•Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə(Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır. (Bəqərə surəsi/2)
•(Onlar yenə dedilər: ) “Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini (hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı (Quranı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən”. (Bəqərə surəsi/129
•Sizin əlinizdəkini (Tövratı) təsdiqləyici kimi göndərdiyimə (Qurana) iman gətirin! Onu inkar edənlərin əvvəlincisi siz olmayın! Mənim ayələrimi (Tövratdakı hökmlərimi) ucuz qiymətə (dəyərsiz dünya malına) satmayın və ancaq Məndən qorxun! (Bəqərə surəsi/41)
•Allahın nazil etdiyi kitabda (Tövratda və İncildə) olanları (peyğəmbərin vəsfini) gizlədənlərin və onun müqabilində bir az para alanların yedikləri qarınlarında ancaq oda dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir!
Onlar doğru yol əvəzinə zəlalət yolunu, bağışlanmaq əvəzinə əzabı satın almış kəslərdir. Onlar cəhənnəm oduna necə də səbrlidirlər!
Bu (əzab) ondan ötrüdür ki, Allah kitabı (Tövratı, İncili və ya Quranı) haqq olaraq göndərmişdir. Lakin kitab barəsində müxtəlif rəydə olanlar (onun hökmlərinin bəzisini qəbul, bəzisini rədd edənlər, bəzisini gizlədənlər, bəzisini isə təhrif edib dəyişdirənlər), şübhəsiz ki, (həqiqətdən) uzaq bir nifaq içərisindədirlər. (Bəqərə surəsi/174-176)
•İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz. (Bəqərə surəsi/185)
•İnsanlar düşünüb ibrət alsınlar deyə, Biz bu Quranda (Allahın vəhdaniyyət əqidəsini cürbəcür dəlillərlə, müxtəlif misallarla) izah etdik. Lakin (bu izahat) onların yalnız nifrətini artırdı (islamdan daha çox üz döndərdilər). (İsra surəsi/41)
•Bu (Quran) aləmlərə (həm insanlara, həm də cinlərə) ancaq bir öyüd-nəsihətdir! (Sad surəsi/87)
•Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkib (mənasını) onlara izah etdik. Lakin onların (Məkkə əhlinin) əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı (nemətimizə nankor olub yalnız küfrü seçdi). (İsra surəsi/89)
•Şübhəsiz ki, sən (haqqa) çağırışı nə ölülərə bildirə bilərsən, nə də dönüb gedən karlara eşitdirə bilərsən!
Sən korları da düşdükləri əyri yoldan qurtarıb düz yola gətirə bilməzsən. Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar! (Allaha ürəkdən inanıb Ona can-başla itaət edərlər!) (Rum surəsi/52-53)
•Biz bu Quranda insanlar üçün hər çür məsəl çəkdik. (Ya Rəsulum!) Həqiqətən, sən onlara (Musanın yədi-beyzası, əsası kimi) hər hansı bir möcüzə gətirsən belə, onlar mütləq: “Siz (Peyğəmbər və ona iman gətirənlər) yalançısınız!” – deyəcəklər. (Rum surəsi/58)
•Biz ona (Muhəmməd əleyhissəlama) şer öyrətmədik və bu ona heç yaraşmaz da (lazım da deyildir). Ona vəhy olunan ancaq öyüd-nəsihət və (haqla batili ayırd edən) açıq-aşkar Qurandır ki,
Onunla diri olanları (ağıl və bəsirət sahiblərini) qorxutsun və o deyilən söz (əzəldən buyurduğumuz əzab hökmü) kafirlər barəsində gerçək olsun. (Yasin surəsi/69-70)
•Biz bu Quranda insanlar üçün hər çür məsəl çəkdik ki, bəlkə, öyüd-nəsihət qəbul etsinlər!
Biz (onlara) nöqsansız-qüsursuz (heç bir əyri-üyrülüyü, dolaşıqlığı olmayan) ərəbcə bir Quran nazil etdik ki, Allahdan qorxub pis əməllərdən çəkinsinlər. (Zumər surəsi/27-28)
•Xeyr, bu (Quran) bir öyüd-nəsihətdir!
İstəyənlər ondan öyüd alar. (Muddəsir surəsi/54-55)
•Ondan (Qurandan) əvvəl Musanın (İsrail oğullarına, möminlərə) rəhbər və mərhəmət olan kitabı (Tövrat) var idi. Bu (Quran özündən əvvəlki ilahi kitabları) ərəb dilində təsdiq edən, zalımları (Allahın əzabı ilə) qorxutmaq və yaxşı əməl sahiblərinə (Cənnətlə) müjdə vermək üçün olan bir Kitabdır! (Əhqaf surəsi/12)
•Biz Kitabı (Quranı) sənə yalnız (müşriklərə) ixtilafda olduqları (tövhid, qiyamət, qəza-qədər və s. bu kimi) məsələləri izah etmək və möminlərə bir hidayət və mərhəmət olsun deyə nazil etdik! (Nəhl surəsi/64)
•Qiyamət günü hər ümmətə özlərindən bir şahid (hər ümmətin öz peyğəmbərini) göndərəcəyik (tutacağıq). (Ya Rəsulum!) Səni də bunlara (öz ümmətinə) şahid gətirəcəyik. Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara (və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara) da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik! (Nəhl surəsi/89)
•Allah sizə Kitabı (Quranı) müfəssəl surətdə nazil etdiyi halda, mən (haqq ilə batili ayırd etmək üçün) Ondan başqasınımı özümə hakim istəməliyəm?! Kitab verilmiş şəxslər Quranın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Sən şübhəyə düşənlərdən olma! (Ənam surəsi/114)
•Bu nazil etdiyimiz (Quran) mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin! (Ənam surəsi/155)
•Bu, (kafirləri cəhənnəm əzabı ilə) qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. (Ya Rəsulum!) Ondan (onun təbliğindən) ötrü ürəyində bir sıxıntı olmasın! ((Əraf surəsi/2)
•Bu Quran (mülkündə) yenilməz qüvvət sahibi, (bəndələrinə) mərhəmətli olan (Allah) tərəfindən nazil edilmişdir ki,
(Onunla Cahiliyyət dövründə) ataları (Allahın əzabı ilə) qorxudulmamış və (Allahın hökmlərindən, imandan, tövhiddən) qafil olan bir tayfanı xəbərdar edib qorxudasan! (Yasin surəsi/5-6)
•And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! (Qəmər surəsi/22)
•And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! (Qəmər surəsi/32)
•And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! (Qəmər surəsi/40)
•Həqiqətən, Biz onlara (Məkkə müşriklərinə və kafirlərinə) elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan (dini vəzifələrini öyrətmək üçün mükəmməl) bir Kitab (Quran) gətirdik.
Onlar (kafirlər) ancaq aqibətimi (Kitabın xəbər vediyi aqibətimi) gözləyirlər? Onun xəbər verdiyi aqibət (qiyamət) gəlib çatdığı gün əvvəllər onu unutmuş olanlar deyəcəklər: “Doğrudan da, Rəbbimizin elçiləri (bizə) haqqı gətirmişdilər. İndi bizdən ötrü şəfaət edəcək bir kimsə varmı? Yaxud geri (dünyaya) qaytarıla bilərikmi ki, etdiyimiz əməllərdən başqasını edək?” Onlar özlərinə ziyan etdilər. Uyduqları (bütlər də) onlardan uzaqlaşıb qeyb oldu. (Əraf surəsi/52-53)
Tarix: 12.04.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 343 Bölmə: Maraqlı melumatlar