Zəkat kimə vacibdir?
Zəkata düşən mal-dövlət növləri
Birinci; Qızıl və gümüşün zəkatı
İkinci; bitki və meyvələrin zəkatı
Üçüncü; Heyvanların zəkatı
Hansı malı zəkat götürmək olmaz?
Bir neçə adamın qarışmış heyvanlarının hökmü:
Dördüncü; Tapıntı malın zəkatı
Zəkat kimə vacibdir?
Zəkat, nisaba[1] (müəyyən miqdar mal-dövlətə) sahib olan, hər bir azad müsəlmana vacibdir. Lakin müsəlmanın sahib olduğu malın üzərindən bir il keçməlidir ki, zəkat versin. Amma bitkilər istisnadır. Demək bitkilərin zəkatı belədir: əgər toplanan məhsul zəkatın tələb etdiyi miqdara yetişirsə elə yığılan günü zəkatı çıxarılır. Uca Allah buyurur: «...yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin…»[2]
Zəkata düşən mal-dövlət növləri
Zəkat bu növləri əhatə edir: qızıl, gümüş, bitkilər, meyvələr, heyvanlar və tapıntılar.
Birinci; Qızıl və gümüşün zəkatı
Nisabı və çıxarılan miqdarı:
Qızılın nisabı iyirmi dinar[3], gümüşün nisabı isə iki yüz dirhəmdir[4]. Bu qədər malın qırxdan biri (yəni, 2,5 %) zəkat çıxarılır. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Əgər sənin iki yüz dirhəmin varsa və üzərindən bir il keçibsə, onun beş dirhəmini zəkat çıxarırsan. Qızıl isə iyirmi dinar miqdarında olana qədər sənə zəkat vacib olmur. Əgər iyirmi dinara çatsa və üzərindən bir il keçsə, yarım dinar zəkat verməlisən»[5].
Zinət əşyalarının (qızıl və ya gümüşdən hazırlanmış əşyaların) zəkatı:
Quran və hədislərin ümumi anlamına əsasən zinət əşyalarına görə zəkat vermək vacibdir. Bu növü ayə və hədislərin ümumi anlamından istisna edənlərin heç bir əsası yoxdur və bu dəlillər kifayətdir. Lakin buna baxmayraq bu haqda xüsusi dəlillər də mövcuddur. Demək Ummu Sələmə deyir ki, mən qızıldan zinət əşyaları taxırdım. Bu haqda Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşub dedim: Ey Allahın elçisi, bu əzabla vəd olunan mal-dövlətdən sayılırmı? [6]
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Nisaba yetişən malın zəkatını versən, əzabla vəd olunan mal-dövlətdən sayılmaz».[7]
Həmçinin Aişə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənim yanıma daxil oldu və əlimdə gümüşdən hazırlanmış zinət əşyalarını görüb dedi: «Ey Aişə, bunlar nədir?» Mən dedim: Ey Allahın elçisi, bunları sənin üçün bəzənməyə görə hazırlamışam? O dedi: «Onların zəkatını verirsənmi?» Mən dedim: Xeyr, yaxud Allah istədiyi qədər? O dedi: «Bu, cəhənnəm oduna yetər[8]»[9].
İkinci; bitki və meyvələrin zəkatı
Uca Allah buyurur: «Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları və növləri müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!»[10]
Zəkat çıxarılan növləri:
Zəkat yalnız aşağıdakı hədisin açıqladığı dörd növdən çıxarılır.
Əbu Burdə, Əbu Musadan və Muazdan (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onları, camaata dini öyrətmək üçün Yəmənə göndərmiş və onlara, yalnız bu dörd növdən zəkat almağı əmr etmişdi: «buğda, arpa, xurma və kişmiş»[11].
Nisabı:
Bitki və meyvələrin zəkatının vacib olması üçün aşağıdakı hədisdə deyilən nisaba (miqdara) çatması şərtdir.
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun), Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Sayı beşdən az olan dəvəyə, beş uqiyyədən[12] az gümüşə və beş vəsəqdən[13] az olan məhsula zəkat düşmür»[14].
Çixarılan miqdarı:
Cabir (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Çay və yağış suyu ilə suvarılan məhsulun onda biri (10/1), dəvə ilə quyudan su çıxarılıb suvarılan məhsulun isə iyirmidə biri (20/1) zəkat çıxarılmalıdır»[15].
İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Yağış, bulaq və ya gölməçələrdəki su ilə suvarılan məhsulun onda biri, əl ilə suvarılan məhsulun isə iyirmidə biri zəkat çıxarılmalıdır»[16].
Xurma və üzümün ölçülməsi[17]
Əbu Humeyd əs-Saidi (Allah ondan razı olsun) deyir ki, «biz Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) təbuk döyüşünə gedirdik. O, vadil qura adlı yerə çatanda bir qadının bostanda olduğunu gördü və öz səhabələrinə dedi ki, nə qədər xurma məhsul verəcəyini ölçün. Peyğəmbər özü isə dedi ki, on vəsəq[18] məhsul çıxacaqdır. Sonra həmin qadına dedi ki, yığılan məhsulu ölçərsən görək nə qədər çıxır... Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həmin kəndə qayıdanda qadından nə qədər məhsul çıxdığını soruşdu? Qadın dedi: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dediyi kimi, on vəsəq məhsul çıxdı»[19].
Aişə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Abdullah ibn Rəvahəni (Allah ondan razı olsun) xurma yetişib yeyilmədən öncə onu ölçməyə göndərirdi. O da (xeybər) yahudilərini iki seçim qarşısında qoyurdu. Ya onun dediyi ölçüdə xurma götürsünlər, yaxud da özləri xurmanı yığıb deyilən ölçüdə xurmanı müsəlmanlara ödəsinlər. Bunu, meyvə yeyilmədən və bölünmədən öncə zəkatı hesablamaq üçün edirdilər»[20].
Üçüncü; Heyvanların zəkatı
Zəkata düşən heyvanlar üç qisdir: dəvə, inək və qoyun.
Dəvənin zəkatı:
Nisabı: Əbu Səid əl-Xudri, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini deyir: «Sayı beşdən az olan dəvəyə zəkat düşmür»[21].
Çıxarılan miqdarı: Ənəs (Allah ondan razı olsun) deyir ki, Əbu Bəkr (Allah ondan razı olsun) onu Bəhreynə göndərərkən bu məktubu ona yazmışdı: «Rəhman və Rəhim Allahın adı ilə. Bu, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) müsəlmanlara fərz buyurduğu, Allahın Peyğəmbərinə əmr etdiyi zəkatdır. Hansı müsəlmandan təyin olunan zəkat tələb olunsa onu versin. Bundan artıq istənilsə verməsin. Sayı iyirmi dörddən az olan hər beş dəvəyə görə bir qoyun verilir. Əgər dəvələrin sayı iyirmi beşlə, otuz beş arasında olarsa onda biryaşı tamamlanmış dişi dəvə zəkat verilir. Əgər dəvlərin sayı otuz altıyla, qırx beş arasında olarsa onda ikiyaşı tamamlanmış dişi dəvə verilir. Əgər dəvələrin sayı qırx altıyla, altmış arasında olarsa onda üç yaşı tamamlanmış dişi dəvə verilməlidir. Əgər dəvələrin sayı altmış birlə yetmiş beş arasında olarsa dörd yaşı tamamlanmış dəvə verilməlidir. Əgər dəvələrin sayı yetmiş altı ilə doxsan arasında olarsa iki baş iki yaşı tamamlanmış dişi dəvə verilir. Əgər dəvələrin sayı doxsan birlə yüz iyirmi arasında olarsa iki ədəd üç yaşı tamamlanmış dişi dəvə verilir. Yüz iyirmidən çox olduqda isə artan hər qırx dəvəyə görə bir baş iki yaşı tamamlanmış dişi dəvə əlavə olunur. Hər artan əlli dəvəyə görə üç yaşı tamamlanmış dişi dəvə verilir. Kimin yalnız dörd baş dəvəsi olarsa ona zəkat düşmür. Yalnız dəvə sahibi öz istəyi ilə bunu edə bilər. Əgər say beş olsa onda zəkat verilməlidir»[22].[23]
Boynuna zəkat vacib olub, amma gərəkli yaşda dəvəsi olmayan:
Ənəs (Allah ondan razı olsun) deyir ki, Əbu Bəkr (Allah ondan razı olsun) ona məktub yazıb Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) müsəlmanlara fərz buyurduğu, Allahın Peyğəmbərinə əmr etdiyi zəkatı bildirir. Məktubda deyilirdi: «Kimin dəvəsinin zəkatı dörd yaşı tamamlanmış dəvə miqdarına çatarsa amma onun dördyaşlı dəvəsi olmazsa, əvəzində üçyaşlı dəvəsi varsa onu və əlavə olaraq varsa iki baş qoyun və ya iyirmi dirhəm[24] götürülür. Kimin dəvəsinin zəkatı üç yaşı tamamlanmış dəvə miqdarına çatarsa amma onun üçyaşlı dəvəsi olmazsa, əvəzində dördyaşlı dəvəsi varsa onda dördyaşlı dəvə ondan qəbul edilir və (əlavə fərqi örtmək üçün) zəkat toplayan ona iki baş qoyun və ya iyirmi dirhəm[25] ödəyir. Kimin dəvəsinin zəkatı üç yaşı tamamlanmış dəvə miqdarına çatarsa amma onun üçyaşlı dəvəsi olmazsa, əvəzində ikiyaşlı dişi dəvəsi varsa onda ikiyaşlı dişi dəvə ondan qəbul edilir və (əlavə fərqi örtmək üçün) zəkat toplayan ondan iki baş qoyun və ya iyirmi dirhəm götürür. Kimin dəvəsinin zəkatı iki yaşı tamamlanmış dəvə miqdarına çatarsa amma onun ikiyaşlı dəvəsi olmazsa, əvəzində üçyaşlı dəvəsi varsa onda üçyaşlı dəvə ondan qəbul edilir və (əlavə fərqi örtmək üçün) zəkat toplayan ona iki baş qoyun və ya iyirmi dirhəm ödəyir. Kimin dəvəsinin zəkatı iki yaşı tamamlanmış dəvə miqdarına çatarsa amma onun ikiyaşlı dəvəsi olmazsa, əvəzində biryaşlı dəvəsi varsa onda biryaşlı dəvə ondan qəbul edilir və (əlavə fərqi örtmək üçün) zəkat toplayan ondan iki baş qoyun və ya iyirmi dirhəm götürür»[26].
İnəyin zəkatı:
Nisabı və çıxarılan miqdarı: Muaz ibn Cəbəl (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məni Yəmənə göndərdi və mənə hər qırx inəyə görə ikiyaşlı, hər otuz inəyə görə isə biryaşlı dişi və ya etkək dana, zəkat götürməyi əmr etdi»[27].
Qoyunun zəkatı[28]:
Ənəs (Allah ondan razı olsun) deyir ki, Əbu Bəkr (Allah ondan razı olsun) ona məktub yazıb Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) müsəlmanlara fərz buyurduğu, Allahın Peyğəmbərinə əmr etdiyi zəkatı bildirir. Məktubda deyilirdi: «Qoyunun zəkatı isə belədir. Əgər qoyun çöldən[29] qidalanırsa qırxla, yüz iyirmi arasında olan qoyuna bir baş qoyun çıxarılır. Yüz iyirmi bir ilə, iki yüz arasında olarsa iki qoyun zəkat verilir. İki yüz bir ilə, üç yüz arasında olarsa üç qoyun zəkat verilməlidir. Əgər yüzdən çox olarsa hər yüz qoyuna görə bir qoyun zəkat verilir. Əgər kiminsə çöldən qidalanan heyvanlarının sayı qırxdan bir ədəd az olsa ona zəkat vacib deyildir. Yalnız heyvan sahibi öz istəyi ilə zəkat verə bilər»[30].
Qoyunun zəkatının vacib olması üçün şərtlər:
1. Nisab: Bu şərt ötən hədislərdə açıq-aşkar görsənir.
2. Hovl: yəni, zəkata düşən malın üzərindən bir il keçməlidir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Üzərindən bir il keçmədikcə mala zəkat düşmür»[31].
3. Səimə: yəni, heyvan ilin əksər hissəsini bağlı məkanda deyil, çoldə qidalanmalıdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Əgər qoyun çöldən qidalanırsa qırxla, yüz iyirmi arasında olan qoyuna bir baş qoyun çıxarılır...»[32]
Həmçinin başqa hədisdə demişdir: «Çöldən qidalanan qırx dəvəyə görə ikiyaşlı dişi dəvə (zəkat) verilir...» [33].
Hansı malı zəkat götürmək olmaz?
İbn Abbas (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Muazı (Allah ondan razı olsun) Yəmənə göndərərkən ona demişdi: «(zəkatı yığarkən) insanların ən yaxşı mallarını götürmə...»[34]
Ənəs (Allah ondan razı olsun) deyir ki, Əbu Bəkr (Allah ondan razı olsun) ona məktub yazıb Allahın Peyğəmbərinə əmr etdiyi zəkatı bildirir. Məktubda deyilirdi: «Zəkatı, əldən düşmüş, eyibli heyvanla və ya keçi ilə vermək olmaz. Əgər zəkat toplayan istəsə (bu heyvanların kasıblar üçün daha faydalı olduğunu görsə) götürə bilər»[35].
Bir neçə adamın qarışmış heyvanlarının hökmü:
Zəkat verəcək iki və ya daha çox insan öz mallarını qarışdırıblarsa, birinin malını digərinin malından ayırd etmək olmursa, onlar (ümumi maldan) bir zəkat verirlər.
Ənəs (Allah ondan razı olsun) deyir ki, Əbu Bəkr (Allah ondan razı olsun) ona məktub yazıb Allahın Peyğəmbərinə əmr etdiyi zəkatı bildirir. Məktubda deyilirdi: «Zəkatdan yayınma hallarının qarşısını almaq üçün, ayrı-ayrı saxlanılan heyvanları qarışdırmayın[36], bir yerdə olan heyvanları da ayırmayın[37]. Qarışıq mal sahibləri isə bunu öz aralarında bərabər bölürlər[38]».
Dördüncü; Tapıntı malın zəkatı
Bu, keçmişdə torpaq altında qalmış və heç bir müqabil olmadan, asanlıqla əldə edilmiş xəzinədir[39].
Bunun zəkatı dərhal verilir. Bir ilin keçməsi və ya nisaba çatması şərt deyildir. Buna dəlil, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu sözünün ümumi mənasıdır: «Tapıntının beşdə biri zəkat verilməlidir»[40].
---------------------------------------------
[1] Zəkat bölümündə «Nisab» sözü çox işlədildiyi üçün onun mənasını bilmək lazımdır. Demək «Nisab», mal-dövlətin növündən asılı olmayaraq, zəkatın vacib olması üçün tolanan və tələb olunan həddə çatan, mal-dövlətdir. (tərc.)
[2] əl-Ənam: 141.
[3] Müasir ölçü vahidləri ilə götürsək, bu təxminən "85 qr" edir. (tərc.)
[4] Bu isə təxminən "595 qr" edir. (tərc.)
[5] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 1391. Əbu Davud: 4/ 447/ ? 1558.
[6] Yəni, Allah yolunda xərclənməyən, toplanmış qızıl və ya gümüşə aiddirmi? Bu sual Quranın ət-Tövbə surəsinin 34-cü ayəsinə görədir. Demək ayədə deyilir: «(Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!» (tərc.)
[7] Hədis həsəndir. Səhih əl-Cami əs-Səğir: ? 5582. əs-Silsilətus Səhihə: ? 559. Əbu Davud: 4/ 426/ ? 1549. Darəqutni: 2/ 105.
[8] Yəni, kim bunların zəkatını verməzsə cəhənnəm oduna düçar olar. (tərc.)
[9] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 1384. Əbu Davud: 4/ 427/ ? 1550. Darəqutni: 2/ 105.
[10] əl-Ənam: 141.
[11] Hədis səhihdir. əs-Silsilətus Səhihə: ? 879. Hakim: 1/ 401. Beyhəqi: 4/ 125.
[12] Bir uqiyyə qırx gümüş dirhəm miqdarındadır. Onu da beşə vuranda 200 dirhəm edir. Bu isə 595 qr gümüş deməkdir. (tərc.)
[13] Bir "vəsəq" altmış "saa" miqdarındadır. Bu isə kiloqramla hesablandıqda 612 kq edir. (tərc.)
[14] Buxari: 3/ 310/ ? 1447. Hədis onun tərtibatına əsasən verilmişdir. Müslim: 2/ 673/ ? 979. Tirmizi: 2/ 69/ ? 622. Nəsai: 5/ 17. İbn Macə: 1/ 571/ ? 1793.
[15] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 4271. Müslim: 2/ 675/ ? 981. Hədis onun tərtibatına əsasən verilmişdir. Əbu Davud: 4/ 486/ ? 1582. Nəsai: 5/ 42.
[16] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 4270. Buxari: 3/ 347/ ? 1483. Hədis onun tərtibatına əsasən verilmişdir. Əbu Davud: 4/ 485/ ? 1581. Tirmizi: 2/ 76/ ? 635. Nəsai: 5/ 41. İbn Macə: 1/ 581/ ? 1817.
[17] Demək dövlət başçısı və ya hər hansı məsul şəxs, zəkata aid olub, amma hələ yetişməyən məhsulun yerindəcə dərilmədən öncə ölçülməsi üçün bir nəfər mütəxəssis göndərir ki, gəlib məhsula baxsın və təxmini olaraq nə qədər məhsul çıxacağını təyin etsin. Sonra məhsul yetişəndə həmin məhsulun onda biri zəkat götürülür. (Fəthul Bari: 3/ səh 403) (tərc.).
[18] Vəsəq: Peyğəmbərin vaxtında ölçü vahidi idi. Bir vəsəq, müasir ölçü vahidi ilə götürsək təxminən 130 kq, 56 qr edir. Demək on vəsəq 1305 kq, 6 qr edir (tərc.).
[19] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: 2644. Buxari: 3/ 343/ ? 1481.
[20] Həsənun liğeyrihi. əl-İrva: 805. Əbu Davud: 9/ 276/ ? 3396.
[21] Buxari: 3/ 310/ ? 1447. Hədis onun tərtibatına əsasən verilmişdir. Müslim: 2/ 673/ ? 979. Tirmizi: 2/ 69/ ? 622. Nəsai: 5/ 17. İbn Macə: 1/ 571/ ? 1793.
[22] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 1385. Buxari: 3/ 317/ ? 1454. 3/ 316/ ? 1453. Əbu Davud: 4/ 431/ ? 1552. Nəsai: 5/ 18. İbn Macə: 1/ 575/ ? 1800.
[23] Faydalı məlumat: Ərəb dilində dəvələrin yaşına görə hər növün öz adı mövcuddur. Məsələn, bir yaşı tamamlanmış dəvəyə dişi və ya erkən olmasından asılı olaraq bint məxad və ya ibn məxad deyilir. İki yaşı tamamlanmış dəvəyə dişi və ya erkən olmasından asılı olaraq bint ləbun və ya ibn ləbun deyilir. Üç yaşı tamamlanmış dəvəyə dişi və ya erkən olmasından asılı olmayaraq hiqqə deyilir. Dörd yaşı tamamlanmış dəvəyə dişi və ya erkən olmasından asılı olmayaraq cəzəə deyilir. (tərc.)
[24] Bu gün dinar və ya dirhəm işlədilmədiyi üçün bunun hesabı pul ilə aparılır. Yəni iki baş qoyunun dəyərində əlavə pul verir. (tərc.)
[25] Yaxud, pul ilə həmin miqdarı ödəyir. Yəni iki baş qoyunun dəyərində əlavə pul verir. (tərc.)
[26] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 1385. Buxari: 3/ 317/ ? 1454. 3/ 316/ ? 1453. Əbu Davud: 4/ 431/ ? 1552. Nəsai: 5/ 18. İbn Macə: 1/ 575/ ? 1800.
[27] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 1394. Tirmizi: 2/ 68/ ? 619. Əbu Davud: 4/ 457/ ? 1561. Nəsai: 5/ 26. İbn Macə: 1/ 576/ ? 1803. Hədis onun tərtibatına əsasən verilmişdir. Digərlərinin rəvayətlərində isə, hədisin sonunda əlavə mövcuddur.
[28] Qoyunun zəkatını hesablayarkən oraya keçilər də aid edilir. (tərc.)
[29] Ərəb dilində buna “Səimə” deyilir. Mənası isə heyvanın, bağlı yerdə deyil, çöldə çöl bitkiləri ilə qıdalanması deməkdir. (Tərc.)
[30] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 1385. Buxari: 3/ 317/ ? 1454. 3/ 316/ ? 1453. Əbu Davud: 4/ 431/ ? 1552. Nəsai: 5/ 18. İbn Macə: 1/ 575/ ? 1800.
[31] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 7497. İbn Macə: 1/ 571/ ? 1792. Darəqutni: 2/ 90/ 3. Beyhəqi: 4/ 103.
[32] Bu hədis, Əbu Bəkr əs-Siddiqin yazdığı məktubdan bir sitatdır. Hədisin tam varıantını az öncə qeyd etmişdik.
[33] Hədis həsəndir. Səhih Sünən ibn Macə: ? 4265. Əbu Davud: 4/ 452/ ? 1560. Nəsai: 5/ 25. Əhməd: 8/ 217/ 28.
[34] Buxari: 3/ 357/ ? 1496. Müslim: 1/ 50/ ? 19. Tirmizi: 2/ 69/ ? 621. Əbu Davud: 4/ 467/ ? 1569. Nəsai: 5/ 55.
[35] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 1385. Buxari: 3/ 317/ ? 1454. 3/ 316/ ? 1453. Əbu Davud: 4/ 431/ ? 1552. Nəsai: 5/ 18. İbn Macə: 1/ 575/ ? 1800.
[36] Məsələn, şərti olaraq deyək ki, iki nəfər insanın birinin 125 baş qoyunu, digərinin isə 42 baş qoyunu var. Bunların zəkatını ayrı-ayrılıqda hesabladıqda birinci adam iki baş qoyun, ikinci adam isə bir baş qoyun zəkat verməlidir. Cəmi say isə üç edir. Amma onlar zəkat hesablanan zaman heyvanlarını qatıb ümumi saydan zəkat versələr o zaman (125+42=167) bu sayda heyvana görə yalnız iki baş qoyun zəkat düşəcəkdir. Nəticədə mal sahibləri bir qoyun əksik verəcəklər. Bu halların qarşısının alınması üçün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ayrı saxlanılan heyvanların qarışdırılmasını, qarışıq saxlanılan heyvanların ayrılmasını da qadağan etmişdir. Bu haqda daha geniş məlumat əldə etmək istəyənlər bu hədis rəvayətçilərinin kitablarının şərhinə baxa bilərlər. (tərc.)
[37] Məsələn, iki nəfər insanın birlikdə 70 baş heyvanı var. Belə halda onlara bir baş qoyun zəkat düşür. Amma onlar öz mallarını ayırdıqda (70÷2= 35) heç birinə zəkat düşməyə bilər. Bu isə təbii ki, qadağan olunan bir əməldir. (tərc.)
[38] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: ? 1385. Buxari: 3/ 317/ ? 1454. 3/ 316/ ? 1453. Əbu Davud: 4/ 431/ ? 1552. Nəsai: 5/ 18. İbn Macə: 1/ 575/ ? 1800.
[39] Yaxud, yerdən tapılan pul, qızıl və ya bu kimi dəyərli şeylər də buraya aiddir. (tərc.)
[40] Buxari: 3/ 364/ ? 1499. Müslim: 3/ 1334/ ? 1710. Tirmizi: 2/ 77/ ? 637. Nəsai: 5/ 45. İbn Macə: 2/ 839/ ? 2509. Əbu Davud: 8/ 341/ ? 3069.
Tarix: 12.04.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 651 Bölmə: Maraqlı melumatlar