Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamın əsaslarından ən birincisi-Kəlimeyi Şəhadət

Sual: İnsanlar və cinlərə elçi göndərilmiş Peyğəmbərimiz “Gözəl kəlimə” (kəlimeyi şəhadət) haqqında demişdir:“Kim Allahdan başqa ibadətə layiq ilah yoxdur və Məhəmməd Onun elçisidir”- söyləyərsə Cənnətə girər”.

Bu kəlimə hər iki hissəsi ilə, yəni inkar mənasında olan (Lə iləhə) və isbat mənasında olan (illəllah) kəliməsi uca Allahın təkliyinə dəlalət edir. İkinci cümlə isə Məhəmmədin – Ona Allahın salavatı və salamı olsun – Elçi olmasına dəlalət edir. (Bütün bunları hansı kitabda tapa bilərəm? Bunlar Allahın kitabında və Peyğəmbərin – Ona Allahın salavatı və salamı olsun – hədislərində olsa da bu iki hissədən ibarət sözü başqa hansı kitabda tapmaq olar? (Bu cümlələri başa düşə bilmirəm).

Cavab: İslamın birinci rüknü hər iki hissəsi ilə Quran Kərimin bir çox yerlərində varid olmuşdur. Buna bir neçə misal gətirmək olar.

Uca Allah buyurur: “Allahdan başqa heç bir ilah yoxdur. Əbədidir, qəyyümdür”.
[əl-Bəqərə 2:255]

Digər bir ayədə isə Allah Təal belə buyurur: “Bil ki, Allahdan başqa heç bir ilah yoxdur”. [Məhəmməd 47:19]

“O Allah Rəbbinizdir! Ondan başqa heç bir ilah yoxdur. Hər şeyi yaradan Odur”. [əl-Ənam 6:102]

İkinci hissəyə dəlil olaraq misal kimi növbəti ayələri göstərmək olar.

“Muhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər”. [əl-Fəth 48:29]

“Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər”. [Ali İmran 3:144]

Sünnədən dəlil isə İmam Buxari və İmam Müslimin hər ikisinin “Səhih” əsərlərində İbn Ömərdən–Allah hər ikisindən də razı olsun – rəvayət etdiyi bu hədisdir: “Peyğəmbər – Ona Allahın salavatı və salamı olsun – demişdir: 'İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq məbud olamamasına və Məhəmmədin Onun elçisi olmasına şahidlik etmək, namaz qılıb zəkat vermək, Allahın evinə həcc edib Ramazan ayında oruc tutmaq”.

İmam Müslimin Ömərdən rəvayət etdiyi hədisdə deyilir: “Bir gün Peyğəmbərin – ona Allahın salavatı və salamı olsun – yanında oturmuşduq. Birdən bəmbəyaz paltarlı, qap-qara saçlı bir kişi içəri daxil oldu. O, səfərdən gələnə oxşamasa da bizdən heç kim onu tanımırdı. O gəlib Peyğəmbərin – Ona Allahın salavatı və salamı olsun – qarşısında oturdu və dizlərini Peyğəmbərin dizlərinə söykəyib əllərini dizlərinin üzərinə qoydu və dedi: “Ey Məhəmməd! Mənə İslam haqqında xəbər ver!” Peyğəmbər – Ona Allahın salavatı və salamı olsun – dedi: “İslam Allahdan başqa ibadətə layiq tanrının olmadığına və Məhəmmədin onun elçisi olduğuna şahidlik etmək, namaz qılıb zəkat vermək və Ramazan ayında oruc tutub imkanın olduqda Allahın evinə həcc etməkdir.” O dedi: “Doğru dedin.” Biz onun soruşub təsdiqləməsinə təəccübləndik.

Sonra o dedi: “Mənə iman haqqına xəbər ver.” Peyğəmbər – Ona Allahın salavatı və salamı olsun – dedi ki, Allaha, mələklərə, kitablara, elçilərə, axirət gününə və qədərə onun xeyrinə və şərinə iman gətirməkdir. O dedi: “Doğru dedin. Mənə ehsan haqqında xəbər ver.” Dedi ki, Allaha Onu görürmüş kimi ibadət et və bil ki, sən Onu görməsən də O səni görür. O dedi: “Doğru dedin.

Mənə qiyamət günü haqqında xəbər ver.” Peyğəmbər – Ona Allahın salavatı və salamı olsun – bunun cavabında dedi: “Soruşulan bu haqda heç də soruşandan artıq bilmir.” O dedi: “Onda mənə onun əlamətləri haqqında xəbər ver.” Peyğəmbər – Ona Allahın salavatı və salamı olsun – dedi: “Kənizin öz ağasını doğması və ayaq yalın, paltarsız kasıb qoyun otaranların (çobanların) hündür binalar tikməkdə bir-birləri ilə yarışması”. Sonra həmin şəxs çıxıb getdi. Bir neçə gündən sonra Peyğəmbər –Ona Allahın salavatı və salamı olsun – dedi: “Ay Ömər! Sual verənin kim olduğunu bildinmi?” Dedim ki, Allah və Rəsulu daha yaxşı bilər. Peyğəmbər – Ona Allahın salavatı və salamı olsun – dedi: “O Cəbaryıl idi. Sizə dininizi öyrətməyə gəlmişdi”.

Buxari və Müslim “Səhih” əsərlərində Übadə ibn Samitdən – Allah ondan razı olsun – rəvayət etdiyi hədisdə Peyğəmbər – Ona Allahın salavatı və salamı olsun – buyurmuşdur: “Kim Allahdan başqa ibadətə layiq ilahın olmadığına və Məhəmmədin Allahın qulu və rəsulu olduğuna, İsanın Allahın qulu və rəsulu, Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruh olmasına, Cənnət və Cəhənnəmin haqq (həqiqət) olmasına şahidlik edərsə Allah onu etdiyi əmələ müvafiq şəkildə Cənnətə daxil edər”.

İmam Buxarinin “Səhih” əsərində Ənəsdən –Allah ondan razı olsun – rəvayət etdiyi hədisdə Peyğəmbər – Ona Allahın salavatı və salamı olsun – belə demişdir: “Mənə əmr olundu ki, insanlar Allahdan başqa ibadətə layiq ilah yoxdur deyənə qədər onlarla vuruşum. Əgər bunu deyib bizim qıldığımız namazı qılar, qibləmizə dönər və kəsdiyimizdən kəsərsə (yeyər), qanı və malı, haqqı istisna olmaqla, bizə haram olar. Onları hesaba çəkmək isə Allaha aiddir”.

Buxari və Müslimin hər birinin “Səhih” əsərlərində Ütbəndən – Allah ondan razı olsun – rəvayət etdikləri hədisdə isə Peyğəmbər – Ona Allahın salavatı və salamı olsun – demişdir: “Allah Onun razılığını qazanmaq üçün Lə iləhə illəllah deyəni Cəhənnəmə haram etmişdir”.


Alimlər bu və buna bənzər hədisləri növbəti şəkildə izah etmişlər:

'Kəlmeyi şəhadəti deyib onun haqlarına, yəni fərz əməllərinə riayət edən, haramlardan çəkinərək ibadətləri sırf Allah üçün edəni Allah birbaşa Cənnətə daxil edəcək. Amma şirkdən başqa günahlara batan və bunlardan tövbə etməyərək vəfat edən şəxs Allahın istəyi altında olacaq. Yəni, istəsə günahkar bəndəsini bağışlayıb etdiyi əməllərə uyğun Cənnətə salar və ya etdiyi günahlara müvafiq şəkildə cəzalandlrdıqdan sonra Cənnətə daxil edər. Bu haqda Peyğəmbərimizdən – Ona Allahın salavatı və salamı olsun – mütəvatir olaraq hədislər varid olmuşdur. Quranın ayələri kimi Sünnə də biri-birini izah edir.

Uca Allah buyurmuşdur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar”. [ən-Nisa 4:48]

Bu ayə tövbə etməyənlər haqqındadır. Uca Allahın “De: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar” [əz-Zümər 39:53] ayəsi isə bütün alimlərin yekdil rəyinə əsasən tövbə edənlər haqqındadır. Bu həm də Əhli Sünnə və Camaatın; Peyğəmbərin əshabələri, onların ardıcılları olan iman və elm sahibləri, o cümlədən dörd məzhəb alimlərinin və onların davamçılarının məzhəbidir.

Allah müvəffəq etsin! Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və əshabələrinə Allahın salavatı və salamı olsun!


Tarix: 03.04.2013 / 23:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 418 Bölmə: Maraqlı melumatlar
loading...