Sual- Allaha inanmayan kafirin cəzası şeytandan (iblisdən) daha çox olacaq? İblis Allaha inanır..Quranda iblisin cəhənnəmə daxil olacağına dair ayə varmı? Allahın hər şeyə Qadir olduğunu bildiyi halda iblis nə üçün Ona asilik etdi? Allah onun asi olmasını istəyirdisə, o zaman şeytan bununla belə həmişəlik cəhənnəmdə qalacaq? Xahiş edirəm bu məsələni mənə açıqlayın..İblis cəhənnəmdə əbədi qalacaq?
Cavab-Həmd Allaha məxsusdur.
Cəzalandırma məsələsi Allahın hökm verdiyi bir məsələdir. Allah təalanın bizə xəbər verdiklərindən başqa bizim bu barədə başqa məlumatımız yoxdur. Kafirlər və müşriklər başlıca canilərdir, cəhənnəmdə onlar və iblis (Allahın lənəti onun üzərinə olsun) əbədi olaraq qalacaqlar. İndi buna dair dəlil təşkil edən bəzi Quran ayələrinə göz gəzdirəcəyik və iblisin nə üçün küfr etdiyini və onun və ona tabe olanların aqibətinin necə olacağını müzakirə edəcəyik.
Allah təala buyurur:
“71 - (Ya Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan (Adəmi) yaradacağam.
72 - Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz ruhumdan (Özümün yaratdığı ruhdan) üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!”
73 - Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi;
74 - Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu.
75 - (Allah) buyurdu: “Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?”
76 - (İblis) dedi: “Mən ondan daha yaxşıyam (daha üstün, daha şərəfliyəm). Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”
77 - (Allah) buyurdu: “Çıx ordan (Cənnətdən). Sən (Mənim rəhmətimdən, dərgahımdan) qovulmuşun birisən!
78 - Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın!”
79 - (İblis) dedi: “Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!”
80 - (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən,
81 - (Dərgahımda) vaxtı məlum olan günə (qiyamətə) qədər!”
82 - (İblis) dedi: “Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam;
83 - Yalnız Sənin sadiq bəndələrindən başqa!
84 - (Allah) buyurdu, “Həqiqətən, doğru deyirəm,
85 - And olsun ki, Mən Cəhənnəmi səninlə (sənin cinsindən olanlarla) və sənə uyanların hamısı ilə dolduracağam!” (Sad 38:71-85)
İblis Rəbbinə asilik etdi və təkəbbürlükdən küfr edərək Adəmə səcdə etmədi və inadla rədd etdi. Bu özündən razı olmaq, xoşlanmaq və qürurlu olmağın ciddi təhlükə olduğuna dəlalət edir. Allahdan diləyimiz budur ki, bizi bundan qorusun və salamat etsin.
İblisin Allah təalanın mövcudluğuna iman etməsi və Onun qüdrətini təsdiqləməsi və buna and içməsi həqiqəti ona heç bir fayda vermədi, çünki Allahın qarşısında, Onun əmrinə təkəbbürlüyündən, qürurundan və inadkar davranışından dolayı itaət etməyərək imtina etməsi onun imanını batil, puç etdi.
Allah təala iblisi Ona məlum olan səbəblərdən, insanlar üçün imtahan və sınaq olaraq yaratmışdır. Kim Allaha itaət edib iblisə itaət etməzsə cənnətə daxil olacaqdır. Kim Allaha itaət etməyib iblisə itaət edərsə cəhənnəmə daxil olacaqdır. Allah təalanın iblisi xəlq etməsi həqiqəti o demək deyildir ki, Allah onun etdiklərindən razıdır, bəyənir-bundan Allaha sığınırıq. Lakin bu aləmlərin Rəbbinin əmri idi. Allah küfrün və asilin edilməsindən razı deyil. Allah təala buyurur: “Əgər küfr etsəniz (Allahın nemətlərini dansanız, bunun zərəri Allaha yox, ancaq sizin özünüzə olar). Çünki Allah sizə (sizin ibadətinizə) əsla möhtac deyildir. Amma bəndələrinin küfr etməsi Ona xoş getməz. Əgər (Allahın nemətlərinə) şükür etsəniz, sizin bu şükrünüz Ona xoş gələr. Heç bir günahlar başqasının günahını daşımaz (hərə öz günahına cavabdehdir). Sonra Rəbbinizin hüzuruna qayıdacaqsınız. O sizə (dünyada) nə etdiklərinizi (bir-bir) xəbər verəcəkdir. Həqiqətən, Allah ürəklərdə olanları biləndir!”. (əz-Zümər 39:7)
Bu ayədən başa düşülən budur: “Allah qullarının küfr etməsindən razı deyil, istəmir”. Allahın iradəsi, istəyi iki cürdür: Şəri iradə, Onun istədikləri və sevdikləri. Məsələn qulları üçün əmrləri, şəriət etdikləri (namaz, oruc, dua və s. digər ibadətlər) etdikləri.
Kövni (bəşəri) iradə, bu da baş verməsini, həyata keçməsini istədiyi şeylərdir (Ona məlum olan, hikmətlərdən, səbəblərdən dolayı). Lakin bu heç də o demək deyildir ki, Allah həmin şeylərin baş verməsindən razıdır, xoşlayır.
Bizi hidayət edən Allaha həmd olsun və Allahın salamı, salavatı müəllimimiz, imamımız Muhəmmədə sallallahu aleyhi və səlləm, onun ailəsinə, səhabələrinin üzərinə olsun.
Muhammad Saleh əlMunəccid
Tarix: 06.04.2013 / 15:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 264 Bölmə: Maraqlı melumatlar