Nədir xoşbəxtlik deyə başlamıram. Xoşbəxtlik haqqında düşünmək, oxumaq, yazmaq və eşitmək həmişə maraqlıdır. Müxtəlif fikirlər və rəylər olsa da onların hamısı xoşbəxt olmaq istəyən insanlar üçün maraqlıdır. Xoşbəxtlik və onun altında gizlənən sirlər haqqında məndən soruşsanız, deyərdim:
Xoşbəxtlik – Gözlə görünməyən, ölçülməsi mümkün olmayan, alınıb satılmayan, mənəvi bir hissdir.
Xoşbəxtlik – İnsan bunu öz içində hiss edir. Nəfsin təmizliyimi, müstəqilliyimi, ya qəlbin tam rahat olmasımı, ya vicdanın azadlığımıdır?!
Xoşbəxtlik – Bu insanın içindən doğur, xaricdən bunu almaq, ya əldə etmək mümkün deyil.
Xoşbəxtlik – Bəzən fədəkarlıq, qurban vermək və alicənablıqdan sonra oyanan hisslərin təmasıdır.
Xoşbəxtlik – Hər bir xeyir iş görəndən sonra fərəh və sevinc hissidir.
Xoşbəxtlik – Bu hissi İlahi insana bəxş edir.
Xoşbəxtlik – Razılıq və qənaət dolu çox dərin bir duyğudur.
Xoşbəxtlik – Bazarlarda satılan, varlıların ala biləcəyi və kasıbların əldə edə bilməyəcəyi bir şey deyil.
Xoşbəxtlik – Eyni zamanda başqalarının ürəyini rahat etmək, onlara yardım edib onları sevindirmək və sifətlərində təbəssüm rəsmini çəkməkdir.
Xoşbəxtlik – Faydalı bir elmin ardınca getmək, düzgün iş görmək və saleh bir həyat qurmaqdır.
Xoşbəxtlik – Həsəd, kin, nifrət və pis duyğuları ürəkdən silib atıb, azad olmağı bacarmaqdır.
Xoşbəxtlik – Vicdanın və mənəviyyatın rahatlığıdır.
Sənin xoşbəxtliyin sənin həyatda qoyduğun məqsəd və hədəflərindədir. Çoxlarının özünü xoşbəxt hiss etməməsi, həyatlarını məqsədsiz yaşamasıdır. Böyük və uca zirvələrdə olan hədəflər insanları xoşbəxtliklə məşəqqətlərdən keçməyə kömək edir.
Məqsədsiz insan bu həyatda itib batacaq və yox olacaqdır. Təsəvvür edə bilirsinizmi, bir təyyarəçi təyyarəni havaya qaldırdıqdan sonra enməyə yer tapmasın?! Əvvəldən enəcəyi yeri təyin etmədiyi üçün həm də xəritəsiz uçan təyyarəçini bir anlıq xəyal edə bilirsinizmi?!
Həqiqətən də xoşbəxtliyin sirri vicdanın və qəlbin rahatlığı ilə tamamlanmasındadır.
İmam İbn əl-Qeyyimin qiymətli sözlərindən bir-iki parçasında bunun əskini tapmaq olar:
“Qəlbdə bir narahatçılıq var ki, Allaha üz tutmadan o, yox olmur.
Qəlbdə bir kədər var ki, Allahla ünsiyyət yaratmadan məhz o kədər əl çəkmir.
Qəlbdə elə bir qəm-qüssə var ki, onu yalnız, Uca Tanrıya olan sadiqlik hissindən doğan sevinc hissi apara bilər.
Qəlbdə elə bir həyəcan var ki, Ona tərəf qaçmasan səni rahat buraxmayacaq.
Qəlbdə elə alovlar atəşlənir ki, Uca Tanrının əmri və qədərilə səbr edib razılaşmadan onlar sönmək bilməyəcək...”
alçıqdan tikilmiş bir evdə, 17 il eyni ayaqqabını geyən, eyni paltarı yuyub geyinən, söküləndə tikilən, arada bir qırıq quru çörək tapan onu da yağla yeyən, ayda bir dəfə dilinə ət dəyən insanı belə xoşbəxt edən, rahat yaşadan nədir görəsən?! O, İman Əhməd bin Hənbəldir ki, xoşbəxtliyin sirrini tapmışdı. Bizim indiki müasir dövrün meyarları ilə götürsək, necə də bədbəxt və yazıq insandır – deyərik. Belə insan ömru boyu ancaq qəm-kədər içində yaşayar deyə düşünərik. Amma xoşbəxtlik insanın içində olur. Daxildə olan və insanı rahat edən o xoşbəxtlik hissini sahibindən başqa heç kim hiss edə bilmir və o xoşbəxtlik Allahla olan ünsiyyətə bağlıdır. O xoşbəxtliyi yaşadan, qəlbini döyündürən və damarlarında qanın hərəkətini dayandırmayan sirr, Allahın bəxş etdiyi daxili bir müvəffəqiyyətlə əlaqəlidir.
Abdullah bin Abbas (r.a) gözlərinin nurunu itirərkən, xoşbəxtlik hissini heç itirmədi və o bilirdi ki, artıq ömrünün qalan hissəsini zülmətin əsarətində kor olaraq keçirəcək. İçindən gələn razılıq hissi ilə bağırdı ki;
Allah götürsə də gözlərimdəki nuru,
Qəlbimdə və dilimdə qalacaq nuru.
Bəzən səadət çox yaxın olur, amma onu uzaqlarda axtarırıq.
Böyük şəxsiyyətlərdən biri olan ibn Teymiyyə demişdir ki; “Düşmənlərim mənə nə edə bilər axı?! Mənim bağçam və cənnətim də mənim sinəmdə, mənim içimdədir. Hara getsəm mənimlədir. Həbs etsələr, cənnətimdə xəlvət yaşayacam, öldürsələr şəhid olacam, vətənimdən sürgün etsələr səyahət edəcəm.”
Məhbus - qəlbi Allah məhəbbətindən həbs olunandır.
Əsir - nəfsinin istəklərilə qandallanandır.
Peyğəmbərimiz (s.a.s) mömini vəsf edərkən, insanlığın xoşbəxtlik zirvəsini də göstərmişdir. Buyurur ki, Rəsulullah (s.a.s); “Möminin işi çox qəribədir, maraqlıdır. Çünki bütün işləri xeyir içindədir. Özü də bu yalnız mömində olur. Xeyir bir iş baş versə, şükr edər bu onun üçün xeyir gətirər. Başına bəla gəlsə, səbr edər, bu da onun üçün xeyir gətirər.”
Ey mömin, səbr et, kədərlənmə, çünki Allah rəhmət qapısını həmişə üzünə açıq saxlayır. Nələr etsən də, sonunda səhvini anlayıb peşmançılıq hissiylə Ona dönsən, tövbən qəbul olunacaqdır.
Kədərlənmə! Əgər kasıbsansa, xatırla ki, başqaları illər boyu borclar içində yaşayır.
Kədərlənmə! Əgər maşının yoxdursa, başqaları şikəst və çolaq yaşayırlar.
Kədərlənmə! Əgər övladını itirmisənsə, başqası bütün ailəsini bir qəzada itirmişdir.
Kədərlənmə! Xəstələnmisənsə, başqası on illərdir yataqdan tərpənə bilmir.
Kədərlənmə! Çünki heç nəyə geri qaytara bilməyəcəksən. Mürəkkəb qurumuş və kitablar bağlanmışdır!
Kədərlənmə! Sənin duan var, Allaha açdığın əllərin və eşidilən müraciətin vardır!
Kədərlənmə! Yer üzündə olan hər şeyi Allah sənin üçün yaratmışdır.
Kədərlənmə! Sən ki, yerdə gəzir, təmiz hava udur və saf sudan hələ də içə bilirsən.
Kədərlənmə! Bu, yalnız düşmənini sevindirər.
Tarix: 13.04.2013 / 17:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 349 Bölmə: Maraqlı melumatlar