etmək və müvvəffəqiyyət əldə etməyə can atmaq sağlam yoldur. Uca Allah da sənə ağıl və düşüncə verib, peyğəmbərlər göndərib və onlara da kitablar nazil edib: “Biz peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (Ən–Nisə, 165)
Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) öz səhabələrinə: “Həqiqətən də elə bir insan yoxdur ki, cənnətlik və cəhənnəmlik olması yazılmış olmasın”– deyərkən belə dedilər: “Ya rəsulallah, indi biz heç bir əməl etməyib öz yazımızamı (qədərimizə) güvənək? O isə (ona Allahın salavatı və salamı olsun!) belə buyurdu: “Əməl edin! Çünki hər bir kəs onun üçün yaradılanlara müyəssər olar. Cənnət yolunun yolçusu olan bu yolun əməlinə, Cəhənnəm yolunun yolçusu olan isə Cəhənnəm yulunun əməlinə müyəssər olacaq”. Bu sözləri dedikdən sonra isə Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) bu ayələri oxudu: “Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa, Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə, Biz ona ən asan olaný (Cənnəti) müyəssər edəcəyik! Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa, Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa, Biz ona ən çətin olanı(Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq)” (əl-Beyyinə, 5-10)
(Hədisi Buxari Cənazə kitabında, qəbrin ətrafında gözəl söhbət və ətrafdakıların qəbrin ətrafına toplaşması fəslində (1362) və İmam Müslim Qədər kitabı, ana bətnində insanın formalaşması fəsli (2647). )

Beləliklə, Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) onlara əməl etməyi əmr etmiş və yazıya (qədərə) güvənməyə icazə verməmişdir. Çünki Cənnət əhli olanlardan yazılmaq onların əməlini etməyincə heç də onlardan olmaq demək deyil. O cümlədən, əməl etmək də insanın bacarıq dairəsinə daxildir. Həmçinin, insan bilir ki, Allah ona hər hansı bir əməli etməyə seçim və bacarıq vermişdir. İstəsə onu həyata keçirər və yaxud tərk edər.
Bir insan səfər etmək istəyir və edir, ayağa qalxmaq istəyir və qalxır, yanğın görür qaçır, xoşuna gələn bir şey görür ona yaxınlaşır. İtaət və asiliklər də belədir. İnsan öz ixtiyarı ilə onu edir və ya ondan uzaq durur.
Bəzi insanlarda qədər məsələsində iki problem ortaya çıxmışdır:
Bunlardan birincisi: İnsan bir şeyi öz istəyi ilə həyata keçirir və onu öz istəyi ilə də tərk edir. Halbu ki, o, bunu həyata keçirməkdə və yaxud tərk etməkdə heç bir məcburiyyət də görmür. Belə olan halda bu hər şeyin Allahın qəza və qədərilə həyata keçməsinə inanmaqla necə bir araya gələ bilər?
Cavab: İnsanın əməllərini və hərəkətlərini diqqətlə gözdən keçirsək onda iki şeyin – istək və bacarığın nəticəsini görərik. Bu iki şey olmasa, hərəkət də olmaz. İstək və bacarıq Allahın yaratdıqlarındandır. Bir şeyi istəmək düşüncənin, onu həyata keçirmək isə bədənin məhsuludur. Əgər Allah insanın ağlını kütləşdirmək istəsə, onun bir şeyi istəmək hissi olmaz və yaxud insanın bacarığını əlindən alsa, bir işi həyata keçirmək onun üçün qeyri-mümkün olar.
Əgər bir insan hər hansısa bir işi həyata keçirməyə əzm göstərirsə və onu bacarırsa, biz tam yəqinliklə bilməlik ki, Allah bunu istəmiş və yazmışdır. Allah istəmədiyi halda isə onu öz niyyətindən döndərər və yaxud ona maneəçilik yaradaraq bu işi həyata keçirməsinə imkan verməz. Bir bədəvi ərəbdən soruşdular: Allahı nə ilə tanıyırsan? O isə belə cavab verdi: Onun bir işi etmək bacarığımı əlimdən alması və niyyətimi dəyişməsilə tanıyıram.
İkinicisi: Asi əməllər etdiyinə görə insanlara əzab veriləcək. Bu əməli etmək onun üçün qaçılmaz olduğu halda buna görə necə cəzalandırıla bilər?! Hətta onun özünün də qədərində yazılmış bir işdən xilas olması mümkünsüzdür.
Buna cavab olaraq deyə bilərik ki, əgər bu dilə gətirilirsə, o da qeyd olunmalıdır ki, insan itaət əməllərini etdiyi üçün savabla mükafatlandırılır. Bu əməli etmək onun üçün qaçılmaz olduğu halda buna görə necə mükafatlandırıla bilər?! Hətta onun özünün də qədərində yazılmış olduğu bir işdən xilas olması mümkünsüzdür. Qədəri asilik və itaət əməllərinin həyata keçirilməsində dəlil kimi ortaya qoymaq adillikdən olmazdı.
Bu suala ikinci cavab: Uca Allah bu dəlili Quranda batil çıxartmış və bunun elmsiz deyilən söz kimi vurğulamışdır: “Müşriklər belə deyəcəklər: "Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. (Onlara) de: "Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!” (Əl–Ənam, 148)
Uca Allah bildirir ki, Allaha şərik qoşmalarına qədəri dəlil gətirən həmin insanların sələfləri də onların yalan danışdıqları kimi yalan danışmaqda davam etmiş və beləliklə də Allahın əzabına düçar olmuşlar. Əgər onların gətirdikləri dəlillər doğru olsaydı, Allah onlara öz əzabını daddırmazdı. Daha sonra isə Allah Öz peyğəmbərinə onların dəlillərinin doğruluğunu sübuta yetirməkdə onlarla rəqabət aparmasını əmr edir və onların bu haqda heç bir dəlilləri olmadığını bəyan edir.
Üçüncü cavab: Qədər yalnız Allahın bildiyi bir gizli yazıdır və bu həyata keçəndən sonra məxluqata da bəlli olur. Bir insan əvvəlcədə haradan bilə bilər ki, Allah təala onun üçün asilik əməli yazmış, o da bu asiliyi həyata keçirir. Məgər insanın qədərində itaətkar əməllərin yazılması mümkün ola bilməzmi?! Buna görə nə üçün insan edəcəyi asilik əməllərini itaət əməllərilə əvəz edib bu sözləri demir: Allah təala mənim qədərimə Ona itaət etməyi yazıb.
Dördüncü cavab: Allah insana ağıl və düşüncə bəxş etməklə onu uca tutdu. Ona kitablar nazil etdi, peyğəmbərlər göndərdi, xeyirli və zərərli yolları bəyan etdi, hətta ona iki yoldan birini seçməyi bacarsın deyə istək və bacarıq da verdi. Axı nə üçün asilik edən bir insan uğurlu yolu görə-görə zərərli yolu seçir?
Həmin asilik edən insan bir ölkəyə səfər etmək istəyir və onun iki yolu var: biri asan və təhlükəsiz, digəri isə çətin və təhlükəli yoldur. Təbii ki, həmin insan çox böyük təkidlə asan və təhlükəsiz yolu seçəcək. Və o, Allahın ona bu yolu yazdığını deyərək çətin və təhlükəli yolu tərk edəcək. Əksinə əgər o həmin təhlükəli yolla gedərsə, bu zaman Allahın onu günah ucbatından etdiyini dəlil gətirəcək. Eyni ilə xeyirli və zərərli yol da belədir. İnsan doğru yolla getdikdə Allahın bu yolu onun qədərinə yazdığını dəlil gətirərək tutduğu bu yolun şər olduğu ilə özünü aldatmır. Biz insanın öz yaşayışını təmin etməyə qadır olduğunu və bunu əldə etmək üçün bütün yollara baş vurduğunu görürük. O bu ərəfədə heç də evində oturmur, əksinə qədərin sorağında olaraq yaşayışını təmin etməyə can atır.
Onda, dünya üçün çalışmaqla Allaha itaət uğrunda çalışmaq arasında nə fərq var? Nə üçün insan öz qədərini itaət əməllərinin tərk olunmasında özünə dəlil götürdüyü halda onu dünya əməllərinin tərk olunmasında bu nöqteyi nəzərdən baxmır?
Açıq-aydın olan bir iş daim göz önündə olsa da şəhvani fikirlər yenə də kor və kardır.


Tarix: 13.04.2013 / 16:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 306 Bölmə: Maraqlı melumatlar
loading...